Məhkəmə qərarları › İş №2(011)-8103/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8103/2021

21.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8103/2021 21.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhər Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhər Baş Polis İdarəsindən 2.171 manat məbləğində vurulmuş maddi zərərin əvəzinin və 5.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, 30 manat məbləğində dövlət rüsumunun əvəzinni tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 2A ünvanında yerləşən “Pizza Mizza” restoranında menecer işləyir. 17 dekabr 2020-ci il tarixdə həmin restoran açıq olmuş və onlar pandemiya vəziyyəti ilə bağlı ancaq çatdırma xidmətləri göstərmişlər. X1 post terminalla birlikdə restorandan kənarda müştəridən kartla ödəniş qəbul etməkdə olarkən Yasamal rayon Pİ-nin 27-ci Polis Bölməsinin sahə rəisi Vüsal Kərimov ona yaxınlaşmış, müştəriyə yerində xidmət göstərdiyini bildirərək ofisianta cərimə yazacağını bildirmişdir. İddiaçı restoranın qarşısında adamların toplaşdığını görüb çıxmış, polis əməkdaşına yaxınlaşaraq özünü təqdim etmişdir. Bu zaman başqa polis əməkdaşları da yaxınlaşaraq onların hər ikisini polis bölməsinə aparacaqlarını demişlər. İddiaçı etiraz edib qaydanı pozmadığını bildirsə də, onlar iddiaçını israrla bölməyə aparmaq istəmişlər. Polis əməkdaşları sahə rəisi Vüsal Kərimovun göstərişi əsasında hərəkət edərək bu qanunsuz hərəkətləri törətmişlər. Həmin gün təxminən saat 16:50-dən növbəti gün saat 14:30-a kimi iddiaçını qanunsuz olaraq bölmədə saxlamışlar. O, həmin gecəni bölmədəki “KPZ” adlanan yerdə keçirmişdir, orada nə yatmağa, nə də dincəlməyə şərait olmamışdır. Otaqdakı yeganə pəncərə sınıq olmuş, soyuq hava oradan içəri daxil olmuşdur. Bu, iddiaçının həyatında ən çətin, stresli gecə olmuşdur. O, gecə boyu yata bilməmişdir. Ailəsi də ona görə narahat olmuş, ona ailəsi ilə danışmağa şərait yaratmamışlar. Onun telefonunu əlindən almışlar. İddiaçını orada daim təzyiq altında saxlamışlar. Növbəti gün onu saat 14:30-dan sonra Yasamal Rayon Məhkəməsinə aparmışlar. İddiaçının haqqında Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Hakim protokolu ləğv edib icraata xitam vermişdir. Restoranın hüquqşünası Vəkil elə 17 dekabr 2020-ci il tarixdə iddiaçı şöbədə olan zaman Vüsal Kərimovun və şöbənin hərəkətləri barədə Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Bakı şəhər Baş Polis İdarəsinin 15 yanvar 2021-ci il tarixli cavab məktubu ilə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə rəisi Vüsal Kərimov barəsində ciddi intizam tənbehi görülməsi bildirilmişdir. Göründüyü kimi, Vüsal Kərimovun iddiaçıya qarşı qanunsuz hərəkətlər etməsi tam sübut edilmişdir. O, bilə-bilə və zor tətbiq etməklə öz vəzifə səlahiyyətlərini aşmışdır. Açıq-aydın şəkildə qanunsuz, öz vəzifə səlahiyyətlərindən kənara çıxan hərəkətlər etmiş, nəticədə isə iddiaçının qanunla qorunan hüquq və mənafeyinə mühüm ziyan dəymişdir. İddiaçıya bu qanunsuz hərəkətlər nəticəsində həm maddi, həm mənəvi zərər dəymişdir. İddiaçı ünvan 2 ünvanında öz ailə üzvləri olan anası, arvadı və uşağı ilə birlikdə yaşayır. Hadisə baş verən gün iddiaçının ailə üzvləri də ciddi narahatlıq keçirmişlər. İddiaçının anası Rita Mansurovaya həkimlər tərəfindən “mədəaltı vəzin krizi və öd kisəsində daş yığıntısı” diaqnozu qoyulmuşdur. İddiaçının anası 12 dekabr 2020-ci il tarixdə “Real” tibb mərkəzində müayinələrdən keçmiş, analizlər vermişdir. İddiaçının iş yoldaşları vasitəsilə iddiaçının anası hadisədən xəbər tutanda ciddi həyəcan keçirmiş və mədəaltı vəzi krizi ilə öd kisəsi daşı sancısı birlikdə baş vermişdir. Onun anası bütün gecəni şiddətli ağrılarla keçirmiş, bərk həyəcan keçirmiş, ailə üzvləri anasının sağlamlığının təhlükə altında olmasını görərək tibbi müdaxilə üçün məcbur olub təcili tibbi yardım çağırmış, müdaxilədən sonra nisbətən ağrılar azalmışdır. 3 gün sonra ağrılar şiddətli artdığı üçün iddiaçı anasını Türkiyədə yaşayan bacısının yanına müayinə üçün yola salmışdır. Onun anası 29 dekabrdan növbəti ilin yanvar ayının 25-nə kimi orda qalmış, X2 müayinələrdən keçmiş, Azərbaycandakı ilə eyni diaqnoz qoyulmuşdur. Bütün müayinə, müalicə və nəqliyyat xərclərini iddiaçı qarşılamışdır. O, anasının Türkiyəyə hava yolu ilə gediş-dönüş bileti üçün X9 şirkətinə ödəniş həyata keçirmişdir. 29 dekabr 2020-ci il tarixdəki gediş bileti üçün 1.792,27 türk lirəsinin həmin tarixdəki Mərkəzi Bankın məzənnəsi ilə qarşılığı olan 413 manat, 20 yanvar 2021-ci il tarixdəki dönüş bileti üçün isə 1.729,72 türk lirəsinin həmin tarixdəki Mərkəzi Bankın məzənnəsi ilə qarşılığı olan 393 manat pul vəsaiti ödəmişdir. Lakin müalicə uzandığı üçün dönüş biletinin tarixini 25 yanvar 2021-ci il tarixə dəyişməli olmuşdur. İddiaçı karantin tədbirləri ilə bağlı anasının təyyarəyə buraxılması üçün X3-19 PCR testini də vermişdir və bunun üçün 65 manat ödəniş etmişdir. İddiaçı Türkiyəyə Respublikasındakı müayinələr və drmanlar üçün cəmi 1.300 manat pul vəsaiti xərcləmişdir. Göründüyü kimi, idarənin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 2.171 manat məbləğində ziyan vurulmuşdur. İddiaçıya həm də mənəvi zərər vurulmuşdur. İddiaçı hazırkı halda ona dəyən mənəvi zərərin miqdarını 5.000 manat məbləğində qiymətləndirir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil vəsatət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı mülki işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Bakı şəhər Baş Polis İdarəsindən və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 2.171 manat məbləğində vurulmuş maddi zərərin əvəzinin və 5.000 manat məbləğində vurulmuş mənəvi zərərin əvəzinin, 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında şahid qismində çıxış edən X6 öz izahatında bildirdi ki, o, iddiaçının anasıdır. 2020-ci ilin dekabr ayında o, xəstələnmiş, ağır vəziyyətdə olmuşdur. Oğlu tutulan günün axşamı ona zəng edərək polis bölməsində olduğunu bildirmişdir. O, həmin gün çox sarsıntı keçirmiş, huşunu itirmişdir. Daha sonra oğlunun iş yoldaşları zəng edərək şirkətin hüquqşünasının orada olduğunu bildirmişdir. Onun oğlunu qanunsuz olaraq soyuq otaqda saxlamışlar. Həmin vaxt onun təzyiqi düşmüş, həm fiziki, həm psixoloji sarsıntı keçirmişdir. Oğlu onu müalicə üçün Türkiyəyə göndərmişdir. Cavabdehlər Bakı şəhər Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində 17 dekabr 2020-ci il tarixdə inzibati xəta haqqında protokol və inzibati qaydada tutma haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2020-ci il tarixli 3(004)-4341/2020 saylı qərarı ilə İddiaçı barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, İddiaçı həbsdən dərhal azad edilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbinin cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə aid hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Məhkəmə yuxarıda sadalanan qanunveicilik normalarına əsasən belə qənəaətə gəlir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməli olduğundan iddia tələbi Baş Dövlət Yol Polis İdarəsinə aid hissədə əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 2.171 manat məbləğində vurulmuş maddi zərərin əvəzinin tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, İddiaçı iddia tələbində anasının müalicəsi ilə bağlı olaraq onu Türkiyə Respublikasına göndərməsinə, müayinə, müalicə və nəqliyyat xərclərini qarşılamasına istinad edərək cavabdehlərdən ona dəymiş ziyanın əvəzi olaraq 2.171 manat məbləğində pulun ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçı, eləcə də şahid qismində dindirilən anası bildirmişlər ki, X6 istinad edilən hadisədən öncə də səhhətində problemlərlə mübarizə aparmış və müalicələr almışdır. İddiaçı anasının baş vermiş hadisədən sonra xarici ölkədə müalicə alması ilə bağlı sənədləri məhkəməyə təqdim etsə də, məhkəmə hesab edir ki, iddiaçının anasının xəstəliyinin məhz baş vermiş hadisədən sonra yaranması, qanunsuz hərəkət və ya hərəkətsizliklə iddiaçının anasının xəstəliyi arasında hər hansı səbəbli əlaqənin olması və zərərvuranın iddiaçının anasının səhhətinin pisləşməsində təqsiri işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Odur ki, iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı qanunsuz olaraq həbs olunması onun yüksək dərəcəli fiziki, mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Baş vermiş hadisə zərərçəkmişin şüuruna təsir göstərməklə onda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə yuxarıda sadalananlara qiymət verərək, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 500 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 500 manat məbləğində mənəvi ziyanın əvəzi tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 92 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar