Məhkəmə qərarları › İş №2(011)-789/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-789/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-789/2022 19.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 100 manat sığorta ödənişi məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 130 manat pulun cavabdehdən tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə "xxxx" MMC-yə mxsus və lizinq müqaviləsi əsasında cavabdehin sahibliyində və istifadəsində olan “Daewoo Gentra” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra - sığortalanmış avtomobil) 29.04.2019-cu il tarixdən 29.04.2020-ci il tarixədək "xxxx" ASC-də icbari sığorta növü üzrə sığortalanmışdır. 02.02.2020-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh sığortalanmış avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə onun idarə etdiyi avtomobil Cəfərov Faiq Tofiq oğluna məxsus “Mersedes-Benz 200” markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə ziyan dəymişdir. Cavabdeh yolnəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmiş, 06.02.2020-ci il tarixdə onun barəsində AP ******* saylı inzibati xəta haqqında protokol qəbul edilərək, onun AR İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İddiaçı tərəfindən sığortalanmış avtomobilə 100 manat məbləğində zərər hesablanmaqla, bu barədə sığorta aktı tərtib edilmiş və həmin məbləğdə sığorta ödənişi Cəfərov Faiq Tofiq oğlunun kart hesabına köçürülmüşdür. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, “DAEWOO GENTRA" markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomobil 29.04.2019-cu ildən 29.04.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 29.04.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il fevralın 02-də cavabdeh idarə etdiyi “DAEWOO GENTRA” markalı, **-PE-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində, “MERCEDES BENZ 200" markalı, **-HX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Həmin hadisə ilə bağlı Xətai DYPŞ-i tərəfindən 06.02.2020-ci il tarixində AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 11.02.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ 200” markalı, **-HX-*** dövlət nömrə nişanlı avtomobilə 100 manat məbləğində zərər dəymişdir. İddiaçı 04.03.2020-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs Cəfərov Faiq Tofiq oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazlarını və ona əlavə edilmiş sənədlərini göndərməsi barədə məlumatlandırılmışlar. Cavabdehin əsaslandırılmış etirazları məhkəməyə göndərilməmişdir. Məhkəmə ərizənin dəlillərini və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən müddəaların mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. İcbari sığorta münasibətləri ilə bağlı bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi və sığotaçının subroqasiya hüququnun yaranmasına əsas verən “İcbari sığortlara haqqında” Qanunda nəzərdə tutulmuş əsasların olması şərtdir. İş materiallarında iddiaçının subroqasiya hüququnun yaranması üçün əsalar mövcuddur. Belə ki, “İcbari sığortlara haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşin halları ilə müəyyən edilir ki, cavabdeh icbari sığorta növü üzrə sığortalanmış avtomobillə 02.02.2020-ci il tarixdə sığorta hadisəsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Onun təqsiri Xətai rayon DYPŞ-nin 06.02.2020-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Eyni zamanda, cavabdeh özü də 03.02.2020-ci il tarixdə Xətai rayon DYPŞ-nin rəisinə yazdığı izahatında yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmasını etiraf etmişdir. Cavabdeh hadisə yerini tərk etməsini maddi ziyanın az olduğu üçün avtomobili təmir etmək istəmisi təklifinin zərərdəymiş avtomobilin sürücüsünün imtina etməsi ilə izah etmişdir. Cavabdeh, hətta yol-nəqliyyat hadisəsi barədə polis orqanına da məlumat vermədiyini izahatında qeyd etmişdir. Buna görə də cavabdeh İXM-nin 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtməkdə təqsirli bilinmişdir. Həmçinin, sığorta hadisəsinin törədilməsi nəticəsində dəymiş maddi zərərə görə 100 manat sığorta ödənişi zərərçəkmiş şəxsə (Faiq Cəfərova) ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh təqsiri nəticəsində sığorta hadisəsi baş verdiyindən və o, hadisə yerini tərk etdiyindən, eləcə də sığortalanmış əmlaka vurulmuş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, iddiaçı avtomobilə zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə zərər xərc çəkmişdir. Odur ki, sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 100 manat məbləğində sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu, cəmi 130 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar