Məhkəmə qərarları › İş №2(011)-700/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-700/2025

09.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-700/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, 8 saylı evin 35 saylı mənzilinə (bundan sonra - Mənzil) əvvəllər iddiaçının əri X3 məxsus olmuş və onun Mənzilə dair mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tofiq Şahbazov xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun iki vərəsəsi vardır: arvadı - iddiaçı və övladı - X8. xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, iddiaçının Mənzildən 2/3 hissədə pay alması, qalan 1/3 hissəyə dair isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyi qeyd edilmişdir. Hazırda Mənzilin 2/3 hissəsinə dair iddiaçının paylı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, 1/3 hissədə isə açıq qalmışdır.

2. Cavabdeh iddiaçının X2 ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olaraq Mənzilə gəlin köçmüş, nikahları pozulanadək Namiq Şahbazov və övladları ilə birlikdə orada yaşamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlə Namiq Şahbazovun nikahları pozulmuş, onların birgə nikahlarından doğlumuş övladları xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü Şahbazov Namiq oğlunun cavabdehin yanında qalması qət edilmişdir.

3. Bundan başqa, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, cavabdehin mülkiyyətndə Abşeron rayonu, Saray qəsəbəsində 0,0150 ha yaşayış təyinatlı torpaq sahəsi vardır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehin, onun yetkinlik yaşına çatmayan övladları, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü Şahbazov Namiq oğlunun Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, 8 saylı evin 35 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, 1981-ci ildə mərhum həyat yoldaşı X7 ilə Mənzili almışdır. Həmin vaxtdan bəri o, ailə üzvləriylə birlikdə sözügedən mənzildə yaşayır və orada da pasport qeydiyyatındadırlar. Bundan sonra həmin daşınmaz əmlak üzərində yaranan hüququnu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. X2 cavabdehlə 2014-cü ildə rəsmi nikaha daxil olmuş və gəlin kimi ona məxsus Mənzilə köçmüşdür. Bu nikahdan yetkinlik yaşına çatmayan 2015-ci il təvəllüdlü X6 və 2021-ci il təvəllüdlü X9 övladları anadan olmuşdur. Sonradan, yəni 2021-ci ildə oğlu ilə cavabdeh alqı-satqı ilə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi həyət evini alaraq ora köçmüşdürlər. Lakin buna baxmayaraq cavabdehlər Mənzildə qeydiyyatda olmaqda davam edirlər. Halbuki, yeni evə köçdükləri gündən mənzilə aid pasport qeydiyyatından çıxmaqla mənzildən istifadə hüquqlarını itirməli idilər. X2 ilə cavabdeh arasında nikah 01,03.2024-cü ildə Bakı şəhər Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə pozulub və bu qətnamə əsasında oğlu ilə cavabdeh arasında bağlanmış nikah Ədliyyə nazirliyinin Xətai rayon qeydiyyat şöbəsinin xx.xx.2024- cü il tarixli 206 nömrəli qeydi ilə ləğv edilib.

b. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

9. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

10. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

11. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

15. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

16. Məhkəmə iddiaçının izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

17. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

18. İşin mübahisəsiz hallarından göründüyü kimi, Mənzil əvvəllər iddiaçının əri Tofiq Şahbazovun mülkiyyətində olsa da, sonuncunun xx.xx.2021-ci il tarixdə ölməsi nəticəsində miras əmlak olan Mənzil onun vərəslərinin, yəni iddiaçı ilə oğlu Namiq Şahbazovun mülkiyyətinə keçmiş, bundan sonra isə iddiaçının paylı (2/3 hissədə) mülkiyyət hüququ xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınmışdır. Ona görə də, tərəflər arasındakı mövcud mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir.

19. Yuxarıda qeyd edilən müddəaların mənasından da göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.

20. Mülki işin mübahisəsiz hallarından da aydın olur ki, Mənzil Məcəlləsinin qeyd edilən müddəalarının mənası baxımından cavabdehin iddiaçıya münasibətdə, ailə üzvü hesab edilmədiyindən istifadə hüququ yaranmasa da, əri Namiq Şahbazova münasibətdə həm özünün, həm də azyaşlı övladları – Romana və Camalın istifadə hüquqları yaranmışdır. Çünki, Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. X10 isə iki vərəsəsi – iddiaçı və onların övladları Namiq Şahbazov olmuşdur. Qanunun mənasına görə atası ölən gündən Mənzil, iddiaçı ilə birlikdə, eyni zamanda, Namiq Şahbazovun mülkiyyəti sayılmışdır. İddiaçı da bu halı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh gəlin köçdükdən sonra Tofiq Şahbazov ölənədək və ondan sonra da nikahı pozulanadək əri Namiq Şahbazov və övladları ilə birlikdə Mənzildə yaşamışlar.

21. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlə Namiq Şahbazov arasında nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bu halda isə, cavabdehin həmin vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən istifadə hüquqlarına xitam verilmişdir. Bu hüquqi əsas isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsində göstərilmişdir. Həmin müddəanın mənasından görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Cavabdehin də Namiq Şahbazovla ailə münasibətlərinə, məhz xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Həmin maddənin ikinci cümləsindəki əsaslar, yəni mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə məhkəmənin qərarı əsasında istifadə hüququnun saxlanılması isə cavabdehə münasibətdə yoxdur. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlimatdan da görünür ki, cavabdehin mülkiyyətndə Abşeron rayonu, Saray qəsəbəsində 0,0150 ha yaşayış təyinatlı torpaq sahəsi vardır.

22. Cavabdehin yetkinlik yaşına çatmayan övladlarının da istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair hissədə də məhkəmə hesab edir ki, iddia həmin iddia təmin edilməlidir. Belə ki, əvvəldə də, qeyd edildiyi kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlə Namiq Şahbazovun nikahlarından doğlumuş övladları xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü Şahbazov Namiq oğlunun cavabdehin yanında qalması qət edilmişdir. Mülki Məcəllənin 27.2-ci maddəsində isə qeyd edilmişdir ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.

23. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehin yetkinlik yaşına çatmayan övladları ilə birlikdə Mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. X4, yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X5 Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, 8 saylı evin 35 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar