Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9482/2025 26.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Binə qəsəbəsi, Ramana südçülük sovxozu ünvanında istifadəsində olan torpaq sahəsindəki fərdi yaşayış evinin qazlaşdırılması və adına abonent kodunun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Binə qəsəbəsi, Ramana südçlük sovxozu ünvanında yerləşən 250 m2 torpaq sahəsini 2013-cü ildə almışdır və həmin torpaq sahəsində 2020-ci ildə fərdi yaşayış evi tikdirmiş və ailəsi ilə birgə orada yaşayırlar. Sözügüdən evə elektrik xətti çəkdirmişdir və aidiyyəti orqan tərəfindən sayğac qoyulmuşdur. Bundan sonra evin qaz xətti ilə təmin edilməsi üçün Cavabdeh İB-nə xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət etmişdir. Cavabdeh İB zəng edərək şifahi şəkildə bildirmişdir ki, Cavabdeh İB AR Qanununda xx.xx.2023-cü il tarixində qüvvəyə minmiş dəyişikliyə görə AR Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə olan, lakin belə icazə alınmadan inşa edilmiş v tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan tikinti obyektlərinin qaz xətlərinin şəbəkəyə qoşulması qadağan olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Sözügedən fərdi yaşayış evi şəhərsalma qaydalarına uyğun inşa edilmişdir. Bundan əlavə iddiaçı qeyd etmişdir ki, Cavabdeh İB AR Qanununda xx.xx.2023-cü il tarixində qüvvəyə minmiş dəyişikliyə əsasən imtina etməsi də əsassızdır. Belə ki, iddiaçı ev sözügedən dəyişilikdən xeyli əvvəl inşa etdirmiş və orada yaşamışdır. Buna sübut isə evə çəkilmiş işıq xəttidir. Cavabdeh İB məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş 30 may 2023-cü il tarixli, 893- VİQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10-1-ci bəndə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qaeyd olunanları nəzərə alaraq 2(011)-9482/2025 saylı mülki işin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Binə qəsəbəsi, Ramana südçlük sovxozu ünvanında yerləşən 0,50 ha torpaq sahəsi X2 xx.xx.2010-cu il tarixdən 99 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsinin icarə hüququnun satılmasına dair xx.xx.2013-cü tarixli alqı-satqı müqaviləsindən görünür ki, X1 icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Binə qəsəbəsi, Ramana südçlük sovxozu ünvanında yerləşən 0,50 ha torpaq sahəsindən 0,025 ha torpaq sahəsinin icarə hüquqları İddiaçı satılmışdır. İddiaçının Cavabdeh İB-nə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Binə qəsəbəsi, Ramana südçlük sovxozu ünvanında yerləşən 250 m2 torpaq sahəsinə qaz xəttinin çəkilməsi üçün dəfələrlə Cavabdeh İB-nə müraciət etmiş, lakin müraciətləri cavabsız qalmışdır. Bu səbəbdən sözügedən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının xx.xx.2025-ci il tarixli Qanunu: 3.1. Bu Qanun qaz təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamil olunur. 12.1. Qazın topdansatışı topdan satıcı tərəfindən, pərakəndə satışı pərakəndə satıcı tərəfindən həyata keçirilir. 12.3. İstehlakçılara qazın pərakəndə satışı pərakəndə satıcı ilə istehlakçı arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında həyata keçirilir. 13.1. İstehlakçılara qazın satışı qaz satıcıları tərəfindən həyata keçirilir. 13.2. İstehlakçılara qazın satışının xüsusiyyətləri qazdan istifadə qaydaları ilə tənzimlənir. 14.1. Tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması şəffaf və ayrı-seçkiliyə yol verilmədən həyata keçirilir. 14.2. Tikinti obyektlərinin qaz təchizatı üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların qaz şəbəkəsinə qoşulması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və qaz təchizatı sisteminə dair qaydalarla tənzimlənir. 14.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Agentlik tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir.
8. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Cavabdeh İB iddiaçının istifadəsində olan fərdi yaşayış evinin qazlaşdırılmasından imtinanı köhnə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 30 may 2023-cü il tarixli dəyişikliklə əlavə olunmuş 10-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasının qadağan olması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının xx.xx.2025-ci il tarixli Qanunu xx.xx.2026-cı il tarixdən qanuni qüvvəyə minmişdir və Qanunun 14.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Analoji qadağa köhnə “Qaz təchizatı haqqında” Qanuna 30 may 2023-cü il tarixli dəyişikliklə daxil edilmiş və həmin dəyişiklik xx.xx.2023-cü il tarixdən qüvvəyə minmişdir. İddiaçının istifadəsində olan fərdi yaşayış evinin qanunvericilikdə qeyd edilən qadağanın tətbiq edilməsindən daha əvvəl inşa edilyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh İB-nin fərdi yaşayış evinin qazlaşdırılmasından imtinası əsassız olmuşdur, odur ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı izahatında evi 2013-cü ildə tikdiyini, tamamlanma işlərinin 2020-ci ilə başa çatdığını bildirmişdir. İş materialları ilə də təsdiq olunur ki, iddiaçı evin tikildiyi torpaq sahəsinə icarə hüququnu 2013-cü ildə əldə etmişdir. Kommunal xidmətlərə dair bağlanmış müqavilələrdən və ödəniş qəbzlərindən isə görünür ki, fərdi yaşayış evi 2014-2016-cı illərdə elektrik enerjisi, telefon-rabitə xidməti və su təhcizatı ilə təmin edilmişdir. Beləliklə, yaşayış evinin məlum qadağanın qanunvericiliyə daxil edilərək qüvvəyə minməsindən çox daha əvvəl tikilib başa çatması, eləcə də, su, işıq, telefon-rabitə xidməti ilə təhciz edilməsi sübuta yetirilmişdir. Odur ki, 2023-cü ilin oktyabrın 1-dən qüvvəyə minən qadağanın tikintisi uzun müddət əvvəl başa çatmış, digər kommunal xidmətlərlə təmin edilmiş fərdi yaşayış evinə tətbiq edilərək, evin qazlaşdırılmasından imtina edilməsi əsassız olmuşdur. Tikintisi uzun müddət əvvəl başa çatmış, su, işıq, digər kommunal xidmətlərlə təmin edilmiş, iddiaçının istifadəsində olan torpaq sahəsində inşa etdiyi və mübahisəsiz yaşadığı evin təbii qazla təmin olunmasından qanunvericiliyə sonradan edilmiş dəyişikliyə əsasən imtina edilməsi həm də, iddiaçının layiqli həyat səviyyəsinin təmin edilməsi, mülkiyyətə gözlənti hüququ, mənzil hüququ, şəxsi və ailə həyatına, yaşayış yerinə hörmət hüququnun məhdudlaşdırılmasına gətirib çıxara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Binə qəsəbəsi, Ramana südçlük sovxozu ünvanında İddiaçı istifadəsində olan torpaq sahəsindəki fərdi yaşayış evinin qazlaşdırılması və İddiaçı adına abonent kodunun verilməsi öhdəliyi Cavabdeh İB-nə həvalə edilsin. 100 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli