Məhkəmə qərarları › İş №2(011)-8/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8/2023

24.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8/2023 24.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, ünvan 2 nömrəli mənzilin (Bundan sonra – Mənzil) alqı-satqısına dair X4 İddiaçı arasında xx.xx.2019-cu il tarixdə notarial qaydada müqavilə bağlanmış və iddiaçının Fərdi yaşayış evinə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona Çıxarış (qeydiyyat nömrəsi: 1********) verilmişdir. xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Texniki pasporta əsasən Fərdi yaşayış evi 1 mərtəbə, iki otaq, ümumi sahəsi 30 kv.m-dən ibarət olmuşdur.

2. Bundan başqa, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 nömrəli sərəncamı ilə (sərəncamın 1-ci bəndi) Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün 0,73 ha torpaq sahəsi icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilmiş, həmçinin Bundan başqa, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 nömrəli digər sərəncamı ilə əvvəlki, xx.xx.2005-ci il tarixli, 267 nömrəli sərəncamın 1-ci bəndi ilə "xxxx" MTK-ya ayrılmış 0,73 ha torpaq sahəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihə sənədlərinə uyğun olaraq tikilməmiş 0,4984 ha hissəsi eyni məqsədlə "xxxx" MMC-nin istifadəsinə verilmişdir.

3. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 nömrəli sərəncamı ilə cavabdehlərə ayrılmış 0,73 ha torpaq sahəsi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, Ayaz İsmayılov və Mehdi Mehdizadə küçələrinin kəsişməsində yerləşir.

4. İddiaçı iddia edir ki, ona məxsus Mənzil Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 nömrəli sərəncamı ilə ayrılmış 0,73 ha torpaq sahəsinin ərazisində yerləşdiyindən cavabdehlər tərəfindən sökülərək yerində hündür mərtəbəli yaşayış binasının tikilsə də, ona kompensasiya verilməmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

5. İddiaçı Yaşayış sahəsinə olan mülkiyyət hüququndan məhrum edildiyinə və əmlakını məhv etdiklərinə görə cavabdehlərdən 90 000 manat maddi və 20 000 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Mənzilə xüsusi mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-də qeydiyyata alınaraq ona Çıxarış verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 267 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən göstərilən ünvanda hündürmərtəbəli yaşayış binası tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısına mülkiyyətində olan Mənzilnin qeyd olunan Sərancamla ayrılan torpaq sahəsinin hüdudları daxilinə düşüb-düşməməsi barədə etdiyi xx.xx.2019-cu il tarixli müraciətinə (hal-hazırda həmin ünvanda hansı şirkət tərəfindən tikinti işlərinin aparmasını göstərməklə İcra Hakimiyyəti Başçısının həmin Sərəncamının surətini əlavə edərək) xx.xx.2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, müraciətdə sadalanan sənədlər toplusu Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin arxivində olduğundan və adı çəkilən X1 əsasən AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən aidiyyəti üzrə müraciət etməlidir. Göstərilən məktuba əsasən AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə edilən müracətə 02/250 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, tələb edilən materiallar Tikintilərin Dövlət və Reyestrinin internet saytında yerləşdirilir. Məlum olmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının sərəncamına əsasən həmin ərazidə hündürmərtəbəli binanın tikintisinə icazə verilmiş və cavabdehlər mülkiyyətində olan Mənzilni ona bildirmədən və dəyərini ödəmədən sökmüşlər. Cavabdehlər ona bildirmədən özbaşına olaraq qazıntı işlərinin aparılması nəticəsində mülkiyyətində olan Mənzilni məhv etmişlər və bunun nəticəsində sarsıntı keçirmişdir, fiziki əzab çəkmiş, stresdə olmuş və buna görə də müalicə almışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdehlər etirazlarını yazılı şəkildə məhkəməyə təqdim etməmişlər.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.

9. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsini qəbul etmədiklərini bildirərək onlara aid hissədə təmin edilməməsini xahiş etdi.

10. "xxxx" MTK-nın nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iddianı qəbul etmədiyini bildirmiş, sonuncu iclasların vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə çağırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməlsinin səbəbləri barəsində məhkəməyə məlumat vermədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar.

12. Maddə 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır.

13. Maddə 136.1. Əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

14. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

15. 648.1. Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

16. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

23. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı ona məxsus Mənzilin cavabdehlər tərəfindən qanunsuz sökülməsi nəticəsində ona maddi ziyan dəydiyini iddia edərək, əvəzində pul tələb edir.

24. Cavabdehlər isə sözügedən Mənzilin iddiaçının mülkiyyət hüququnun qeydə alındığı vaxtdan xeyli müddət əvvəl söküldüyünü və Mənzilin yerləşdiyi yerdə hündür mərtəbəli binanın tikildiyini iddia edirlər.

25. Bu halda məhkəmə hesab edir ki, Mənzilə dair alqı-satqı müqaviləsinin bağlandığı və iddiaçının mülkiyyət hüququnun qeydə alındığı vaxt Mənzilin mövcud olubolamamasının müəyyən edilməsinin iş üçün əhəmiyyəti vardır.

26. Mülki Məcəllənin 135-ci maddəsinə görə yalnız fiziki olaraq mövcud olan hər hansı bir obyekt əşya kimi tanınır və yalnız belə əşyalar mülki dövriyyənin obyekti hesab edilir. Əşyanın fizikən mövcud olması onun üzərində hüququn yaranması baxımından əhəmiyyət kəsb edir. Fiziki olaraq mövcud olmayan əşya mülki dövriyyədə iştirak edə bilməz, onun üzərində hər hansı hüquq tanına bilməz. Qanunvericilikdə əşyaların təsnifatı da aparılmış və belə təsnifatın aparılmasında əsas məqsəd də həmin əşyalar üzərində mülkiyyət hüququnun yaranmasının özünəməxsusluğundan irəli gəlir.

27. Qanuna əsasən daşınmaz əşyalar (o cümlədən, mənzillər) təsnifatda fərdimüəyyən əşyalar kimi müəyyən edilmişdir. Fərdi-müəyyən əşyaların özünəməxsusluğu onları digər əşyalardan fərdi (əvəzolunmaz) xüsusiyyətləri ilə fərqləndirilməsindən ibarətdir. Qanunvericilikdə həm də, daşınmaz fərdi-müəyyən əşyalara dair mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı xüsusi hallar da nəzərdə tutulmuşdur.

28. İşin mübahisəsiz halıdır ki, iddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydə alınmaqla, ona Çıxarış verilmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, Çıxarış verilən vaxt Mənzil, ümumiyyətlə mövcud olmamışdır.

29. Belə ki, iş üzrə bir neçə dəfə ekspertiza keçirilmiş, mütəxəssis rəyləri alınmış, iki dəfə məhkəmə tərəfindən yerində müayinə aparılmışdır.

30. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/3837 saylı, xx.xx.2021-ci il tarixli rəyinə görə Mənzilin xx.xx.2019-cu il tarixdə (Mənzilə dair alqı-satqı müqaviləsinin bağlanldlğı tarixə) mövcud olduğu, “Google Earth” proqramı vasitəsi ilə illər üzrə baxış keçirildikdə həmin ərazidə 2013-cü tarixinə qədər müxtəlif tikililərin mövcud olduğu, 2014-cü ilin və sonrakı görüntülərində tikililərin bəzilərinin söküldüyünün müşahidə edilməsi, Mənzilə dair xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda mənzilin yerləşdiyi binanın situasiya planı göstərilmədiyindən həmin mənzilin ərazidə mövcud olmuş tikililərin konkret hansı hissəsində yerləşməsini dəqiqliklə müəyyən etməyin mümkün olmaması, bu səbəbdən də həmin evin sökülməsinin qeyd olunan tarixdən sonra hansı vaxta təsadüf etməsini müəyyən etməyin mümkün olmaması qeyd edilmişdir.

31. Lakin rəydə qoyulmuş suallara ziddiyyətli cavab verildiyindən (1-ci və 2-ci suallara cavablar bir-birini təkzib edir) məhkəmə tərəfindən təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, yenidən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/1782 saylı, xx.xx.2022-ci il tarixli rəyində göstərilir ki, Mənzil xx.xx.2019-cu il tarixdə mövcud olmuş, baxış keçirildikdə iddiaçı tərəfindən mənzilin yerləşdiyi sahəyə dair göstərilmiş ərazidə “Google Earth” proqramında olan görüntülərə əsasən xx.xx.2019-cu il tarixinə qədər müxtəlif tikililərin mövcud olduğu, 11.2021-ci il tarixdən və sonrakı görüntülərində tikililərin söküldüyü müşahidə edilir.

32. Ekspertin bu rəyi də iş materialları ilə ziddiyyət təşkil edtdiyindən, xüsusilə xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən aparılmış yerində müayinə zamanı müəyyən edilmiş hallara zidd olduğundan, təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən aparılmış yerində müayinə zamanı iddiaçının nümayəndəsinin göstərdiyi Mənzilin yerləşdiyi yerdə müayinə aparılan zaman hər hansı tikilinin mövcud olmaması və yerinin qazılaraq beton töküldüyü aşkar edildiyi halda, xx.xx.2022-ci il tarixli rəydə mübahisəli ərazidə “Google Earth” proqramında olan görüntülərə əsasən 11.2021-ci il tarixdən və sonrakı görüntülərində tikililərin söküldüyünün müşahidə edilməsi qeyd edilmişdir.

33. Nəhayət, məhkəmə tikinti-texniki ekspertizasının 10/2503 saylı, xx.xx.2023-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, (sonuncu ekspertizanın təyin edilməsindən əvvəl məhkəmə tərəfindən ikinci dəfə yerində müayinə aparılmış və bundan sonra təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır) AR İN ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********56 saylı mütəxəssis rəyinə əsasən əraziyə yerli baxış zamanı cavabdehlərə ayrılmış 0,73 ha sahə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, Ayaz İsmayılov və Mehdi Mehdizadə küçələrinin kəsişməsində yerləşir. Mütəxəssis rəyinə əsasən iddiaçının nümayəndəsinin təxmini göstərdiyi ərazidə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanının dəqiq yerini müəyyən etmək mümkün olmadı. “X6” vasitəsilə çəkilmiş fotoşəkillərdən də məlum olur ki, 2018 və 2019-cu illərdə vətəndaşın təxmini göstərdiyi ərazidə mənzil olmamışdır.

34. Bundan başqa, sonuncu dəfə ekspertiza ilə bərabər mütəxəssis qismində cəlb edilmiş AR İN ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi özünün mütəxəssis rəyində qeyd etmişdir ki, arxiv araşdırmaları zamanı məlum oldu ki, vətəndaşa (iddiaçıya) xx.xx.2019-cu il tarixdə verilmiş **********702-05101- 093004 reyestr nömrəli çıxarış, alqı-satqı zamanı idarəyə daxil olan ********** qeydiyyat nömrəli ərizə ilə əlaqə saxlamaq mümkün olmadığından sənəd arxiv texniki pasportuna əsasən icra olunmuşdur.

35. Həmçinin, məhkəmə tərəfindən iki dəfə, həm xx.xx.2020-ci il tarixdə, həm xx.xx.2022-ci il tarixdə Mənzilin yerləşdiyi əraziyə yerində müayinə keçirilmişdir. Birinci yerində müayinə zamanı iddiaçının nümayəndəsi Mənzilin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti istiqamətində, ikinci yerli müayinə zamanı isə Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov tərəfdə yerləşdiyini bildirmişdir.

36. Beləliklə, məhkəmə iş materiallarında olan sübutları, eləcə də ekspert və mütəxəssis rəyini müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanan zaman Mənzil mövcud olmamış, həmin vaxt Mənzilin yerləşdiyi ərazidə cavabdehlər tərəfindən inşa edilən hündür mərtəbəli bina inşa edilmişdir. Mənzilin yerləşdiyi ərazidə hündür mərtəbəli binanın inşa edilməsi sonuncu ekspert, habelə Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin və “X2” MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş “Google Earth” proqramından əldə edilmiş fotoşkillərdən də aydın şəkildə görünür. Həmin fotoşəkillərdən müəyyən edilir ki, 2013-cü il tarixdə görüntü müəyyən edilsə də, 2014-cü il tarixdən (“X2” MMC-nin 03.062021-ci il tarixli mütəxəssis rəyi) Mənzilin yerləşdiyi ərazidəki tikililər artıq mövcud deyil. Eyni zamanda, Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən də verilmiş mütəxəssis rəyində Mənzilə dair istər Çıxarışın, istərsə də, Texniki pasportun daşınmaz əmlaka baxış keçirmədən, yalnız arxiv sənədləri əsasında verilməsi qeyd edilmişdir.

37. Qeyd edilənlərdən əlavə, məhkəmə işdə bir neçə mütəxəssis və ekspert rəylərinin olduğunu nəzərə alaraq, onların mötəbərliyi ilə bağlı qeyd edir ki, həm məhkəmə tikinti-texniki ekspertizasının 10/3837 saylı, xx.xx.2021-ci il tarixli rəyi, həm 10/3837 saylı, xx.xx.2021-ci il tarixli rəyi, həm də "Müstəqil Məhkəmə Ekspertizası” MMC-nin xx.xx.2021ci il tarixli mütəxəssis rəyi iş materiallarına və məhkəmə tərəfindən işin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil etdiyindən (ziddiyyətlərin nədən ibarət olması 30-32-ci bəndlərdə göstərilmişdir) məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir.

38. Məhkəmə hesab edir ki, iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi də təmin edilə bilməz.

39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

40. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

41. Məhkəmə qeyd edir ki, Mənzilinin dağıdılması nəticəsində onun mülkiyyətçisinin mənəvi sarsıntı keçirməsi, psixologiyasında stress, sarsıntı və emosional gərginlik və s. kimi əlamətlərə səbəb olması mümkündür. Lakin işin şərh edilən hallarından görünür ki, iddiaçının mülkiyyət hüququ qeydə alınan zaman Mənzil mövcud olmamışdır. Mövcud olmayan əmlakla bağlı isə iddiaçının hər hansı sarsıntı keçirməsi mümkün deyil. Bu səbəbdən onun cavabdehdən mənəvi zərər tələb etməsi əsassızdır.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ekspert rəylərinə görə hər biri 100 manat olmaqla, cəmi 300 məbləğində pul İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar