Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8974/2025 13.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Kazımova Aysel Qədir qızının katibliyi, İlkin iddia tələbi üzrə İddiaçı, Qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi” ilkin tələbinə dair , Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 ASC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin iddia tələbi: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 36 saylı Notariat Ofisinin 19 noyabr 2025-ci il tarixli, 8İ-7248 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi: Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Yelo Bank” ASC-nin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə 10048,09 manat əsas borc, 2499,07 manat faiz borcu və 2206,65 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14753,81 manat məbləğində borc və 134,26 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin dəlilləri: İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti arasında əldə edilmiş razılaşma əsasında xx.xx.2023-cü il tarixdə 14000 manat məbləğində, 36 ay müddətinə illik 15.9 faiz dərəcəsi ilə nağd kredit verilməsinə dair razılaşma əldə edilmişdir. İddiaçı bildirir ki, hərbi xidmətə getdiyi günə qədər tərəfindən banka 5927 manat ödəniş ödənilmiş, 10048 manat əsas məbləğdən borc qalmışdır. Maraqlı şəxs “Yelo Bank" ASC ərizə ilə Bakı şəhəri 36 saylı Notariat ofisinə müraciət edərək kredit müqaviləsi üzrə borca dair icra qeydi ilə tutmanın yönəldilməsini xahiş etmişdir. Buna dair 19.11 2025-ci il tarixli, 8İ-7248 saylı icra qeydi verilmişdir. İcra qeydi barədə məlumatı Xətai rayon icra Şöbəsindən əldə etmişdir. (icra məmuru Osmanlı Ruslan). Notariusun icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir. Belə ki, notarius borcun mübahisəsiz olduğunu araşdırmamış, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icra qeydinin aparılacağı barədə bildiriş bank tərəfindən təqdim edilməmiş, borcun ödənilməmiş hissə üzrə icra qeydi aparılmamışdır. İddia ərizəsinə əlavə etdiyi icra qeydindən də görünür ki, 12303,48 manat əsas borc, 7083.11 manat cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi iddiaçıdan 19411.59 manat pul tutulması göstərilmişdir. İddiaçı hesab edir ki, cərimə məbləği bank tərəfindən şişirdilərək, artıq hesablanmışdır. Qarşılıqlı iddia tələbinin dəlilləri: Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC-dən illik 15.9 faizlə 36 ay müddətinə 14000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2025-ci il dekabrın 4-dək İddiaçı banka xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə 10048.09 manat əsas borc, 2499.07 manat faiz borcu və 8826.6 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 21373.76 manat borcu vardır. İddiaçı xx.xx.2023- cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 8826.6 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 % miqdarında olmaqla, yəni 2206.65 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları: İlkin iddia tələbi üzrə İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, icra qeydinin ləğv edilməsini xahiş etdi və bildirdi ki, əsgərlikdə olmuş həmin vaxt banka məlumat vermiş, lakin geri qayıtdıqda barəsində icra qeydinin olmasını, 14000 manat kredit götürdüyünü ondan 5927 manat ödədiyini 10048 manat əsas borcunun qalmasını, həmin əsas borcun tutulmasına etiraz etmir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, İddiaçı 10048,09 manat əsas borc, 2499,07 manat faiz borcu və 2206,65 manat cərimə borcu olmaqla, cəmi 14753,81 manat məbləğində borcun tutulmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 36 saylı notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdi. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Bakı şəhəri 36 saylı notariat ofisi tərəfindən tərtib edilən 8İ-7248 nömrəli, xx.xx.2025ci il tarixli icra qeydindən görünür ki, Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı 11-Y-1-1-1311-23 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 12303,48 manat, 7083,11 manat məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 19411,59 manat pul tutulmuşdur. xx.xx.2023-cü il tarixli Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə №1, əlavə №5 –dən görünür ki, xx.xx.2023-c il tarixli, 11-Y-1-1-1311-23 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC tərəfindən İddiaçı 36 ay müddətinə, illik 15.9 % olmaqla 14000 manat kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-c il tarixli, 11-Y-1-1- 1311-23 nömrəli kredit müqaviləsi üzrə X3 10048,09 manat əsas borc, 2255,39 manat faiz borcu, 7083,11 manat cərimə borcu olmaqla cəmi 19386,59 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, borc 20 gün müddətində ödənilmədiyi halda yaranmş borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydi aparıılacağı bildirimişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, ilkin iddia tələbi üzrə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia tələbi verilərkən 134,26 manat məbləğində rüsum ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2.-ci maddəsinə əsasən, Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci və 6.1.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları və notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 15-ci bəndinə əsasən, dövlət notariusu icra qeydləri aparır. Həmin Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərənə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinin tələbinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin Maddə 217.1. məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfinlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. xx.xx.2023-c il tarixli, 11-Y-1-1-1311-23 nömrəli kredit müqaviləsi ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 36 ay müddətinə, illik 15.9 % olmaqla 14000 manat məbləğində kredit verilmişdir. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. İcra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır.İcra qeydinin verilməsinə əsas olmuş borcun mövcudluğu iddiaçı tərəfindən mübahisələndirildiyindən, icra qeydi isə qanunun tələbinə görə yalnız mübahisə olmadığı halda çıxarılmalı olduğundan, iddiaçı isə hal-hazırda bununla bağlı müstəqil iddia qaldırdığından ilkin iddia tələbi təmin edilməlidir. Məhkəmə “İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10048,09 manat əsas borc, 2499,07 manat faiz borcu və 2206,65 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14753,81 manat məbləğində borc və 134,26 manat ödənilmiş dövlət rüsumunun tutulması” barədə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı kredit müqaviləsi əsasında qarşılıqlı iddia tələbi üzər iddiaçından kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin İddiaçı kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, Cavabdeh2 ASC əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə 10048,09 manat məbləğində əsas borca münasibətdə 2206,65 manat cərimə pulunun hesablanmasını ağlabatan hesab etmir. Odur ki, 10048,09 manat məbləğində əsas borca münasibətdə 2206,65 manat dəbbə pulu çox olduğundan azaldılaraq 300 manat cərimə pulu olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli Bakı şəhəri 36 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-7248 saylı icra qeydi ləğv edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10048,09 manat əsas borc, 2499,07 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 12847,16 manat məbləğində borc Cavabdeh2 ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbi üzrə iddiaçının məhkəmə xərcləri barədə tələbi olmadığından tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən tərəflərindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128,54 manat İddiaçıCavabdeh2 ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İlkin iddia tələbi təmin edilsin. Bakı şəhəri 36 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-7248 saylı icra qeydi ləğv edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10048,09 (on min qırx səkkiz manat, doqquz qəpik) manat əsas borc, 2499,07 (iki min dörd yüz doxsan doqquz manat, yeddi qəpik) manat faiz borcu və 300 (üç yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 12847,16 (on iki min səkkiz yüz qırx yeddi manat, on altı qəpik) manat məbləğində borc və 128,54 (yüz iyirmi səkkiz manat, əlli dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh2 ASC-nin xeyrinə tutulsun. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-8974/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8974/2025
13.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver