Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-75/2022 18.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 5 saylı evin 18 saylı mənzili Azərbaycan Respublikası Əmlak X4 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi RX seriyalı ******* saylı çıxarışa əsasən onun şəxsi mülkiyyətindədir və ailəsi ilə həmin mənzildə yaşıyır. 2016-cı ildə mənzilini əsaslı təmir etdirmişdir. 2019-cu ilin iyun ayından mənzilinə su axıntısının olduğunu müşahidə etmiş və həmin axıntı bu günədək davam edir. Su axıntısı nəticəsində mənzilin yataq otağına ziyan dəymiş, istifadəyə yararsız hala düşmüş, oradan istifadə etmək faktiki olaraq mümkünsüzdür. Binanın balans saxlayanı 133 saylı MKİS-nə ərizə ilə müraciət edərək su axıntısının aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi üçün tədbir görülməsini xahiş etmişdir. 133 saylı MKİS-nin işçilərinin keçirdiyi baxış və araşdırma nəticəsində su axıntısının mənbəyinin yaşadıqları Xətai rayonu, Zığ yolu küçəsi 5 saylı evin 1-ci girişinin 5-ci mərtəbəsindəki 10 saylı mənzil olduğu müəyyən edilmişdir. Mənzildə yaşayan Cavabdeh ona dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq mənzilindən su axıntısının olduğunu etiraf etmir, su axıntısının aradan qaldırılması üçün heç bir tədbir görmür. Nəticədə hər gün müşahidə etdikləri su axıntısı nəticəsində əsəbləri tarıma çəkilmiş, stress və psixoloji sarsıntılardan özü və həyat yoldaşı X3 şəkər diabeti xəstəliyinə tutulmuşlar. Bu günədək şəxsi mülkiyyətlərində olan mənzilin 2 otağından istifadə edə bilmir, mütəmadi su axıntısı və onun yaratdığı fəsadlar nəticəsində mənzilin digər hissələri də yararsız hala düşür. Bu isə onun şəxsi mülkiyyətindən istifadə hüququnun pozulmasına gətirir. Odur ki, Cavabdeh ilə hər gün ünsiyyət onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Onunla hər danışdıqdan sonra sağlamlığında mənfi nəticələr hiss etdiyinə görə daha onunla üz-üzə gəlmək istəmir. Cavabdeh yaşadığı Zığ yolu 5 saylı evin 10 saylı mənzilində olarkən həmin mənzildə inşaat normalarının kobud surətdə pozularaq mənzilin tualet və vanna otaqları arasındakı divarın sökülərək götürüldüyünü aşkar etmişdir. Həmin divarda mənzilin tualet və vanna otaqlarında normal havalandırmanı təmin edən ventilyasiya kanalları yerləşir. Bu divarın sökülməsi həmin girişdəki cüt nömrəli mənzillərin sakinlərinin həyatı üçün təhlükəli nəticələrə səbəb ola bilər. O, hesab edir ki, mənzilinə su axıntısının aradan qaldırılması üçün Xətai rayonu, Zığ yolu küçəsi 5 saylı evin 10 saylı mənzilindəki içməli su və çirkab su borularının əsaslı təmir edilməsi Cavabdeh tərəfindən təmin edilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, mənzilinə su axıntısının aradan qaldırılması üçün Xətai rayonu, Zığ yolu küçəsi 5 saylı evin 10 saylı mənzilindəki içməli su və çirkab su borularının əsaslı təmir edilməsinin Cavabdeh tərəfindən təmin edilməsi, dəymiş maddi ziyana görə Cavabdeh 3000 manat məbləğində, dəymiş mənəvi ziyana görə Cavabdeh 20000 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, iddiaçının mənzilinə suyun axıdılmasının onun mənzili ilə heç bir əlaqəsi yoxdur. Bununla əlaqədar "xxxx" ASC-nin əməkdaşlarını mütəxəssis kimi yaşadığı mənzilə dəvət etmiş, onlar bu axıntının onun mənzili ilə əlaqəsi olmadığını təsdiq etmişlər. Göstərilənləri nəzərə alaraq, cavabdeh iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin çıxışını dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 5, 18 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1767 nömrəli reyestr kitabının 162486 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan 09 fevral 2022-ci il tarixli aktdan məlum olur ki, 133 saylı MKİS-nin rəisi E.Hüseynovun, mühəndis B.Balaşovun və çilingər N.Canəliyevin iştirakları ilə akt tərtib edilmiş və həmin akta əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 5, 18 saylı mənzildə baxış keçirilmiş və baxış zamanı 18 saylı mənzilə həmin ünvanda yerləşən 10 saylı mənzildən su axıdılması nəticəsində ziyan dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1975 nömrəli 03 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malaltı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirələrkən, mənzilin kontruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 18 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin ünvan 1 ünvanında yerləşən 18 saylı mənzillərin tavan və divarlarındaki su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan MİS-nin əməkdaşları tərəfindən 18 saylı mənzilə baxış keçirmiş və bu barədə xx.xx.2021-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən 18 saylı mənzilə yuxarı mərtəbədəki 10 saylı mənzildən su sızması müəyyən olunmuşdur. Qərardadın 2-ci sualı üzrə: ünvan 1 ünvanında yerləşən 18 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülmüş təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 950 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6047 nömrəli 27 may 2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 12 saylı mənzilin binanın 2-ci girişində 4-cü mərtəbəsində, cavabdehə məxsus 10 saylı mənzilin isə binanın 1-ci girişində 5-ci mərtəbədə 18 saylı mənzilin yataq otağına bitişik vəziyyətdə yerləşdiyini, 18 saylı mənzilin yataq otağının tavan və divarlarında qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarındaki 133 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, ünvan 2 evin 18 saylı mənzilinə həmin evin 1-ci girişində 5-ci mərtəbədə yerləşən 10 saylı mənzildən su axıldığı və nəticədə 18 saylı mənzilin yataq otağına ziyan vurulduğu müəyyən olunmuşdur. ünvan 2 evin 18 saylı mənzilinə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 954 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qəranmn 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür". Həmin qərarda həmçinin göstərilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir". Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyi də bundan ibarətdir ki, mənəvi zərər qeyri-əmlak zərəridir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəylərlə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 5, 18 saylı mənzilə həmin evdə yerləşən 10 saylı mənzildən suyun sızması və bunun nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 954 manat olması müəyyən edildiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh 954 manat məbləğində maddi ziyan tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin vurulması ağlabatan və əsaslı olduğu üçün iddia tələbi cavabdehdən mənəvi zərərin tutulması hissəsində də qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 500 manat mənəvi zərərə görə pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 954 manat məbləğində dəymiş maddi zərər, 500 manat məbləğində mənəvi zərər tutularaq, İddiaçı ödənilsin. İddia qismən təmin edildiyi üçün ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 %, yəni 50 manatı Cavabdeh, qalan 50 %, yəni 50 manat İddiaçı tutularaq, dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X1 Kod:210005VÖEN ********** m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. İddia qismən təmin edildiyi üçün İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50 %, yəni 15 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 50 %, yəni 15 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova düzdür Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-75/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-75/2022
18.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver