Məhkəmə qərarları › İş №2(011)-926/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-926/2021

05.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-926/2021 05.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı - buraxılış ili 1986-cı il olan, qırmızı rəngli "X7 minik" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Hacibəy oğlundan alınaraq İddiaçı geri qaytarılması və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat Cavabdeh Hacibəy oğlundan tutularaq İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda Şamaxı rayonu, Quşçu kəndində yaşayır və **-BA-*** dövlət qeydiyyat nişanlı “X7 MİNİK” markalı 1986-cı ilin istehsalı olan avtomobil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. O internet vasitəsilə tanıdığı Bakı şəhər sakini Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə maşınlarını barter etmişdir. Belə ki, aralarında olan razılaşmaya görə o, özünə məxsus sözü gedən avtomobilinin üstündə 2000 AZN ona pul ödəmək şərtilə etibarnamə əsasında cavabdehə vermişdir, o da özünə məxsus “Nissan Sunny" avtomobilini etibarnamə ilə iddiaçıya vermişdir. Cavabdeh ona olan borcundan 500 AZN pulun əvəzində xırda buynuzlu heyvan vermiş, 1500 AZN borclu qalmışdır. Lakin buna baxmayaraq, Cavabdeh avtomobilin pulunu ödəməkdən imtina edir. İddiaçı ona görə də xx.xx.2020-ci il tarixdə etibarnaməni ləğv etdirmişdir və bu barədə Azərbaycan Respublikası Baş X10 idarəsinə məlumat vermişdir. Abasağa da maşını barter edən zaman onun iddiaçıya verdiyi etibarnaməni ləğv etdirmişdir. Hazırda iddiaçının mülkiyyətində olan mübahisəli avtomobil cavabdehin qanunsuz sahibliyindədir. Cavabdehin qanunsuz olaraq həmin avtomobilə sahiblik etməsi avtomobil üzərində öz hüquqlarını icra etməkdən məhrum edir. O, avtomobilini hər an yararsız hala sala bilər və ya ümumiyyətlə məhv edə bilər. Ona görə də avtomobil cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, məhkəmə iclasında vediyi izahatında göstərmişdir ki, tərəflərin aralarında olan razılaşmaya görə iddiaçı özünə məxsus "X7 minik" markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobili, üstündə 2000 AZN ona pul ödəmək şərtilə, etibarnamə əsasında cavabdehə vermişdir, cavabdeh isə özünə məxsus “Nissan Sunny" avtomobilini etibarnamə ilə iddiaçıya vermişdir. Sonradan cavabdeh iddiaçıya məxsus avtomobili üçüncü şəxsə etibarnamə ilə satmış və pul qazanmışdır, lakin tərəflərin razılaşmasına əsasən ödəməli olan məbləği iddiaçıya tam olaraq ödəməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək verdiyi izahatında göstərmişdir ki, o, mülki etibarnamə əsasında iddiaçıdan mübahisəli avtomobili almışdır və bundan sonra həmin avtomobili mülki etibarnamə əsasında satmışdır. Halhazırda avtomobil onda deyil. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Mülki iş materiallarında olan Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən mülkiyyətçi İddiaçı buraxılış ili 1986-cı il olan “X7 minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh etibar etmişdir. Etibarnamə üzrə - sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etmək səlahiyyətləri verilmişdir. İş materiallarında olan İddiaçı Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə verdiyi xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, xx.xx.2020 tarixdə Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisində ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh (ŞV: AA*******, ASAN 2-xx.xx.2019, FİN:xxxxxxx, d/t:xx.xx.1985), reyestrdə 7E- 1407 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən yuxarıda göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini təmin etməyi xahiş etmişdir. İş materiallarında olan AR DİN Şamaxı rayon X8 X6 xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı məxsus olan **-BA-*** nömrə nişanlı “X7 Minik” markalı avtomaşın etibarnaməsiz Quba rayonu Rustov kəndində qeydiyyatda olan X5 tərəfindən idarə olunur. Həmin avtomaşın axtarışa verilməsinə baxmayaraq hal-hazırda heç bir nəticə əldə olunmamışdır. İş materiallarında olan AR DİN Baş X10 İdarəsinin xx.xx.2021-ci il tarixli 29169-1221 nömrəli məktubu və ona əlavə edilmiş kompüter çıxarışına əsasən **-BA-*** nömrə nişanlı “X7 Minik” markalı avtomobilin sahibi İddiaçıdur, xx.xx.2020-ci il tarixli etibarnamə ilə Cavabdeh, xx.xx.2020-ci il tarixli etibarnamə ilə X4 etibar edilmişdir. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Yuxarıda istinad edilən qanunvericilik normasının mətnindən aydın olur ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması, əmlakın naturada mövcud olması və başqasının qanunsuz sahibliyində olması hallarında mümkün olur. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olması və hal-hazırda həmin avtomobilin onun faktiki sahibliyində olmaması faktı proses iştirakçılarınının verdikləri izahatlarla təsdiq edildiyi halda, mübahisəli avtomobilin cavabdehlərin sahibliyində olması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilən sübutlar və hər iki tərəfin izahatlarından aydın olmuşdur ki, mübahisə predmeti olan avtomobil hal-hazırda üçüncü şəxsin sahibliyindədir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli avtomoblin hal-hazırda mövcud olması və cavabdehlərin qanunsuz sahibliyində olması faktı iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı tələblərinin əsası kimi istinad etidiyi halları təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmiş və öz iddia tələblərinin əsası kimi istinad edən faktiki halların mövcudluğunu sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia bu hissədə rədd edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçı rədd edildiyindən, iddia 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı buraxılış ili 1986-cı il olan, qırmızı rəngli "X7 minik" markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Hacibəy oğlundan alınaraq İddiaçı geri qaytarılması və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat Cavabdeh Hacibəy oğlundan tutularaq İddiaçı ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar