Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7270/2022 29.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X11 qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdehlər Medistyle Hospitala və Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X7 cavabdehlər Medistyle Hospitala və Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Medistyle Hospitaldan iddiaçının xeyrinə onun mərhum qızı X4 orta aylıq əmək haqqının azı üç misli miqdarında, dəfn xərcləri üçün 350 manat və mənəvi zərərə görə isə 10.000 manat məbləğində, cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətindən 5000 manat məbləğində sığorta ödənişinin hər gecikdirilmiş günlər üçün altı ay (180 gün) ödənişin 0,1 faizi həcmində dəbbə pulunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, koronavirus pandemiyası ilə mübarizəyə hələ təhsillərini tam başa vurmayan Azərbaycan Tibb Universitetinin tələbələri qoşulmuşlar və həmin tələbələrin sırasında müalicə-profilaktika fakültəsinin tələbəsi X8 da 9 avqust 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən Cavabdeh1 MMC-yə işə qəbul edilmişdir. X2 30 noyabr 2020-ci il tarixdə gecə növbəsindən işdən çıxdıqdan sonra iş yoldaşları ilə birlikdə “Bulvar hotel”ə karantin dövründə həkim və tibb bacılarının işdən sonra onların qalmaqları üçün xüsusi olaraq ayrılmış yerə gedərkən ağır yol-nəqliyyat hadisəsi baş vermiş və həmin vaxtı birgə işlədikləri üç nəfər iş yoldaşları ilə birlikdə X8 da faciəli surətdə həlak olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsindən iki ilə yaxın bir müddət keçməsinə baxmayaraq, X1 ailəsinə onun yeganə hüquqi varisi kimi iddiaçıya aidiyyəti təşkilatlar heç bir maddi yardım göstərmək təşəbbüsündə olmamışlar. Dəfələrlə müraciət edildikdən sonra Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti bir il dörd aydan sonra, 2022-ci ilin aprel ayının 18-də sığorta ödənişini həyata keçirmişdir. Medistyle MMC-nin müdiriyyəti müavinətlə bağlı müraciətlərə müxtəlif vaxtlarda fərqli cavablar vermiş və 12 aprel 2022-ci il tarixli vəkil sorğusuna verdiyi cavabda İddiaçı X1 hüquqi varisi olması barədə sənədlərin müraciətə əlavə edilmədiyi bildirilmişdir. Qeyd edilən sənədlər təqdim edildikdən sonra Medistyle Hospital yol-nəqliyyat hadisəsinin iş vaxtından sonra vaş verməsinə istinad edərək qanunda nəzərdə tutulan müavinətin ödənilməsindən imtina edilmişdir. Medistyle hospitalın müdiriyyəti iddiaçının yeganə övladının dəfn xərci ilə əlaqədar müraciətini də təmin etməmiş, sonradan 200 manat məbləğində ödəniş etmək qərarına gəlsə də, həmin məbləğ iddiaçı tərəfindən qəbul edilməmişdir. Medistyle hospitalının müdiriyyəti öz hərəkətləri ilə iddiaçıya mənəvi zərər də vurmuşlar. Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin etibarnamə üzrə nümayəndəsi X14 iddia tələbinə onlara aid hissədə etiraz edərək həmin hissədə rədd edilməsini xahiş etdi. Digər cavabdeh Medistyle hospitala məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırkı iddia tələbinin əsasını cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəyməsi təşkil edir. Məhkəmə iddia tələbinin cavabdeh Medistyle Hospitaldan iddiaçının xeyrinə onun mərhum qızı X4 orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. İş materiallarından görünür ki, iddiaçının mərhum qızı X8 09 avqust 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən Cavabdeh1 MMC-yə işə qəbul edilmişdir. X2 30 noyabr 2020-ci il tarixdə gecə növbəsindən işdən çıxdıqdan sonra iş yoldaşları ilə birlikdə “Bulvar hotel”ə karantin dövründə həkim və tibb bacılarının işdən sonra onların qalmaqları üçün xüsusi olaraq ayrılmış yerə gedərkən ağır yol-nəqliyyat hadisəsi baş vermiş və həmin vaxtı birgə işlədikləri üç nəfər iş yoldaşları ilə birlikdə X8 da faciəli surətdə həlak olmuşdur. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 06 yanvar 2021-ci il tarixdə X5 ölüm haqqında şəhadətnamə verilmişdir. Medistyle Hospital tərəfindən 30 noyabr 2020-ci il tarixdə X8 ilə aralarında olan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “e” bəndinə əsasən (işçi vəfat etdikdə) xitam verilmişdir. 09 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı mərhum qızı X4 qanun üzrə vərəsəsi hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı verilmiş 18 fevral 2021-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən X12 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunmuş sənədlərdə Yeganə Məmmədovanın 30 noyabr 2020-ci il tarixdə ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat etdiyi və vərəsələrinə müavinətin ödənilmədiyi müəyyən edilmişdir. Həmin müavinətin hesablanıb ödənilməsi ilə bağlı Cavabdeh1 MMC-nin rəhbərliyinə tərəflərindən rəsmi məktub göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə iddiaçının mərhum qızı əmək müqaviləsi əsasında Medistyle hospitalda işçi kimi çalışdığından, onun vəfatı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyindən, hazırkı iş üzrə iddiaçı da mərhumun qanun üzrə vərəsəsi olduğundan iddiaçı cavabdeh Medistyle Hospitaldan mərhum qızının orta əmək haqqının üç misli miqdarında müavinət tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməli, qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh Medistyle Hospitaldan iddiaçının xeyrinə X1 orta aylıq əmək haqqının üç misli miqdarında müavinət tutulmalıdır. Məhkəmə iddia tələbinin iddiaçının mərhum qızı X4 dəfn xərcləri üçün 350 manat pulun cavabdeh Medistyle hospitaldan tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olmaqla rədd edilməlidir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanına əsasən dəfn üçün müavinət 350 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin tələbindən görünür ki, dəfn üçün müavinət sosial müavinət kimi müəyyən edilmişdir. Bu müavinətin işəgötürən tərəfindən ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Hazırkı sosial müavinətin alınması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməlidir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı övladının ölümü onun yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Doğma qızının ölümü ilə keçirdiyi mənəvi iztirablarla yanaşı, onun ölümündən dərhal sonra Medistyle Hospital tərəfindən ödənişlərin həyata keçirilməməsi, iddiaçının pul vəsaitini ala bilmək üçün get-gələ salınması, iddiaçının Medistyle Hospitalın hərəkətləri nəticəsində müxtəlif orqanlara müraciət etməsi onun şüurunda və səhhətində mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə hesab edir ki, doğma qızının vəfat etməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və qızının həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə yuxarıda sadalananlara qiymət verərək, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 4.000 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkətindən 5.000 manat məbləğində sığorta ödənişinin hər gecikdirilmiş günlər üçün altı ay (180 gün) ödənişin 0,1 faizi həcmində dəbbə pulunun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı müəyyən edilmişdir. Həmin Qanunun 17.1.4-cü maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış əsasında sığorta ödənişini həyata keçirir. Həmin Qanunun 17.1.7-ci maddəsinə əsasən müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxs və ya sığorta olunan öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri təqdim edildikdən sonra həyata keçirilir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən, bu qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 30 noyabr 2020-ci il tarixdə Bakı şəhəri Nobel prospektində şirkətdə “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “BMW 428i minik” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini X10 idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirli şəxs kimi müəyyən edilən X10 aldığı xəsarətlərdən öldüyü üçün CMnin 263.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. X1 vərəsəsi İddiaçı tərəfindən təqdim edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən 16 aprel 2022-ci il tarixdə qeydiyyata alınmış və iş materiallarına əlavə edilmiş 20 aprel 2022-ci il tarixli, 34766 saylı ödəniş tapşırığına əsasən 5.000 manat məbləğində pul vəsaiti X1 vərəsəsi İddiaçı "xxxx" ASC-dəki hesabına ödənilmişdir. İddiaçı iddiasında sığorta şirkətinə 12 oktyabr 2021-ci il tarixdə müraciət etməsini, lakin həmin vaxtdan uzun müddət keçdikdən sonra sığorta ödənişinin edilməsini bildirsə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sığorta şirkətinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yalnız 16 aprel 2022-ci il tarixdə təqdim olunaraq qeydə alınmış, bundan sonra 20 aprel 2022-ci il tarixdə sığorta ödənişi İddiaçı ödənilmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkəti öz üzərinə düşən öhdəliyi yerinə yetirərək “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş müddət çərçivəsində sığorta ödənişini İddiaçı ödəmişdir. Odur ki, iddia tələbi ona aid hissədə rədd edilməlidir. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Medistyle Hospitaldan iddiaçının mərhum qızı X4 orta aylıq əmək haqqının üç misli miqdarında müavinət və mənəvi zərərə görə 4000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 120 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9-cu maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə - qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 120 manat dövlət rüsumunun 90 manat hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilməli, qalan 30 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Medistyle Hospitaldan iddiaçının mərhum qızı X4 orta aylıq əmək haqqının üç misli miqdarında müavinət, mənəvi zərərə görə 4000 (dörd min) manat məbləğində pul vəsaiti və ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qalan 30 (otuz) manat dövlət rüsumu isə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7270/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7270/2022
29.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver