Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7632/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi evinə vurduğu zərərə görə 20.000 manat ziyan məbləği və 10.000 manat mənəvi ziyan məbləğinin müştərək qaydada tutularaq ümumi 30.000 manat pulun İddiaçı1 ödənilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı2 məxsus “Mersedes Bens E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurduğu zərərə görə 17.200 manat zərər məbləği və 10.000 manat mənəvi ziyan məbləğinin, ümumi 27.200 manatın müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Yusifov X2 Anar Rövşən oğlu ilə birlikdə cinayət əlaqəsinə girərək 27 oktyabr 2017-ci il tarixində, saat 02 raddələrində İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi evi və İddiaçı2 məxsus “Mersedes Bens E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili yandırmışlar. Qeyd edilən faktlar Bakı Apellyasiya Məhkəməsinin 1- 1(103)-14/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli hökmü ilə təsdiqini tapır. Cavabdehlər törətdikləri əmələ görə Bakı Apellyasiya Məhkəməsinin 1-1(103)-14/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilərək təqsirləndirilən şəxs Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, digər təqsirləndirilən şəxs Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2 və 187.1-ci maddələri təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Cavbdehlərin əməli nəticəsində İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi evinə 20.000 manat zərər, İddiaçı2 məxsus “Mersedes Bens E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 17.200 manat zərər vurmuşlar. Bundan əlavə cavabdehlərin əməli nəticəsində İddiaçı1 10.000 manat mənəvi ziyan, İddiaçı2 10.000 mənəvi ziyan vurulmuşdur. Qeyd olunan halları nəzərə alaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi evinə vurduğu zərərə görə 20.000 manat ziyan məbləği və 10.000 manat mənəvi ziyan məbləği tutularaq İddiaçı1 ödənilməlidir. Bundan əlavə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, İddiaçı2 məxsus “Mersedes Bens E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə 17.200 manat zərər məbləği və 10.000 manat mənəvi ziyan məbləği tutularaq İddiaçı2 ödənilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçılar iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, cavabdehlər iddiaçılara məxsus əmlakı qəsdən məhv etmək və zədələmək məqsədi ilə əlbir olaraq İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi evinə gəlmiş, evin qarajında olan İddiaçı2 məxsus “Mersedes Bens E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilə benzin tökərək yandırmışlar. Bakı Hərbi Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 1-1(093)-12/2023 saylı hökmü ilə əməldə cinayət hadisəsi olmadığına görə cavabdehlər olan təqsirləndirilən şəxslərə bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-14/2024 saylı 22 avqust 2024cü il tarixli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə, Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2 və 187.1-ci maddələri təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Cinayət işinin istintaqı zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair rəydən görünür ki, baş vermiş yanğın hadisəsi nəticəsində “Mersedes Bens E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 17.200 manat müəyyən edilir. Eyni zamanda iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evinə dəymiş ziyan 19.383 manat müəyyən edilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə aparılmış araşdırma nəticəsində iş materiallarını tədqiq edərək və tərəflərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdehlər tərəfindən iddiaçılara məxsus əmlaklara ziyan dəyməsi işin mübahisə edilməyən halıdır. Qeyd olunan hal iş materiallarında olan hökmlərlə də öz təsdiqini tapır. Məhkəmə İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi evinə vurulmuş maddi ziyan olaraq cavabdehlərdən 20.000 manat pulun tutulmasına münasibətdə qeyd edir ki, iddiaçı vurulmuş zərərin 20.000 manat olduğunu qeyd etsə də buna dəlalət edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksi olaraq iş materiallarında olan qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evinə dəymiş ziyan 19.383 manat müəyyən edilmişdir. Odur ki, dəymiş maddi ziyan 19.383 manat həddində müəyyən edilməlidir. Məhkəmə İddiaçı2 məxsus “Mersedes Bens E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan olaraq cavabdehlərdən 17.200 manat pulun cavabdehlərdən tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, cinayət işinin istintaqı zamanı keçirilmiş ekspert tədqiqatı nəticəsində həmin avtomobilə 17.200 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.000 manat mənəvi ziyan məbləğinin müştərək qaydada tutularaq İddiaçı1 və 10.000 manat mənəvi ziyan məbləğinin İddiaçı2 ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, cavabdehlərin törətdiyi cinayət əməlinə görə iddiaçıların mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi, bu halın onların şüurunda mənfi psixi reaksiyaya səbəb olması mübahisəsizdir. Odur ki, mənəvi zərərin məbləği İddiaçı1 münasibətdə 1.000 manat, İddiaçı2 münasibətdə 1.000 manat məbləğində müəyyən olunmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi zərərə görə 19.383 manat, mənəvi zərərə görə 1.000 manat olmaqla, cəmi 20.383 manat pul müştərək qaydada tutularaq İddiaçı1, maddi zərərə görə 17.200 manat, mənəvi zərərə görə 1.000 manat olmaqla, cəmi 18.200 manat pul müştərək qaydada tutularaq İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, İddiaçı1 tərəfindən 261 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi 38.583 manat həddində təmin edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq iddiaçının ödədiyi 261 manat dövlət rüsumunun 86.13 manatı iddiaçının özünə aid edilməli, qalan 174.87 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı1 oğluna ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi zərərə görə 19.383 manat, mənəvi zərərə görə 1.000 manat olmaqla, cəmi 20.383 (iyirmi min üç yüz səksən üç) manat pul müştərək qaydada tutularaq İddiaçı1, maddi zərərə görə 17.200 manat, mənəvi zərərə görə 1.000 manat olmaqla, cəmi 18.200 (on səkkiz min iki yüz) manat pul müştərək qaydada tutularaq İddiaçı2 ödənilsin. İddiaçı1 ödədiyi 261 manat dövlət rüsumunun 86.13 (səksən altı manat on üç qəpik) manatı iddiaçının özünə aid edilsin, qalan 174.87 (bir yüz yetmiş dörd manat səksən yeddi qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı1 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7632/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7632/2024
04.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver