Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-89/2023 12.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəymiş zərər üçün 7000 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 8000 manat və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, “Hyundai Santafe” markalı 10TJ591 dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur, həmin avtomobili xx.xx.2021-ci il tarixdə usta Cavabdeh1 - Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən avtomobil təmiri servisinə - pul qarşılığında təmir edilməsi məqsədilə vermişdir, 3 gün sonra avtomobili təhvil almaq üçün getdikdə servisin sahibi Fərid, avtomobilin hələ də hazır olmadığını bildirmişdir, həmin gün gecə saatlarında usta ilə eyni servisdə çalışan Cavabdeh2 maşını özbaşına servisdən çıxararaq, öz mənafeyi üçün bir neçə saatlıq sürmüşdür, lakin o, maşının benzin çəninin təmirdən sonra açıq qaldığını, usta Fərid tərəfindən maşının təmirinin hələ bitmədiyini və maşının işlək vəziyyətdə olmasından xəbərsiz olmuş, bununla maraqlanmamış, laqeydcəsinə maşından şəxsi məqsədləri üçün istifadə etmişdir, nəticədə maşın anidən alışmış, yanmağa başlamışdır və tamamilə yararsız vəziyyətə düşmüşdür, bu hadisədən sonra FHN əməkdaşları hadisə yerinə gəlmiş, maşına dəymiş ziyanın miqdarı 15000 manat müəyyən edilmişdir, cavabdehlər tərəfindən 8000 ödənilmiş, 7000 manat qalıq qalmışdır, göründüyü kimi cavabdeh Fəridin səhlənkarlığı, diqqətsizliyi, cavabdeh Xanların özgəsinin əmlakını qanunsuz olaraq hər hansı bir əsas olmadan şəxsi məqsədləri üçün istifadə etməsi nəticəsində avtomobili yanmış, yararsız vəziyyətə düşmüşdür, ona maddi və mənəvi ziyan dəymişdir, sonuncu ekspert rəyinə etiraz etmir, artıq cavabdehlərə görə 1 ildən çoxdur ki, avtomobilsiz qalmışdır, ondan istifadə edə bilmir, ailəsi və özü taksi xidmətlərindən istifadə etmək məcburiyyətindədir, özü yüksək təzyiq və şəkər xəstəsidir, hadisə zamanı böyük stress çəkmişdir, ziyanın ödənilməsinə görə görə əsəb və sıxıntı keçirmişdir, bununla da ona mənəvi ziyan da dəymişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 qısa izahatında bildirmişdir ki, “Hyundai Santafe” markalı 10TJ591 dövlət qeydiyyat nişanlı minik avtomobil təmir edilməsi üçün 2021-ci ilin avqust ayında iddiaçı tərəfindən ona verilmişdir, avtomobili təmir etməsi üçün qəbul etmiş, servisdə olmuşdur, hadisə zamanı özü orada – servisdə olmamış, anasının doğum günündə olmuşdur, iddiaçıya məxsus avtomobilin açarını isə servisdə öz çəkməcəsinə qoymuşdur, daha sonra gecə ona zəng edərək bildirmişlər ki, iddiaçıya məxsus “Hyundai Santafe” markalı avtomobil yanmışdır, bunu edən xalası oğlu Cavabdeh2 olmuşdur, onunla bir yerdə işləmirlər, o ayrı hissədə işləyir, avtomobilə dəymiş zərəri ödəməyə isə imkanı çatmır, gücü çatdığı qədərini ödəyib, qalanını isə digər cavabdeh ödəmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, digər cavabdeh ilə yanaşı hissələrdə işləyirlər, hadisə günü avtomobilin benzin çəninin açıq olduğunu bilməmiş, bundan xəbəri olmamışdır, avtomobili işə salarkən avtomobil yanmışdır, hadisə iş qəzası olmuşdur, iddiaçı ilə zərəri ödənilməsi barədə danışıqlar aparılmış, ona avtomobilin təmiri üçün pul da verilmişdir, iddiaçıya özü 7500 manat, digər cavabdeh Fərid isə 1800 manat olmaqla, ümumilikdə 9300 manat pul verilmişdir, həmin pul avtomobilin təmiri üçün kifayətdir, lakin iddiaçı dəymiş zərərin məbləğini şişirdir, təmir edilməsi üçün iddiaçı avtomobili onlara verməmiş, başqa ustaya verəcəyini bildirmişdir, hətta onun üçün Gürcüstandan avtomobilə görə ehtiyat hissə gətirməyi təklif etmişlər, lakin iddiaçı buna razı olmamışdır, daha sonra başqa ehtiyat hissələrinə görə onlardan əlavə pul istəmişdir. Cavabdehlər xx.xx.2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 107531 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Santafe” minik markalı 10TJ591 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan 20 avqust 2021-ci il tarixli “Yanğın haqqında Akt”dan görünür ki, FHN DYNX 3-cü ərazi X4 İdarəsinin inspektoru X2, inspektor X1, avtomobil sahibi İddiaçı iştirakı ilə tərtib edilmiş akta əsasən, 06 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanda “Hyundai Santafe” markalı 10TJ591 dövlət qeydiyyat nişanlı minik avtomobilinin mühərrik hissəsində yanğın baş vermişdir, avtomobil Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanda yerləşən Premium servisdə işləyən ustaya mühərrik hissədə və digər hissələrdə işlərin görülməsi üçün təhvil verilmişdir, yanğın nəticəsində iddiaçıya 15000 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli “dəymiş zərərin hesablanmasına dair akt”ından görünür ki, buraxılış ili 2012-ci il “Hundai Santafe” markalı 10TJ591 dövlət qeydiyyat nişanlı avtomobil üzrə ehtiyat hissələri, ustalar, sığorta, texniki baxış və yanmış nömrənin dəyişdirilməsi xidmətləri nəzərə alınmaqla, avtomobilə dəymiş zərərin ümumi məbləği 18925 manatdır. İş materiallarında olan "xxxx" MMC-nin 31 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Hundai Santafe” markalı 10TJ591 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğini 18495 manat, sərf olunduğu müəyyən edilmiş və həmin avtomobilin hansı hissələrinin təmirə, hansı hissələrinin isə dəyişdirilməyə ehtiyac olması və hər birinin dəyəri ayrı-ayrılıqda rəyin tədqiqat hissəsində olan smetada göstərilmişdir, həmin avtomobilin təmir işləri tam başa çatdırıldıqdan sonra istismara yararlı hala salına bilər. “Hundai Santafe” markalı, rəngi tünd boz metalik, buraxılış ili 2012-ci il olan 10TJ591 dövlət qeydiyyat nişanlı avtomobilin hazırki bazar qiymətlərinə uyğun olaraq satış məbləği təqribən 23950 manat təşkil etdiyi müəyyən edilir. İş materiallarında olan qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə 150 manat ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 23 noyabr 2022-ci il tarixli 9/7055 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2012-ci il buraxılışlı “Hundai Santafe” markalı 10TJ591 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 18425 manat müəyyən edilir. Həmin Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, Cavabdeh1 adına iki nəqliyyat vasitəsi qeydə alınmışdır, Cavabdeh2 adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “Hyundai Santafe” markalı 10TJ591 dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı məxsusdur, iddiaçı həmin avtomobili təmir edilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanda yerləşən servisdə usta işləyən Cavabdeh1 təhvil vermişdir, xx.xx.2021-ci il tarixdə digər Cavabdeh2 səlahiyyəti olmadan avtomobili idarə etmiş və bu zaman avtomobilin mühərrik hissəsində yanğın baş vermişdir, nəticədə iddiaçıya maddi və mənəvi ziyan dəymişdir, avtomobilin təmir-bərpa xərcləri 18425 manat təşkil edir, cavabdehlər tərəfindən dəymiş ziyana görə iddiaçıya cəmi 8000 manat ödənilmişdir, iddia tələbi avtomobilə dəymiş zərər üçün 7000 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 8000 manat məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasıdır, qeyd olunanlar işin mübahisəsiz hallarıdır. Bununla belə, cavabdehlərin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “vurulmuş maddi zərərə görə 7000 manat məbləğində pulun cavabdehlərdən müştərək tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təmir məqsədilə avtomobil Cavabdeh1 təhvil verilmiş, Cavabdeh1 isə diqqətsizlik göstərərək avtomobilin saxlanmasını lazımınca təmin etməmiş, digər Cavabdeh2 isə hər hansı bir əsas olmadan həmin avtomobili icazəsiz idarə etməsi nəticəsində yanğın hadisəsi baş vermişdir ki, bu da iddiaçıya zərər dəyməsinə səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin hər birinin baş vermiş hadisədə iştirakı olduğundan dəymiş zərərə görə də onlar müştərək məsuliyyət daşıyırlar. Məhkəmə, "xxxx" MMC-nin 23 noyabr 2022-ci il tarixli 9/7055 saylı ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək sübut kimi qəbul edir və ekspertin həmin rəy üzrə gəldiyi nəticə ilə razılaşaraq avtomobilə dəymiş maddi zərəri həmin həddə müvafiq olaraq müyyən edir. Bununla belə məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən məbləğ, cavabdehlər tərəfindən iddiaçıya 8000 manat məbləğində pulun ödənilməsi də nəzərə alınmaqla, iddia tələbindən kənara çıxdığından (18425 – 8000 = 10425 manat) və iddiaçı isə maddi zərəri 7000 manat həddində müdafiə etdiyindən dəymiş maddi zərərin əvəzi kimi 7000 manat müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin “vurulmuş mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, əvvəla, cavabdehlərin hüquqa zidd əməli, İddiaçı əmlakına vurulmuş ziyanın aradan qaldırılması və onun öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və İddiaçı dəymiş mənəvi zərərin əvəzi, hadisə zamanı avtomobili iddiaçının idarə etməməsi, onun və ya ailəsinin sağlamlığına ziyan dəyməməsi, cavabdehlərin əmlak vəziyyəti, avtomobilə dəymiş maddi zərərin qismən onlar tərəfindən könüllü ödənilməsi kimi hallar nəzərə alınmaqla, 500 manat həddində qiymətləndirilməlidir. Məhkəmə, cavabdehlərin “dəymiş ziyana görə iddiaçıya ümumilikdə 9300 manat məbləğində pul verilməsi və həmin məbləğin də dəymiş zərərin tam ödənilməsinə kifayət etməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, ekspert rəyi ilə dəymiş zərərin məbləği 18425 manat müəyyən edilmiş, həmin rəy tərəflər üçün mübahisə yaratmamış və məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir, ümumi dəymiş maddi zərər həddi kimi müəyyən edilən məbləğ isə, cavabdehin ödəmiş olduğu məbləğ kimi göstərdiyi 9300 manatı əhatə etməklə yenə də 7000 manat olan iddia tələbindən çoxdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin bu barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 771-ci maddəsinə əsasən, podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi kimi 7000 manat və mənəvi ziyanın əvəzi kimi 500 manat olmaqla, cəmi 7500 manat alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehlərin dövlət rüsumu ödəməkdən azad olması halları müəyyən edilmədiyindən, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, iddia tələbinin təmin edilmiş hissəsi, habelə onun 1000 manatdan çox (7500 manat) olması nəzərə alınmaqla, cavabdehlərdən iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 95 manat və ekspertiza tədqiqatının dəyəri kimi "xxxx" MMC-yə ödənilmiş 150 manat alınaraq iddiaçıya, təkrar məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir, dövlət rüsumu qalan (5 manat) hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi kimi 7000 (yeddi min) manat və mənəvi ziyanın əvəzi kimi 500 (beş yüz) manat olmaqla, cəmi 7500 (yeddi min beş yüz) manat, dövlət rüsumu qismində ödənilmiş 95 (doxsan beş) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri kimi ödənilmiş 150 (yüz əlli) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-89/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-89/2023
12.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver