Məhkəmə qərarları › İş №2(011)-846/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-846/2023

02.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-846/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 22, ünvanında yerləşən ümumi sahəsi 51.54 kv.metr olan 29 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 22, mənzil 29 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir, iddiaçı cavabdehin qayınatası olmuş, cavabdeh iddiaçının oğlu ilə 2006-ci ildə ailə həyatı quraraq mübahisəli mənzilə gəlin köçmüşdür, 12 oktyabr 2021-ci il tarixində aralarındakı nikah pozulmuş, nikahları pozulduqdan sonra cavabdeh evi tərk etmiş və bir daha geri qayıtmamışdır, artıq onlar arasında heç bir ailə bağlılığı yoxdur, lakin qeydiyyatı hələ də qalmaqdadır, cavabdehin əşyalarının bir qismi mübahisəli mənzildə qalmışdır, cavabdeh özünə şərait qurana qədər iddiaçı həmin əşyaların orada qalmasına icazə verir, cavabdehin qeydiyyatda olması iddiaçının öz hüquqlarından istifadə etməsinə maneə yaradır, mübahisəli mənzil 2 otaqdan ibarətdir, onların birində mülkiyyətçi öz həyat yoldaşı ilə, digərində isə iddiaçının oğlu ilə 2-ci dəfə nikaha daxil olduğu həyat yoldaşı yaşayır, mənzil əvvəl order əsasında iddiaçıya verilmişdir, cavabdehin orderdə adı qeyd edilməmişdir, mənzil 2016-cı ildə özəlləşdirilmişdir, özəlləşdirilərkən cavabdeh qeydiyyatda olmadığından ondan razılıq tələb olunmamışdır, qanunvericilikdə mülkiyyətçinin hüquqlarının müdafiəsi ilə bağlı dəyişikliklər edilmişdir, yeni Mənzil Məcəlləsində deyilir ki, ailə münasibətlərinə xitam verildiyi halda mənzildən istifadə hüququna da xitam verilir, cavabdehin həmin mülkiyyətə hüquqları mübahisəli mənzilə köçdüyü dövrdə qüvvədə olan qanunvericiliklə yaranmışdır, bu münasibətlər qüvvədən düşmüş Mənzil Məcəlləsi ilə həll olunmalıdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, istifadə hüququnun xitam edilməsi ilə bağlı gəlini Cavabdeh kompensasiya verməyəcəkdir, gəlini ilə aralarında olan ailə münasibətlərindən artıq bezmişdir, gəlini 17 il ərzində tez-tez mübahisəli mənzili tərk etmiş və onun xahişi ilə geri qayıtmışdır, onun mülkiyyətində olan mübahisəli mənzil 2 otaqdan ibarət olmuş, otaqlardan birini gəlini üçün ayırmış, lakin gəlini onlarla birgə yaşamaqdan imtina edərək həmin mənzili tərk etmiş və geri qayıtmamışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, oğlunun 13, qızının 9 yaşı olmaqla 2 uşağı var, 2006-cı ildə mübahisəli mənzilə gəlin köçərkən özü ilə cehiz kimi divan, kreslo, xalça, paltaryuyan, uşaqlar üçün çarpayı, ətçəkən, çil-çıraq gətirmişdir, həmin evdə gəlin olmuş, orada təsərrüfat aparmaqla, uzun müddət yaşamışdır, onu həmin evdən 2021-ci ilin yaz aylarında döyüb qovmuşdurlar, keçmiş həyat yoldaşı X14 ilə aralarında olan rəsmi nikah pozulandan sonra uşaqlardan biri öz, digəri isə atasının himayəsində qalmışdır, onlar boşandıqdan 4 ay sonra keçmiş həyat yoldaşı dayısı qızı ilə ailə həyatı qurmuşdur, buna görə də o, həmin evdə yaşaya bilmir, başqa evi də yoxdur, özünə şərait qurması üçün iddiaçı ona kompensasiya vermir, ailəsi ilə yaxşı münasibətləri olsa idi, o həmin evi tərk etməz, onlarla birgə yaşayardı, 1 ildir ki, Qobustan rayonunda kirayə mənzildə yaşayır, cehiz kimi gətirdiyi əşyaları özü ilə aparmağa yeri olmadığı üçün həmin əşyalar mübahisəli mənzildə qalmışdır, keçmiş həyat yoldaşı dəfələrlə zəng edib əşyaları maşına yığaraq onun yaşadığı mənzilin qarşısına tökəcəyini demişdir, mübahisəli mənzildən ona aid olan payın kompensasiya kimi ona verilməsini istəyir, mübahisəli mənzil 2 otaqlı evdir, həmin evdə keçmiş həyat yoldaşı, onun ikinci nikahdan həyat yoldaşı, anası, atası və oğlu yaşayır, keçmiş həyat yoldaşı onun xalası oğlu olmuşdur, aliment almır. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.1966-cı il təvəllüdlü X8 şahid qismində ifadə verərək bildirdi ki, Cavabdeh İddiaçı gəlinidir, 40 ildir ki, həmin ailə ilə bir blokda yaşayır, 9cu mərtəbədə o özü, 6-cı mərtəbədə isə İddiaçı və ailəsi yaşayır, onlara çox gediş-gəlişi olmamışdır, İddiaçı kafel ustası olmuş, onların evində kafel işi görmüşdür, Cavabdeh dəfələrlə küsüb getmişdir, qayınatasının ona bu barədə irad bildirməsi cavabdehin xətrinə dəymişdir, nə üçün getdiyini isə bilmir. Məhkəmə iclasında xx.xx.1950-ci il təvəllüdlü X17 şahid qismində ifadə verərək bildirdi ki, cavabdehə ailəsi ilə dolanmasını, yaşamasını məsləhət kimi demiş, lakin cavabdeh ona evdə dolana bilmədiklərini bildirmişdir, cavabdehin nə üçün getdiyini bilmir, münaqişəli ailə olmuşlar, yoldaşı ilə dalaşıb getmiş, davalarının şahidi olmuşdur, amma cavabdehin gözünün qabağında döyülməyini görməmişdir. İş materiallarında olan Azərbaycan SSR İcraiyyə Komitəsi tərəfindən verilmiş 206674 saylı Orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 04 may 1983-cü il tarixdə İddiaçı Bakı şəhəri, Əhmədli qəsəbəsi məhəllə 2880-81 ünvanında yerləşən, 2 otaqdan ibarət ümumi sahəsi 30.14 kv/m olan 1a saylı evin 29 saylı mənzilə dair order verilmişdir. Onun ailə tərkibi özü, X2 və X3 ibarətdir. İş materiallarında olan məhkəmə sorğusu əsasında xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat” haqqında xx.xx.2016-cı il tarixli 335681 saylı arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında 26 iyun 2005-ci il tarixdən qeydiyyatdadır. X1, X9, X21, X10, X14, X19, X11 və X15 həmin mənzildə qeydiyyatda olan digər şəxslərdir. İş materiallarında olan X2, X9, X10, X14, X11 tərəfindən xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə yazılan ərizənin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, adları qeyd olunan şəxslər Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 22 ünvanında yerləşən 29 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən notarial qaydada təsdiq olunmuş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 22, mənzil 29 ünvanında yerləşən, ümumi sahəsi 51.54 kv/m olan tam paylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2016-ci il tarixdə qeydə alınmışdır. İş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-7088/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə iddiaçının oğlu X4 Cavabdeh qarşı “nikahın pozulması barədə” tələbinə dair iddiası təmin edilmiş, X14 ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində 1343 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X12 atası X4, xx.xx.2013-cü il təvəllüdlü X5 anası Cavabdeh yanında qalması, qətnamə qəbul edildiyi gündən başlayaraq xx.xx.2013cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin X3 tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 419931 saylı, xx.xx.2022-ci il tarixli Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 və Cavabdeh arasında xx.xx.2007-ci ildə bağlanmış nikaha Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat” haqqında xx.xx.2022-ci il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında 26 iyun 2005-ci il tarixdən qeydiyyatdadır. X1, X14, Cavabdeh, X11, X15, X19, X20, X6 və X10 da həmin mənzildə qeydiyyatda olan digər şəxslərdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə məlumatdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1983-cü il tarixdə mübahisəli Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 22, mənzil 29 ünvanında yerləşən mənzilə dair order verilmişdir, orderdə X2 və X4 adı qeyd edilmişdir, həmin mənzil İddiaçı adına xx.xx.2016-ci il tarixdə özəlləşdirilmişdir, cavabdeh mübahisəli mənzilə 2006-cı ildə gəlin köçmüş, orada icarədarla birgə təsərrüfat aparmaqla onun digər ailə üzvü kimi orada daimi əsaslarla yaşamış və 2021-ci ildə ailə münaqişəsi zəminində mənzili tərk etmişdir, məhkəmə qətnaməsi əsasında onunla iddiaçının oğlu R.İddiaçı arasında olan rəsmi nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur, birgə nikahdan olan uşaqlardan biri atası ilə birlikdə mübahisəli mənzildə yaşayır, digər uşaq isə cavabdehlə birgə qalır, cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır, onun cehiz əşyaları da hazırda mübahisəli mənzildə saxlanılır, cavabdehin mübahisəli mənzilə qayıtması mümkün deyil, bu onunla izah olunur ki, mənzil 2 otaqdan ibarət olmaqla bir otaqda iddiaçı öz ailəsi, digərində isə iddiaçının oğlu (cavabdehin keçmiş həyat yoldaşı) öz yeni ailəsi ilə birlikdə yaşayır, həmçinin cavabdehin iddiaçının oğlu ilə birgə nikahdan olan uşağı da mübahisəli mənzildə qalır, cavabdeh mübahisəli mənzil özəlləşdirildikdən sonra - 2016-cı ildə mənzilə pasport qeydiyyatına alınmışdır. Bununla belə, cavabdehin mübahisəli mənzilə istifadə hüququnu istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasındakı mənzilə dair hüquq münasibəti cavabdehin mübahisəli mənzilə gəlin köçməklə daimi əsaslarla yaşadığı 2006-cı ildən yaranmışdır ki, bu da onlar arasındakı mübahisənin həmin dövrdə qüvvədə olan maddi hüquq normaları, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməklə həll olunmasını şərtləndirir. Həmçinin məhkəmə hesab edir ki, mübahisəli mənzil dövlət fonduna aid olmaqla yaşayış sahəsi orderi əsasında 1983-cü ildə iddiaçıya verildiyindən və mənzilin eyni hüquqi vəziyyətində (hər hansı şəxsin adına özəlləşdirilmədən) cavabdeh həmin mənzilə 2006-cı ildə daimi əsaslarla köçməklə yaşadığından, onun da həmin mənzilə istifadə hüququ yaranmışdır və mənzilin mülkiyyətçisi olmayan, lakin özəlləşdirilmə zamanı (2016-cı ildə) kirayəçi ilə birlikdə faktiki yaşayan cavabdehin özəlləşdirilən mübahisəli mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müdafiə olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ olduğundan və orada daimi əsaslarla yaşadığından, onun həmin mənzilə mülkiyyət hüququ üzrə ağlabatan və “qanuni gözləntisi” də istisna olunmur. Məhkəmə, iddiaçının “cavabdehlə ailə münasibətlərinə xitam verilməsi ilə mənzilə istifadə hüququnun itirilməsi” barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, əvvəla, cavabdeh dövlət fonduna daxil olan mübahisəli mənzildə 2006-cı il tarixdən etibarən iddiaçı ilə bərabər gəlini - ailə üzvü kimi yaşayıb birgə təsərrüfat aparmaqla, iddiaçı ilə eyni hüquq və vəzifələrə məxsus olmuşdur ki, belə olan halda da həmin dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinə əsasən, cavabdehin iddiaçının ailə üzvləri sırasından çıxması, onun mənzilə istifadə hüququna xitam verilməsinə əsas vermir, əksinə o, mənzilə dair iddiaçı və onun ailə üzvləri ilə eyni hüquq və vəzifələrə malikdir. İkincisi, hüquqi və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz olduğu qədər, mənzil hüququ da, heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünü özündə ehtiva etməklə, hüquqi dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilən dəyərlərdəndir və bu hüquqlar insan hüquq və əsas azadlıqları sistemində vahid vəhdət təşkil edərək eyni əhəmiyyətli hüquqlar kimi müdafiə olunur, həmçinin hər kəsin hüquq və azadlıqları digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, mənzildən məcburi çıxarılan, habelə hazırda yetkinlik yaşına çatmayan övladı ilə kirayə mənzildə yaşayan, faktiki olaraq aliment almayan cavabdehin mənzilə olan ehtiyacının ödənilməsinin normativ əsası sayılan mənzildən istifadə hüququnun xitamı üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 12-ci maddəsinə əsasən, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər hüquqi mövqeyinə görə, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir. Belə ki, həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz... Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cəbrayılova Nonna Serqeyevnanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2 dekabr 2010-cu il Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 aprel 2018-ci il Qərarına əsasən tərəflər arasında münasibətlər yarandığı zaman qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 306-cı maddəsi nəzərdə tuturdu ki, mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər. Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurdu. Digər qohumlar, habelə himayədə olan əmək qabiliyyəti olmayanlar, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardıqda kirayəçinin ailə üzvləri sayıla bilərdi. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 1985-ci il 12 aprel tarixli “Məhkəmələrin Azərbaycan SSR Mənzil Qanunvericiliyinin tətbiqi təcrübəsinə dair” Qərarına əsasən yaşayış sahəsinə digər şəxslərin hüququna dair mübahisələrin həlli zamanı məhkəmələr nəzərdə tutmalıdırlar ki, yaşayış sahəsinə yalnız o şəxslər tələb irəli sürə bilər ki, onlar mənzil sahibinin yaxud kirayəçinin yaxın qohumlarıdır, yaxud kirayəçidən asılı olan, əmək qabiliyyəti olmayan şəxslərdir. İstisna halda digər şəxslər yalnız o şərtlə müvafiq hüquqa malik olurlar ki, onlar kirayəçi ilə birgə təsərrüfat aparırlar, yaxud onunla ailə münasibətlərindədirlər. Bunlardan biri olmasa şəxs kirayəçinin ailə üzvü hesab edilə bilməz. Göründüyü kimi, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər. Beləliklə, yaşayış sahəsindən istifadə hüququ yalnız yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada mümkün olurdu...Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə görə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il Qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə görə mənzillərin özəlləşdirmə hüququ qanunla təsbit olunan hüquqdur və onun yaranması bilavasitə özəlləşdirilən mənzildə yaşamaq hüququ ilə əlaqəlidir. Mənzillərin əvəzsiz olaraq özəlləşdirilməsinin mümkünlüyünü qanunda təsbit etməklə yanaşı, dövlət vətəndaşlara həmin hüququn həyata keçirilməsi üçün şərait yaratmalı və müəyyən əmlakın onların xüsusi mülkiyyətinə verilməsi zamanı Konstitusiyada nəzərdə tutulmuş prinsiplərin qorunmasını təmin etməlidir. Burada xüsusi önəm həm mülkiyyət hüququnun konstitusion təminatlarına, həm də Qanunda istifadə olunan hüquqi vasitələr və konstitusiya əhəmiyyətli dəyərlər arasında olan mütənasiblik prinsipi əsasında müvafiq münasibətlərin bütün iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə verilməlidir. Buna müvafiq olaraq qanunverici “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 3-cü maddəsində digər prinsiplərlə yanaşı, həmçinin yaşadıqları mənzillərin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması və özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət prinsiplərini təsbit etmişdir. Qanunun göstərilən birinci prinsipdən irəli gələn başlıca məqsədi – yaşayış sahəsinə müstəqil şəkildə sahib olmaq, istifadə etmək, sərəncam vermək və daşınmaz əmlak bazarında iştirak etmək imkanının təqdim edilməsi vasitəsilə vətəndaşların mənzil ehtiyaclarının və mənzil fondunun istifadəsinin və qorunmasının daha səmərəli şəkildə təmin edilməsi kimi qəbul edilməlidir. Qanunun yuxarıda qeyd olunan ikinci prinsipdən irəli gələn digər mühüm məqsədi isə özəlləşdirmə zamanı və onun nəticəsində yaranan münasibətlərin bütün iştirakçılarının, o cümlədən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının müdafiəsinə yönəlmişdir. Məhz bu iki məqsədin qarşılıqlı təminatı baxımından qanunverici “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş qaydanı müəyyən etmişdir. Həmin maddənin birinci hissəsinin birinci cümləsinin məzmununa görə özəlləşdirilmiş mənzilin mülkiyyətçisi yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzilə öz mülahizəsinə görə sahiblik edir, istifadə edir və onun barəsində sərəncam verir: onu vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onun barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilər. Göründüyü kimi, şəxsin öz mülkiyyətində olan özəlləşdirilmiş mənzillə bağlı qanunvericiliyə zidd olmayan hər hansı əqd bağlaması mütləq şəkildə ailə üzvlərinin razılığı ilə şərtləndirilmişdir. Bununla da qanunverici ailə üzvlərinin özəlləşdirilmiş mənzilə əvvəllər əldə olunmuş və mahiyyətcə məhdud əşya hüququ olan yaşamaq hüququnu təmin etmək məqsədilə mülkiyyətçinin mülkiyyət hüququnu məhdudlaşdırmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə müəyyən olunmuş hüquqi mövqeyə əsasən, mənzilin (evin) mülkiyyətçisi olmayan, lakin özəlləşdirilmə zamanı kirayəçi ilə birlikdə faktiki yaşayan onun ailə üzvlərinin özəlləşdirilən mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müdafiə olunmalıdır. Lakin hər bir halda bu, mütənasib şəkildə, özəlləşdirilən mənzilin mülkiyyətçisinin mülkiyyət hüquqları nəzərə alınmaqla həyata keçirilməlidir. Ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar...Ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Buna müvafiq olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, adına özəlləşdirilmə aparılmış şəxsin, buna razılıq vermiş ailə üzvlərinin ona olan güvən və etimadlarına zidd şəkildə öz mülkiyyət hüququndan istifadə etməsi hüquqdan sui-istifadə hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə xx.xx.2015-ci tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. Mülkiyyət anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 22, ünvanında yerləşən ümumi sahəsi 51.54 kv.metr olan 29 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə (dövlət rüsumu) münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 22, ünvanında yerləşən ümumi sahəsi 51.54 kv.metr olan 29 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar