Məhkəmə qərarları › İş №2(011)-8610/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8610/2024

23.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8610/2024 23.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı Cavabdehnə qarşı “qaz xəttinin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Qobu qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən 0.04 ha torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş qaz xəttinin həmin torpaqdan çıxarılması, cavabdehdən 25.000 manat kompensasiya, dövlət rüsumu qismində ödənilmiş 165 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının iddia ərizəsində qaz xəttinin çıxarılmasını tələb etdiyi torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mövcud iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi olmayıb, müstəsna aidiyyətə görə nə qədər ki, hazırkı iddia tələbi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar deyil, sözügedən iddia tələbi üzrə müraciətə məhz daşınmaz əmlakın yerləşdiyi Abşeron rayonu ərazisi üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Buna görə də işə onun ərazi aidiyyətinə görə aid olduğu Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia əmlakın yerləşdiyi yer üzrə məhkəməyə verilməlidir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “qaz xəttinin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar