Məhkəmə qərarları › İş №2(011)-760/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-760/2023

01.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-760/2023 01.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, X1 iştirakları ilə, İddiaçı cavabdeh “X7 X6 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “məhkəmə xərclərinin cavabdehdən tutulması” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh “X7 X6 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi xidmət üçün ödəmiş olduğu 3.125 manat vəsaitin, məhkəmə qərarlarından vermiş olduğu şikayətlər üzrə ödənilmiş dövlət rüsumlarının əvəzi 45 manat və hazırkı iddia tələbi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərin dəyəri olaraq ilkin biletin dəyəri olaraq 326 manat, ikinci biletin dəyəri olaraq 468 avro, 1 günlük gecələmə haqqının əvəzi olaraq 500 manat, işgüzar nüfuzuna və mənəvi zərərə görə 20.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı “X7 X6 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddiasının təmin edilməməsi, İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumlarının onun özünə aid olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8074/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin olunmuş, cavabdehdən maddi zərərin əvəzi qismində 468 ABŞ dolları və 150 manat, mənəvi zərərin əvəzi qismində 1000 manat, dövlət rüsumlarının əvəzi qismində 30,80 manatın iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbləri qalan hissələrdə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-618/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8074/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi nəticə etibarilə iddiaçının iddia tələbi təmin edilmişdir. Bütün bu müddət ərzində iddiaçı məhkəmələrdə vəkil ilə təmsil edilmək üçün “Çernin və X3” MMC ilə “Hüquq xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlamışdır. Məhkəmədə iştirak və hüquqi xidmətlə bağlı iddiaçı MMC-yə 3.125 manat məbləğində vəsait ödəmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, Xətai Rayon Məhkəməsində işə baxılan zaman iddiaçının nümayəndəsi və vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil2 olmuşdur. Xətai Rayon Məhkəməsinin 15 noyabr 2019cu il tarixli qətnaməsində iştirak edən tərəflər bölməsində bu barədə məlumat qeyd olunmuşdur. Nə qətnamə, nə də işdəki digər sənədlərlə “Çernin və X3” MMC-nin işdə iştirakı təsdiqlənmir. İddiaçının hazırkı iddia tələbi ilə yaranmış hüquqi xidmət xərclərini tələb etdiyi mülki iş üzrə nümayəndə və vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil2 olmuşdur. İş üzrə heç bir instansiyada onu “Çernin və X3” MMC və yaxud onun hər hansı işçisi təmsil etməmişdir, həmçinin hər hansı şikayət və digər sənədi tərtib etməmişdir. Bu təqdirdə onunla bağlanmış müqavilənin və ödənilmiş 3.125 manat pul vəsaitinin məhz sözügedən mülki işlə bağlı olması öz təsdiqini tapmır. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərin əvəzini tələb etmişdir. Nəticə etibarilə onun iddiası qismən təmin edilmiş, cavabdehdən maddi zərərin əvəzi qismində 468 ABŞ dolları və 150 manat, mənəvi zərərin əvəzi qismində 1000 manat, dövlət rüsumlarının əvəzi qismində 30,80 manatın iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı məhkəmə çəkişməsi zamanı ona hüquqi yardım göstərilməsi üçün “Çernin və X3” MMC ilə 01 sentyabr 2019-cu il tarixli “Hüquq xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlamışdır. Tərəflər arasında bağlanmış müqavilənin mətnindən görünür ki, hüquq firması iddiaçıya Azərbaycan Respublikasının Məhkəmələrində (bütün instansiyalar) hüquqlarının müdafiəsi üçün hüquqi xidmət göstərməyi, eyni zamanda tələb edildiyi halda danışıqlarda, Notariat Ofisində və digər orqanlarda (məhkəmələr daxil) vəkil xidməti, hüquqi məsləhət və nümayəndəlik xidmətləri göstərməyi öz öhdəsinə götürmüş, göstərilən xidmətin müqabilində isə iddiaçı xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı 3.125 manat məbləğində vəsaiti “Çernin və X3” MMC-yə ödəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(011)-760/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh “X7 X6 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia tələbinin “məhkəmə qərarlarından vermiş olduğu şikayətlər üzrə ödənilmiş dövlət rüsumlarının əvəzi 45 manat pulun cavabdehdən tutulması” hissəsində 2(011)-760/2023 saylı mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 61-ci maddənin İ bəndinə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı cavabdehin vəkili və nümayəndəsi qeyd etmişdir ki, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə müxtəlif instansiyalarda məhkəmə iclasları keçirilmiş və bu iclaslarda iddiaçını Vəkil2 təmsil etmişdir. İstinad olunan vəkil Bakı şəhəri 5 saylı Vəkil Bürosunda çalışmaqla “Çernin və X3” MMC-yə aidiyyəti yoxdur. Belə olan halda vəkil xidmətinin göstərilməsi üçün pulun tələb olunması ağlabatan deyil. Cavabdeh tərəfin verdiyi izahatlara cavab olaraq iddiaçını təmsil edən vəkil bildirmişdir ki, o Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili olsa da onun əməkdaşlıq etdiyi və ofisinin yerləşdiyi yer “Çernin və partnyorları” və onun ofisidir. Vəkil bildirmişdir ki, onunla iddiaçı arasında bağlanan müqavilədə sifarişçi olaraq “Çernin və X3” MMC qeyd edilmiş, hüquqi yardım göstərilən şəxs qismində iddiaçı qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının vəkili izahat verdiyi halları məhkəmədə sübutla təsdiq etməmiş, istinad etdiyi müqaviləni məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan izahat və etirazlar iddia tələbinin təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, hər bir şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilir. Hazırkı iş üzrə də iddiaçı olan İddiaçı hüquqi xidmətlər göstərən şirkətə müraciət etməklə özünün istinad olunan hüququnu realizə etmişdir. Qeyd edilməlidir ki, iddiaçı ödədiyi pulu geri tələb edə bilməsi üçün mütləq şəkildə o şirkətdə çalışan vəkillə təmsil edilməsi gərək deyil. Belə ki, Mülki-Prosessual Məcəlləsi məhkəmə məsrəflərinə dövlət rüsumu və işə baxılması ilə bağlı digər məsrəfləri aid etmişdir. Belə olan halda işə baxılması ilə bağlı məsrəflər özündə hüquqi məsləhətlər, iddia ərizəsinin tərtibi, məhkəmədə təmsil olunmaq və sair geniş prizmadan hərəkətləri ehtiva edir. Eyni zamanda məhkəmə prosesində müşahidə edilən hal ona dəlalət edir ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşı olsa da azərbaycan dilini bilmir və məhkəmə iclasında cavabdeh tərəfin hazırkı mülki işlə əlaqədar iddia ərizəsinin kim tərəfindən yazılması ilə bağlı ünvanladığı suala bildirmişdir ki, hazırkı iddia ərizəsini də özü yazmamış, o, sadəcə mətni ona tərcümə edildikdən sonra tanış olub imzalamışdır. Məhkəmə iş üzrə belə qənaətə gəlir ki, hazırkı iş üzrə mübahisənin mahiyyəti cavabdeh tərəfin izahatında qeyd etdiyi xüsusatlardan deyil məhz iddiaçının məhkəmə çəkişmələri zamanı ona hüquqi xidmətin göstərilməsi məqsədilə hüquq şirkətinə müraciət etməsi, nəticədə xidmət haqqı ödəməli olması və bununla da ona maddi ziyan dəyməsi ilə bağlı hallardan ibarətdir. Belə ki, iddiaçı ilə “Çernin və X3” MMC arasında 01 sentyabr 2019-cu il tarixdə bağlanmış “Hüquq xidmətlərinin göstərilməsinə dair” müqavilənin təyinatı özündə tərəflər arasında məhkəmə çəkişməsi ilə bağlı məhz iddiaçıya hüquqi yardım göstərilməsini nəzərdə tutmuşdur. Odur ki, iddiaçı hazırkı iş üzrə cavabdehdən xidmət haqqının əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “X7 X6 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən hüquqi xidmətə görə ödənilmiş 3.125 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 52 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 52 manat dövlət rüsumunun 51.70 manatı alınıb iddiaçıya ödənilməli, qalan 0.30 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “X7 X6 Sözləşməsi” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən hüquqi xidmətə görə ödənilmiş 3.125 (üç min yüz iyirmi beş) manat pul vəsaiti və ödənilmiş 51.70 (əlli bir manat yetmiş qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qalan 0.30 (otuz qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar