Məhkəmə qərarları › İş №2(011)-93/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-93/2022

15.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-93/2022 15.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün sağlamlığına vurulmuş maddi ziyana görə 1500 manatın, mənəvi ziyana görə 3000 manatın, nəvəsinə vurulmuş maddi ziyana görə 300 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, qızının xüsusi mülkiyyətində olan Bakı şəhəri. Xətai rayonu , Xudu Məmmədov küçəsi ev 33, mənzil 82-də qızı Xvatova Anna, 6 yaşlı nəvəsi X4 və həyat yoldaşı X9 ilə birlikdə yaşayır. Yuxarı mərtəbədə, 85 saylı mənzildə yaşayan qonşu X7 artıq beş ildir ki, onların mənzilinə su axıdır. Bununla əlaqədar qızı bir neçə dəfə ona xəbərdarlıq edərək mənzildə su kranları ilə ehtiyatlı və səliqəli davranmağı, kanalizasiya xətlərini təmir etməyi, yaşadığı mənzilə su axıtmamağı dönə-dönə xahiş etmiş, cavabdeh nəin ki, deyilən iraddan nəticə çıxarmış, əksinə əsasız mübahisə etmişdir. Növbəti dəfə mənzilə sü tökdüyü üçün ona irad etdikdə, əlinə dəmir çubuq götürərək qızının üstünə gələrək qardaşı İsmayılov Nizaminin yanında qızını ağır küçə sözləri ilə söyərək təhqir etmişdir. 07.09.2020-ci il tarixində saat 15:00 radələrində İsmayılova Zöhrə qapıdan keçərkən qızı Annanı, nəvəsini və həyat yoldaşını binanın blokunda bütün qonşuların eşidə biləcəy i tərzdə, yüksək səslə küçə söyüşləri ilə söyərək təhqir etmişdir. Həmin gün saat 22:00 radələrdində həyat yoldaşı və qızı Zöhrənin yaşadığı mənzilə qalxaraq bu mübahisələrə son qoymaq üçün onunla söhbət etmək istəmiş, lakin həmn vaxtı mənzildə olmadığı üçün, onun qardaşı Nizami İsmayılovla danışaraq qonşuluq qaydalarına və birgə yaşayış qaydalarına əməl edilməsi barədə söhbət etmişdir. 08.09.2020-ci il tarixində səhər çöl qapını açdıqda qapının üstünə “nəcis” sürtüldüyünü görmüş və ailə üzvləri ilə bunun nə zaman edildiyini müzakirə edən zaman, Zöhrə İsmayıova bloka çıxaraq yüksək səslə küçə söyüşləri ilə söyməyə başlamışdır. Həmin vaxtı o, yuxarı mərtəbəyə qalxaraq “get elədiyini su ilə yu” dedikdə, Zöhrə münaqişə etməyə başlamış və əlində olan nə iləsə onun başına güclü zərbə endirmiş, sonra yumruğu ilə başına bir neçə zərbə endirmiş və o başını tutaraq özünü zərbədən gözləsə də, Zöhrə onun çiyininə və böyrünə zərbə vurmaqda davam etmişdir. Bu zaman cavabdehin qardaşı İsmayılov Nizami orada olsa da, bacısının hərəkətlərini dayandırmamışdır. Həmin vaxtı qızı Anna onu cavabdehin əlindən almışdır. Əvvəllər bir dəfə "insult” keçirmişdir. Sağ tərəfi paralic olmuş, nitqində pozğunluq vardır. ona görə 2-ci qrup əlillik verilmişdir. Döyülməsi sağlamlığına çox pis təsir etdiyindən təcili yardım çağırılmış və polisə zəng edilmişdir. X14 polisin yanında onları küçə sözləri ilə söyüb təhqir etməkdə davam etmişdir. Həmin vaxtı 6 vaşlı nəvəsi də bər qorxu keçirmişdir. Təcili yardım edilərək sakitləşdirici iynə vurulmuş və sakitləşdirmiş, bildirilmişdir ki, təcili müalicə kursu keçməlidir. Eyni zaman da nəvəsi sinir pozğunluğu keçirmiş, gecələr yerində qorxudan əsməyə başlamış, bloka çıxaraq getmək istəmiş və onu çox çətinliklə sakitləşdirmişlər və ona müalicə kursu keçilmişdir. İsmayılova Zöhrə tərəfindən döyülməsi nəticəsində təkrar müalicə olunması üçün həkim xərcləri də daxil olmaqla 1500 manat sərf etmişdir. Bu cavabdehin qanunsuz əməlləri nəticəsində ona vurulmuş maddi ziyandır. Eyni zamanda nəvəsinin də müalicə xərclərinə 300 manatdan çox vəsait sərf edilmişdir. Cavabdehin onu döyməsi nəticəsində halhazıra kimi müalicə alır və mənəvi sarsıntılarını hələ də tam bərpa etmək mümkün olmamışdır. Belə ki, özündən asılı olmayaraq blokda pilləkənlərlə hərəkət etdikdə, elə bilir ki, Zöhrə İsmayılova qapını açaraq yenə də üstünə düşəcək və onu döyəcəkdir. Zöhrə İsmayıovanın yaşadığı evin blokunda olan bütün qonşuların yanında onu söyüb təhqir etməsi, onun şərəf və ləyaqətini alçaltması mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. Döyülməsi ilə bağlı Bakı şəhəri Xətai rayon Polis İdarəsi İstintaq Şöbəsinidə istintaq aparılmış və Zöhrə İsmayılovanın cinayət etdiyi müəyyən edilmişdir. İsmayılovanın cinayət əməlləri nəticəsində vurulmuş mənəvi zərəri 3000 manat məbləğində qiymətləndirir. Cavabdeh X7 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddianı qəbul etmir və ona kəskin şəklində etiraz edir. Bildirir ki, iddiaçı və onun qızı X13 onunla ədavət apararaq dəymiş maddi və mənəvi ziyanla bağlı Xətai rayon məhkəməsində eyni predmet, eyni mübahisə üzrə iddia qaldırmışdir. 2(011)-502/2021 saylı qətnamə ilə iddia qismən təmin olunaraq, ondan X6 xeyrinə maddi zərərə görə 1581 manat və mənəvi zərərə görə 100 manat ödənilməsi qət edilmişdir. Həmçinin, iddiaçı HacıyevTofiq Mahmud oğlunun əsassız şikayəti əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddə si ilə cinayət işi açılmışdır və Xətai rayon Məhkəməsinin 1(011)-84/2021 saylı hökmü ilə ona 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Bununla bağlı öz çirkin niyyətindən əl çəkməyərəq yenidən iddiaçı və onun qızı pul almaq məqsədi ilə ikinci dəfə eyni predmetlə məhkəməyə iddia ərizəsi ilə müracuət ediblər. Hesab edir iddiaçının bu iddiasına məhkəmə tərəfindən xitam verilməlidir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(011)-502/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdehlər X8 və X5 qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiası qismən təmin edilmiş, cavabdehlərdən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 33 ünvanında yerləşən 82 saylı mənzilə vurulmuş maddi ziyana görə 1581 manat, mənəvi zərərə görə 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pulun müştərək qaydada alınaraq X11 verilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 1(011)-84/2021 saylı hökmündən görünür ki, X7 08.09.2020-ci il tarixdə saat 10 radələrində ünvan 1 ünvanda yerləşən mənzilin dəhlizində onun mənzilindən qonşusu İddiaçı mənzilinə uzun müddət ərzində su axdığı üçün aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı İddiaçı baş nahiyəsinə yumruq zərbəsi vuraraq və sol qol nahiyəsini əli ilə cızaraq baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə nahiyəsində hematoma, sol bazu və döş qəfəsi nahiyələrində qançırlar ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirib İddiaçı sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. iş materiallarında olan Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi X10 11,09.2020-ci il tarixli 978 nömrəli rəyindən görünür ki, İddiaçı bədənində müəyyən edilmiş xəsarətlər baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə nahiyəsində hematoma, sol bazu və döş qəfəsi nahiyələrində qançırlar küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 08.09.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə dərəcəsinə görə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməklə 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmişdir. İş üzrə mülki iddia olmamışdır. Hökm 19.03.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 1(011)-84/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli 1(011)- 84/2021 saylı hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə məhkum X7 tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01.07.2021-ci il tarixli, 1(103)- 1025/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 1(011)-84/2021 saylı qərarından məhkum X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16.02.2022-ci il tarixli, 1(102)-198/2022 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01.07.2021-ci il tarixli, 1(103)-1025/2021 saylı qərarından məhkumun müdafiəçisi, “Kredo” Vəkil Bürosunun vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.12.2021-ci il tarixli, 7(011)-571/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Probasiya idarəsinin icra məmuru Ruhiyyə Məmmədovanın təqdimatı təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-84/2021 saylı, 26.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş X7 barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasından dərhal azad edilməsi, üzərindən məhkumluğun götürülməsi qərara alınmışdır. Tibbi Sosial Ekspert Komissiyasının 16.01.2020-ci il tarixli sonuncu müayinə haqqında məlumatından görünür ki, İddiaçı “Beyin infarktı, Vertebro-bazilyar (əsas) arteriya hövzəsində keçirimiş işemik insultun davamlı qalıq əlamətləri (03.06.2018) Spastik hemiplegiya, Sağ tərəfli dərin spastik hemiparez (əzələ qüvvəsi 3 bal) Dərk etmə və qavrama qabiliyyətinə aid olan digər simptomlar, .Kobud yaddaş pozulması” diaqnozları ilə ikinci qrup əlillik müəyyən edilmişdir. Yüngül işlərdə işləyə bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh X7 08.09.2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən mənzilin dəhlizində mənzilinə uzun müddət ərzində su axdığı üçün aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qonşusu İddiaçı baş nahiyəsinə yumruq zərbəsi vuraraq və sol qol nahiyəsini əli ilə cızaraq baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə nahiyəsində hematoma, sol bazu və döş qəfəsi nahiyələrində qançırlar ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirmiş, göstərilən əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməklə 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Həmçinin, İddiaçı daha əvvəl, yəni, 16.01.2020-ci il tarixdə “Beyin infarktı, Vertebro-bazilyar (əsas) arteriya hövzəsində keçirimiş işemik insultun davamlı qalıq əlamətləri (03.06.2018) Spastik hemiplegiya, Sağ tərəfli dərin spastik hemiparez (əzələ qüvvəsi 3 bal) Dərk etmə və qavrama qabiliyyətinə aid olan digər simptomlar, .Kobud yaddaş pozulması” diaqnozları ilə ikinci qrup əlillik müəyyən edilmişdir. Hazırda İddiaçı cavabdeh X5 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində özünün sağlamlığına vurulmuş maddi və mənəvi ziyanın, habelə, nəvəsinə vurulmuş maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vəişgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmçinin, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Kletsova Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. "Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyana görə kompensasiya məsələsinə gəldikdə, məhkəmə hazırkı vəziyyətdə Konvensiyanın pozulduğunu aşkar edərsə, bu fakt ərizəçilər üçün mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdeh X2 qanunazidd hərəkətləri nəticəsində İddiaçı mənəvi ziyan vurulması, yəni iddiaçıya mənəvi sarsıntı, iztirab verməsi iş materialları ilə sübuta yetirilir. Eyni zamanda, məhkəmə cavabdehin törətdiyi əmələ görə müvafiq məhkəmə hökmü ilə təqsirli bilinərək, cinayət cəzasına məhkum olunmasını mənəvi zərərin ödənilməsi kimi qiymətləndirərək, hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə qismən təmin olunmalı və cavabdehdən mənəvi zərərə görə 300 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, cavabdeh tərəfindən döyülməsi nəticəsində iddiaçıya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətlərinin yetirilməsi işin mübahisəsiz halı olsa da, iddiaçı özünün müayinə və müalicəsi üçün 1500 manat, nəvəsinin müalicəsi üçün 300 manat məbləğində pul vəsaiti xərcləməsi ilə bağlı dəlillərini əsaslandıra bilməmiş, bu barədə məhkəməyə hər hansı mötəbə sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi maddi ziyanın tutulması hissəsində əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsümunun 2 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X1 vurulmuş mənəvi ziyana görə 300 manat və ödənilmiş dövlət rüsumunun 2 manat hissəsi olmaqla, cəmi 302 (üç yüz iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar