Məhkəmə qərarları › İş №2(011)-8289/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8289/2025

15.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8289/2025 15.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya vurduğu 10.000 manat maddi ziyanın və vurduğu mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, qızları X3 və X1 müəllimlərin sertifikasiya imtahanında yüksək bal yazdıracağı, arvadı X2 məktəb direktoru vəzifəsinə bərpa edəcəyi barədə vəd verib iddiaçının etibarından sui-istifadə edib aldadaraq istifadəsində olan 5239-1517-4798-5342 nömrəli bank kartı vasitəsilə 21 aprel 2024-cü il tarixdə saat 16:32-də 2000 manat, 25 aprel 2024-cü il tarixdə saat 09:30-da vahid niyyət ilə 3000 manat, 13 may 2024-cü il tarixdə saat 10:09-da vahid niyyət ilə 3000 manat, 28 may 2024-cü il tarixdə saat 16:13-də vahid niyyət ilə 8000 manat, 30 may 2024-cü il tarixdə saat 09:24-də 7000 manat, 12 iyul 2024-cü il tarixdə saat 09:02-də 3000 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməklə iddiaçıya ümumilikdə 26.000 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh sonradan aldığı puldan 16.000 manatını qaytarmış, qalan 10.000 manat pulu isə dəfələrlə tələb etməsinə baxmayaraq, qaytarmamışdır. Dələduzluq etdiyinə görə, cavabdeh Hüseynli X4 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İddiaçıya 26.000 manat miqdarında ziyan vurması həmin hökmdə göstərilmişdir. Tərəflərin mövqeləri: İddiaçı məhkəmə iclasaında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh ilk vaxtlar özünü Mehman Ələsgərov kimi təqdim etmiş və iddiaçı onun Mehman Ələsgərov olduğuna inanaraq pulu vermişdir. Ağcabədi Rayon Məhkəməsində cinayət işinə baxılan zaman cavabdeh söz vermişdi ki, hər ay 2500-3000 manat məbləğində ödəniş edərək qalan pulu da qaytaracaq. Həbsdən çıxandan sonra 300 manat məbləğində ödəniş etmişdir. Hazırda cavabdehin ona 8300 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Həmçinin, iddiaçı bu müddət ərzində mənəvi zərər görmüş, qızının ailəsində bu səbəbdən mübahisə yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməsə də, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını, təxirə salımadığı halda isə etirazda qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasının təxirə salınması üçün sübutlar ərizəyə əlavə edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etirazını məhkəməyə təqdim etməmişdir. Sübutların tədqiqi: İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 1(017)-18/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)- 92/2024 saylı hökmü ilə Cavabdeh təyin edilmiş iki il altı ay müddətinə azadlığın məhdudlaşdırılması və 5000 (beş min) manat cərimə cəzanın ödənilməmiş qalan 4600 manat hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən, cərimə cəzasının tam toplanılmaqla Cavabdeh 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının və 4600 (dörd min altı yüz) manat miqdarda cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə, xx.xx.2024-cü il tarixdən bu günədək, yəni xx.xx.2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı beş ay iyirmi gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının on bir ay on günü, təyin edilmiş cəzasından çıxılmaqla Cavabdeh üzərində qəti olaraq iki il iyirmi gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının və 4600 (dörd min altı yüz) manat cərimə cəzasının saxlanılması hökm edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 1(017)-18/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 26.000 manat məbləğində maddi ziyan vurmuş, həmin ziyanın 16.000 manatını geri ödəmiş, qalan məbləğin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. İşin müəyyən edilən halları: Cavabdeh iddiaçının qızlarına müəllimlərin sertifikasiya imtahanında yüksək bal yazdıracağı, arvadının isə məktəb direktoru vəzifəsinə bərpa edəcəyi barədə yalan vəd verib inandıraraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə iddiaçıya 26.000 manat məbləğində maddi zərər vurmuşdur. Cinayət işi üzrə istintaq gedişində 16 000 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. İddiaçı məhkəmə iclasında izahatında hazırda cavabdeh tərəfindən ödənilməmiş qalıq pul məbləğinin 8300 manat olduğunu bildirmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən müddəanın mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İşin materiallarına əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya məxsus pulu ələ keçirməklə ona maddi zərər vurduğundan və ziyanı vurmaqda cavabdehin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq edildiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi mahiyyətinə görə əsaslı olsa da, həcminə görə qismən təmin edilməlidir. Belə ki, iddiaçı məhkəmə baxışı zamanı cavabdehin qismən ödəniş etdiyini və onun hazırkı vaxtda maddi zərərə görə 8300 manat məbləğində ödənilməmiş borcunun qaldığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, bu halın iddiaçı tərəfindən etiraf edilməsi artıq cavabdehi 1700 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarması ilə bağlı faktı sübutetmək vəzifəsindən azad edir. Odur ki, iddia tələbi maddi zərər hissəsində qismən təmin edilərək, 8300 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsinədə mənəvi sarsıntı keçirməsinin, psixologiyasında stress, sarsıntı və emosional gərginliyin nədən ibarət olmasını göstərməmiş, bununla bağlı yalnız qanunvericilik normalarını sadalamaqla kifayətlənmişdir. Eyni zamanda, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirməsi, psixologiyasında stress, sarsıntı və emosional gərginlik keçirməsi, bunlara görə sağlamlalığına ziyan dəyməsi və s. ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, qeyd edilənləri və iddiaçı tərəfindən pul vəsaitinin cavabdehə verilməsi məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün kimi qanunla dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutulmalıdır. Ona görə iddianın qiymətinə uyğun olaraq 103 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 8300 manat məbləğində maddi zərər alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 103 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar