Məhkəmə qərarları › İş №2(011)-7155/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7155/2023

15.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7155/2023 15.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı cavabdeh Türkiyə Respublikasının “X20 X17 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh Türkiyə Respublikasının “X20 X17 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən uçuşa buraxılmadığına və 12 saat müddətinə konkret cavab verilmədən yubadıldığına görə LOT X11 uçuşa 1 saat qalmış almaq məcburiyyətində qaldığı biletin məbləği – 3.392 manat; ilk uçuş Götenburq şəhərinə olduğu üçün Götenburq-Jönköpinq istiqamətində aldığı və geri qaytarılma müddəti keçdiyi üçün qaytara bilmədiyi avtobus biletinin məbləği - 39.55 avro; məcburi şəkildə Stokholm şəhərinə uçduğu üçün Stokholm-Jönköpinq istiqamətində almaq məcburiyyətində qaldığı avtobus biletinin məbləği – 1.289 İsveç kronu; yataqxana şərtlərinə əsasən, yataqxanaya giriş günləri ayda 2 dəfə olduğuna görə və müvafiq giriş gününə gecikdiyi üçün 11 gün öz hesabına oteldə qalmaq üçün xərclənən vəsait – 1.307 avro, ümumilikdə 1.454 avro və 3.392 manat maddi zərərin, şərəf və ləyaqətinin alçaldılmasını, başqa aviaşirkətlə uçuşun təmin olunmadığı halda, təqaüd proqramının ləğv ediləcəyini və bu təhsil proqramına görə işdən də çıxdığını nəzərə alaraq, gələcəyi haqqında yaranan ciddi narahatlığın doğurduğu stressi və ümumiyyətlə bu hadisəyə görə iddiaçının keçirdiyi psixoloji sarsıntını nəzərə alaraq, 10.000 manat məbləğində mənəvi zərərin, iddia ərizəsinin verilməsi üçün ödənilən 140 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 13 sentyabr 2022-ci il tarixdə X20 (bundan sonra THY) şirkətindən əldə etdiyi uçuş biletinə uyğun olaraq 15 sentyabr 2022-ci il tarixdə Bakıdan İstanbul şəhəri ilə tranzit olaraq Götenburq (İsveç) şəhərinə uçuşu planlaşdırılmışdır. Bakıda pasport yoxlanışı zamanı uçuş bileti diqqətlə yoxlanılmış və son gedəcəyi şəhər Götenburq olduğu dəqiqləşdirilərək hər iki uçuş üzrə uçuş biletləri (boarding pass) təqdim edilmiş və baqajı da müvafiq qaydada son gedəcəyi şəhərə qədər yönləndirilmişdir. 15 sentyabr 2022-ci il tarixində saat 21:45-də THY-yə məxsus TK.335 saylı uçuş ilə iddiaçı Bakıdan İstanbula uçmuşdur. Növbəti uçuşu 16 sentyabr 2022-ci il tarixində saat 07:45-də İstanbuldan Götenburq şəhərinə TK.1797 nömrəli reys ilə planlaşdırılmışdı. Göstərilən vaxtda Götenburq uçuşu üçün olan qapıda təyyarəyə giriş zamanı THY-nin əməkdaşları pasport və uçuş biletini (boarding pass) yoxlayan zaman, iddiaçını təyyarəyə buraxmayacağını bildirdi. Səbəb isə Şengen vizasının 16 sentyabr 2022-ci il tarixində bitəcəyini, yəni vizanın etibarlılığının son günü olduğunu və müddət bitənədək geri qayıtmaq üçün kifayət qədər müddətin olmadığını əsas gətirdi. Onlara İsveçə tələbə olaraq getdiyini, İsveç Universiteti təqaüd proqramı (X2) tərəfindən verilən dövlət təqaüdçüsü olduğuna dair sənəd, Şengen vizası ilə ölkəyə daxil olmağına və yaşayış icazəsinə dair İsveç Miqrasiya Xidməti tərəfindən yazılan elektron məktubu və digər bütün məlumatları təqdim etmişdir. THY-nin nümayəndələri göstərilən sənədlərin kifayət olduğunu, lakin eyni zamanda saxta olma ehtimalının olduğunu bildirərək qarşı tərəfə, X1 sərhəd keçid məntəqəsinə və Universitetə sorğu göndərib məlumatların həqiqiliyini yoxlayacaqlarını bildirdilər. Əgər qarşı tərəfdən sorğuya müsbət cavab gələrsə, iddiaçını elə həmin gün THY-nin İsveçə olan digər reysi, Stokholm reysinə biletlə təmin edəcəklərini bildirdilər. Həmçinin, oradan iddiaçını Care point/Help Desk bölməsinə yönləndirib növbəli məlumatları oradan əldə etməyə yönləndirdilər. Təxminən, 30 dəqiqədən sonra iddiaçı həmin Care point/Help desk-ə məlumat almaq üçün yaxınlaşmış və detalları bildirmişdir. Oradakı xanım qeyri-mülayim tərzdə suallarına cavab verərək sənədlərin niyə düzgün olmaması barəsində yersiz fikirlərini bildirmişdir. Xanıma situasiyanı bir daha izah edərək, göndərilən sorğuya hər hansı cavabın gəlib-gəlmədiyini soruşmuş, xanım isə kobud şəkildə heç bir yeniliyin olmadığını bildirmişdir. Daha sonra isə iddiaçı THY-nin İsveçə növbəti reysinin vaxtını soruşmuş və xanım həmin gün heç bir reysin olmadığını bildirmişdir. Ondan yenidən dəqiqləşdirməsini soruşanda çox kobud şəkildə cavabını təkrarlamış və iddiaçının Türk dilində bildmədiyini zənn edərək “çatdık ya, geri zekalı mı, aptal mı ne” deyərək iddiaçını təhqir etmişdir. Bu zaman iddiaçı xanıma Türk dilini bildiyini və onu təhqir etdiyi üçün üzr istəməyini tələb etmişdir. Qarşılığında isə xanım daha da kobud cavab verərək xidmət zonasının bağlı olduğunu və iddiaçıya xidmət göstərmək istəmədiyini çox kobud, yüksək səslə və əmr formasında bildirmişdir. Yanında olan kolleqalarından hər hansı üzrxahlıq gözlədiyi halda, onlar da eyni kobudluğu göstərərək iddiaçıya növbəyə keçib gözləməyini bildirmişlər. Hər hansı konflikt yaşamaq istəmədiyi üçün iddiaçı oradan uzaqlaşmışdır. Təxminən 40 dəqiqədən sonra bir daha Care point/Help deskə digər xanıma yaxınlaşmış və yenilik haqqında soruşmuşdur. Xanım heç bir məlumatın olmadığını bildirərək iddiaçıya e-mail (Elektron ünvan ) ünvanı vermiş və bildirmişdir ki, universitet bütün müvafiq sənədləri bu mail ünvanına göndərsin. Universitet bütün lazımi sənədləri müəyyən zaman çərçivəsində 2 dəfə göndərdi, lakin heç bir geri dönüş alınmadı. Təxminən, 7 saat iddiaçı Care point/Help desk ətrafında gözləmiş və bu zaman çərçivəsində bir neçə dəfə məlumat əldə etməyə çalışmışdır. Saat 12:30 aralığında iddiaçıya X1 sərhəd keçid məntəqəsi və Universitet tərəfindən sorğuya neqativ cavab gəldiyi bildirilmişdir. Bu halda, iddiaçı onlardan rəsmi bildiriş və ya sənəd, yaxud da qarşı tərəfdən gələn cavabın nüsxəsinin paylaşılmasını tələb etmişdir. Çünki iddiaçı təyyarəyə buraxılmamış və THY bununla bağlı iddiaçıya rəsmi olaraq heç bir bildiriş verməmişdir. Həmçinin, bu halda nə etməli olduğuna dair proseslər haqqında məlumat istəmişdir. Lakin bütün əməkdaşlar tərəfindən iddiaçının sorğularına tam etinasız yanaşılır və ya ümumiyyətlə cavab verilmirdi. Bir müddət orda gözlədikdən sonra, iddiaçı başqa hava yolu ilə getmək qərarına gəlmiş və elə həmin gün, 16 sentyabr 2022-ci il tarixində saat 17:20-də olan LOT X13 LO 136 saylı reysinə bilet almışdır. Check-in-də yoxlanış zamanı LOT X13 nümayəndələri müvafıq sənədləri yoxladıqdan sonra heç bir problemsiz iddiaçıya Varşava şəhərinə tranzit olmaqla Stokholma uçuş biletləri (boarding pass) verərək uçuşa buraxmışlar. Həmçinin, Varşava şəhərində pasport-tranzit yoxlanış zamanı heç bir sorğu-sual edilmədən Stokholm uçuşuna buraxılmışdır. Sonradan 23 noyabr 2022ci il tarixdə THY Yönetim Kurulu və İcra Komitesi Başkanı Ahmct Bolata elektron poçt vasitəsilə müvafiq şikayət məktubunu göndərmişdir. Dövri olaraq dəfələrlə yazılan əsaslandırılmış şikayət müraciətlərinə baxmayaraq, 3 dəfə THY-dən elektron poçt vasitəsilə hər dəfə fərqli məzmunlarda cavab ala bilmişdir. 10 noyabr 2022-ci il tarixdə THY əməkdaşı Melis T. tərəfindən göndərilən cavabda əsas olaraq göstərilir ki, iddiaçının uçuş üçün ümumiyyətlə qüvvədə olan və ya etibarlı viza sənədi olmayıb. Bu iddianın tamamilə əsassız olmasının çox sadə sübutu var, çünki iddiaçı həmin viza ilə bir neçə saat sonra başqa hava yolu şirkəti ilə eyni ölkəyə uçuşunu reallaşdırmış və digər tərəfdən iddiaçının ümumiyyətlə qüvvədə olan viza sənədi yox idisə, həmin sənədlər THY əməkdaşları tərəfindən Bakıda check-in prosesində necə qəbul edilib Götenburq şəhərinə iddiaçıya bilet verilə bilərdi. 07 dekabr 2022-ci ildə THY əməkdaşı Kasim В. tərəfindən göndərilən cavabda isə viza sisteminin özünə də məlum olmayan tam yeni bir termindən istifadə olunub - “istifadə olunmamış Avstriya vizası”. Halbuki bu viza sənədinin adı Şengen vizasıdır və sadəcə olaraq Avstriya dövləti tərəfindən verilib. Cavabda əsas olaraq göstərilir ki, Şengen vizası qaydalarına görə viza hansı ölkənin səfirliyindən əldə edilibsə, uçuş ilk olaraq mütləq həmin ölkənin ərazisinə olmalıdır. Lakin nə Şengen vizası qaydalarında, nə də başqa heç bir sənəddə belə bir tələb mövcud deyil. Sadəcə olaraq, viza verən ölkə tərəfindən viza verilən şəxsə ilk uçuşu məhz həmin ölkəyə edilməsi tövsiyəsi vardır ki, bu tövsiyəyə də riayət edilməsi yalnız və yalnız viza verən ölkə ilə şəxs arasında tənzimlənən bir məsələdir və növbəti viza alınması prosesində viza verən ölkə tərəfindən nəzərə alına bilər. Belə ki, nəinki bu məsələni əsas gətirərək şəxsin uçuşunu dayandırmaq, ümumiyyətlə cavabdehin bu məsələni yoxlamaq səlahiyyəti yoxdur. Eyni zamanda, cavabda qeyd edilir ki, guya THY İsveç səlahiyyətli orqanlarına sənədlərin yoxlanması üçün müraciət yönləndirib və təsdiq cavabı ala bilməyiblər. Əgər belə bir etiraz cavab mövcud idisə, iddiaçının uçuşa buraxılmamağına səbəb kimi bu sənədin bir nüsxəsi mütləq iddiaçıya verilməli idi. Lakin iddiaçı dəvət göndərən universitet ilə də, İsveç miqrasiya xidməti ilə də bu məsələ ilə bağlı əlaqə saxlamış və onlara ümumiyyətlə belə bir müraciətin göndərilmədiyi bildirilmişdir. Digər tərəfdən, əgər qeyd etdikləri kimi ümumiyyətlə viza sənədi etibarsız idisə və ya ilk uçuşunu mütləq Avstriyaya etməli idisə, o zaman niyə iddiaçı Götenburq sərhəd keçid məntəqəsinə və ya miqrasiya xidmətinə təsdiq üçün müraciət edilməli idi ki? 06 yanvar 2023-cü il tarixdə THY əməkdaşı Tebük Öksüz tərəfindən göndərilən cavabda da yenə əsas olaraq Şengen vizasının mövcud olmayan bir qaydası göstərilir. Bu məsələ ilə bağlı sonuncu müraciət isə THY Bakı ofisinin rəhbərliyinə həm elektron poçt vasitəsilə, həm də məktubla 11 yanvar 2023-cü il tarixdə göndərilmişdir və təəssüf ki, ümumiyyətlə cavablandırılmamışdır. Yuxarıda yazılanları ümumiləşdirərək THY nümayəndələri tərəfindən aşağıdakı kobud qanun pozuntularını nəzərə çatdırır: aktiv Şengen vizası olduğu və İsveçdə yaşayış icazəsinin verildiyinə dair sənədlər olduğu halda qanunsuz şəkildə iddiaçı uçuşa buraxılmamışdır. Daha da absurd olan məsələ isə odur ki, yuxarıda qeyd etdiyi kimi həmin sənədlər Bakıda pasport yoxlanışı zamanı diqqətlə yoxlanılmış və son gedecəyi şəhər Götenburq (İsveç) olduğu dəqiqləşdirilərək hər iki uçuş üzrə biletləri (boarding pass) təqdim edilmiş və baqajı da müvafiq qaydada son gedəcəyi şəhərə qədər yönləndirilmişdir. Sonradan isə marşrutun yarısında özündən yeni uçuş qaydaları müəyyənləşdirmiş THY əməkdaşı tərəfindən dayandırılmışdır. Burada çox təbii sual yaranır. Əgər iddiaçının sənədlərində hansısa bir problem var idisə, o zaman Bakıdan uçuşuna niyə icazə verildi? Əgər sənədləri yoxlanılıb və Bakıdan uçuşuna icazə verilibsə, heç bir əsaslandırma olmadan, bir-biri ilə əlaqəsi olmayan absurd, məntiqsiz səbəblər gətirərək iddiaçını uçuşa buraxmamaq səlahiyyətini kim verib? Əgər THY əməkdaşı hansısa məsələdə haqlı olsa idi, o zaman, iddiaçı eyni hava limanından, eyni sənədlər ilə, eyni ölkəyə LOT X12 təyyarəsindən istifadə edərək necə uça bilərdi? Və ya THY-nin özünəməxsus Şengen viza qaydaları mı var? İddiaçı THY əməkdaşları tərəfindən qeyrietik və kobud davranışlara məruz qalaraq, təhqir edilmişdir. THY X3 (X10) 10 noyabr 2022-ci il tarixli məktubunda da bu tərz qeyri-etik davranış olduğu etiraf edilmiş, lakin ən azından üzr istəmək əvəzinə, həmin əməkdaşların yalnız müvafiq təlimlərə göndəriləcəyi bildirilmişdir. Burada söhbət hansısa əməkdaşın peşə keyfiyyətlərinin dəyərləndirilməsindən getmir, onun müştərini açıq-aşkar təhqir etməsindən gedir. Dolayısı ilə, həmin əməkdaşı müvafiq təlimə göndərib hansı nəticəni əldə etmək planlaşdırılır? Yoxsa müvafiq THY departamenti həqiqətən mi düşünür ki, təlimə göndərərək “müştərini təhqir etmək olmaz” qaydasını işçiyə xüsusi şəkildə tədris mi etmək lazımdır? Universitet tərəfindən sorğuya neqativ cavab gəldiyi zaman, Care point/Help desk əməkdaşları bu halda nə etməli, hara müraciət etməli olduğu haqqında iddiaçıya heç bir məlumat verməyərək, birbaşa olaraq, öz vəzifə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışlar. İddiaçı İstanbul aeroportunda 12 saatdan çox (uçuşlar arasındakı tranzit vaxtı da nəzərə alınmaqla) vaxt keçirmişdir. Transfer-Transit sərnişin qaydalarına əsasən, otel və yemək xidmətlərindən yararlanmaq hüququ var idi, lakin Carc point/Help desk-də bu xidmətlər haqqında iddiaçıya heç bir məlumat verilməmişdir. THY-yə göndərdiyi çoxsaylı sorğuların hər birinə fərqli cavablar verilmiş, ilkin olaraq, ümumiyyətlə vizasının olmadığını, daha sonra isə tamam başqa arqumentlər gətirərək həqiqətə uyğun olmayan məlumatlar verilmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı cavabdeh Türkiyə Respublikasının “X20 X17 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. O, təqdim etdiyi etirazda qeyd etmişdir ki, iddiaçı viza rejimi qaydalarını pozmuşdur. Cavabdeh bu səbəbdən onu uçuşa buraxmamaqda haqlı idi. İddiaçı Avropa İttifaqına üzv olan İsveç Krallığına uçuş etmək istəyirdi, amma tələb olunan şengen vizası İsveç Krallığından deyil, Avstriya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən alınmışdır. Halbuki, 14 iyun 1985-ci il tarixli Şengen Sazişinin tətbiqinə dair 19 iyun 1990-cı il tarixli Konvensiyanı müddəaları bunun əksini deyir, belə ki, həmin konvensiyanın 12.2-ci maddəsinə əsasən Şengen vizasını vermək üçün səlahiyyətli üzv dövlət prinsipcə əsas səfər ediləcək üzv dövlətdir. Əgər bu müəyyənləşdirilə bilinmirsə, viza prinsipcə ilk giriş edilən üzv dövlətin diplomatik və ya konsulluq qurumları tərəfindən verilir. Lakin hazırkı halda iddiaçı yalnız Avstriyaya səfər etməyib, Avstriya əsas səfər ediləcək ölkə deyil, Avstriya ilk giriş ölkəsi deyil. İddiaçı Şengen dövləti olaraq ancaq İsveç Krallığına səfər etmək istəmişdir. Bu təqdirdə Şengen vizasını İsveç Krallığı üçün də viza vermək səlahiyyətinə malik Fransa Respublikasının Azərbaycandakı Səfirliyindən əldə etməli olduğu halda bunu etməmişdir. Swedenabroad.se rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə İsveç Şengen vizası Fransanın Bakıdakı Səfirliyi tərəfindən CAPAGO Viza Mərkəzi vasitəsilə verilir. Göründüyü kimi, İsveç Krallığına səfər etmək üçün şengen viza və yaxud milli vizanı Fransanın Bakı Səfirliyindən əldə etmək mümkün idi, lakin tələb olunan viza Avstriya Səfirliyindən alınmışdır. İsveç Krallığı tərəfindən verilən yaşayış icazəsinə gəldikdə isə yaşayış icazəsinə dair qərar sərhədi keçmək üçün yetərli deyil, mütləq qaydada iddiaçının üzərində yaşayış icazəsi kartı olmalı idi. X4 rəsmi internet səhifəsi olan https://www.migrationsverket.se/ saytında “Yaşayış icazəsi kartı”na dair məlumatlar bölməsində göstərilib ki, əgər sizə yaşayış icazəsi verilibsə, İsveçdə yaşamağa icazənizin olduğunu sübut edən yaşayış icazəsi kartı da alacaqsınız. Əgər İsveçə səyahət etmək üçün giriş vizasına ehtiyacınız varsa, pasportunuzu təqdim edərkən fotoşəkil çəkdirmək və barmaq izlərinizi götürmək üçün mümkün qədər tez İsveç səfirliyinə və ya baş konsulluğuna getməlisiniz. Səyahət edərkən pasportunuzla birlikdə yaşayış icazəsi kartını da göstərməlisiniz. Pasport və yaşayış icazəsi kartı ilə 180 gün müddətində Şengen zonasına 90 günə qədər daxil ola və səyahət edə bilərsiniz. Şengen zonasından kənar bir ölkəyə səyahət etsəniz, viza tələb oluna bilər. Bundan əlavə həmin internet səhifəsinin “Fərdi şəxslər”ə dair məlumatlar bölməsində göstərilmişdir ki, əgər sizə icazə verilirsə, İsveçdə olmaq hüququnuz olduğunu sübut edən bir icazə kartı alırsınız. Kart İsveçdə olmaq icazəniz olduğuna dair sertifikatdır və digər məlumatlar arasında barmaq izləriniz və şəklinizi ehtiva edir. Əgər İsveçə səyahət etmək üçün vizaya ehtiyacınız olan ölkədən gəlirsinizsə, İsveçə səyahət etmək üçün sizə icazə kartı lazımdır. Əgər İsveçə vizasız səyahət edə biləcəyiniz ölkədən gəlirsinizsə, səyahət edərkən icazə qərarınızın surətini təqdim etməlisiniz. Həmçinin, X4 20 oktyabr 2023-cü il tarixli elektron məktubunda bildirilmişdir ki, əgər siz müsbət qərar qəbul etmisinizsə və İsveçdə yaşamaq icazəsi almısınızsa, siz İsveçə daxil olarkən sərhəd polisinə giriş icazənizin olduğunu sübut etmək üçün yaşayış icazəsi kartınızı özünüzlə gətirməlisiniz. Göründüyü kimi, iddiaçı nə birbaşa İsveç Krallığına səfər etmək üçün zəruri olan vizaya, nə də yaşayış icazəsi kartına malik olmamışdır, başqa sözlə desək, iddiaçı lazımi səyahət sənədlərinə malik olmamışdır. Bu fakt iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə də təsdiqlənir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi tərcümə sənədlər toplusunda yer alan X4 rəsmi saytından çıxarışda göstərilmişdir ki, “İn most cases you need a residence permit card to be able to travel to Sweden.” Lakin həmin toplunun 16-cı səhifəsində yer alan azərbaycan dilinə tərcümədə göstərilmişdir ki, “Bir çox hallarda İsveçə səfər etmək üçün yaşayış icazəsinə ehtiyac vardır.” Halbuki, tərcümədə səhvə yol verilmişdir, tərcümə “Əksər hallarda İsveçə səyahət etmək üçün yaşayış icazəsi kartı lazımdır” şəkildə olmalı idi. Cavabdehin sərnişinləri uçuşa qəbul etməməkdə haqlı olmasına gəldikdə isə 14 iyun 1985-ci il tarixli Şengen Sazişinin tətbiqinə dair 19 iyun 1990-cı il tarixli Konvensiyanın 26-cı maddəsi, həmin maddəni tamamlayan X8 2001/51/EC saylı, 28 iyun 2001-ci il tarixli Direktivi, Türkiyə Respublikası Mülki Aviasiya Baş Müdürlüyünün Havalimanları/Havaalanları yerüstü xidmətləri təlimatı və Hava limanları yerüstü xidmət növləri və spesifikasiyalarına dair təlimatı, həmçinin, cavabdehin Sərnişinin və Baqajın Daşınması üzrə Ümumi Şərtləri əsas verir. Belə ki, Təlimatın 1-ci maddəsinə əsasən bu təlimatın məqsədi havalimanları/havaalanları yerüstü xidmətlərinin beynəlxalq səviyyədə həyata keçirilməsini təmin etmək üçün tətbiq ediləcək qayda və əsasları müəyyən etmək və bu xidmətlərlə əlaqədar səlahiyyətləndirmə və nəzarət etmə əsasları ilə yerüstü xidmətlərin tariflərini tənzimləməkdir. Həmin təlimatın 2-ci maddəsinə əsasən bu Təlimat havalimanı/havaalanı və/və ya terminal idarəçiliyi ilə məşğul olan dövlət qurum və təşkilatlarla fiziki və hüquqi şəxsləri, bu təlimatda göstərilən şərtləri təmin edərək, fəaliyyət lisenziyası əldə edən təşkilatları, hava yolu daşıyıcılarını və bu təlimat əsasında fəaliyyət göstərən digər təşkilatları əhatə edir. Həmin təlimatın “Məsuliyyət” adlı 6.1-ci maddəsinə əsasən Bu təlimatdakı öhdəliklərin yerinə yetirilməsinə görə havalimanı/havaalanı idarəçiləri, yerüstü xidmət qurumları ilə hava daşıyıcıları məsuliyyət daşıyır. Təlimatın 2-ci maddəsinə əsasən bu təlimat hava limanı idarəçiliyi ilə məşğul olan qurumlara, yerüstü xidmətlər göstərən qurumlara və hava daşıyıcılarına aiddir. Onun 4.2.2-ci maddəsinə əsasən qarşılıqlı razılaşdırıldığı kimi yerüstü xidmətlər göstərən şirkət üzərinə məsuliyyət yüklənilmədən uçuşla(larla) bağlı səyahət sənədlərini (pasport, viza, peyvənd sertifikatı və digər sənədlər) yoxlamalıdır. Təlimatlardan göründüyü kimi, Türkiyə Respublikasında təsis edilmiş cavabdeh hava limanlarında sərnişinlərin viza da daxil olmaqla bütün səyahət sənədlərini yoxlamalıdır, bu Türkiyə Respublikası tərəfindən onların üzərinə qoyulan öhdəliklərdən biridir. İddiaçının səyahət etmək istədiyi İsveç Krallığı giriş-çıxışı xüsusi olaraq tənzimlənən Şengen ərazisinə daxildir. Bu məqsədlə Şengen ərazisinə daxil olan dövlətlər bir araya gələrək bir sıra sazişlər imzalayıblar. Onlardan biri 14 iyun 1985-ci il tarixli Şengen Sazişinin tətbiqinə dair 19 iyun 1990-cı il tarixli Konvensiyadır. Həmin konvensiyanın 26-cı maddəsinə əsasən üzv dövlətlər 31 yanvar 1967-ci il tarixli X19 ilə əlavələr edilən 28 iyul 1951-ci il tarixli Qaçqınların statusu haqqında Cenevrə konvensiyasına daxil olmaları nəticəsində yaranan öhdəlikləri nəzərə alaraq aşağıdakı qaydaları öz milli qanunvericiliklərinə inteqrasiya etməlidirlər: a) Əgər əcnəbilərin (üçüncü ölkə vətəndaşları) Üzv dövlətlərdən hər hansı birinin ərazisinə girişinə imtina verilirsə, onları sərhədə hava, su, yaxud quru yolla gətirən daşıyıcı dərhal onlara görə cavabdehliyi təmin etməyə məcbur ediləcəkdir. Sərhəd nəzarət əməkdaşlarının tələbi ilə daşıyıcı əcnəbiləri yola düşmə məntəqəsi olan üçüncü ölkəyə yaxud səyahətlərinin əsasını təşkil edən səyahət sənədini verən üçüncü ölkəyə yaxud onları qəbul edəcəklərinə əmin olduqları digər hər hansı üçüncü ölkəyə geri qaytarmağa məcbur ediləcəkdir. b) Daşıyıcı hava yaxud su yolu ilə daşınan əcnəbilərin Üzv dövlətlərin ərazisinə daxil olmaq üçün zəruri olan səyahət sənədlərinə malik olmalarını təmin etmək üçün bütün lazımi tədbirləri görməyə məcburdur. Üzv dövlətlər 31 yanvar 1967-ci il tarixli X19 ilə əlavələr edilən 28 iyul 1951-ci il tarixli Qaçqınların statusu haqqında Cenevrə konvensiyasına daxil olmaları nəticəsində yaranan öhdəlikləri əsas götürməklə onların konstitusiya qanunlarına uyğun olaraq üçüncü ölkələrdən hava yaxud su yolu ilə zəruri səyahət sənədlərinə malik olmayan əcnəbiləri onların ərazisinə gətirən daşıyıcılara cərimələr tətbiq etməyi öhdələrinə götürürlər. Üzv dövlətlər sözügedən maddəni tamamlamaq üçün ayrıca direktiv də imzalayıblar. X8 2001/51/EC saylı, 28 iyun 2001-ci il tarixli sözügedən direktivinə əsasən giriş bölməsinin 1-ci hissəsinə əsasən qanunsuz miqrasiyanın qarşısını effektiv şəkildə almaq üçün, bütün üzv dövlətlər tərəfindən onların ərazisinə xarici ölkə vətəndaşlarını daşıyan daşıyıcıların öhdəliklərini müəyyən edən müddəaların qəbul edilməsi zəruridir. Bundan əlavə, bu məqsədin effektivliyini təmin etmək üçün, daşıyıcıların öz nəzarət öhdəliklərini yerinə yetirmədiyi hallara görə üzv dövlətlərin onlara tətbiq etdiyi maliyyə cərimələri üzv dövlətlərin arasındakı hüquq sistemlərindəki və təcrübələrindəki fərqlər nəzərə alınmaqla mümkün dərəcədə birbirinə uyğunlaşdırılmalıdır. Direktivin 1-ci maddəsinə əsasən Bu direktivin məqsədi 19 iyun 1990-cı ildə Şengendə imzalanan 14 iyun 1985-ci il tarixli Şengen sazişinin tətbiqinə dair Konvensiyanın 26-cı maddəsini tamamlamaq və onların tətbiqi ilə bağlı müəyyən şərtləri müəyyən etməkdir. Direktivin 3-cü maddəsinə əsasən üzv dövlətlər girişi rədd edilən üçüncü ölkə vətəndaşının geri qaytarılmasını təmin edə bilməyən daşıyıcıları sonrakı birbaşa daşıma üçün vasitələr tapmağa və onun xərclərini qarşılamağa, əgər sonrakı birbaşa daşıma mümkün deyilsə, üçüncü ölkə vətəndaşının geri qaytarılma və qonaqlama xərclərini qarşılamağa məcbur edən tədbirlər görməlidirlər. Direktivin 4-cü maddəsinə əsasən üzv dövlətlər Şengen Konvensiyasının 26(2) və (3) maddələrinin müddəalarına əsasən daşıyıcılara tətbiq olunan cərimələrin çəkindirici, effektiv və proporsional olmasını və aşağıdakıları təmin etmək üçün zəruri tədbirlər göstərəcək: (a) Hər bir sərnişin üçün tətbiq oluna bilən maliyyə cərimələrinin maksimum məbləğinin 5000 avrodan və ya onun 10 avqust 2001-ci il tarixli Rəsmi Jurnalda nəşr olunan məzənnəyə uyğun milli valyuta əvəzindən az olmamasını, və ya (b) Həmin cərimələrin minimum məbləğinin hər bir sərnişin üçün 3000 avrodan və ya onun 10 avqust 2001-ci il tarixli Rəsmi Jurnalda nəşr olunan məzənnəyə uyğun milli valyuta əvəzindən az olmamasını, və ya (c) Daşınan şəxslərin sayından asılı olmayaraq hər bir pozuntu üçün birdəfəlik məbləğ kimi təyin olunan cərimənin maksimum məbləğinin 500 000 avrodan və ya onun 10 avqust 2001-ci il tarixli Rəsmi Jurnalda nəşr olunan məzənnəyə uyğun milli valyuta əvəzindən az olmamasını. Üçüncü ölkə vətəndaşı beynəlxalq müdafiə tələb etdikdə 1-ci bənd üzv dövlətlərin öhdəlikləri nəzərə alınmaqla tətbiq edilir. Direktivin 5-ci maddəsinə əsasən Bu Direktiv üzv dövlətlərə 26(2) maddəsinin, Şengen Konvensiyasının 3-cü maddəsinin və bu Direktivin 2-ci maddəsinin müddəaları üzrə təyin olunan vəzifələrə əməl etməyən daşıyıcılar üçün nəqliyyat vasitəsinin immobilizasiyası, müsadirəsi və konfiskasiyası, və ya qüvvədə olan lisenziyanın müvəqqəti dayandırılması və ya imtinası kimi digər növ cərimələri cəlb edən digər tədbirləri qəbul etməyi və ya saxlamağı qadağan etməyəcək. Göründüyü kimi, Şengen ərazisinə daxil olan dövlətlər üçüncü ölkə vətəndaşlarının səyahət sənədlərinin mövcudluğuna nəzarət öhdəliyini daşıyıcıların üzərinə qoyublar və bu öhdəliyin yerinə yetirilməməsi daşıyıcıların həmin şəxslərin geri qaytarılmasını, bu mümkün olmadıqda sonrakı birbaşa daşımanın təşkil edilməsini, bu da mümkün olmadıqda üzv dövlətdə qonaqlamanın təşkil edilməsini təmin etməyə məcbur edəcəkdir. Bunlardan əlavə daşıyıcı hər bir sənədsiz sərnişin üçün minimum 3000 avro məbləğində cərimə ilə üzləşəcəkdir. Hələ daşıyıcının hava gəmisinin immobilizasiya, müsadirə, konfiskasiya və ya lisenziyasının dayandırılması kimi məsuliyyət tədbirləri ilə qarşılaşmaq risqi də yüksəkdir. X9 müddəalarını 29 sentyabr 2005-ci il tarixli Əcnəbilər haqqında qanuna daxil etməklə onu öz milli qanunvericiliyinə inteqrasiya etmişdir. Belə ki, həmin qanunun Daşıyıcıların nəzarət etmə məsuliyyəti adlı 3-cü bölməsinə əsasən daşıyıcı, Şengen Konvensiyasına üzv olmayan dövlətdən birbaşa İsveçə daşıdığı əcnəbinin ölkəyə daxil olmaq üçün lazım olan pasport və icazəyə malik olduğunu yoxlamalıdır. Həmin qanunun 19-cu fəslinin Daşıyıcının xərclərə görə məsuliyyəti adlı 2-ci bölməsinə əsasən Şengen Konvensiyasına üzv olmayan bir dövlətdən gəmi və ya təyyarə ilə birbaşa İsveçə gələn əcnəbinin pasportu və ya ölkəyə daxil olmaq üçün lazım olan icazəsi və ya əcnəbinin öz vətəninə geri gedişi üçün pul vəsaiti olmadığı üçün əcnəbiyə ölkəyə girişdən imtina edildiyi təqdirdə, Daşıyıcı Dövlətin çəkdiyi aşağıdakı xərcləri Dövlətə kompensasiya etməyə borcludur: əcnəbinin İsveçdən getməsi üçün çəkilmiş xərclər; əcnəbini müşayiət etməli olan nəzarətçinin İsveçdən xarici ölkəyə gediş haqqı və xarici ölkədən İsveçə geri dönüş haqqı üçün çəkilmiş xərclər; əcnəbiyə ölkəyə girişdən imtina edilməsi qərarının icrasının gecikdirilməsi Daşıyıcının təqsiri üzündən baş vermişsə, o zaman əcnəbinin həmin ölkədə yaşayış xərci. Həmin qanunun Xüsusi rüsum haqqı adlı 5-ci bölməsinə əsasən 9-cu Fəslin 3-cü Bölməsinə uyğun olaraq nəzarət öhdəliyinə əməl etməyən Daşıyıcı, ölkəyə girişdən imtina barədə qərar əcnəbinin İsveçə girişi üçün tələb olunan pasportu və ya icazəsi olmadığına görə qəbul edilibsə və qərar yekun və şikayət edilməyən qərardırsa yaxud qanuni qüvvəsini almasa da, icrası məcburidirsə, xüsusi rüsum haqqı ödəməlidir. 6-cı bölməyə əsasən 5-ci bölmədə nəzərdə tutulmuş xüsusi rüsum haqqı bir əcnəbi üçün maksimum 46.000 İsveç kronu (SEK) məbləğində müəyyən edilir. Cavabdeh rəsmi internet səhifəsində yerləşdirdiyi Daşıma şərtlərində də səyahət sənədi düzgün olmayan sərnişinlər üçün bir sıra qaydalar müəyyən etmişdir. Daşıma qaydalarının 2-ci bəndinə əsasən 2.2-2.5-ci bəndlər istisna olmaqla, Daşıyıcı tərəfindən hava nəqliyyatı ilə ödənişli qaydada həyata keçirilən bütün Sərnişin və Baqaj daşınmalarına buradakı X15 tətbiq edilir. Daşıma şərtlərinin 3.1-ci maddəsinə əsasən sərnişin Bileti, başqa hallar sübuta yetirilənə qədər Daşıyıcı ilə Biletdə məlumatları yazılmış Sərnişin arasında daşıma müqaviləsinin mövcudluğu prezumpsiyasını təşkil edir. Biletdə göstərilən müqavilə şərtləri bu X6 bəzi qaydaların qısaldılmış formasıdır. Daşıma şərtlərinin 8-ci bəndinə əsasən ümumiyyətlə Sərnişin əvvəlki reyslərdə 8-ci və 12-ci maddələrin tələblərini pozarsa və uçuşa icazə verilməsinin Daşıyıcıdan gözlənilməsi mümkün olmayan hallar yaranarsa, Daşıyıcı öz mülahizəsinə əsasən Sərnişini öz reyslərinə qəbul etməkdən imtina etmək hüququna malikdir. Daşıyıcı belə hallarda Sərnişinə Bilet satmayacaq. Sərnişin bu qadağa qərarının olmasına baxmayaraq hər hansı bir şəkildə Bilet alıb reysə qəbul edildikdə, Biletin etibarlı olması və qaydalara uyğun hazırlanması şərti ilə yalnız Bilet üçün ödənilmiş rüsum ona qaytarılacaq və Sərnişinin başqa heç bir kompensasiya almaq hüququ olmayacaq. Daşıyıcı bundan əlavə təhlükəsizlik səbəbi ilə və ya öz mülahizəsinə görə, aşağıdakı və ya oxşar hallarda Sərnişin və ya Sərnişin baqajını daşımaqdan imtina edə bilər: 8.1.1. Əgər bu cür imtina yola düşmə, təyinat və ya tranzit ölkəsi və ya dövlətlərin hər hansı qüvvədə olan qanununa, qaydasına və ya qərarlarına riayət etmək üçün zəruri olarsa, ... Daşıma şərtlərinin 14-cü bəndinə əsasən Sərnişin çıxış və təyinat ölkələrinin və ya onların uçduqları ölkələrin qanunlarına, əsasnamələrinə, qaydalarına, əmrlərinə, tələblərinə və səyahət tələblərinə, eləcə də Daşıyıcı Qaydalarına və təlimatlarına əməl etmək üçün məsuliyyət daşıyır. Bu qanunlara, qaydalara, əmrlərə, tələblərə və şərtlərə əməl olunması və ya vizanın və ya lazımi sənədlərin alınmasına görə yazılı olub-olmamasından asılı olmayaraq, Daşıyıcının hər hansı personalı və ya Agentliyi tərəfindən göstərilən yardım və verilən məlumatlara və ya Sərnişinin viza və ya digər sənədləri ala bilməməsinə və ya bu qanunlara, əsasnamələrə, əmrlərə, tələblərə, şərtlərə, qaydalara və tapşırıqlara Sərnişinin əməl etməməsindən irəli gələn nəticələrə görə Daşıyıcı məsuliyyət daşımır. Göründüyü kimi, İddiaçı İsveç Krallığına birbaşa səyahət etmək üçün lazımi sənədlərə malik olmamışdır və cavabdeh bu səbəbdən onu uçuşa buraxmamaqda haqlı idi. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı 15 sentyabr 2022-ci il tarixdə Bakıdan İstanbula, İstanbuldan isə Götenburq şəhərinə səyahət edərkən X20 tərəfindən yaradılmış maneəyə görə səyahətini planlaşdırdığı qaydada həyata keçirə bilməmişdir. Belə ki, 15 sentyabr 2022-ci il tarixdə Heydər Əliyev adına Hava Limanında onun sənədləri yoxlanılmış, baqajı tranzit sərnişin kimi İsveçin Götenburq şəhərinə yola salınmış, iddiaçının özü isə Bakı-İstanbul təyyarəsinə buraxılmışdır. Eyni zamanda iddiaçıya İstanbuldan İsveçə yola düşən təyyarəyə də uçuş bileti verilmişdir. İddiaçı Bakıdan İstanbula problemsiz səyahət etmiş, İstanbuldan Götenburqa gedən təyyarəyə buraxılmamışdır. Səbəb olaraq X20 tərəfindən iddiaçının səyahət sənədlərinin düzgün olmaması göstərilmişdir. İddiaçı həmin gün başqa avia şirkətin xidmətlərindən istifadə edərək səyahətini Götenburqa həyata keçirə bilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının Avstriya səfirliyindən verilmiş Şengen vizası mövcud olmuşdur. Vizanın etibarlılıq müddəti 16 sentyabr 2022-ci il olmuşdur. İş materiallarında olan İsveç Miqrasiya Xidməti tərəfindən yazılmış elektron məktubdan görünür ki, aktiv Şengen vizası olan vətəndaş onların ölkəsinə səfər edə bilər. Səfər etməmişdən öncə yaşayış icazəsinin alınması əsas tələblərdəndir. Yaşayış icazəsi olan şəxsə ölkəyə gələndən sonra müvafiq orqana yaxınlaşıb yaşayış icazəsi kartının alınmalı olduğu göstərilmişdir. Hazırkı iş üzrə iddiaçının yaşayış icazəsi mövcud olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı təhsil almaq üçün İsveç Universitetinin təqaüd proqramına əsasən həmin ölkəyə yola düşmüşdür. Ölkədə olduğu müddətdə onun həmin şəhərdə yerləşən yataqxanada qalması nəzərdə tutulmuşdur. Pandemiya ilə əlaqədar həmin yataqxanaya giriş günlərinin ayda 2 dəfə olması nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, LOT X11 əldə edilmiş İstanbul-Varşava-Stokolm reysi üzrə sərnişinin biletinin qiyməti 3.392 manat təşkil etmişdir. İş materiallarında olan Götenbuqr-Jönköpinq avtobus biletinin məbləği 39.55 avro təşkil edir. İş materiallarında olan Stokolm-Jönköpinq avtobus biletinin məbləği 1.289 İsveç kronu təşkil edir. İş materiallarından görünür ki, iddiaçının 17 sentyabr-28 sentyabr 2022-ci il tarixlərində müvəqqəti yerləşdiyi oteldə qalmaq məbləği 1.307,16 avro təşkil edir. İddiaçı cavabdeh şirkətin əməkdaşı tərəfindən hava limanında təhqir olunması əsası ilə şirkətə müraciət etmiş, cavab olaraq ona istinad olunan əməkdaşın müvafiq təlimlərə göndəriləcəyi bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddiasında X18 təqsiri ucbatından səyahətini ilk aldığı uçuş bileti ilə başa çatdıra bilmədiyini və bu səbəbdən ona maddi ziyan dəydiyinə istinad etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının X16 aldığı Bakı-İstanbul-Götenburq istiqamətində uçuşunun tamamlanmasının əsasları araşdırılaraq müəyyən edilmişdir ki, daşıyıcı şirkət olan X20 iddiaçını İstanbul-Götenburq təyyarəsinə buraxmayaraq 2 əsas göstərmişdir. Məhkəmə göstərilən əsasların qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. İlk öncə, iddiaçıya Şengen vizasının Avstriyaya səyahət üçün alınması əsas gətirilərək birbaşa ilk getdiyi dövlətin Avstriya olmadığı, daha sonra Avstriyaya gedəcəyi ilə bağlı sübutlar təqdim edilmədiyi üçün səyahət sənədinin düzgün olmaması əsas gətirilərək imtina edilməsi göstərilmişdir. Məhkəmə istinad olunan hala qiymət verərək hesab edir ki, cavabdehin daşıyıcı şirkət olaraq vizanın hansı ölkədən və hansı ölkəyə səyahət edilməsi üçün verildiyi araşdırılması səlahiyyətinin olduğu hər hansı qanunvericilik aktına öz əksini tapmamışdır. Belə ki, daşıyıcı şirkət səyahət sənədlərinin yoxlanması ilə səlahiyyətləndirilmişdir. Səyahət sənədlərinin yoxlanması dedikdə sərnişinin avrozonada yerləşən ölkələrə səyahət etmək üçün Şengen vizasının olub-olmaması, vizanın aktiv olub-olmaması başa düşülür. Belə ki, hazırkı iş üzrə iddiaçının vizasının Avstriyaya getmək üçün alınması, vizanın Avstriya səfirliyindən verilməsi, nəticədə Avstriya Respublikası yerinə İsveçə getməsi İsveç dövlətinin sərhəd nəzarət və miqrasiya xidmətləri tərəfindən yoxlanılmalı olan hallardandır, yəni iddiaçı istinad olunan viza ilə sənədlərin düzgün olmaması əsası ilə ölkəyə həmin ölkənin yerli qurumları tərəfindən buraxılmaya bilərdi. Belə ki, istinad olunan səlahiyyət yalnız həmin ölkənin səlahiyyətli orqanlarına aiddir. Daşıyıcı olan şirkət belə bir səlahiyyətə malik deyildir. Əlavə olaraq məhkəmə cavabdehin etiraz ərizəsində istinad etdiyi Şengen Sazişinin tətbiqinə dair 19 iyun 1990-cı il tarixli Konvensiyanın 12.2-ci maddəsində qeyd edilən “Şengen vizasını vermək üçün səlahiyyətli üzv dövlət prinsipcə əsas səfər ediləcək üzv dövlətdir” müddəasına münasibətdə qeyd edir ki, ilk növbədə, mahiyyətindən də göründüyü kimi bu tələb mütləq əməl edilməsi nəzərdə tutulan qayda deyil. Formalaşmış praktikada Şengen vizası verilən ölkəyə səfər etməklə şəxsin növbəti viza alınması zamanı bu prinsipə əməl edib-edilmədiyi yoxlanılan hallardandır. Belə ki, riayət edilmədiyi zaman şəxsin növbəti viza alınmasına dair müraciətindən imtina oluna bilər. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının Avstriyaya səyahət edəcəyi ilə bağlı sübutlar təqdim etmədiyinə də istinad etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin imtinasının əsasını iddiaçının Avstriyaya getməsi ilə bağlı sübut təqdim etməməsi işin hər hansı halı ilə müəyyən edilmir. Belə ki, cavabdeh tərəfin iddiaçıdan belə sübutların təqdim edilməsini tələb etməsi və iddiaçının bundan imtina etməsi işin hər hansı halı ilə təsdiq edilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh şirkət iddiaçının səyahət sənədlərinin qaydasında olmadığı qənaətində idisə onu Bakı şəhəri Heydər Əliyev adına Hava Limanı uçuşa buraxmamalı, sənədlərində problem olduğu ona yerində bildirilməli idi. İş materiallarından göründüyü kimi iddiaçı istinad olunan sənədlər əsasında digər aviaşirkətə məxsus təyyarə ilə səyahətini yekunlaşdıra bilmiş və İsveçə gedib çatmışdır. Daha sonra məhkəmə ikinci əsas kimi göstərilən İsveç Krallığı tərəfindən verilən yaşayış icazəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf icazənin saxta olubolmadığını yoxlamaq üçün miqrasiya xidmətinə müraciət edilməsini, müraciətə cavabın mənfi olmasını və həmçinin bu səbəbdən də iddiaçının uçuşa buraxılmadığını bildirsə də, nə İsveç miqrasiya xidmətinə edilən müraciətin, nə də müraciətə gələn mənfi cavabın mövcudluğuna dəlalət edən sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, yaşayış icazəsinin olmasının hələ İsveçə vizasız səyahət edilə bilməsi üçün kifayət olması demək deyil. Belə ki, yaşayış icazəsi olan şəxs buna dəlalət edən yaşayış icazəsi kartı da əldə etməli idi. İddiaçı belə bir kartı uçuş zamanı təqdim edə bilməmişdir. Ona görə də o, uçuşa haqlı olaraq buraxılmamışdır. Məhkəmə istinad olunan cavabdehin dəlilinə qiymət verərək hesab edir ki, iş materiallarında İsveç Miqrasiya Xidməti tərəfindən verilmiş cavab məktubunda bildirilmişdir ki, aktiv Şengen vizası olan şəxslər yaşayış icazəsi kartını ölkəyə gələndən sonra da ala bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehin hərəkətləri iddiaçının hüquqlarını pozduğundan və bunun hər hansı qanuni əsası mövcud olmadığından iddiaçıya cavabdehin hərəkətləri nəticəsində maddi ziyan dəymişdir. Odur ki, iddiaçının iddiası qismən təmin edilməli və cavabdehin hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın əvəzi cavabdehdən tutulmalıdır. Hazırkı iş üzrə iddiaçıya dəymiş maddi ziyan olaraq LOT X11 əldə edilmiş İstanbul- Varşava-Stokolm reysi üzrə sərnişinin biletinin qiyməti olan 3.392 manat, Götenbuqr- Jönköpinq avtobus biletinin məbləği olan 39.55 avro (avtobus biletini geri qaytarmaq mümkün olmamışdır), Stokolm-Jönköpinq avtobus biletinin məbləği olan 1.289 İsveç kronu, 17 sentyabr-28 sentyabr 2022-ci il tarixlərində iddiaçının müvəqqəti yerləşdiyi oteldə qalması üçün olan məbləğ 1.307,16 avro (pandemiya şərtlərinə görə yataqxanaya giriş ayda 2 dəfə olduğundan, iddiaçı isə ölkəyə 16 sentyabr yox, 17 sentyabrda daxil olduğundan giriş vaxtını ötürmüş və bu səbəbdən də iddiaçı otelə yerləşmək məcburiyyətində qalmışdır) iddiaçıya ödənilməlidir. İddiaçı iddia ərizəsində 1.289 İsveç kronunu avroyla tələb etsə də məhkəmə hesab edir ki, vəsait kronun qüvvədə olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutulmalıdır. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh şirkətin hərəkətləri nəticəsində həyəcan və sarsıntı keçirmiş, bu da onun yüksək dərəcəli mənəvi iztirab keçirməsinə səbəb olmuşdur. Bu əsnada şirkətin işçisi tərəfindən kobud rəftara məruz qalması da ona mənfi təsir bağışlamışdır. İstinad olunan mübahisə iddiaçının şüurunda və səhhətində mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında mənəvi ziyana dair hissədə də iddia tələbini qəbul etmədiyini, şirkətin işçisi tərəfindən kobud rəftar olunmadığı bildirilsə də, məhkəmə kobud rəftarın olmasına dəlalət edən hal kimi şirkətin iddiaçıya ünvanladığı məktubu əsas götürüb və məktubda şirkətin işçisinin təlimlərə cəlb ediləcəyi ilə bağlı məlumatın olmasını şirkət tərəfindən bu halın təsdiq edilməsi kimi qəbul edir. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə yuxarıda sadalananlara qiymət verərək, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 2.000 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 140 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 101.27 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməli, qalan 38.73 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Türkiyə Respublikasının “X20 X17 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 3.392 (üç min üç yüz doxsan iki) manat, 39.55 (otuz doqquz avro əlli beş sent) avro, 1.289 (bir min iki yüz səksən doqquz) İsveç kronu olan maddi ziyan, 2.000 (iki min) manat mənəvi ziyan və ödənilmiş 101.27 (bir yüz bir manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 38.73 (otuz səkkiz manat yetmiş üç qəpik) manatı İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar