Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-795/2022 18.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum haqqında akt qeydində olan uyğunsuzluğun aradan qaldırılması” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqən rayon VVAQ şöbəsi tərəfindən qeydə alınan doğum haqqında aktda göstərilmiş X1 ilə doğum haqqında şəhadətnamədə və digər sənədlərdə göstərilmiş Ərizəçi eyni şəxs olması faktının müəyyən ediməsi və doğum haqqında akt qeydində qeyd olunan uyğunsuzluğa müvafiq düzəlişin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 04.02.2022-ci il tarixdə məhkəmə iclasında Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Beyləqən rayon VVAQ şöbəsi tərəfindən qeydə alınan akt qeydində qeyd olunan uyğunsuzluğa müvafiq düzəlişin edilməsinə vəzifəsinin qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, xx xxxxxx 1999-cu ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur, ona 22.03.1999-cu ildə Beyləqan rayon VVAQ şöbəsi tərəfindən İ-AZ № 002123 nömrəsi ilə qeydə alınmış doğum haqqında şəhadətnamə verilmişdir, həmin şəhadətnamədə soyadı “Əlizadə” kimi qeyd edilmişdir, lakin doğum haqqında akt qeydində soyadı “Əlizadə” kimi yox, səhvən “Quliyev” olaraq göstərilmişdir, şəxsiyyət vəsiqəsində və xarici pasportda soyadı, adı və ata adı Ərizəçi kimi qeyd olunmuşdur, eyni zamanda, 14.07.2016-cı il tarixində verilmiş Tam Orta Təhsil haqqında attestatda, Ali Təhsil haqqında Bakalavr diplomunda, İlkin Hərbi Qeydiyyata Alınma haqqında vəsiqədə, sürücülük vəsiqəsində də soyadı “Əlizadə” olaraq düzgün yazılış aparılmışdır, lakin, Beyləqan rayon VVAQ şöbəsi tərəfindən tərtib olunmuş sənədlərin, yəni doğum haqqında şəhadətnamə və doğum haqqında akt qeydinin hər ikisi ona aid olduğu halda, doğum haqqında akt qeydində soyad olaraq hazırda müvafiq təsdiqedici sənədlər əsasında daşıdığı “Əlizadə” olaraq deyil, “Quliyev” kimi qeydin aparılması aşkar edilmişdir, bu cür halla ASAN xidmət mərkəzlərində xaricdə təhsillə bağlı sənədlərin yığılması zamanı bir neçə dəfə problemlə üzləşmişdir, yalnız həmin vaxt ilkin qeydiyyat sənədlərində soyadın “Quliyev” kimi qeyd olunmasına dair məlumat almışdır, bu uyğunsuzluğun gələcəkdə şəxsiyyətilə bağlı problemlərə səbəb olmaması üçün müvafiq düzgün düzəlişin aparılmasını zəruri hesab edir. Sonda Ərizəçi qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə üzrə mülki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarından olan 23 saylı 22 mart 1999-cu il tarixli doğum haqqında akt qeydinin təsdiq olunuş surətindən surətindən görünür ki, həmin qeyddə ərizəçinin soyadı Quliyev kimi qeyd olunmuşdur, hazırki ərizə “doğum haqqında akt qeydində qeyd olunan uyğunsuzluğa müvafiq düzəlişin edilməsi” barədədir, üzərinə vəzifə qoyulması nəzərdə tutulan orqan Beyləqan rayon Qeydiyyat Şöbəsidir, həmin orqan “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında 28.08.2007-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1-ci bəndinə əsasən, inzibati orqan kimi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı tələb, inzibati orqanın (Beyləqan rayon Qeydiyyat Şöbəsi) qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi və ərizəçiyə münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə bağlı olduğundan həmin tələbə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi əsası ilə xüsusi icraat qaydasında baxılmasını istisna edir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında 28.08.2007-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1-ci bəndinə əsasən, Ədliyyə Naziliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15.04.2015-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli Qərarı ilə həmin qərara edilmiş dəyişikliyə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməli, ərizəçiyə, iddia ərizəsi ilə inzibati orqanın (Beyləqan Rayon Qeydiyyat Şöbəsi) qəbul etdiyi aktda düzəliş edilməsi barədə tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müllki Prosessual Məcəlləsinin 261.0.2, 262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “doğum haqqında akt qeydində olan uyğunsuzluğun aradan qaldırılması” barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-795/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-795/2022
18.02.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver