Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-706/2022 17.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “maddi və mənəvi zərərin tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ayrı-ayrılıqda hər birindən bərabər məbləğlərdə İddiaçı xeyrinə əldən çıxmış fayda qismində maddi zərərin əvəzi kimi 6655 manat, mənəvi zərər kimi 3000 manat, ümumilikdə cəmi 9655 manat, bir cavabdehdən 2413 manat olmaqla, tutulması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı və X2 qarşı “mənzillərə gediş-gəliş üçün nəzərdə tutulmuş sahədən qeyri-yaşayış sahəsinə giriş-çıxış qapısının bağlanması və mənəvi ziyana görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək binanın 2-ci mərtəbəsində qapı 1 ünvanında yerləşən cavabdeh İddiaçı məxsus qeyri-yaşayış sahəsinə açılmış giriş-çıxış qapısının (ərazisinin) cavabdehlərin öz vəsaiti hesabına binanın ilkin layihəsinə uyğun olaraq hörgü ilə bağlanması və vurulmuş mənəvi ziyana görə hər birinə 10000 manat olmaqlacəmi cavabdehlərdən birgə şəkildə 40000 manat məbləğində kompensasiya tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5415/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 iddianın təmin edilməsinə dair ərizəsi təmin edilmiş, ünvan 1 ünvanında yaşayış mənzillərinə gediş-gəliş üçün nəzərdə tutulmuş liftin 2-ci mərtəbədə saxlanılması qadağan edilmiş və dərhal icraya yönəldilərək xx.xx.2021-ci il tarixdə icra edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5415/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın təmin tədbiri ləğv edilmiş və həmin qərardad xx.xx.2021-ci il tarixdə icra edilərək qeyd olunan ünvanda 2-ci mərtəbəyə çıxış açılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9705/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5415/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5415/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nın xx.xx.2017-ci il tarixli seriya RX ******* saylı çıxarışı ilə İddiaçı adına xüsusi mülkiyyət hüququnda ünvan 3 ünvanda yerləşən binanın 2-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi qeydə alınmışdır. O, 2017-ci ildən sahibkarlıq fəaliyyətilə məşğuldur və ünvan 1 ünvanda yerləşən “L İmage beaty club" salonunda fəaliyyət göstərir (VÖEN **********). Həmin vaxtdan bu günə kimi gözəllik salonunun kifayət qədər gəlir gətirən müştəri bazası formalaşmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər gözəllik salonuna liftdən çıxış bağlı olduğuna görə müştərilər arasında narazılıq yaranmış, salona müştərilərin gəlişi azalmış, obyektin aylıq gəliri aşağı düşmüşdür. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, liftdən salona çıxışın bağlı olduğu dövrə təsadüf edən aylar ərzində gözəllik salonunun aylıq gəliri azalmış və iddiaçıya əldən çıxmış fayda kimi 6655 manat məbləğində zərər dəymişdir. Bundan başqa baş vermiş hadisələrin təsiri altında iddiaçı mənəvi sarsıntı keçirmiş, əsəbləri pozulmuş, hal-hazırda əsəbdən gecələr yata bilmir və bu səbəbdən əziyyət çəkir. İddiaçı verilmiş xx.xx.2021 -ci il tarixli tibbi sənəddə qeyd olunmuşdur ki, ona müayinəsindən sonra Asteno-nevrotik sindrom diaqnozu qoyulmuş, müalicə üçün resept yazılmışdır və hal-hazırda o, müalicə qəbul edir. İddiaçıya vurulmuş mənəvi zərərə görə cavabdehlərdən 3000 manat tələb olunması ədalətli olardı. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 subsidiar məsuliyyət qaydasında İddiaçı xeyrinə əldən çıxmış fayda qismində maddi zərərin əvəzi kimi 6655 manat, mənəvi zərər kimi 3000 manat ümumilikdə cəmi 9655 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı xeyrinə əldən çıxmış fayda qismində maddi zərərin əvəzi kimi 6655 manat, mənəvi zərər kimi 3000 manat ümumilikdə cəmi 9655 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(011)-5415/2021 saylı qərardadından görünür ki, ünvan 4 ünvanında yaşayış mənzillərinə gediş-gəliş üçün nəzərdə tutulmuş liftin 2-ci mərtəbədə saxlanılmasının qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-5415/2021 saylı qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5415/2021 saylı, xx.xx.2021-ci il tarixli qəradadı ilə tətbiq edilmiş ünvan 4 ünvanında yaşayış mənzillərinə gediş-gəliş üçün nəzərdə tutulmuş liftin 2-ci mərtəbədə saxlanılmasının qadağan edilməsindən ibarət olan iddianın təmini tədbirinin ləğv olunması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-9705/2021 saylı qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5415/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-5415/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 cavabdehlər İddiaçı və X2 qarşı “mənzillərə gediş-gəliş üçün nəzərdə tutulmuş sahədən qeyri-yaşayış sahəsinə giriş-çıxış qapısının bağlanması və mənəvi ziyana görə kompensasiya ödənilməsi” tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Sadələşdirilmiş verginin bəyannaməsi vergi ödəyicisi İddiaçı haqqında ümumi məlumatdan görünür ki, 2021-ci ilin İ rübünün ilk ayında 1380 manat, ikinci ayında 4705 manat, üçüncü rübündə 4725 manat, 2021-ci ilin ikinci rübünün 1-ci ayında 5360 manat, ikinci ayında 5590 manat, üçüncü ayında 4395 manat, üçüncü rübün birinci ayında 3960 manat, ikinci ayında 1700 manat, üçüncü rübündə 2550 manat gəlir əldə etmişdir. İş materiallarında olan Respublika Endokrinoloji mərkəzinin direktoru nevroloq İsmizadə Yusifin xx.xx.2021-ci il tarixli müayinəsindən görünür ki, 1982-ci il təvəllüdlü İddiaçı müayinə zamanı Asteno-nevrotik sindrom diaqnozu qoyulmuş, müalicə üçün resept yazılmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı və həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, ünvan 1 qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. hhəmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olan İddiaçı məxsus gözəllik salonu fəaliyyət göstərir. Hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı qarşı iddia ilə məhkəməyə müraciət edərək, sözügedən ünvanda fəaliyyət göstərən gözəllik salonunun bina sakinlərinin normal həyat şəraitlərinin pozulmasına və binanın ümumi təhlükəsizliyinin qorunmasına maneə yaratdığından, binada olan mənzillərə gediş-gəliş üçün nəzərdə tutulmuş sahədən qeyri-yaşayış sahəsinə giriş-çıxış qapısının bağlanması və mənəvi ziyana görə kompensasiyanın ödənilməsini xahiş etmişlər, lakin onların iddiaları təmin edilməmişdir. Bununla yanaşı, qeyd edilən iş üzrə iddiaçılar ünvan 4 ünvanında yaşayış mənzillərinə gediş-gəliş üçün nəzərdə tutulmuş liftin 2-ci mərtəbədə saxlanılmasının qadağan edilməsindən ibarət olan iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, lakin sonradan məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia təmin etmə tədbiri ləğv edilmişdir. Sonuncu qərardad xx.xx.2021-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, mübahisəli ünvanda fəaliyyət göstərən gözəllik salonunun fəaliyyəti ilə bağlı tərəflər arasında məhkəmə mübahisələri olmuş və bu mübahisə nəticəsində gözəllik salonunun fəaliyyəti nəticəsində əldə edilən gəliri xx.xx.2021xx.xx.2021-ci il tarixləri aralığında oraya giriş binanın liftindən qadağan olunduğuna görə xeyli dərəcədə aşağı düşmüş və nəticədə iddiaçıya maddi zərər dəymişdir. Həmçinin tərəflər arasında olan mübahisə sonda hazırkı iş üzrə İddiaçı xeyrinə yekunlaşmış və ünvanda fəaliyyət göstərən gözəllik salonunun iddiaçıların iddia etdikləri kimi sakinlərin normal yaşayışna və həyat təhlükəsizliyinə maneə olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehlərin iddiaçıya qarşı haqsız iddiaları nəticəsində iddiaçının sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi gəliri azalmışdır. Bununla onun hüquqları pozulmaqla, o, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum qalmış və nəticədə ona maddi zərər dəymişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli qanunla Mülki Prosessual Məcəlləsinin 13-cü “İddianın təmin edilməsi” barədə fəslinin (157-164-cü maddələr) adı “Müvəqqəti təminat tədbirləri” adı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Göstərilənlərə xüsusatlara və qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, iddiaçı ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının 2021-ci ilin fevral ayından 2021-ci ilin iyun ayı daxil olmaqla orta aylıq gəliri 4955 manat ((4705+4725+5360+5590+4395)/5=4955) olmuşdur. İddiaçıya məxsus gözəllik salonunun görülmüş iddia təmin etmə tədbiri nəticəsində 2021-ci ilin iyul ayı üçün gəliri 3960 manat olmuş, bununla iddiaçıya 995 manat (4955-3960=995), avqust ayı üçün gəliri 1700 manat olmuş, bununla iddiaçıya 3255 manat (4955-1700=3255), 2021-ci ilin sentyabr ayı üçün gəliri 2550 manat, bununla iddiaçıya 2405 manat (4955-2550=2405), ümumilikdə 6655 manat (995+3255+2405=6655) maddi zərər dəymişdir. Odur ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya dəymiş 6655 manat məbləğində maddi ziyana görə pul vəsaiti cavabdehlərdən tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddiaçının 3000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən xeyrinə tutulmasına dair iddiasına hüquqi qiymət verərək, hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının əldə edəcəyi gəlirdən məhrum qalması və işgüzar nüfuzunun aşağı düşməsi kimi hallar onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının çəkdiyi mənəvi sarsıntının və əsəb gərginliyinin hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 200 manat məbləğində pulun tutulmasını mütənasib hesab edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada vurulmuş maddi zərərə görə 6655 (altı min altı yüz əlli beş) manat və mənəvi zərərə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-706/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-706/2022
17.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver