Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8563/2025 15.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Vəkil, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 8İ-6701 reyest nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 36 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2025-ci il tarixli, 8İ-6701 reyestr nömrəli icra qeydi aparılmışdır. Bank haqsız olaraq notariat ofisinə müraciət etmişdir. Çünki xx.xx.2024-cü il tarixndə özlərini Azərcell işçisi kimi təqdim edən dələduz şəxs ona zəng edib, telefonuna qoşularaq kredit götürmüşdür. Sonradan məlum olmuşdur ki, bank kartında olan 1403,47 manat oğurlanmış, 13042 manat kredit götürülmüşdür. Dərhal bankla əlaqə saxlamış, kartını blok etmələrini bildirmişdir. Kapitel bankdan pulun geri qaytarılmasını tələb etdikdə onlar bunun mümkün olmadığını və adına 13042 manat, 5000 manat məbləğində kredit götürüldüyünü bildirmişdir. İddiaçı isə yeni işə girdiyini, bu səbəbdən ona kredit verilmədiyini bildirmişdir. Daha sonra hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Bu barədə xx.xx.2025-ci il tarixində CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin icra qeydinə əsasən, "xxxx" ASC-nin xeyrinə İddiaçı GTKR1757126C299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 16509,01 manatın tutulması nəzərdə tutulmuşdur. 36 saylı Notariat Ofisi “Notariat haqqında” AR Qanununun 76-cı maddəsini pozmuşdur, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə ona tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməmişdir və icra qeydi onun xəbəri olmadan aparılmışdır. Ona bildiriş göndərilmədiyi səbəbindən hansı sənədlər əsasında ondan 16509,01 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi, 16534,01 manat tutulması ona aydın deyil və 36 saylı Notariat Ofisi borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yoxlama aparmadan əsassız olaraq xx.xx.2025-ci il tarixli 8İ-6701 reyestr nömrəli icra qeydini aparmışdır. Məhkəmə prosesinin gedişində "xxxx" ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı, iddiaçının vəkili-nümayəndəsi iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun verilmişdir və ləğv edilməsi üçün əsas yoxdur. İddiaçının qeyd etdiyi kimi hətta onun dələduzlar tərəfindən aldadılması halı mövcud olsa belə, bu onu bank qarşısında öhdəliklərdən azad etmir, iddiaçı bu zaman zərərçəkən şəxs kimi ona dəyən zərəri dələduzlardan tələb edə bilər. Cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə, illik 33,2 faiz dərəcəsi ilə 13042 manat kredit verilmiş və kreditin onun adına açılmış hesaba köçürülmüşdür. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, İddiaçı özünə məxsus olan bank kartından pulun oğurlanması və ondan xəbərsiz olaraq adına ümumilikdə 18000 manat pul kreditinin götürülməsi ilə bağlı müraciəti əsasında Nəsimi RPİ-də cinayət işi başlamışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı Banka xx.xx.2025 və xx.xx.2025-ci il tarixllərində daxil olmuş müraciətlərinə baxılmış və ona kredit müqaviləsinin üztanıma ilə rəsmiləşdirilməsi, köçürmələrin 3D kodları ilə icra edildiyi bildirilmiş, ətraflı araşdırma üçün hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 13042 manat əsas, 3467,01 manat faiz borcu qalmışdır. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 13042 manat əsas, 3467,01 manat faiz borcu olmaqla, 16509,01 manat borcunun qalması barədə xəbərdar edilmiş, kredit müqaviləsi üzrə ondan tam borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Poçt göndərişlərinin siyahısından və “SS” kod üzrə izləmə məlumatlarından görünür ki, xx.xx.2025-ci il tarixli pretenziya məktubu İddiaçı ünvanına çatdırılmışdır. xx.xx.2025-ci il tarixli, 8İ-6701 saylı icra qeydindən görünür ki, Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən "xxxx" ASC-nin xeyrinə İddiaçı GTKR1757126C299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 16509,01 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi, 16534,01 manat pulun tutulması barədə icra qeydi verilmişdir. Tətbiq edilən hüquq: “Notariat haqqında” Azərbaycan Respublikası Qanununu:
76. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddia tələbinin əsas dəlilləri ondan ibarətdir ki, "xxxx" ASC tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət ediləcəyi ilə bağlı bildiriş İddiaçı göndərilməmiş, eləcə də, bank lap əvvəldən borcun mübahisələndirildiyini bilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə, cavabdeh "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin iş materialları ilə qeyd edilən bildirişin iddiaçıya göndərilməsi təsdiq olunmur. Məhkəmə araşdırması zamanı cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisinə xx.xx.2025-ci il tarixli, 8İ-6701 reyestr nömrəli icra qeydinin aparılmasına əsas təşkil etmiş sənədlərin (borcluya göndərilən bildiriş, bildirişin göndərilməsini və borclu tərəfindən alınmasını təsdiq edən sənədlər, kredit müqaviləsi, borclunun hesabından çıxarış, təfsilatlı maliyyə arayışı) məhkəməyə təqdim edilməsi barədə sorğu verilmişdir. Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən sorğuya cavab verilməmiş və icra qeydinin aparılmasına əsas təşkil etmiş sənədlər məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi isə 36 saylı Notariat Ofisinə elektron formada müraciət olunduğunu bildirsə də, Bank tərəfindən elektron müraciət edilməsini təsdiq edən ərizə və həmin müraciətə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən 76-cı maddəsində sadalanmış sənədlərin, o cümlədən bildirişin əlavə olunmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bank tərəfindən borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməsi ümumiyyətlə sübut olunmur. Belə ki, "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər içərisində borcluya göndərilmiş yalnız xx.xx.2025-ci il tarixli məktub mövcuddur ki, həmin məktub ümumi pretenziya bildirişi olmaqla, borclunu borc məbləğinin tam ödənilməyəcəyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar etmiş, lakin, konkret olaraq borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı bildirilməmişdir. Göründüyü kimi Bakı şəhəri 36 saylı Notariat Ofisinə icra qeydinin aparılmasına dair ərizənin elektron qaydada verilməsi və lazımi sənədlərin ərizəyə əlavə olunması təsdiq olunmur. Beləliklə də, cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi yoxlamadan icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Həmçinin, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, icra qeydinin verilməsinə əsas olan kredit müqaviləsi üzrə borcun borclu İddiaçı tərəfindən mübahisələndirilməsi tələbkar Banka əvvəldən məlum olmuşdur. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 8İ-6701 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ-6701 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli