Məhkəmə qərarları › İş №2(011)-7403/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7403/2023

21.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7403/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh2 üçüncü şəxs qismində cəlb etməklə cavabdeh Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 50 küçəsi, mənzil 51-də yerləşən evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 50 küçəsi, mənzil 51-də yerləşən mənzil keçmiş mülkiyyətçi X2 tərəfindən 12 fevral 2022-ci il tarixdə 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariat kontorunda bağlanmış Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən iddiaçıya bağışlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 15 fevral 2022-ci il tarixli ********** nömrəli çıxarışa əsasən həmin əmlak mülkiyyət kimi iddiaçının adına qeydiyyatdan keçmişdir. Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də yaşayış sahəsini iddiaçıya bağışlandığı vaxtdan köçüb getmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışdır. Bu hal iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh kimi Cavabdeh2 cəlb edilməsini və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 50 küçəsi, mənzil 51-də yerləşən evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, bildirmişdir ki, istinad olunan mənzili iddiaçı olan qızına bağışlamışdır. Digər qızı olan cavabdeh bağışlama olan zaman mənzilin satılmasına və ipotekaya qoyulmasına etiraz etməməsi ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2anında yerləşən 51 saylı mənzil 15 fevral 2022-ci il tarixdən İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan şəhadətnamənin surətindən görünür ki, X2 iddiaçının anasıdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh2 iddiaçının mülkiyyətində olan ünvan 2anında yerləşən 51 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh2 tərəfindən 16 iyun 2017-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, cavabdeh ünvan 2anında yerləşən 51 saylı mənzilin satılmasına və ipotekaya (girov) qoyulmasına etiraz etmir, ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz mənzili tərk etməyi öhdəsinə götürmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarı: 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə hazırkı mübahisəyə qiymət verərəkən ilk öncə cavabdehin istinad olunan mənzildən istifadə hüququnun olub-olmamasını müəyyən etməyi zəruri hesab edir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 50 küçəsi, mənzil 51-də yerləşən ev 2013-cü ildən tərəflərin anası X1 mülkiyyətində olmuşdur. Nə qədər ki, cavabdeh G.Hüseynovanın ailə üzvüdür və onun özünün adına ayrıca mülkiyyətinin olması halı aşkar edilməyib, məhkəmə hesab edir ki, cavabdehin istinad olunan mənzilə dair istifadə hüququ mövcuddur. 2022-ci ildə mənzilin bağışlanması, yəni mülkiyyətçisinin dəyişməsi cavabdehin istifadə hüquqlarına xitam verilməsi üçün əsas deyil. Məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilən 16 iyun 2017-ci il tarixli notarial ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh2 mənzil G.Hüseynovanın mülkiyyətində olan zaman mənzilin alğı-satqısına və ipotekaya qoyulmasına etiraz etməmişdir. Bugünki gün mənzilin İddiaçı məxsus olmasını nəzərə alaraq məhkəmə istinad edilən ərizənin cavabdehin istifadə hüququna xitam verilməsi üçün yetərli olmadığı qənaətinə gəlir. Qanunvericiliyin tələblərinə əsasən istifadə hüququna xitam verilməsi kompensasiya ödənilməsi yolu ilə mümkündür. Hazırkı iş üzrə iddiaçı kompensasiya ödənilməsini təklif etmədən istifadə hüququna xitam verilməsini tələb etdiyindən iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan hallara qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 qarşı - Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 50 küçəsi, mənzil 51-də yerləşən evdən istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar