Məhkəmə qərarları › İş №2(011)-7501/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7501/2024

05.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7501/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında 2022-ci ilin may ayında şifahi formada borc müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddiaçı cavabdehə 1020 manat ekvivalentində 600 ABŞ dolları məbləğində pul vermiş, cavabdeh isə həmin pul vəsaitini tezliklə qaytarmağı öhdəsinə götürmüşdür.

2. Cavabdeh və qardaşı X1 barəsində aparılan cinayət işi üzrə məhkəmə qərarları ilə müəyyən edilir ki, borcun qaytarılmamasına görə tərəflər arasında mübahisə yaranmış, cavabdeh iddiaçıya bədən xəsarərtləri yetirmiş, istintaq orqanı tərəfindən cavabdeh barəsində AR CM-nin 221.3, qardaşı Sərdar Əhmədov barəsində 221.2.1-ci maddələri başlanılmış cinayət işi üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cavabdeh CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 5 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, qardaşı Sərdar Əhmədov barəsində isə bəraət hökmü çıxarılmışdır.

3. Həmçinin, həmin cinayət işi üzrə çıxarılmış məhkəmə qərarlarından görünür ki, AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 xx.xx.2023-cü il tarixli, 187 nömrəli ekspert rəyi ilə iddiaçıda baş beyin silkələnməsi (məhkəmlər bu xəsarətin istintaq tərəfindən baş beyinin silklənməsinin hansı şəraitdə, hansı zərbədən yarandığının müəyyən edilə bilməməsini, həmçinin rəydə hansı zədələrin baş beyin silkələnməsinə səbəb olması göstərilmədiyindən Sərdar Əhmədovun iddiaçının sağlamlığına yüngül zərər vurmasının məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığı qənaətinə gəlmişdir), sağ göz almasının ağlı qişasına qan sızma, sol gicgah, sağ gözyuvasıaltı və döş qəfəsi nahiyələrinin qançırları, sağ yanaq nahiyəsinin sıyrığı müəyyən edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri:

4. İddiaçı 600 ABŞ dolları pulun ekvivalenti olan 1020 manat pulun, maddi zərər görə 500 manat, mənəvi zərərə görə 4500 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh 2022-ci ilin may ayında ondan 1000 manat borc pul istəyərək qısa müddət ərzində qaytaracağını bildirmişdir. Onların uzaq qohumluq əlaqələri var, özünün, qardaşının və atasının işlədiklərini bildiyi üçün inanıb 1020 manatın ekvivalentini təşkil edən 620 ABŞ dolları vermiş, cavabdeh bir daha əminliklə vəd etmişdir ki, 10 gün ərzində qaytaracaqdır. Lakin dəfələrlə təkidlə borcu tələb etməsinə baxmayaraq, müxtəlif bəhanələrlə, gah tezliklə maşınını satıb qaytaracağını, gah işlədiyi yerdə alacağı pulu alan kimi qaytaracağına söz versə də, pulunu qaytarmamışdır. Sonuncu dəfə telefon danışıqlarından sonra cavabdeh xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində qardaşı Sərdar Əhmədovla birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində görüşüb onu döyüb xuliqanlıq hərəkətləri etdilər. Həmin fakta görə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, qardaşı Sərdar Əhmədovun barəsində isə həmin Məcəllənin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılmış, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-239/2024 nömrəli hökmü ilə cavabdeh CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sərdar Əhmədova isə guya təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanıldığından Ali Məhkəmənin Cinayət Kollegiyasına kassasiya şikayəti, Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru tərəfindən isə kassasiya protesti verilmişdir. Cavabdeh ilkin təhqiqat və istintaq dövründə vermiş olduğu izahatlarında, eləcə də şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində, üzləşmə zamanı, həmçinin məhkəmə proseslərində borcunu tam həcmdə etiraf etmişdir. Ona cavabdeh tərəfindən təkcə iddia tələbinin həcmində ziyan vurulmamışdır. Eləcə də, yetirdikləri fiziki zərərə görə çəkdiyi müalicə xərcləri və ağır mənəvi sarsıntıya məruz qoymaqla vurulmuş mənəvi zərər də ona ödənilməlidir. Belə ki, o, Əhmədovlar tərəfindən döyülüb, işgəncə verildikdən sonra 10 gündən çox müalicə almış, ailə və uşaqlarının, yaxın ətrafdakı insanların, dostlarının, qohum və qonşularının arasında onunla iş birliyində olan şəxslərin yanında dərin iztirab və mənəvi sarsıntı keçirmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

9. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

21. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi formada borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçıdan 2022-ci ilin may ayında 10 gün ərzində qaytarmaq şərti ilə 600 ABŞ dolları məbləğində pul borc almışdır.

22. Borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasından da görünür ki, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları borcluya verməklə, həmin əşyalara mülkiyyət hüququnu borc alana keçirməsi borc müqaviləsinin bağlanmasının əsas şərtlərindən biridir. Qeyd edildiyi kimi, iddiaçı tələb etdiyi pul vəsaitini (pula dair mülkiyyət hüququnu) cavabdehə vermiş, cavabdeh həmin pulu qəbul etmiş, onun qaytarılması müddəti və qaydası barədə öhdəlik də götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş və pulu qaytarmamışdır. İşin bu halları iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla, eləcə də, cavabdehin Sabunçu RPİ-nin 12-ci PŞ-də verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Cavabdeh polis orqanında verdiyi izahatında qeyd etmişdir ki, o, iddiaçıdan 600 ABŞ dolları məbləğində borc almış, lakin sonradan maddi vəziyyəti yaxşı olmadığından borcunu qaytarmamışdır.

23. Müqavilənin formasına gəldidkdə, Mülki Məcəllənin 740-cı maddəsində borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

24. Beləliklə, şərh edilənlər əsasında məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış, iddiaçı müqavilənin şərtlərinə əsasən öhdəliyini yerinə yetirsə də, cavabdeh borcu razılaşdırılmış vaxtda qaytarmamaqla öhdəliyini pozmuşdur. Odur ki, 600 ABŞ dollarının ekvivalenti olan 1020 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.

25. Məhkəmə iddiaçının mənəvi zərərlə bağlı tələbini qismən əsaslı hesab edir.

26. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü tarixli qərarı ilə müəyyən edilir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cavabdeh CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 5 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cavabdehin CM-nin 128-ci maddəsi ilə barəsində cinayət təqibinin aparılması isə iddiaçıya vurduğu xəsarətlərlə bağlı olmuşdur.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

28. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

29. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nı 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.

30. İşdə olan sübutlar əsasında müəyyən edilir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına zərər dəymiş, cavabdehin bıçağın arxa hissəsindən istifadə etməklə, iddiaçını bir neçə dəfə qəsdən vuraraq, ona “sağ gözvasıaltı və döş qəfəsi nahiyələrinin qançırları, sağ yanaq nahiyəsinin sıyrığı” xəsarətləri ilə müaşayət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və “sağ göz almasının ağlı qişasına qansızma” xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri vurmuşdur. İddiaçının sağlamlığının pozulması nəticəsində iztirab, stres, həyacan keçirməsi isə işin mübahisəsizdir.

31. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.

32. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyil, çünki mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkmiş şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və yadigər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

34. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının sağlamlığına xəsarət yetirilməsi nəticəsində onun iztirab, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 1000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

35. İddiaçı sağlamlığına vurulmuş zərərə görə ödənilmiş 500 manat məbləğində maddi zərərin əvəzinin də tutulmasını tələb etsə də, həmin ödənişlərin edilməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, edilmiş ödənişləri təsdiq edən qəbzlərin isə hal-hazırda harda olduğunu bilmədiyini qeyd etmişdir.

36. Məhkəmə hesab edir ki, 83 manat dövlət rüsumu iddianın təmin edilməsi nisbətində (iddia tələbi 45% hissədə təmin olunmuşdur) tərəflərə aid edilməlidir.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 1020 manat məbləğində pul, mənəvi zərərə görə 1000 manat pul və ödənilmiş 36,90 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 45,10 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar