Məhkəmə qərarları › İş №2(011)-8381/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8381/2025

28.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8381/2025 28.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı cavabdehin Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 49, 8 saylı mənzildən istifadə hüququnun itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyətinin başçısının aparatı Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsinin Qeydiyyat vəsiqəsinə əsasən onun adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. X17 ailə həyatı qurduqdan sonra onun keçmiş həyat yoldaşı cavabdeh X12 onun mülkiyyətçisi olduğu evə qeydiyyata düşmüş və yaşamışdır. Oğlunun nikahı pozulduğu vaxtdan onun keçmiş həyat yoldaşı onun evindən köçüb getmişdir lakin, qeydiyyatdan çıxmamışdır. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 49, 8 saylı mənzildə xx.xx.1958-ci il təvəllüdlü İddiaçı, xx.xx.1989-cu il təvəllüdlü X11, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh, xx.xx.2019-cu il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X5 qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İventarlşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 30/48669 saylı, xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 49, 8 saylı mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6363/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X10 ilə X11 arasında xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2504 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X4 atası X6 yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment X1 tutularaq X9 ödənilməsi qət edilmişdir. Nikahın pozulması haqqında xx.xx.2024-cü il tarixli, 508828 saylı şəhadətnamənin sürətinə əsasən X11 ilə X10 arasında nikaha Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X19 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-697/2026 saylı, 7 yanvar 2026-cı il tarixli məktubuna əsasən, ünvan 1 ünvanı xx.xx.1995-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

Məhkəmənin mövqeyi Tərəfin izahatı və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 49, 8 saylı mənzil İddiaçı mülkiyyətindədir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2017-ci ildə iddiaçının oğlu ilə ailə həyatı qurmuş və qeyd edilən mənzilə gəlin köçmüşdür. Sonradan tərəflər arasında münasibətlər pozulmuş və onların nikahına 2023ci ildə məhkəmə tərəfindən xitam verilmişdir. Beləliklə, cavabdehin mənzillə bağlı hüquqlarının yaranıb-yaranmadığı 2017-ci il əsas götürülərək Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin müvafiq normalarına əsasən araşdırılmalıdır. Belə olan halda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının keçmiş gəlini Cavabdeh iddiaçının ailə üzvü və ya özünün saxlanılmasını tələb etmək hüququ olan qohum hesab edilmədiyinə görə onun mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, iddia üzrə cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, iddia üzrə cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iş üzrə tərəflərə və müvafiq dövlət orqanına izah edilməsidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı Cavabdeh ünvan 1 ünvanında yerləşən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiası rədd edilsin. Bu qətnamə Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar