Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6884/2022 14.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 əşyaları ilə birlikdə mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 3, mənzil 80 1992-ci ildən öz istifadəsindədir, mənzil 1992-ci ildə işlədiyi Avanqard Kommersiya şirkəti tərəfindən order əsasında verilmişdir, xx.xx.2018-ci ildə mənzili öz adına keçirmişdir, bu barədə ona reyestr xidmətindən çıxarış da verilmişdir, lakin ona məxsus mənzili 1993-cü ildən Şuşa şəhərindən məcburi köçkün olan Cavabdeh1 ailəsi ilə birlikdə zəbt etmişdir, onlar zor gücünə, həmin ünvanda qeydiyyatsız yaşayırlar, onlardan evdən çıxmağı tələb etsə də, cavabdehlər bildirmişlər ki, mənzildən çıxmayacaqlar, bu hal mülkiyyəçi kimi hüquqlarını pozur, mənzil ona məxsusdur, lakin başqa şəxslər orada yaşayır, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Xətai rayon Soveti tərəfindən İddiaçı adına Bakı şəhəri, General Şıxslinski küçəsi 2942, ev 1, mənzil 80, giriş/blok 4, 10-cu mərtəbədə yerləşən 3 otaqlı, sahəsi 46,7 kv.m olan mənzil üzrə xx.xx.1992-ci il tarixdə 016548 saylı Order verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* Çıxarışın surətindən görünür ki, ünvan 3, mənzil 80 tam paylı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan 99 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 766 №-li və xx.xx.2022-ci il tarixli 852 №-li arayışlardan görünür ki, Cavabdeh1, General Şıxlinski küçəsi 1 saylı evin 80 saylı mənzilində Şuşa rayonundan məcburi köçkün kimi ailə tərkibi - oğlu Cavabdeh4 (1977), gəlini Cavabdeh5 (1986), nəvəsi Cavabdeh2 (2011), nəvəsi Cavabdeh3 (2013) - ilə məskunlaşıb yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda başqa şəxslər yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 80 nömrəli mənzil xx.xx.1992-ci il tarixli 01648 saylı order əsasında iddiaçıya məxsusdur, həmin mənzil xx.xx.2018-ci il tarixdən tam paylı xüsusi mülkiyyət kimi İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdehlər Cavabdeh1, 1977-ci il təvəllüdlü Cavabdeh4, 1986-cı il təvəllüdlü Cavabdeh5, 2011-ci il təvəllüdlü Cavabdeh2 və 2013-cü il təvəllüdlü Cavabdeh3 Şuşa rayonundan məcburi köçkün kimi həmin ünvanda yaşayırlar, onlar mənzildə qeydiyyata alınmamışdırlar və iddiaçının ailə üzvü deyildirlər. Bununla belə, cavabdehlərin iddiaçıya məxsus mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Həmin Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Zülfəli Hüseynov Azərbaycana qarşı” işi üzrə Avropa Məlakəməsinin hüquqi mövqeyinə görə isə ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyətdən dinc istifadə hüququna qarşı məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsi hüququnun tarazlaşdırılmasının təmin edilməsi üçün yerli səlahiyyətli orqanların öz öhdəliklərini yerinə yetirməsinə yönəlmiş hərhansı xüsusi tədbirlərin görülməsi nə yerli məhkəmə proseslərində, nə də ki, məhkəmədə müəyyən edilməmişdir...Ərizəçi həddən artıq fərdi yük daşımağa məcbur edilmişdir. Məhkəmə hesab edir ki, bu ağır duruma görə hər hansı kompensasiya verməməklə dövlət orqanları məcburi köçkünlərin müvəqqəti olaraq yaşayış yerləri ilə təchiz edilmələrində təcəssüm olunan cəmiyyətin ümumi marağı ilə ərizəçinin əmlakından maneəsiz istifadə hüququnun müdafiə edilməsi arasında ədalətli tarazlılığı təmin edə bilməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin qərarda orderli mənzilın hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə görə, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 ünvan 3, 80 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Məhkəmə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 ünvan 3, 80 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6884/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6884/2022
14.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver