Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-81/2022 17.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. “Opel Astra” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil (Bundan sonra - Avtomobil) alqı-satqı müqaviləsi əsasında İddiaçı2 mülkiyyətində olmuşdur.
2. xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh1 etibarnamə ilə idarə etdiyi və Cavabdeh2 MMC-yə məxsus “Hyundai HD 78” xüsusi təyinatlı markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində İddiaçı2 məxsus avtomobilə zərər vurmuşdur.
3. Həmçinin, Cavabdeh1 barəsində xx.xx.2020-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar (xx.xx.2020-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol əsasında) qəbul edilməklə, o, İXM-nin 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur.
4. Bakı şəhər BPİ X2 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixində 039965 saylı arayışa əsasən Avtomobilin sol yan hissəsi əzilmişdir.
5. Hadisə baş verdiyi anda Avtomobilin sürücüsü İddiaçı1 olmuşdur.
6. İddia ərizəsinin və ona etirazın dəlilləri:
7. İddia ərizəsinin dəlilləri:
8. İddiaçılar avtoqəza nəticəsində vurulmuş maddi ziyana görə 300 manat məbləğində, maddi və mənəvi ziyan kimi 150 manat və dövlət rüsumu qaydasında ödənilmiş 20 manat, ümumilikdə 470 manat pulun müştərək qaydada cavabdehlərdən tutularaq onlara ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, xx.xx.2020-ci il tarixdə saat 13:20 radələrində Bakı şəhəri, Zərdabi küçəsində Avtomobillə hərəkətdə olarkən Cavabdeh1 idarə eldiyi "Hyundai HD 78" xüsusi təyinatlı markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yüngül xəsarət almışdır. Bundan sonra, bir müddət anlaqsız olmuş, özünə gələndə isə qəza nəticəsində avtomaşının yararsız hala düşməsinin şahidi olmuşdur. Hadisə yerinə aidiyyəti üzrə DYP-nin əməkdaşları çağırılmış və həmin qəza qeydiyyata alınaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülmüşdür. Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli İnzibati xəta haqqında İXP ******* saylı Protokoluna və Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarına əsasən. xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh1 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh "Azcargo Logistics and Management Services'’ MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan həmin avtomobili etibarnamə ilə idarə edən digər Cavabdeh1 əməli tərtib olunmuş inzibati xəta haqqında protokol, yol nəqliyyatı hadisəsinin xəritəsi, inzibati xəta haqqında iş üzrə icraat iştirakçılarının izahatları, eləcə də iş materiallarına əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Avtomobil mülkiyyət və etibarnaməyə əsasən onlara məxsusdur. Sözügedən hadisə nəticəsində avtomaşının ehtiyyat hissələrinə, materiallara və görülən işlər üçün 300 manat məbləğində xərc tələb olunur. Həmin xərcləri mütəxəssis tərəfindən aparılmış dəymiş ziyan və təmir ilə bağlı tərtib olunmuş qüsur arayışdan da görmək olar. Yol-qəza hadisəsi nəticəsində onlara məxsus avtomaşınının bazar qiyməti kəskin şəkildə aşağı düşmüş və hamıya məlumdur ki, vurulmuş maşının bazar qiyməti vurulmamış maşının bazar qiymətindən qat-qat fərqlidir. Digər tərəfdən, hadisənin üstündən artıq bir neçə vaxt keçməsinə baxmayaraq bu günə kimi cavabdehlər vurulmuş ziyanı ödəməmişdirlər. Bununla da, ona əlavə maddi və mənəvi ziyan vurulmuşdur. Çünki, o, taksi fəaliyyəti ilə məşğuldur, ailəsini həmin maşınla dolandırır. Artıq bir-neçə aydır ki, maşın işləmir və pul qazana bilmir. X1 veteranı kimi çox çətin vəziyyətə düşmüş, cababdehlərin təqsiri ucbatından gündəlik taksi fəaliyyəti ilə məşğul ola bilmir və bununla da ona maddi və mənəvi ziyan vurulmuşdur. Həmin ziyan 150 manat məbləğində olması qənaitindədir.
10. Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
11. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.
12. Məhkəmə iclasında verilən izahatlar:
13. İddiaçılar məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər.
14. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin o, ərizə ilə məhkəməyə müraciət edərək səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasına gəlməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
15. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
19. Maddə 1108.2 Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Məhkəmənin mövqeyi:
25. Məhkəmə iddiaçıların izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
26. Məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını (cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri) araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Çünki, iddia irəli sürməyə imkan verən subyektiv hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.
27. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş Avtomobil İddiaçı2 mülkiyyətindədir. Digər iddiaçı, İddiaçı1 isə İddiaçı2 oğludur, hadisə baş verən vaxt Avtomobili o idarə etmişdir.
28. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı1 hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından iddia ona aid hissədə iddia təmin edilə bilməz.
29. Məhkəmə İddiaçı2 iddia tələbinə münasibətdə qeyd edir ki, Avtomobil onun mülkiyyətində olmaqla ona məxsus olduğundan Avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin ilk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
30. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2020-ci il yol nəqliyyat hadisəsi baş vermiş və Avtomobil Cavabdeh1 tərəfindən “Hyundai HD 78” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində zədələnmişdir.
31. Həmçinin, Cavabdeh1 törətdiyi yol nəqliyyat hadisəsinə görə xx.xx.2020-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə İXM-nin 327.1-ci maddəsilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.
32. Lakin məhkəmənin qənaətinə görə, iddiaçı hazırkı iddia tələbini yalnız Cavabdeh1 qarşı irəli sürməkdə haqlıdır.
33. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunduğundan, “Hyundai HD 78” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobili isə Cavabdeh1 idarə etməyə qanunla müəyyən edilmiş qaydada hüququ olduğundan, habelə yol nəqliyyat hadisəsinin baş verməsində onun təqsiri polis orqanının qərarı ilə müəyyən edildiyindən, Cavabdeh1 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşıyır. “Hyundai HD 78” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 MMC-yə məxsus olması iş materialları ilə müəyyən edilmir.
34. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının eyni vaxtda hər iki cavabdehə qarşı irəli sürdüyü hazırki iddia tələbinin hüquqi əsası o zaman AR Mülki Məcəlləsinin 1099.1-ci maddəsi (işçinin vurduğu zərərə görə işəgötürənin məsuliyyət daşıması) təşkil edərdi ki, birincisi cavabdehlər arasında əmək münasibətləri mövcud olsun, ikincisi, baş vermiş yol nəqliyyat hadisəsi Cavabdeh1 əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş vermiş olsun. Lakin nə iş materialları ilə qeyd olunanlar sübut olunmur, nə də iddiaçı bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.
35. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir.
36. Həmçinin, məhkəmə hesab edir ki, iddia həcminə görə qismən əsaslıdır.
37. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5612 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünü ki, nəzəri hesablama yolu ilə xx.xx.2021-ci il tarixli arayış məlumatlarına əsasən dəyişilməli hissələrin qiymətləri nəzərə alınmaqla, 2008-cü il buraxılışlı “Opel Astra” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə 275 manat maddi ziyan dəymişdir.
38. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
39. Məhkəmə qeyd edir ki, belə olan halda Avtomobilin təmir-bərpa xərci olaraq ekspert rəyi ilə müəyyən edilmiş 275 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
40. Məhkəmə iddia tələbinin maddi və mənəvi ziyan kimi 150 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi həmin hissədə əsaslı olmadığından rədd edilməlidir.
41. Məhkəmə iddia ərizəsində qeyd olunmuş vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
42. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.
43. İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində hər hansı əzab və iztirab keçirməsini, sarsıntıya məruz qaldığını iddia ərizəsində qeyd etməmişdir.
44. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, iddiaçının ödədiyi dövlət rüsumu və ekspertiza xərci iddianın Cavabdeh1 tutulmalıdır.
45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 275 manat məbləğində sığorta ödənişi, 20 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 60 manat ekspertiza xərci Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı