Məhkəmə qərarları › İş №2(011)-8664/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8664/2025

22.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8664/2025 22.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi , Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 8İ-4536 reyestr nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı notariusun icra qeydindən narazı qalmışdır. Belə ki, icra qeydi ilə bağlı məlumatı Xətai rayon İcra və Probasiya şöbəsindən xx.xx.2025-ci il tarixində almışdır. İcra qeydi əsasında təmin olunmuş borcla razı deyil. Hesab edir ki, etdiyi ödənişlər borcdan çıxılmamışdır və əlavə faizlər hesablanmışdır. İcra qeydinin verilməsindən məlumatı olmamışdır, bildiriş təqdim olunmamışdır. İddiaçı ərizə yazaraq, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi iddiaya etiraz edərək, tələbkar Bank və Notariat Ofisi tərəfindən icra qeydinin verilməsi zamanı qanunvericiliyin bütün tələblərinə riayət edildiyini və icra qeydinin ləğv edilməsi üçün əsas olmadığını nəzərə alaraq, məhkəmədən iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxış iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 1 il müddətinə, illik 24 faiz dərəcəsi ilə 24590 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən borcalan İddiaçı bildiriş göndərilərək, kredit müqaviləsinə əsasən 24585,87 manat əsas, 3159,10 manat faiz, 3991,24 manat cərimə borcu olmaqla, cəmi 31736,21 manat borcun olduğu, borcun 20 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. 820962 saylı poçt qəbzinin surətindən görünür ki, mənzilin qapısının bağlı olması səbəbilə poçt göndərişi geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 24585,87 manat əsas, 3159,10 manat faiz, 3991,24 manat cərimə borcu olmaqla, cəmi 31736,21 manat borc mövcuddur. Notariat icra qeydinin aparılması haqqında elektron ərizədən və Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, "xxxx" ASC tərəfindən icra qeydinin aparılması üçün elektron ərizə lazımi qaydada doldurulmuş və sənədlər ərizəyə əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli, 8İ-4536 saylı icra qeydindən görünür ki, Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən "xxxx" ASC-nin xeyrinə İddiaçı DCLT00291221-01 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 27744,97 manat, 3991,24 manat cərimə və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi, 31761,21 manat pulun tutulması barədə icra qeydi verilmişdir. xx.xx.2023-cü il tarixli, 8İ-4536 saylı icra qeydi üzrə üzrə tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı bildiriş xx.xx.2023cü il tarixində təqdim olunmuşdur. Tətbiq edilən hüquq: “Notariat haqqında” Azərbaycan Respublikası Qanununu:

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:

161. ... Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. ... Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.... “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli Qərarı:

2. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 8İ-4536 reyestr nömrəli icra qeydinin aparılmasına əsas təşkil etmiş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, həm tələbkar Bank, həm də Notariat Ofisi tərəfindən icra qeydinin aparılması ilə bağlı qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət edilmişdir. Kredit müqaviləsi "xxxx" ASC ilə İddiaçı arasında 1 il müddətinə xx.xx.2023-cü il tarixinədək bağlanmış, yəni icra qeydinin verilməsi üçün müddət ötürülməmişdir. Digər tərəfdən, borcluya notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq bildirişi onun yaşadığı (qeydiyyat) ünvan üzrə göndərilmişdir. Ünvanda qapı bağlı olması səbəbindən borclunun bildirişi qəbul etməməsi tələbkarın bildirişin göndərilməsi ilə bağlı qanunvericiliyin tələbinə riayət etmədiyini göstərmir və bu hal icra qeydinin ləğvinə əsas ola bilməz. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən də görünür ki, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Həmçinin, notarius tərəfindən borcun mübahisəsizliyi notariusa təqdim edilmiş kredit müqaviləsi və maliyyə arayışına əsasən yoxlanılmışdır. Borcun məbləğinin düzgün hesablanmaması barədə iddiaçının dəlilləri formal mülahizələrə əsaslanmış və bununla bağlı heç bir sübut təqdim edilməmişdir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı tərəfindən verilmiş ərizəyə münasibətdə məhkəmə hesab edir ki, nə qədər ki, icra qeydinin özündə onun hansı müddətə mübahisələndirilməsi qeyd edilməmişdir, müddətin ötürülməsi səbəbindən məhkəmə araşdırılması aparılmadan iddianın rədd edilməsi və ya iddia ərizəsinin geri qaytarılması (baxılmamış saxlanılması) ədalətli olmazdı. Lakin, bununla belə, iddiaçının icra qeydindən məlumatlı olduğu halda uzun müddət icra qeydini mübahisələndirməməsi və iki il sonra məhkəmədə iddia qaldırması da idda tələbinin formal mülahizələrə əsaslandığını və iddiaçının niyyətinin borcun ödənilməsini yubatmaq olduğunu göstərir. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, hazırki halda icra qeydinin ləğv edilməsi ilə bağlı əsaslar olmadığından iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar