Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8044/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyatda olub yaşamayan xx xxxx 1985-ci il təvəllüdlü Cavabdeh istifadə hüquqnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı Bakı şəhər Radiozavodda 22 il işləyərək iddiaçıya verilmişdir. Həmin mənzilin (yataqxanm) orderi əsasında iddiaçı və iki övladı həmin ünvanda qeydiyyata götürülmüşdür. Övladları böyüdükdən sonra ailə qurmuşlar. Oğlu Cavabdeh iddiaçıya bildirdi ki, bina evində yaşamaq istəmir, həyət evini istəyir, bu səbəbdən də ona Bakı şəhəri, Qala Qəsəbəsində yerləşən bələdiyyə torpağı olan həyətyanı torpaq sahəsindən fərdi tikilmiş 3 otaqdan ibarət ev və mətbəx, hamam sanuzeli olan evin pulunu ərdə olan qızı X2 və əri X1 pulu ilə almışdır. Oğlu Cavabdeh Bakı şəhəri, Qala qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Hazırkı günə kimi iddiaçı ilə, iddiaçının qızı ilə, kürəkənlə heç bir əlaqə saxlamır. Oğlu Cavabdeh artıq 4 ildir ki, iddiaçıya Radiozavod tərəfindən növbəlilik əsasında verilmiş ünvan 1 ünvanda yaşamır. Cavabdehə məxsus şəxsi və ev əşyaları da iddiaçının mənzilində qalmamışdır, hamısını özü ilə aparmışdır. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh məhkəməyə ərizə təqdim edərək verdiyi izahatında iddia tələbini qəbul etdiyini, mənzillə bağlı heç bir tələbinin olmadığını, mənzilə dair istifadə hüququnun itirilməsinə etirazının olmadığını bildirmişdir. İşin faktiki halları: İş materiallarında olan Bakı “Radioquraşdırma” İB-nin 02 fevral 2006-cı il tarixli 0175 saylı orderinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı verilmişdir. Onun ailə tərkibi 3 nəfərdən ibarət olmuş, özü ilə birgə oğlu Cavabdeh və qızı X2 qeydiyyata alınmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, cavabdeh qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən mənzilin iddiaçının adına özəlləşdirilməsinə və çıxarış almasına razı olduğunu, heç bir etirazının olmadığını bildirmişdir. Cavabdeh iddiaçının ailə üzvüdür, o, hazırda həmin mənzildə yaşamır, mübahisəli mənzildə formal olaraq qeydiyyatdadır. Cavabdeh iddia tələbini qəbul edərək istifadə hüququnun itirilməsinə etiraz etmədiyini bildirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolu: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 4 ünvanında yerləşən mənzil order əsasında İddiaçı məxsusdur. Cavabdeh həmin mənzilin mülkiyyətçisinin ailə üzvü olmaqla hazırda həmin mənzildə yaşamır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək iddiaçıya məxsus ünvandan istifadə hüququnun itirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh özü könüllü şəkildə istifadə hüququna kompensasiya verilmədən və ya başqa hər hansı tələb irəli sürmədən xitam verilməsinə razıdır, iddia bu hissədə təmin edilməlidir. Bunlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə cavabdehin istifadə hüququna xitam verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən İddiaçı ödədiyi 100 manat dövlət rüsumu da onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-8044/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8044/2024
26.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver