Məhkəmə qərarları › İş №2(011)-729/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-729/2023

06.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-729/2023 06.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının şəxsi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 823-cü keçid, ev 2, 51 saylı mənzildə qeydiyyatda olan oğlu Cavabdeh mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, 823-cü keçid, ev 2, 51 saylı mənzil Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi Qeydiyyat vəsiqəsi 26 noyabr 1997-ci il tarixli xüsusi mülkiyyət hüququ iddiaçının adına olmaqla, onun şəxsi mülkiyyətindədir. İddiaçının oğlu Cavabdeh həmin mənzildə formal olaraq qeydiyyatdadır. Onun oğlu hal-hazırda Almaniya Respublikasında yaşayır. Onun oğlunun Azərbaycan Respublikasına gəlməsi imkan xaricindədir. İddiaçı mənzilindən sahiblik hüququndan rahat istifadə edə bilmir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək istinad edilən ünvanda yerləşən evin satılma zərurəti yarandığını, oğlunun daimi əsaslarla ölkəni tərk etdiyini, oğlu qeydiyyatda qaldığı üçün evi sata bilmədiyini və məhz bu səbəbdən onun hazırkı evlə bağlı istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq iddiaçı qeyd etdi ki, onun iki evi var. İstinad olunan ünvandakı evi satdıqdan sonra o cavabdeh olan oğlunu digər evə qeydiyyata saldıracaq. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər cavabdehin faktiki olduğu yer məlum olmadığından, o, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, lakin cavabdehin həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin faktiki halları: Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 26 noyabr 1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, 823-cü keçid, ev 2, 51 saylı mənzil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 14 yanvar 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçının oğlu xx xxxxxxx 2001ci il təvəllüdlü Cavabdeh 18 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası ərazisindən çıxmış, 16 mart 2022-ci il tarixdə ölkəyə daxil olmuş, 24 may 2022-ci il tarixdə yenidən ölkə ərazisindən çıxmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarı: 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdehlə bağlı hüquq münasibətləri 2001-ci ildə yarandığından hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 823-cü keçid, ev 2, 51 saylı mənzil İddiaçı mülkiyyətindədir. İddiaçının oğlu Cavabdeh iddiaçının ailə üzvüdür, 2001-ci ildə anadan olmuşdur, o, atası ilə birlikdə sözügedən mənzildə uzun illər yaşamışdır. Onun mənzilə istifadə hüququ yaranmışdır. Cavabdeh halhazırda Almaniya Respublikasında yaşayır. O, sonuncu dəfə 24 may 2022-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən çıxmış, daha sonra geri qayıtmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarının hüquqi mövqeyindən çıxış edərək məhkəmə belə hesab edir ki, hazırkı mülki iş üzrə münasibətlər 2000-ci ildən sonra yarandığı üçün Mülki Məcəllənin kompensasiya ilə bağlı normaları hazırkı mülki işə tətbiq edilməlidir. Mülki Məcəlləyə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə belə hesab edir ki, Cavabdeh 2001-ci ildən Bakı şəhəri, Xətai rayonu, 823-cü keçid, ev 2, 51 saylı mənzildə yaşadığından, həmin mənzildə qeydiyyatda olduğundan və onun həmin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğundan onun mənzildən istifadə hüquqlarının itirilməsinə yalnız mülkiyyətçinin kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalanan hallara qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı -iddiaçının şəxsi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 823-cü keçid, ev 2, 51 saylı mənzildə qeydiyyatda olan oğlu Cavabdeh mənzildən istifadə hüququnun itirilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar