Məhkəmə qərarları › İş №2(011)-9202/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9202/2023

08.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9202/2023 08.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı cavabdeh Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru Polis kiçik seriantı X1 qarşı “qərarın ləğv olunması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş DYPİ-nin inspektoru kiçik seryant X2 tərəfindən verilmiş TP ******* saylı qərar qanunsuz verildiyi üçün ləğv olunması və ona dəyən maddi və mənəvi zərərin hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi polis əməkdaşı tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi, ona dəyən maddi və mənəvi zərərin ödənilməsi barədədir, ərizə iddia icraatı qaydasında verilmişdir, iddiaçı kimi İddiaçı, cavabdeh kimi Bakı şəhər DYPİ Yol Patrul Xidməti inspektoru Polis kiçik seriantı X3 göstərilmişdir. Məhkəmə qeyd edir ki, əvvəla, iddia ərizəsi “qərarın ləğv olunması, maddi və mənəvi zərərin ödənilməsi” barədə olsa da, iddia tələbi aydın deyildir, iddiaçının cavabdehə qarşı yönələn konkret tələbi - cavabdehin hansı tələbi yerinə yetirməli olduğu iddia ərizəsində aydın göstərilməmiş, ümumi olaraq “Bakı şəhər Baş DYPİ-nin inspektoru kiçik seryant X2 tərəfindən verilmiş TP ******* saylı qərar qanunsuz verildiyi üçün ləğv olunması və ona dəyən maddi və mənəvi zərərin hesablanaraq ona ödənilməsi” xahiş edilmişdir, ikincisi, iddia ərizəsində cavabdehin ünvanı göstərilməmişdir ki, bu da iddia ərizəsindən, cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, həmçinin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanı, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı barədə məlumatları dəqiq müəyyən etməyə imkan vermir, üçüncüsü, iddia ərizəsinə müvafiq qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən və ya iddiaçının dövlət rüsumundan azad olmasını əks etdirən sənəd əlavə edilməmişdir. Digər tərəfdən, hazırki iş üzrə ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi inzibati xətaya dair qəbul edilmiş qərarın ləğv olunması barədədir, inzibati xəta haqqında iş üzrə qərardan şikayətlərə inzibati xəta haqqında iş üzrə məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisə mülki xarakterli olmadığı halda iddiaçı müvafiq iddia ərizəsi ilə mülki məhkəmə icraat qaydasında rayon (şəhər) məhkəməsinə müraciət etmişdir ki, bu da onun mülki məhkəmə icraatı qaydasında baxılması istisna edir. Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 1-ci maddısinə əsasən, ərizəçilərin məhkəməyə göndərdiyi şikayət ərizəsi isə onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi ilə bağlıdır və bu xarakterli işlərə baxılması qaydası və əsasları isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən, ... səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “Bakı şəhər Baş DYPİ-nin inspektoru kiçik seryant X2 tərəfindən verilmiş TP ******* saylı qərarın qanunsuz verildiyi üçün ləğv olunması və ona dəyən maddi və mənəvi zərərin hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar