Məhkəmə qərarları › İş №2(011)-7823/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7823/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7823/2021 04.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında Bakı şəhəri, Xətai rayonu, X.Məmmədova küçəsi, 2944a saylı məhəllə, bina 2, blok 2, 126 saylı mənzilin alqı-satqısına dair bağlanmış 10.01.2007-ci tarixli 1380 saylı müqavilənin ləğvi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, X.Məmmədova küçəsi, 2944a saylı məhəllə, bina 2, blok 2, 126 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 89.80 kv/m olan mənzilin alqı-satqısına dair 1380 saylı, 10.01.2007-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri 76153,28 manat müəyyən edilmiş və Cavabdeh həmin məbləği 120 ay müddətində hər ay 498,98 manat olmaqla hər ayın 10-dək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək mənzili cavabdehə təhvil vermişdir. Lakin, müqavilənin tələbləri cavabdeh tərəfindən pozulmuş, mənzilə görə ödənişlər vaxtı-vaxtında edilməmişdir. Cavabdehə edilmiş şifahi və rəsmi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Bu hal Korporasiyaya Müqavilənin 2.2.4-cü bəndinə əsasən müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir. Müqavilənin həmin bəndinə əsasən alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusi ilə Müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş hesablaşmaların həyata keçirilməsinə dair müddəaları pozduqda, buna görə alıcıya ən azı bir dəfə yazılı xəbərdarlıq edildikdə, müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan satıcı "xxxx" ASC ilə alıcı Cavabdeh arasında bağlanmış 10.01.2007-ci tarixli 1380 saylı mənzilin alqı-satqısı barədə müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədova küçəsi, 2944a saylı məhəllə, bina 2, blok 2, 126 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 89.80 kv/m olan mənzili alıcıya 89800 manata satmağı, alıcı isə mənzilin dəyərini 240 ay müddətində hər ay 498,89 manat olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.4-cü bəndinə əsasən alıcı dəmələri 30 gündən artıq gecikdirdiyi halda, satıcının müqaviləni birtərəfli ləğv etmək səlahiyyəti vardır. İş materiallarına əlavə olunmuş 21.09.2021-ci il tarixli 03-01/779 saylı müqavilənin ləğvi barədə təklifin surətindən göründüyü kimi, cavabdehə müqavilənin ləğvi və mənzilin iddiaçıya qaytarılması barədə xəbərdarlıq edilmiş və bununla da, mübahisənin məhkəməyə qədər həlli qaydasına riayət olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında mənzilin alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşya haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan mənzilin qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, satıcı-iddiaçı "xxxx" ASC 10.01.2007-ci tarixli 1380 saylı müqavilədə nəzərdə tutulmuş müddətlərdə ödəmək vəzifəsini icra etməyən Cavabdeh verilmiş əşyanın qaytarılmasını tələb etdiyindən, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədova küçəsi, 2944a saylı məhəllə, bina 2, blok 2, 126 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 89.80 kv/m olan mənzili cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, bu hissədə iddia təmin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2 maddəsinə görə tərəflərdən birinin tələbilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Ona görə də, iddia tələbi tərəflər arasında bağlanmış müqavilələrin vaxtından əvvəl ləğv edilməsi hissəsində də təmin edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına qeyd olunan maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, Cavabdeh "xxxx" ASC ilə bağlanmış 10.01.2007-ci tarixli 1380 saylı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsi, müqavilə ilə nəzərdə tutulan müddətlərdə ödənişləri həyata keçirməməsi təsdiq olunur. Ona görə də, tərəflər arasında bağlanmış 10.01.2007-ci tarixli 1380 saylı müqavilə ləğv olunmalı, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədova küçəsi, 2944a saylı məhəllə, bina 2, blok 2, 126 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 89.80 kv/m olan mənzil cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdehı arasında Bakı şəhəri, Xətai rayonu, X.Məmmədova küçəsi, 2944a saylı məhəllə, bina 2, blok 2, 126 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 89.80 kv/m olan mənzilə dair bağlanmış 10.01.2007-ci tarixli 1380 saylı müqavilə ləğv edilsin. Bakı şəhəri, Xətai rayonu, X.Məmmədova küçəsi, 2944a saylı məhəllə, bina 2, blok 2, 126 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 89.80 kv/m olan mənzil boşaldılsın və iddiaçıya təhvil verilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar