Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-924/2021 02.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinı dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinı dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə 200 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh xx.xx.2020-ci il tarixdə idarə etdiyi "Chevrolet Spark" markalı **-VP-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə "VAZ-21723" markalı **-FU-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı BDYPİ-də tərtib olunmuş TP ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh müəyyən olunmuşdur və hadisə baş verən zaman avtomobili nikah şəhadətnaməsi əsasında idarə etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində "VAZ-21723" markalı **-FU-*** dövlət nömrə nişanlı avtomobilə 200 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı sığorta şəhadətnaməsinə, xx.xx.2020-ci il tarixli İAS 200625 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 200 manat sığorta ödənişi həyata keçirilmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Göründüyü kimi, nikah şəhadətnaməsi yol hərəkətinin iştirakçıları üçün idarəetmə hüququnu təsdiq edən sənəd hesab olunmur. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, avtomobilin qanunsuz idarə olunmasına dair barəsində hər hansı bir inzibati protokol və ya qərar mövcud deyildir. Bu mənada iddiaçının, avtomobili qanunsuz idarə etdiyi əsası ilə subroqasiya qaydasında pul tələb etməsi əsassızdır. Digər tərəfdən "Chevrolet Spark" markalı, **-VP-*** qeydiyyat nişanlı avtomobil arvadı tərəfindən xx.xx.2020 tarixində alınmışdır. Nikaha xx.xx.2007-ci il tarixində daxil olmuşlar. Göründüyü kimi avtomobil nikah dövründə əldə olunmuşdur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. O cümlədən Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunun 37-ci maddəsinə əsasən sürücü nəqliyyat vasitəsinin sahibi olmadıqda digər sadalanan sənədləri təqdim etməlidir. Ailə Məcəlləsinin 32.1 və Mülki Məcəllənin 225.1-ci maddələrinə əsasən avtomobilin sahibi sayılır. Bu fakt avtomobilin qeydiyyat şəhadətnaməsi və nikah şəhadətnaməsi ilə sübut olunur. Bu halda ondan etibarnamə, müqavilə və bənzər bu kimi sənədlərin tələb olunması əsassızdır. Digər tərəfdən Ailə Məcəlləsinin 32.1 və Mülki Məcəllənin 225.1-ci maddələrinə əsasən nikah şəhadətnaməsi həmin avtomobilə dair onun mülkiyyət hüquqlarını təsdiq edir. Bu faktı sübut etmək üçün əlavə sənəd təqdim etməməlidir. Əgər Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu ilə Mülki Məcəllə arasında ziddiyət varsa və ya Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu onun mülkiyyət hüquqlarını məhdudlaşdırırsa, hesab edir ki, Mülki Məcəllə əsas götürülməlidir. X11 Aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Yuxarıda deyilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 iddia ərizəsinə edilmiş etiraza dair ərizə verərək göstərmişdir ki, əvvəla, "İcbari Sığortalar haqqında" AR qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortaçının sığortalıya qarşı subroqasiya hüququnu yaradır. Qeyd olunan müddəadan da göründüyü kimi, idarəetmə hüququnun olmadığını təsdiq edən səlahiyyətli dövlət orqanı tərəfindən hər hansı qərarın qəbul edilməsinin subroqasiya hüququnun yaranması üçün məcburiliyi sığorta qanunvericiliyində qeyd edilməmişdir. Çünki inzibati məsuliyyətə cəlb edilmə mülki-hüquqi məsuliyyət daşımanın ilkin və məcburi şərti kimi çıxış etmir. Əks halda, preyudisiallıqdan söhbət gedə bilər ki, bu hal da qanunvericilikdə birbaşa öz əksini tapmalıdır. Digər tərəfdən, Cavabdeh etirazında AR MM-nin 225.1-ci maddəsinə istinad edir. Həmin müddəada "əgər nikah kontraktında və ya onlar arasında digər razılaşma nəzərdə tutulmadığı təqdirdə" cümləsinin qeyd edilməsi ər-arvadın nikah müddətində qazandıqları əmlakın ümumi mülkiyyət hesab olunması anlayışını dar çərçivəyə salır və nikah müddətində əldə edilən əmlakın,həqiqətən də, ümumi mülkiyyət olmağını göstərən sənədə "Ümumi mülkiyyət haqqında şəhadətnaməyə" ehtiyac olduğunu bir daha təsdiq edir. Bu hal öz təsdiqini, həmçinin, "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın Vİİ fəslində (Ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi) tapır. Bundan əlavə, Cavabdeh etirazında AR MM-nin 225.1- ci maddəsi ilə "Yol hərəkəti haqqında" AR qanunun 37.1-ci maddəsi arasında ziddiyyət olduğu və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunun 2.5- ci maddəsinə əsasən AR MM-nin tətbiq edilməli olduğunu qeyd etmişdir. Yuxarıda vurğuladığım məqamlardan da aydın olduğu kimi, AR MM-nin 225.1-ci maddəsi ilə "Yol hərəkəti haqqında" AR qanunun 37.1-ci maddəsi arasında heç bir ziddiyyət mövcud deyildir. Çünki AR MM-nin 225.1-ci maddəsində qeyd edilən "əgər nikah kontraktında və ya onlar arasında digər razılaşma nəzərdə tutulmadığı təqdirdə" cümləsində qeyd edilən həmin faktın həqiqiliyini, yəni ər-arvad arasında nikah konktraktında və digər razılaşmada ayrı qayda nəzərdə tutulmadığını təsdiq edən, "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın Vİİ fəslinə əsasən notarius tərəfindən təqdim edilən "Ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə" yə ehtiyac olduğunu göstərir. Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh etirazının əsassız sayılmasınzı xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etiraza uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X4 məxsus "Chevrolet Spark" markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “xxxx” ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. İş materiallarında olan Bakı şəhər DYPİ-nin əməkdaşı C.Əliyevin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2020-ci il tarixli arayışının məzmunundan müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, xx.xx.2011-ci il tarixdə verilmiş AB418016 nömrəli sürücülük vəsiqəsi və nikah şəhadətnaməsi əsasında idarə etdiyi X4 məxsus "Chevrolet Spark" markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində X2 məxsus olan, X7 idarə etdiyi "VAZ-21723" markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşaraq ona zərər vurulmuşdur. Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolunun və TP ******* saylı inzibati tənbehvermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 322581 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan AD seriyalı 740279 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Chevrolet Spark" markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkara şəxsə qarşı tələb hüquqlarını əldə edir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, ışlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortacının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfındən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 23.1.6-cı maddəsinə görə sığortaçı sığorta ödənişini verdikdən sonra müvafıq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququna malikdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh "xxxx" ASC-də xx.xx.2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış, X4 məxsus "Chevrolet Spark" markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törədərək X2 məxsus olan, X7 idarə etdiyi "VAZ-21723" markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi ziyan vurması müəyyən edilmişdir. Bununla yanaşı, iddia ərizəsində Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmaması iddia olunsa da, iddiaçı tərəfindən iddia ərizəsinə bu barədə heç bir mötəbər sübut əlavə edilməmiş, məhkəmə baxışı zamanı isə məhkəməyə təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilməklə xətaları törədilməsinə görə məsuliyyət nəzərdə tutan normaların mövcud olmasına baxmayaraq, iş materiallarında olan inzibati txəta haqqında protokolunun və inzibati tənbehvermə haqqında qərarın surətindən görünür ki, cavabdeh həmin inzibatı xətanın törədilməsinə görə məsuliyyətə cəlb edilməmişdir. Beləliklə də, "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında ödənilmiş sığorta məbləğini tələb etmək hüququnun yaranması əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 200 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-924/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-924/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver