Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-709/2021 17.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı cavabdeh X3, "xxxx" ASC-yə qarşı səhhətə dəymiş ziyanın və əmlaka vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X3, "xxxx" ASC-yə qarşı - cavabdehlərdən vurulan ziyana mütənasib olaraq 6000 manat əmlakına dəyən ziyan, 2000 manat səhhətinə dəyən ziyan, ümumilikdə 8000 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 20 aprel 2020-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında yerləşən, işlədiyi avtoyuma məntəqəsindən, yuyulması üçün gələn Kia Optima markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz olaraq qaçıraraq, magistral yolda ona məxsus Vaz 21015 markalı, **-RS-*** dövlət nömrə nişanlı avtomobilə çırparaq iddiaçıya məxsus avtomobili, şəkillərdən də göründüyü kimi, tam şəkildə yararsız hala salmış, avtomobil idarəediləcək formadan tamamilə çıxmış, bu qanunsuz əməlləri nəticəsində ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Hadisə yerinə Yol Patrul əməkdaşları, Sığorta Şirkətlərinin nümayəndələri gəlmişlər. Hadisədən dərhal fotoşəkillər çəkilmiş, hadisə yerinin görüntüləri qeydə alınmış, zərərvuran, zərərvurulan tərəflərdən izahatlar alınmış, işin gedişatı barədə məlumatlar veriləcəyi bildirilmişdir. Həmçinin iddiaçının bədənində, ağır xəsarətlər olduğu üçün dərhal Təcili Yardım maşını ilə xəstəxanaya aparılmışdır. Bəzi polis əməkdaşları və Sığorta nümayəndələri hadisədən sonra iddiaçının yanına, yerləşdiyi xəstəxanaya gələrək məlumatlar almışlar. Bundan sonra hər ikisi bu hadisə üzrə təqsirli hesab olunaraq barələrində tənbeh tədbirləri görülmüş, iddiaçı barəsində İnzibati Xəta haqqında protokol tərtib olunmuş, digər şəxs isə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində (müstəntiq Elşən Həsənov) ********* saylı Cinayət işi başlanmışdır. Cinayət işi yekunlaşmış. İttiham aktı təsdiq olunmaq üçün Xətai Rayon Prokuroruna göndərilmişdir. Bununla belə iddiaçının səhhətinə və əmlakına dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı zərərvuran tərəfindən, sığorta şirkəti tərəfindən heç bir addım atılmamışdır. Halbuki, iddiaçıya ümumilikdə 8000 manat əmlakına 2000 manat səhhətinə maddi və mənəvi ziyan olmaqla, ümumilikdə 10000 manat məbləğində ziyan vurulmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlər nəzərə alınmaqla rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-311/2020 nömrəli 27.10.2020-ci il tarixli qərarına əsasən qərara alınmışdır ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin, Cavabdeh1 barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin, Cavabdeh1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan - X2 məxsus “Kia Optima minik” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın.Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin qərardan görünür ki, Cavabdeh1 talama məqsədi olmadan 20 aprel 2020-ci il tarixdə, saat 11 radələrində işlədiyi ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsinə təmizlənməsi üçün verilmiş, vətəndaş X1 mülkiyyətində olan “KİA Optima” markalı, **-TN- *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququndan məhrum edilməklə nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmadan işə salıb, avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmış, həmin avtomobillə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi istiqamətindən R.Qənbərov küçəsi istiqamətində hərəkətdə olarkən, Cavanşir küçəsi 25 ünvanının qarşısında İddiaçı idarə etdiyi «VAZ 21150» markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsini törədərək, “KİA Optima” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmaqla, zərərçəkən şəxs Nurəddin Rəsulova 4493,68 manat məbləğində maddi ziyan vurmuşdur. Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin (müstəntiq polis kapitanı Elşad Həsənov) ********* nömrəli cinayət işi üzrə 20.07.2020-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” Qərarından görünür ki, Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi ekspertizasının 18093 saylı 14 iyun 2020-ci il tarixli ekspert rəyindən görünür ki, X2 məxsus 1976-cı il buraxılışlı «KİA OPTİMA» markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2020-ci ilin iyun ayına orta bazar qiyməti təxminən 6556 manat müəyyən edilir. Tədqiq edilən avtomobilin 20 aprel 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 6556 manat müəyyən edilir. AR Səhiyyə Nazirliyinin MTE PA X7 Şəxsinin 23/486 nömrəli 25.06.2020-ci il tarixli X9 əsasən İddiaçı bədəni üzərində müəyyən edilmiş xəsarətlər - baş beyin silkələnməsi, başın alın nahiyəsinin, sol almacıq nahiyəsinin, sol diz oynağı nahiyəsinin sıyrıqları, sağ baldırın yuxarı 1/3-nin ön-iç səthinin səthi əzilmiş yarası, döş qəfəsinin sol yarısının əzilməsi və qarının küt travması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 20.04.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu avtomaşınla digər avtomaşının toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/690 nömrəli 10.06.2020-ci il tarixli Ekspert rəyinə əsasən 1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21015 markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən; - hərəkət üçün təhlükə yaranan anda Kia Optima markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 41,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Cavabdeh1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısını alması ilə əlaqədar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. -hərəkət üçün təhlükə yaranan anda Kia Optima markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 41,6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Cavabdeh1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 02.09.2020-ci il tarixli TP ******* nömrəli X8 haqqında Qərarın, həmçinin İXP ******* nömrəli İnzibati Xəta haqqında Protokolun surətindən müəyyən olunmuşdur ki, 20.04.2020-ci il tarixdə “Vaz 21150” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən İddiaçı “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş, yolayrıcını keçmə qaydalarını pozmuş və AR İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. SN seriyalı 802975 nömrəli 22.04.2020-ci il tarixli Əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı 20.04.2020-21.04.2020-ci il tarixlərdə stasionarda olduğuna görə işdən azad edilir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Məcəlləsinin Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə səhhətinin bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, yaxud avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 8000 manat maddi ziyanın ödənilməsi ilə bağlı formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı cavabdeh X3, "xxxx" ASC-yə qarşı cavabdehlərdən vurulan ziyana mütənasib olaraq 6000 manat əmlakına dəyən ziyan, 2000 manat səhhətinə dəyən ziyan, ümumilikdə 8000 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-709/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-709/2021
17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver