Məhkəmə qərarları › İş №2(011)-8667/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8667/2025

17.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8667/2025 17.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın ləğv olunması, həmin akt əsasında iddiaçıya hesablanmış 1568,41 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park (həyət evləri), küçə 5, 12 nömrəli fərdi yaşayış evində yaşayır. Həmin evə Cavabdeh tərəfindən G-4 markalı 1402AZ**********63 nömrəli qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə, haqqında danışılan sayğacın yenisi ilə əvəz olunması üçün, həmin tarixli ******* nömrəli müvafiq akt tərtib olunmuşdur. Bundan sonra, köhnə sayğac cavabdehin məsul şəxsləri tərəfindən aparılmışdır. Ancaq həmin vaxt tərəflər arasında hansısa bir akt, tələbnamə və bu kimi digər hər hansı bir rəsmi məlumat iddiaçıya bildirilməmişdir. Bu səbəbdən, tərtib edilən xx.xx.2022-ci il tarixli aktda iddiaçının deyil, başqa bir şəxsin adına rəsmiləşdirilmişdir. Daha sonra, qaz pulunu ödəyərkən, post terminaldan verilmiş xəbərdarlığa görə, yekun borc məbləğinin olması barədə qəbzdə göstərilmişdir. Dəfələrlə bu barədə cavabdehə şifahi qaydada bildirilmiş olsa da, hər dəfə bir bəhanə gətirilmiş, müxtəlif fikir və ifadələr işlədilmişdir. Sonra müəyyən olmuşdur ki, "Azəriqaz" İB-nin əməkdaşları ilk əvvəl xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edərək, guya iddiaçının yaşadığı evdə (Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park (həyət evləri), küçə 5, ev 12) quraşdırılmış qaz sayğacında kart qəbul olunmur, hansısa kənar əşya aşkar olundu və sayğac nisbi işləməklə istismara yararsız olması aşkar edilmişdir. Qeyd edilən aktdan heç vaxt iddiaçının xəbəri olmamışdır. Həmin ünvanda iddiaçı özü yaşayır, əgər bu barədə bildirilmiş olsa idi, iddiaçı hər bir halda öz etiraz və iradlarını aktda göstərərdi. Bu akt ümumilikdə iddiaçının xəbəri olmadan tərtib edilmiş və həqiqəti əks etdirəməyən bir "sənəd" olmuşdur. Qeyd olunan həmin akt və eləcə də onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamə adlı sənəd rəsmi qaydada göndərilməmiş və iddiaçı bacısı ilə birlikdə 23 fevral 2024-cü il tarixdə qeyd edilən sənədlərin kserosurətlərini qaz idarəsindən şəxsən götürmüşdür. Göstərilən sənədlərlə tanış olduqdan sonra, iddiaçıya bəlli olmuşdur ki, tərtib edilmiş akt əsassız və qanunsuzdur. Aktda iddiaçının adının deyil, tam başqa şəxsin X1 adı göstərilir. Ancaq haqqında danışılan fərdi yaşayış evi iddiaçı ilə AAAF Park arasında 12 mart 2016-cı il tarixdə bağlanmış, A/0005 nömrəli "Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı- satqısı haqqında Müqavilə"yə əsasən iddiaçıya məxsus olmuşdur. Sonradan, yəni artıq 2023-cü il tarixdə Fərid Məmmədovun burada mübahisələndirilən aktda, həmçinin cavabdeh tərəfindən tərtib edilmiş tələbnamədə adının qeyd olunmasının hüquqi əsası olmamışdır. Bu isə onu bildirir ki, cavabdeh tərəfindən tərtib edilmiş bu sənədlər həm həqiqəti əks etdirməmiş, həm də ümumiyyətlə tərtib edilərkən qeyd edilən sənədlərdə göstərilən hallar baş verməmişdir. Aktda qeyd olunur ki, guya Fərid Məmmədov aktı imzalamaqdan imtina etmişdir. Fərid Məmmədov orada yaşamırsa, bu aktı imzalamaqdan necə imtina edə bilər? Bu hansı məntiqə və hansı düşüncəyə uyğun gəlir? Yəni, mübahisələndirilən akt harada və hansı saatda, eləcə də tarixdə tərtib edilibsə, hazırkı iş üzrə iddaçı cavabdehin əməkdaşları ilə birgə olmamışdır. Tərtib edilmiş aktla cavabdehin özünün irəli sürdüyü tələbnamə adlı sənəddə də uyğunsuzluq vardır. Belə ki, aktda baxış keçirilərkən aşkar olunmuş nöqsan kimi qaz sayğacında kartın qəbul olunmaması, kənar əşyanın aşkar olunması və sayğacın nisbi işləməklə istismara yarasız olması göstərildiyi halda, ancaq tələbnamədə sayğacın çıxış plastmas borşunun deşilməsi bildirilir. Eyni zamanda, aktda Fərid Məmmədovun imtina etdiyi bildirilir və digər bilinməyən 3 nəfər şəxsin aktın doğruluğunu təsdiq etmələri göstərilir. Bu şəxslərin hansı səlahiyyətlə dövlətin adından tərtib edilmiş aktın doğruluğunu təsdiq etmələri barədə aktda bir dənə də olsun məlumat verilmir. Çünki akt tərtib edilərkən, gizlin qaydada, ümumiyyətlə heç gəlib yerdə baxış keçirmədən tərtib olunmuşdur. Bundan başqa, qeyd olunan köhnə sayğac iddiaçının yaşadığı fərdi yaşayış evinin çöl hissəsində olmuşdur. Bütün bu xüsustaların dəqiqləşdirilməsi və aydınlaşdırılması üçün iddiaçı xx.xx.2024-cü il tarixli şikayətlə "Azəriqaz" İB-nə rəsmi qaydada müraciət olunmuş və müraciət də cavabdeh tərəfindən xx.xx.2024-cü il tarxidə də rəsmi qaydada alınmışdır. Həmin müraciəti cavabdeh ümumiyyətlə əhəmiyyət verməmiş və cavablandırmamışdır. Bütün bu yuxarıda qeyd olunanlara istinadən, iddiaçı ilk əvvəl onun hal-hazırda yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ilə bağlı tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və onun əsasında hesdablanmış 1864,13 manat məbləğində borcun silinməsi üçün rəsmi müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən, iddiaçı 02 aprel 2024-cü il tarixli iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın ləğv olunması, həmin akt əsasında iddiaçıya hesablanmış 1864,13 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə verilmiş iddia tələblərinin rədd olunması barədə xx.xx.2024-cü il tarixli, 2(011)-4124/2024 nömrəli qətnamə qəbul etmişdir. İddia tələbinin rədd olunmasının hüquqi əsası kimi, İddiaçı həmin iddia ərizəsini verərkən, onun subyektiv hüququnun olmamasının əsas gətirilməsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qaz sayğacının quraşdırıldığı yaşayış evi Kəmalə Qurbanovun sahiblik və istifadəsində olsa da, ancaq sayğacın quraşdırılması barədə iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə olmamış və quraşdırılmış sayğac isə başqa şəxsə aid olmuşdur. Qətnamə ilə həmçinin o da müəyyənləşdirilmişdir ki, belə bir mübahisəni isə ancaq qazın alqı-satqı müqaviləsi üzrə müqavilə tərəfi olan şəxs mübahisələndirə bildiyindən, iddia tələbləri də tam rədd olunmalıdır. Belə olan halda, qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Ancaq cavabdehə iddiaçı dəfələrlə şifahi qaydada müraciət etmiş olsa da, hər dəfə qaz sayğacı kimin adınadırsa həmin şəxsin razılığı ilə iddiaçının adına rəsmiləşdirilməsinin mümkün ola biləciyini vurğulamışlar. İddiaçı bu dəfə məcbur olub rəsmi qaydada cavabdeh orqana əvvəlcə ərizə ilə müraciət etmişdir. Ərizəyə əsasən, iddiaçının sahiblik və istifadəsində olan fərdi yaşayış evində onun adına qaz sayğacının quraşdırılması, təbii qazdan istifadə üçün nəzərdə tutulmuş müvafiq müqavilənin bağlanmasına göstəriş verilməsini xahiş etmişdir. Ərizə rəsmi qaydada, yəni 05 avqust 2024-cü il tarixdə cavabdehə ünvanlanmış və cavabdeh də həmin rəsmi müraciəti 08 avqust 2024-cü il tarixdə əldə etmişdir. Həmin müraciətin üzərindən 35 gündən artıq vaxt keçməsinə baxmayaraq, ərizə cavablandırılmamış, nə də ki ərizədə göstərilən xahiş, cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Bundan sonra, iddiaçı bu dəfə yenidən Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh hərəkətlərinin (iddiaçıya məxsus olan fərdi yaşayış evində ona aidiyyəti olmayan digər üçüncü şəxsin adına qaz sayğacının quraşdırılması) qanunsuz hesab edilməsi və İddiaçı (iddiaçının) sahiblik və istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park (həyət evləri), küçə 5, 12 nömrəli fərdi yaşayış evində İddiaçı ilə "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"nin bağlanması öhdəliyinin Cavabdehnə həvalə edilməsi (öhdəliyinin icrasının üzərinə qoyulması) barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşə baxan Xətai Rayon Məhkəməsi iddia tələblərinin təmin olunması barədə xx.xx.2025-ci il tarixli, 2(011)- 5335/2025 nömrəli qətnamə çıxarmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Xətai rayon İŞ-nə göndərilmişdir. Aparılmış icra hərəkətləri nəticəsində, iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixli, AK-00338/11-25 nömrəli, "Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi" bağlanmışdır (imzalanmışdır). Həmçinin, həmin tarixdə qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə akt da tərtib olunmuşdur. Daha sonra, iddiaçının adına olan "abonent saldosu" sənədi təqdim edilmiş və saldoya nəzər yetirərkən, müəyyən olunur ki, əvvəlki borc məbləği olan 1568,41 manat iddiaçının borcu kimi qeyd edilib. Lakin, iş materiallarından və əvvəlki məhkəmə qərarlarından da görünür ki, qeyd olunan borc həm uydurma, həm də heç bir hüquqi əsas olmadan Fərid Məmmədov adlı şəxsin adına rəsmiləşdirilmişdir. Tərtib edilən aktlar, orada istinad olunan xüsusatlar və hətta hesablanmış cərimə məbləğlərinin ümumiyyətlə iddiaçı ilə həm bağlılığı olmamış, həm də düzgün tərtib olunmamışdır. Sonradan da müəyyən olunur ki, qaz sayğacı dəyişdirilərkən, idiaçının xəbəri olmadan icra olunaraq məlum olmayan bir şəxsin adına rəsmiləşdirlir. Tərəflərin mövqeləri: İddiaçı vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış xx.xx.2016-cı il tarixli A/0005 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivi, 5 saylı küçə, 12 nömrəli fərdi yaşayış evini İddiaçı mülkiyyətinə verməyi, İddiaçı isə fərdi yaşayış evinin dəyəri olan 55.000 manat məbləğində pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli HŞ/257 nömrəli arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivi, 5 saylı küçə, 12 nömrəli fərdi yaşayış evində faktiki xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı tək yaşayır. Cavabdeh İB tərəfindən istehlakçı Məmmədov Xəlilin adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, **********00120 nömrəli abonentə məxsus “İtron” tipli, G4 markalı köhnə qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Cavabdeh İB tərəfindən istehlakçı X2 məxsus olmuş **********00120 nömrəli abonent kodu üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda sayğacın kartı qəbul etməməsi, element yuvasında kənar əşyanın aşkar edilməsi, sayğacın çıxış plastmas borusunun deşilməsi və nisbi xəta ilə işləməsi barədə qeydlər aparılmışdır. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, **********00120 nömrəli abonent üzrə dəymiş ziyanın həcminin 12960 m3 olması müəyyən edilmişdir. İddiaçı adına olan **********00120 nömrəli abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun 2023-cü ilin mart ayı üzrə 1555,20 manat məbləğində borcunun olması əks olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-5335/2025 nömrəli qətnaməsinə əsasən Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında olan fərdi yaşayış evinə aidiyyəti olmayan şəxsin adına abonent saldosunun verilməsinin qanunsuz hesab edilməsi, İddiaçı qanuni sahibliyi və istifadəsində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evinə dair qazın alqı-satqısı barədə İddiaçı ilə müqavilənin bağlanması öhdəliyinin və həmin evə dair abonent saldosunun İddiaçı adına dəyişdirilməsi öhdəliyinin Cavabdeh İB-nin üzərinə qoyulması qət edilmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixində bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair” AK-00338/11-25 nömrəli müqavilə bağlanmışdır. İşin müəyyən edilən halları: İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00120 saylı abonent kodu ilə X4 qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə yaşayış evində mövcud olan sayğac yenisi ilə əvəz edilmişdir. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilmiş pozuntuya əsasən 12960 m3 miqdarında ziyan dəyməsi müəyyən olunmuş və 1555,20 manat məbləğində zərər dəyməsi müəyyən olunmuşdur. Fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdən etibarən iddiaçıya məxsus olmuş və fərdi yaşayış evində o yaşamışdır. Sonradan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və fərdi yaşayış evinə dair abonent saldosunun onun adına dəyişdirilməsini xahiş etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-5335/2025 nömrəli qətnaməsinə əsasən Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında olan fərdi yaşayış evinə aidiyyəti olmayan şəxsin adına abonent saldosunun verilməsinin qanunsuz hesab edilməsi, İddiaçı qanuni sahibliyi və istifadəsində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evinə dair qazın alqısatqısı barədə İddiaçı ilə müqavilənin bağlanması öhdəliyinin və həmin evə dair abonent saldosunun İddiaçı adına dəyişdirilməsi öhdəliyinin Cavabdeh İB-nin üzərinə qoyulması qət edilmişdir. Fərdi yaşayış evi üzrə abonent kodu İddiaçı adına dəyişdirilsə də, X3 hesablanmış 1555,20 manat məbləğində borc İddiaçı məxsus olan abonent kodunda əks olunmuşdur. Hazırda İddiaçı Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 1555,20 manat məbləğində borcun silinməsini tələb edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllə: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. xx.xx.2026-cı il tarixədək qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13, 8-1 hissə. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: Bənd 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.3. Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bənd 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Maddə 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Mülki prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsi ilə təsdiq edilməli olduğunu qeyd edir. Hazırda da “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində də sübut edilməli olan halın, yəni baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olmasının yalnız göstərilən sübutetmə vasitəsi ilə təsdiq olunmalı olduğu nəzərdə tutulur. Belə ki, qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ, onun qazın talanmasında təqsirli olması faktı müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə əsaslı hesab olur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi halı yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş akt əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, akt tərtib edilərkən onun bir nüsxəsi həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq nə iddiaçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət təqibi orqanına təqdim edilməmiş, beləliklə də iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən olunmamışdır. Beləliklə, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması iş materialları ilə müəyyən edilmir. Bundan başqa, məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün həm də sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli ******* saylı akt sayğacın klapanının işlək olmaması, çıxış plastmas borusunun deşilməsi əsası ilə tərtib edilmişdir. Belə ki, həmin vaxt çıxarılmış sayğacın laboratoriya şəraitində müayinə edildiyi və nəticədə onun üzərində belə bir qüsurların aşkar edildiyi iddia edilir. Nəzərə alınmalıdır ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına, habelə qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə cavabdehliyi də məhz cavabdeh daşıyır. Zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması cavabdehin vəsaiti hesabına həyata keçirilir. Lakin sayğacın istehlakçının təqsiri üzündən zədələnməsi halları istisna təşkil edir. Belə ki, bu halda qeyd edilən işlər yenə də cavabdeh tərəfindən, lakin artıq istehlakçının vəsaiti hesabına yerinə yetirilir. İddiaçının belə bir əmələ yol vermədiyini, aşkar edilmiş qüsurlarda onun təqsirinin olmadığını iddia etdiyi bir halda, yaşayış evindən kənarda yerləşən qaz sayğacının iddiaçının təqsiri üzündən zədələnməsini sübut etmək məhz bu halı müəyyən edən və hadisəni rəsmiləşdirən cavabdehin üzərinə düşür. Lakin cavabdeh sayğacın iddiaçının, habelə ümumiyyətlə insan fərdinin müdaxiləsi nəticəsində texniki baxımından bu vəziyyətə düşməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Həmin sayğacın laboratoriya şəraitində müayinə edilərək, onda qüsurların aşkar edilməsi və bunun nəticəsi olaraq akt tərtib edilməsi də bu vəziyyətin yaranmasında iddiaçının təqsirli olmasını təsdiq etmir. xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt istehlakçı X1 adına tərtib edilmişdir. Məhkəmə hesab edir ki, həm qanunsuz olan akt əsasında, həm da hazırkı iddiaçıya məxsus olmayan abonenet adına tərtib olunmuş akt əsasında hesablanmış qazın dəyərini iddiaçıdan tələb edə bilməz. Çünki, həmin borcun yaranması iddiaçının öhdəliyindən kənar baş vermiş və buna görə iddiaçının heç bir məsuliyyəti yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, eləcə də, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı 1568,41 manat məbləğində borcun silinməsini tələb etsə də, yuxarıda şərh edilənlərdən və işin hallarından da görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 1555,20 manat məbləğində borc hesablanmışdır. İddiaçı isə qalan borcun silinməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi yalnız 1555,20 manat borcun silinməsi hissəsində təmin edilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə qeyd edir ki, iddiaçı istehlakçı kimi qanunla dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutulmalıdır. Ona görə iddianın qiymətinə uyğun olaraq 35,55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı məxsus **********00120 nömrəli abonent koduna hesablanmış 1555,20 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 35,55 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar