Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7814/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 67387,50 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 24.11.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, ərizəni maddi hissədə müdafiə etmədiyini, cavabdehdən ona dəymiş mənəvi zərər kimi 50.000 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh Ağamehdinin oğlu ilə 2003-cü ildən faktiki ailəli olmuşdur və bir övladları var, əvvəllər cavabdehə məhkəmə işlərində köməklik etmiş, onun nümayəndəsi olmuşdur, müəyyən vaxtdan sonra aralarında isti münasibət yaranmış və birlikdə ailə təsərrüfatı idarə etmişlər, cavabdeh onun övladlarını qəbul etmiş və məhkəmə qətnaməsi ilə ona verilmiş mübahisəli mənzili əsaslı təmir edərək, övladları ilə orada yaşayacağı barədə aralarında razılıq olduqdan sonra, sözügedən mənzili öz vəsaiti hesabına əsaslı təmir edib 25.07.2008-ci il tarixindən həmin mənzildə övladları ilə birlikdə orada yaşamışdır, təmirə dair smetadan da göründüyü kimi o, mənzilin əsaslı təmirinə 17387,5 manat pul xərcləmişdir, cavabdehlə birgə yaşayışdan 27.12.2010-cu il tarixində X1 mənzildə anadan olmuşdur, cavabdeh bir müddət sonra oğluna atalıq da vermişdir, daha sonra məlum olmuşdur ki, onu aldatmış vəd etdiyi mənzili oğlu X8 bağışlama etmişdir, Suraxanı rayon məhkəməsində cavabdeh onu və övladlarının yaşadıqları mənzildən çıxarılması tələbi qaldırmış, məhkəmə tərəfindən tələbi təmin edilmiş, qətnamə qanuni qüvvəsini almışdır və ailəsi ilə birgə onu mənzildən çıxarmışlar, cavabdeh bir müddətdən sonra onu aldadaraq qeyd edilən hərəkətləri etməklə ona maddi zərər vurmaqla yanaşı mənəvi zərərdə vurmuşdur, mənəvi zərəri onunla bağlıdır ki, cavabdeh ailə quracağını bəyan edərək, valideyinlərindən onu istəmiş, onların razılığını almışdır, buna baxmayaraq onu qohum-qardaş yanında başıaşağı edərək rüsvay etmiş, övladları və valideynləri qarşısında təhqir edərək şərəf və ləyaqətini alçaltmışdır, evlənmək adı ilə onu evə gətirmiş, 20 il sonra onu uşaqları ilə birlikdə çölə atmışdır, jurnalist olmasına baxmayaraq, münasibətləri yarandıqdan sonra onun işləməsinə icazə verməmişdir, ona məxsus əşyaları qırmışdır, hesab edir ki, cavabdeh onun şərəf və ləyaqətini təhqir etməklə 50000 manat zərər vurmuşdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə özü taksi fəaliyyəti ilə məşğul olarkən, onu işlədiyi restorandan evinə apararkən tanış olmuşdur, bu zaman iddiaçı ona pulunun olmadığını bildirmiş, əvəzinə əlaqə nömrəsini vermişdir, daha sonra qardaşına görə onu işə düzəltməsini xahiş etmiş, xahişinə əsasən, qardaşını işə düzəltmişdir, lakin qardaşı iş ağır olduğu üçün işdən çıxmış, daha sonra rəhmətə getmişdir, məclisi isə Rusiyada olmuşdur, məclis üçün lazımi ərzaqların hamısını özü almışdır, özünün Hövsanda evi olmuşdur, onunla bağlı məhkəmədə mübahisə olmuş, bu səbəbdən iddiaçıya məhkəmədə onun əvəzindən nümayəndə kimi çıxış etməsi üçün etibarnamə vermişdir, lakin onun yerinə özü və bacısı çıxış etmişdir, məhkəmədə iş yekunlaşdıqdan 3 il sonra Hövsandakı evə köçmüşlər, iddiaçının uşaqlarından biri Türkanda, digərləri uşaq evində olmuşdur, evə köçdükdən sonra, iddiaçı uşaq evindəki uşaqlarını da gətirmiş və orada yaşamışlar, 4 uşaq olmuşdur, onların geyimini və s. özü almış, aylıq 200 manat da pul vermişdir, əlavə olaraq qardaşı da onlarla birlikdə həmin evdə yaşamışdır, hər həftə 30-50 manatlıq bazarlıq etmişdir, orada qaldıqlarına görə onlardan pul da almamışdır, amma özü o evdə yaşamamışdır, indi də o evdə yaşamır, birgə nikahda olduğu şəxslə yaşayır və aralarındakı nikah da pozulmayıb, o iddiaçının digər qardaşını da işə düzəltmişdir, mübahisəli evi təmir etmək üçün öz maşınını satmışdır, o zaman maşınını iddiaçının qardaşına satmış, daha doğrusu qardaşının anasının adına keçirtmiş, o da hər ay 500-500 ona pul vermiş, lakin daha sonra 3 il ərzində pul verməmişdir, buna baxmayaraq evi təmir edib bitirmişdir, iddiaçının qeyd etdiyi təmir barədə smeta sənədini heç vaxt görməmişdir, bu barədə məlumatı yoxdur, qardaşları təmir zamanı ona maddi kömək yox, ancaq fiziki əməklə kömək etmişlər, evin təmiri ilə bağlı Suraxanı rayon məhkəməsində proses olmuş və həmin məsələyə xitam verilmişdir, həmçinin mübahisəli ev əvvəl onun olsa da, hazırda onun oğlunundur, Suraxanı rayon Məhkəməsinin Qətnaməsi ilə iddiaçının və uşaqların həmin mənzildən çıxarılması qət edilmişdir, bu səbəbdən də Qətnamənin icrası ilə bağlı icra məmurları tərəfindən həmin evdən çıxarılmışdırlar, iddiaçı və ailəsi üçün hər şeyi etmişdir. Sonda Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. 24.11.2021-ci il tarixli məhkəmə iclasında 10.11.1986-cı il təvəllüdlü X2 şahid qismində ifadə verərək bildirmişdir ki, iddiaçı onun bacısıdır, cavabdehi bacısının yoldaşı kimi tanıyır, cavabdeh Hövsandakı evi iddiaçının köməyi ilə əldə etmişdir, əvvəl orada cavabdehin qardaşının yoldaşı yaşamışdır, ev çox pis vəziyyətdə olmuşdur, qardaşları gəlmiş, onların köməyi ilə evi təmir etmişdirlər, cavabdeh qardaşı Mehdidən kirayə pulu almışdır, evi Mehdi dolandırmışdır, cavabdeh ailəsinin saxlanması üçün pul verməmişdir, özü də həmi evin yanında bir müddət kirayə qalmış, bu zaman görmüşdür ki, evdə həqiqətən də heçnə yoxdur, hətta iddiaçının qızı da bu səbəbdən xəstələnmiş, yeməkdən imtina etmişdir. 24.11.2021-ci il tarixli məhkəmə iclasında 23.02.1980-ci il təvəllüdlü X3 şahid qismində ifadə verərək bildirmişdir ki, iddiaçının qardaşıdır, cavabdehlə münasibətləri normaldır, həmin evdə kirayə qalmış, evi özü təmir etmişdir, təmir zamanı tək olmuşdur, ona qonşular kömək etmişdir, usta pulunu, həmçinin kirayə pulunu özü vermişdir, maşını cavabdeh tapmış, 1994-cü ilin maşını olmuşdur, 1500 manata həmin maşını özü almışdır, ev təmir olunduqdan sonra ilk olaraq oğlu Nurlanı, 2013-cü ildə onu, daha sonra 2015- 2016-cı illlərdə iddiaçını və uşaqları həmin evdən qovmuşdur, cavabdeh ancaq Toğrula baxacağını bildirmişdir, evə çəkdiyi xərci tam deyə bilmir, cavabdeh də xərc çəkmiş, özü də yardım etmişdir. 24.11.2021-ci il tarixli məhkəmə iclasında 24.07.1998-ci il təvəllüdlü X9 şahid qismində ifadə verərək bildirmişdir ki, iddiaçı onun anasıdır, cavabdeh ilə münasibətləri pisdir, mübahisəli evə o, 10-cu sinifdə oxuyanda köçmüşdürlər, həm oxuyub, həm işləmişdir, bacısı və qardaşı da işləmişdir, maaşı evin təmiri üçün xərcləmişlər, cavabdeh 2019-ci ildə səhər tezdən qapını bərkdən döyərək içəri daxil olmuş, onları evdən çıxarmışdır, hətta həmin gün işə getmədiyi üçün bacısını da işdən çıxarmışlar, evin təmirinə dayısı, özü və evdə qalan digərləri maddi kömək etmişdir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov 15A, mənzil 74 11.06.2019-cu il tarixdən X5 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2-1247/2007 nömrəli Qətnaməsi ilə X4 uşağı ilə birlikdə Hövsan qəsəbəsi, Hövsan yolu, E.Qasımov 15A saylı evi 74 saylı mənzilində çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3964/2019 saylı 25.09.2019-cu il tarixli Qətnaməsindən görünür ki, cavabdeh İddiaçı azyaşlı övladları X12, X6, X17, X10, X7 əşyaları ilə birlikdə iddiaçı X8 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov 15A, 74 saylı mənzildən çıxarılması qət edilmiş, həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-978/2020 saylı 08.01.2020-ci il tarixli Qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3964/2019 saylı 25.09.2019-cu il tarixli Qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan 15.01.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərardan görünür ki, vətəndaş Cavabdeh ərizəsi əsasında cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 4904/2020 saylı 30.11.2020-ci il tarixli Qərardadı ilə İddiaçı cavabdehlər X8 və Cavabdeh Ağa oğluna qarşı əsaslı təmirə xərclənmiş pul vəsaitinin və ona hesablanmış faizin qaytarılması tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçıya qaytarılması qərara alınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddia tələbi vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədədir, tərəflər faktiki nikah münasibətində olmuşlar, onların bu münasibətdən bir uşaqları var, iddiaçı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3964/2019 saylı 25.09.2019-cu il tarixli Qətnaməsinin icrası üzrə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov 15A, 74 saylı mənzildən çıxarılmışdır. Bununla belə, mənəvi zərərin vurulmasına dair, o cümlədən cavabdehin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlinə (hərəkət və ya hərəkətsizlikdir) dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, iddiaçının ona mənəvi zərər vurulması ilə bağlı irəli sürdüyü dəlillər - iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqətinin ləkələnməsi, habelə cavabdehin əməli nəticəsində digər qaydada mənəvi zərərə uğraması hallarına dair hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir. Məhkəmə, şahid ifadələrinə münasibətdə hesab edir ki, bu sübutlar iddia tələbinin təmin olunması üçün məhkəmə tərəfindən nəzərə alına bilməz. Belə ki, şahidlərin hər biri ayrı-ayrılıqda mənzili öz vəsaitləri hesabına təmir etdirdiklərini bildirmişlər ki, bu da fərqli ifadələr olmaqla həm ziddiyyətlidir, həm də cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərər vurulması hallarını istisna edir. Məhkəmə, iddiaçının “cavabdehin onu və uşaqlarını evdən qovması” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, qüvvədə olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3964/2019 saylı 25.09.2019-cu il tarixli Qətnaməsi ilə iddiaçı və onun uşaqlarının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov 15A, 74 saylı mənzilindən çıxarılması qət edilmişdir və qanuvericiliyə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının və onun uşaqlarının mənzildən çıxarılması məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməli kimi qiymətləndirilə və iddia tələbinin təmin olunması üçün nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı "Cavabdeh 50.000 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə" idda tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "Cavabdeh 50.000 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə" idda tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7814/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7814/2021
24.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver