Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6982/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Phasha Phashaevin iştirakı ilə, İddiaçı Bakhar Phashaevinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Bakhar Phashayeva cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, o, ünvan 1-da 25 yanvar 2023-cü il tarixində bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 almışdır. Həmin ünvandakı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq, iddiaçı cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdehlər alqı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə yaşamasalar da, formal olaraq orada qeydiyyatda qalmışlar. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. İddiaçı hesab edir ki, cavabdehlər faktiki olaraq müqavilə bağlanan mənzildən istifadə etmək hüququnu itirmişlər. İddiaçı göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Phasha Phashayev iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanına mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi Phasha Phashayev iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq bildirişlər məhkəməyə geri qaytarılmış, məhkəmə bildirişləri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan satıcılar X1 və Cavabdeh2 ilə alıcı Bakhar Phashayeva arasında bağlanılmış AN-İ seriyalı ******* nömrəli 25 yanvar 2023-cü il tarixli Daşınmaz Əmlakın Alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcılar Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57 ünvanında yerləşən ümumi sahəsi 87.18 kv/m olan 30 saylı mənzili 70000 manat məbləğinə alıcı Bakhar Phashaeviyə satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57 ünvanında yerləşən ümumi sahəsi 87.18 kv/m olan 30 saylı nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Bakhar Phashaevinin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 07 fevral 2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57, 30 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57, 30 saylı mənzili 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanmış 07 fevral 2023-cü il tarixli yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən almış, həmin mənzil iddiaçının adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Mənzilin keçmiş sakinləri həmin mənzili iddiaçıya satdıqdan sonra köçüb getməsinə baxmayaraq qeydiyyatdan çıxmamışdır. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, cavabdehlər artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından və cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehlərə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia təmin olunmalı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57 ünvanında yerləşən 30 saylı mənzildə yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57, 30 saylı mənzildə yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6982/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6982/2024
27.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver