Məhkəmə qərarları › İş №2(011)-8391/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8391/2025

16.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8391/2025 16.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “fərdi yaşayış evinin qazla təchiz edilməsi, qazın alqısatqısına dair müqavilənin bağlanması və qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “fərdi yaşayış evinin qazla təchiz edilməsi, qazın alqısatqısına dair müqavilənin bağlanması və qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində 200 k.v. metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon S.Əliyev adına Südlük Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəsissəsinin 17 fevral 2000-ci il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyətinin 12 yanvar 1995-ci il tarixli 25 №-li qərarına əsasən 200 k.v.metr torpaq sahəsi ev tikmək üçün iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsində iddiaçı fərdi yaşayış evi inşa etmişdir. İstifadəsində olan torpaq sahəsində şəhərsalma qaydalarına riayət etməklə evin inşasını başa çatdırmışdır. Evə köçdüyü gündən qaz xəttinin çəkilməsi üçün müraciət etmişdir. Həmin yaşayış evinə yalnız işıq xətti çəkdirmişdir. Qaz xətti iddiaçının yaşadığı evdən çox kənardan keçdiyi üçün qaz xəttini çəkə bilməmiş, lakin bir müddətdən sonra həmin xətti uzaqda olsa da öz hesabına çəkdirməyini aidiyyəti orqanlara bildirmişdir, lakin cavabdeh təşkilat iddiaçının şifahi müraciətinə məhəl qoymadığı üçün Cavabdeh İB-yə yazılı qaydada xx.xx.2025 tarixdə ərizə ilə müraciət etmişdir. Cavabdeh təşkilat iddiaçıya bu günə qədər rəsmi cavab verməmiş, lakin telefonla bildirmişdir ki, Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (maddə 13 bənd 10-1) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə olan, lakin belə icazə alınmadan inşa edilmiş və tikilməkdə olan habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin hesablanmasına həmin məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan obyektlərin qaz xəttinə qoşulması qadağan olunması ilə əsaslandırılmışdır. İddiaçı cavabdehin iddiaçıya rəsmi cavab verməməsini imtina kimi qəbul edir və əsassız hesab edir. İddiaçının istifadəsində olan yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evinə qaz xətti çəkilməsinin təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İddia ərizəsinə əlavə edilmiş çıxarışdan da görünür ki, həmin torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Mülkiyyət isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi ilə qorunur. İddiaçı inşa etdirdiyi fərdi yaşayış evini şəhərsalma qaydalarına uyğun inşa etdirmişdir və çəkiləcək kommunal xətlər tam nəzərə alınıb, heç bir mühafizə zolağına düşmür. Bundan başqa cavabdehin imtina etdiyi əsaslardan biri də sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədi ilə qazla təmin etmə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1, 12.11, 16.1, 25.1, 25.5, 149.1, 149.5, 149.7 maddələri bir vətəndaş kimi iddiaçıya şamil olunmalıdır. Göründüyü kimi bu əsassız imtinadır. Çünki həmin torpaq sahəsi zəbt olunmayıb. İddiaçı həmin qanuna dəyişiklikdən çox qabaq 2020-ci ilin fevral ayında inşasını başa çatıb həmin fərdi yaşayış evində ailəsi ilə birgə yaşayır. Bunu sübut edən evinə çəkilmiş elektrik xəttidir. Cavabdeh İB-nin imtinası qanunsuz və əsassızdır. Cavabdeh bu hərəkəti ilə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş konstitusion hüquqlarını kobud surətdə pozur. Ona görə də cavabdehin imtinası əsassızdır. İddia təmin edilməli, məhkəmə cavabdehin imtinasını əsassız hesab edilməsi, 200 k.v. metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsini cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmalıdır. Daha sonra İddiaçı nümayəndəsi X2 məhkəməyə iddia ərizəsinə dəqiqləşmə verərək, məhkəmədən, Cavabdeh imtinasının əsassız hesab edilməsi, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 200 k.v. metr torpaq sahəsində inşaat edilmiş fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi, müqavilənin bağlanması və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayandəsi H.Cəfərli məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 30 may 2023-cü il tarixli, 893-VİQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10-1-ci bəndə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq mülki işin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, İddiaçı özünə məxsus torpaq sahəsində yaşayış evini 2022-ci ildə tikib. Tikintiyə 2021-ci ildə başlayıb. Təqribi 3 ildir ki, köçüb yaşayırlar. Fərdi yaşayış evinə su çəkilməyib, amma ışıq çəkilib. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon S.Əliyev adına Südlük Maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı Müəsissəsinin 17 fevral 2000-ci il tarixli, 6 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 nömrəli Qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş İddiaçı 0,20 ha torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılıb. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyətinin “Ramana Südçülük sovxozuna fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondu ayrılması haqqında” 12 yanvar 1995-ci il tarixli sərəncamının surətindən görünür ki, Ramana Südçülük sovxozunda yaşayan və işləyən, evi və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan fəhlə və mütəxəssislərə vermək üçün hər ailəyə 0,10 hektar hesabı ilə 150 ailəyə tar həyətyanı, 4,8 hektar küçə və yollar altına, cəmi – 19,8 hektar həyatyanı torpaq fondu ayrılmalıdır. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış müraciətin baxılması haqqında məktubun surətindən görünür ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda xx.xx.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (maddə 13.bənd 10-1) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və tikilməkdə olan habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin hesablanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədilə, qazlaşdırma yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilir. Fərdi yaşayış evlərinin qazlaşdırılması ilə əlaqədar texniki şərtlərin alınması üçün fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasıyalar üzrə Dövlət Agentliyinin “Asan” Xidmət və “Asan Kommunal” mərkəzlərinə müvafiq mülkiyyət sənədləri təqdim edilməklə müraciət edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin abunə haqqında elektron çıxarışından görünür ki, ünvan 1 ünvanı üzrə abonent irəliyeva Əfsanə Aftandil qızının qeydiyyatı xx.xx.2024-cü il tarixdə olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası “Normativ hüquqi aktlar haqqında” Qanunun: 2.2-ci maddəsinə görə normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. 87.1-ci maddəsinə görə normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 87.3-cü maddəsinə görə törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 400.1-ci maddəsinə görə əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 36.1.2-ci maddəsinə görə təbii qazın boru kəmərləri ilə nəqli (Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı istisna olmaqla), saxlanması, paylanması və (və ya) təchizatı xidmətləri - təbii inhisar fəaliyyəti sahələridir. Həmin Məcəllənin 40.5.9-cu maddəsinə görə təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək məhsulların istehsalı (satışı) zamanı təbii inhisar subyektlərinə qadağan edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 1-ci maddəsinə görə istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. 3-cü maddəsinə görə Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. 8-ci maddəsinə görə bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun (bu Qanun Azərbaycan Respublikasının 8 iyul 2025-ci il tarixli 233-VİİQ nömrəli Qanunu ilə ləğv edilmişdir) 13-cü maddəsinin 10-1. bəndinə görə (bu bənd xx.xx.2023-cü ildən qüvvəyə minmişdir) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 14.9-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın 1.2.2-ci bəndinə görə sifarişçi – qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxsdir. Həmin Qaydanın 1.5-ci bəndinə görə bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan(yəni, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan) tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Həmin Qaydanın 1.6-cı bəndinə görə bu Qaydanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulan tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Həmin Qaydanın 2.3-cü bəndinə görə tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması onun sifarişçisinin müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq təmin edilir. Həmin Qaydanın 2.15-ci bəndinə görə tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini qaz paylayıcısı həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.4-cü yarımbəndində nəzərdə tutulan qoşulma xidmətinə görə ödənişdən əlavə heç bir ödəniş etmir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2024-cü il tarixli 5 nömrəli qərarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ərazi planlaşdırması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması 271 manat, ərazi planlaşdırması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması 160 manat təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydalarının 6.4-cü bəndi nəzərdə tutur ki, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya məxsus yaşayış evi müvafiq məlumatlandırma icraatı aparılmadan, yəni yerli icra hakimiyyəti orqanına müvafiq məlumat verilmədən inşa edildiyindən, cavabdeh orqan evin qazla təchiz edilməsindən imtina etmişdir. Bu zaman cavabdeh orqan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minmiş 13-cü maddəsinin 10- 1-ci bəndinə istinad etmişdir. İddiaçının nümayəndəsinin izahatına əsasən iddiaçı torpaq sahəsini 2021-ci ildən alıb, yaşayış evinin tikintisinə 2022-ci ildə başlamışdır. İş materiallarından iddiaçının torpaq sahəsinə sahiblənməsi və ya yaşayış evinin tikintisinə başlamasına dair dəqiq tarixlər bəlli deyil. Mübahisəli yaşayış evi özbaşına tikilidir. Qeyd olunanları və həmçinin cavabdeh tərəfindən bunun əksini təsdiq edən sübutların təqdim edilmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, 2023-cü il oktyabrın 1-dən qüvvəyə minmiş “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 10-1-ci bəndi zamana görə bu mübahisəyə tətbiq edilməməlidir. Belə ki, iddiaçının 2023-cü ilədək torpaq sahəsinə sahiblənməsi nəzərə alınarsa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minmiş 13-cü maddəsinin 10-1-ci bəndi iddiaçının vəziyyətini pisləşdirdiyindən geriyə tətbiq edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunsuz hesab edilərək, tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması xidməti üçün Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edilmiş tarifin iddiaçı tərəfindən ödənilməsi şərti ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanında yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin texniki təhlükəsizlik qaydalarına riayət etməklə qazlaşdırılması vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Bununla əlaqədar həmçinin, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanında yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı iddiaçı ilə qazın alqısatqı müqaviləsinin bağlanılması və həmin ünvanda qaz sayğacının quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı dövlət rüsumundan azad edildiyindən, 100 (bir yüz) manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması xidməti üçün Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edilmiş tarifin iddiaçı tərəfindən ödənilməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanında yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin texniki təhlükəsizlik qaydalarına riayət etməklə qazlaşdırılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanında yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı iddiaçı ilə qazın alqı-satqı müqaviləsinin bağlanılması və həmin ünvanda qaz sayğacının quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. 100 (bir yüz) manat dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar