Məhkəmə qərarları › İş №2(011)-7039/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7039/2025

04.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7039/2025 04.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh MMC-nə və 36 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh MMC-nə və 36 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 36 saylı Notariat Ofisinin 03 may 2024-cü il tarixli icra qeyinin icra edilməməli hesab olunması, işin icraatına xitam verilməsi, icra qeydi əsasında iddiaçının üçüncü qrup əlillik pensiyasından tutmaların dayandırılması və məhkəməyə ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sahibkarlıq VÖEN-ini verərərək Cavabdeh MMC-nin satış ofislərinə təqdim edilərək iddiaçının adından ***-***-**-** şirkət nömrəsini alıblar. Beləliklə də iddiaçının VÖEN-indən istifadə edilərək saxtakarlığa yol veriblər. Вütün bunlardan iddiaçı xəbərsiz olmuşdur. Cavabdeh MMC işçiləri tərəfindən iddiaçı adına verilmiş Cavabdeh MMC nömrəsi saxtakarlıq əsasında verildiyindən bütün bunlardan iddiaçının imzası və xəbəri olmadan olduğundan məhkəmə tərəfindən ləğv edilməsi ədalətli sayılar. İddiaçı Hacıqabul rayonu, Muğan kəndində belə saxtakarlıqla qarşılaşmışdır, bundan belə hansısa yollarla Bakı şəhər, Xətai rayon 36 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən icra qeydi verilmişdir. İcra qeydi vermiş və bunun icra qeydində öz əksini yazmışdır. İddiaçı heç bir zaman heç bir şirkət telefon nömrəsi almamışdır, bütün bunlar Cavabdeh MMC-nin işçilərinin saxtakarlığı nəticəsində baş vermişdir və iddiaçının həmin telefon nömrəsindən heç bir xəbəri olmamışdır. Cavabdeh MMC ***-***-**-** mobil telefon nömrəsindən iddiaçının xəbəri olmamışdır, iddiaçı həmin nömrənin alınmasına imza etməmişdir, bütün bunlar saxtakarlıqla aparılmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, ***-***-**-** şirkət nömrəsini almayıb. Həmin nömrədən zənglər etməyib. Buna görə də borcun ondan tutulması əsassızdır. O bildirmişdir ki, icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişi 2024-cü ilin əvvəlində, təxminən mart ayında almışdır. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz etmişdir. O bildirmişdir ki, telekommunikasıya xidmətləri ilə bağlı iddiaçının borcu yarandığından icra qeydi verilmişdir. Cavabdeh 36 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 36 Saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-1860 reyestr saylı icra qeydinə əsasən Cavabdeh MMC-nin xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 550 manat 35 qəpik tutulmalıdır. Bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 575 manat 35 qəpik pul tutulmalıdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən borclu İddiaçı ünvanlanmış “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişin” surətindən görünür ki, borclu İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, ********* saylı borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər) – borclunun ödəməli olduğu məbləğə dair cari hesab arayışı mövcuddur. Həmin sənədə görə telekommunikasiya xidmətlərindən istifadə ilə əlaqədar 553,35 (beş yüz əlli üç manat otuz beş qəpik) manat borcu, abunə müqaviləsində nəzərdə tutulmuş qaydada, həcmdə və müddətdə ödəmək öhdəliyi yaranmışdır. xx.xx.2023-cü il tarixdən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi / lazımınca icra edilməməsi / icranın gecikdirilməsi nəticəsində xx.xx.2024-cü il tarixinə, xx.xx.2023-cü il tarixli, ********* saylı sənəddən irəli gələrək 553,35 (beş yüz əlli üç manat otuz beş qəpik) manat məbləğində əsas borc ödənilməli və ya tələb edilən əmlak alınıb verilməli / sənəddə nəzərdə tutulduğu halda çatası faiz və ya dəbbə pulu və ya öhdəliyin icrası əvəzinə razılaşdırılmış əmlak (peşman haqqı) verilməlidir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanlanmış “Notariat icra qeydi haqqında ərizə”nin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış ********* saylı telekommunikasiya xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 550,35 manat məbləğində ödənilməmiş əsas borc və “Hökumət ödəniş portalı” vasitəsilə ödənilmiş 25 manat məbləğində dövlət rüsumu borcu mövcuddur. Bununla bağlı icra qeydinin verilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin “Azərekspresspoçt” Rabitə Filialının 04 fevral 2026-cı il tarixli aktından görünür ki, həqiqətən xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-dən qəbul edilmiş TA008675777AZ saylı göndəriş xx.xx.2024-cü il tarixində kuryer tərəfindən ünvan üzrə çatdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsini əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq edilmiş əqdlərdə icra qeydinin aparılması üçün notariusa notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunmalıdır. Həmin maddəyə əsasən icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Həmin siyahının qeyd hissəsində göstərilmişdir ki, tələbkar bu Siyahı ilə müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) bu Siyahı ilə müəyyən edilmiş icra qeydinin aparılması üçün digər sənədlərə əlavə olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhər 36 saylı Notariat Ofisinin 03 may 2024cü il tarixli icra qeyinin icra edilməməli hesab olunması, işin icraatına xitam verilməsi, icra qeydi əsasında iddiaçının üçüncü qrup əlillik pensiyasından tutmaların dayandırılması və məhkəməyə ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etsə də, mahiyyəti üzrə tələbi 03 may 2024-cü il tarixli icra qeydinin ləğvidir. Buna görə də məhkəmə tərəfindən mahiyyəti üzrə bu tələbə hüquqi qiymət verilir. Belə ki, qanunvericinin tələbinə əsasən üçüncü şəxs Cavabdeh MMC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən 20 gün əvvəl xx.xx.2024-cü il tarixdə “Azərekspresspoçt” sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin verilməsi üçün notariat orqanına müraciət edəcəyinə dair bildiriş təqdim etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı həmin bildirişin qəbul edildiyini təsdiq etmişdir. Bununla da icra qeydinin verilməsi zamanı notariat orqanı tərəfindən prosedur qaydalarının pozulmasına yol verilmədiyindən iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh MMC-nə və 36 saylı Notariat Ofisinə qarşı Bakı şəhər 36 saylı Notariat Ofisinin 03 may 2024-cü il tarixli icra qeyinin ləğv olunması barədə iddia tələbi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar