Məhkəmə qərarları › İş №2(011)-709/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-709/2024

29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-709/2024 29.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi, təmir işlərinin aparılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çirkli suyun axıdılması nəticəsində dəymiş maddi ziyana görə 1.000 manatın, mənəvi ziyana görə 500 manatın, həmçinin ödənilmiş 35 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması, Bakı şəhəri, Xətai rayonu, 7 noyabr (Zığ yolu) küçəsi, 44 saylı evin 60-cı mənzilində vanna otağından çirkli suyun axıdılmasının qarşısının alınması üçün cavabdehlərin vanna otağında təmir işlərinin aparılması öhdəliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1979-cu ildən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Zığ yolu) küçəsi, 44 saylı evin 56-cı mənzilində yaşayır. Mənzil 2 otaqlı olmaqla birinci mərtəbəbə yerləşir. Yaşadığı mənzil xüsusidir və adına 2010-cu il yanvarın 13-də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdehlər təxminən 10 il əvvəl bu evə köçmüş, mənzilin üst tərəfində 3-cü mərtəbədə yerləşən 60-cı mənzildə yaşamağa başlamışlar. Son illərə qədər aralarında heç bir problem yaşanmamış, 2023-cü ilin avqust ayında cavabdehlər yaşadıqları 60-cı mənzildə təmir işləri aparmış, aparılmış təmir işləri nöqsanlı olduğundan oradan 2-ci mərtəbəyə, oradan da iddiaçının yaşadığı 56-cı mənzilə çirkli su axmağa başlamış, bu barədə onlara məlumat vermiş, suyun həqiqətən onlardan axıdılmasını etiraf etmiş, lakin heç bir tədbir görməmişlər. Cavabdehlərə dəfələrlə etdiyi xəbərdarlıqlar nəcicə verməmiş, ərazi üzrə 27 saylı MKİS-nə şikayət etmiş, mənzillərdə baxış keçirilmiş, bu barədə 2023-cü il oktyabrın 12-də akt tərtib olunmuş, suyun həqiqətən cavabdehlərin yaşadığı mənzildən 58-ci mənzilə oradan da iddiaçının mənzilinə axması öz təsdiqini tapmış, cavabdehlər təmir edəcəklərini və problemi aradan qaldırmağa söz versələr də, nəticə olmamışdır, hazırda da çirkli suyun axması davam etməkdədir. Cavabdehlərin bu hərəkətləri iddiaçıda psixoloji sarsıntıya səbəb olur, iddiaçı mənzildə hər an mənəvi sarsıntı keçirir. Cavabdehlərin hərəkəti nəticəsində mənzilin qonaq otağının tavanı, divar kağızları, tualet və vanna otağı sıradan çıxmış, əsaslı təmirə ehtiyac vardır. Mənzilin qeyd olunan hissələrində rütubət yaranmış, kəskin qoxu iyləri əmələ gəlmişdir. Cavabdehlərin mənzilindəki çirkli su axan hissənin, yəni trapda yaranmış problemi aradan qaldırmadan iddiaçının mənzilində aparılacaq təmirin əhəmiyyəti olmayacaqdır, ona görə də ilk növbədə cavabdehlərin yaşadığı 60-cı mənzilin vanna otağında trapda olan problem aradan qaldırılmalıdır. Cavabdehin hərəkətləri nəticəsinə iddiaçının mənzilində yaranmış problemin aradan qaldırılması üçün 1.000 manat vəsait tələb olunur, həmçinin hesab edir ki, mənəvi zərərə görə cavabdehlərin üzərinə 500 manat, habelə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Zığ yolu) küçəsi, 44 saylı evin 60-cı mənzilinin vanna otağında çirkli suyun axıdılmasının qarşısının alınması üçün təmir etmək barədə öhdəlik qoyulmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Zığ yolu) küçəsi, 44 saylı evin 56-cı mənzilində yaşayır. Həmin mənzil X2 məxsusdur və sonuncu, iddiaçının əridir. Nə qədər ki, məhkəmə iclasında əksi sübuta yetirilmir, hazırkı münasibətlərə ərlə arvadın ümumi birgə mülkiyyətin prezumpsiyası tətbiq edilməlidir. Cavabdehlər Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Zığ yolu) küçəsi, 44 saylı evin 60-cı mənzilində yaşayırlar. İddiaçının mənzili 1-ci, cavabdehlərin mənzili isə 3-cü mərtəbədə yerləşir. İddiaçı cavabdehin hərəkətləri nəticəsində 3-cü mərtəbədən 2-ci mərtəbəyə, oradan da iddiaçının yaşadığı 1-ci mərtəbədəki mənzilə suyun axıdıldığını iddia etmişdir. Məhkəmə iddiaçının mənzilinə cavabdehlərin mənzilindən suyun axıdılıbaxıdılmadığını, ziyan vurulmuşsa, ziyanın həcminin müəyyən edilməsi məqsədilə iş üzrə ekspertiza təyin etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 22 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 56 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr (Zığ yolu) küçəsi, 44 saylı evin 56 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 3-cü mərtəbəsində yerləşən 60 saylı mənzildən su axıdılığı və nəticədə 56 saylı mənzilin yaşayış otağı tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. 60 saylı mənzilin qapısı bağlı olduğundan, 56 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 56 saylı mənzilə su sızması 60 saylı mənzilin sukanalizasiya xətlərində yaranmış nasazlıq və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Xətai rayonu, 8 noyabr (Zığ yolu) küçəsi, 44 saylı evin 56 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 795 manat məbləğində müəyyən olunmuşdur. 60 saylı mənzilin qapısı bağlı olduğundan, 56 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də qərardadın bu sualı üzrə tədqiqat aparılması mümkün olmamışdır. İş materiallarında olan Xətai rayon MKTB-nin 27 saylı MKİS tərəfindən tərtib edilmiş 12 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, MKİS-in mühəndisi və fəhlələri imza edərək təsdiq etmişlər ki, iddiaçının müraciəti əsasında 60-cı və 58-ci mənzillərə baxış keçirilmiş və məlum olmuşdur ki, 60 saylı mənzildən su axmış və nəticədə 58-ci və 56-cı mənzilə xeyli ziyan vurmuşdur. Axıntı davam edir. İddiaçı mənzilinə dəymiş ziyanla bağlı müvafiq icra hakimiyyətinə və polis orqanlarına müraciət etmiş, ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı iş materialları əsasında müəyyən edilmişdir ki, cavabdehlərin yaşadığı 60 saylı mənzildən su axıdılması nəticəsində həmin mənzildən aşağıda – 2-ci mərtəbədə yerləşən 58-ci və 1-ci mərtəbədə yerləşən iddiaçının yaşadığı 56-cı mənzilə su axıdılmış və bununla da iddiaçının mənzilinə ziyan dəymişdir. Təqdim edilmiş fotoşəkillərlə də iddiaçının mənzilinə ziyan dəydiyi, keçirilmiş ekspertiza tədqiqatı ilə cavabdehlərin yaşadığı mənzildən iddiaçının yaşadığı mənzilə suyun axıdılması öz təsdiqini tapır. Odur ki, məhkəmə maddi ziyanın tutulması hissəsində evə cavabdehin hərəkətləri nəticəsində ziyan dəymə halını nəzərə alaraq və ekspert rəyini əsas götürərək iddianın qismən təmin edilməsini, cavabdehdən iddiaçının xeyrinə 795 manat pulun tutulmasını, iddianın qalan maddi ziyan tələbi hissəsində rədd edilməsini qanunauyğun hesab edir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə cavabdehlərin təqsirli hərəkətləri nəticəsində maddi ziyan dəymişdir. Ziyan nəticəsində iddiaçı həyəcan və sarsıntı keçirmiş, bu da onun mənəvi iztirab keçirməsinə, şüurunda və səhhətində mənfi psixoloji reaksiya yaranmasına səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə yuxarıda sadalananlara qiymət verərək, vurulmuş mənəvi ziyana görə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 100 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərərə görə 795 manat, mənəvi zərərə görə 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi hissəsinə qiymət verərək hesab edir ki, 35 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilməlidir. Eyni zamanda, ekspert tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərə görə 795 (yeddi yüz doxsan beş) manat, mənəvi zərərə görə 100 (bir yüz) manat və ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspert tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar