Məhkəmə qərarları › İş №2(011)-979/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-979/2021

15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-979/2021 15.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara maddi və mənəvi vurduğu ziyana görə 40000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, oğlu Əliyev Seymur və Cavabdeh 2016-cı ilin sentyabr ayında el adət-ənənəsi ilə toy etmiş, Nigar və onun anası Təranənin heç kimi olmadığını onlara deyiləndə, onlar əsas insanın yaxşı olmasını bildirmişlər, toy vaxtı onlar şadlıq sarayı danışarkən, onlar təxminən üç yüz nəfərlik Fəridə şadlıq sarayında yer danışmaq istəmişlər, lakin Təranə və keçmiş gəlini Nigar onların da xeyli adamları olacağını bildirmiş, buna görə də onlara böyük zalı, yəni 500 nəfərlik zalı sifariş etdirmişlər, cavabdehin isə toy zamanı heç bir masalıq adamları olmamışdır, onlar 30.000 manatadək xərc çəkmişlər, Nigarı evə gəlin köçdükdən 3 gün sonra onun, yəni iddiaçının anası Gürcüstanda dünyasını dəyişmiş, onlar mərasimdə iştirak etmək məqsədi ilə Gürcüstana yola düşmüş, bu müddət ərzində cavabdeh anası gildə qalmışdır, onlar öz evlərinə qayıtdıqdan sonra, cavabdeh evdə onlar üçün ayrılan otağa girmiş, qapını bağlayaraq içəridən çıxmamağa başlamışdır, cavabdeh otaqdan yalnız axşamlar çıxırdı, cavabdeh nəinki evi, hətta öz yataq otaqlarını belə təmizləmirdi, evə başsağlığı üçün gələnlər olduqda, cavabdeh otaqdan çıxmır, cavabdehi günorta yeməyinə dəvət etdikdə, buna da narazılğını bildirməklə oğluna zəng edərək onu narahat etdiyini bildirirmiş. Həmin il atası da dünyasını dəyişmiş , anası rəhmətə gedəndə etdiyi kimi, yenə də cavabdeh öz istədiyini edirmiş, Nigarın hamiləlik dövrü başlasa da, bir ana kimi gəlininin hamiləliyindən belə xəbərləri olmamışdır, cavabdeh hamiləlik bəhanələriylə evdən istədiyi kimi getməyə başlamış, istədiyi vaxtda gəlirmiş, bir gün evdə yığıncaq var idi, bu zaman gəlininə qızıllarını taxmağını söyləmiş, bu zaman aldıqları qıızıllar ortaya çıxmamışdır, hətta nişan üzüyünü də heç bir səbəb olmadan satmışdır, evdən heç kimə məlumat vermədən pul aparmışdır, oğlu işə gedəndə yalandan polisə məlumat verərək cavabdehin evinə hücum çəkilməsi kimi həqiqətə uyğun olmayan müraciətlər etmişdir, cavabdeh dəfələrlə onlara mesaj yazaraq və zəng vuraraq təhqir etmişdir, cavabdehlə oğlunun rəsmi nikahı olmamışdır, oğlu onunla daimi yaşasa da, Nigar heç bir il onlarla yaşamadı, məhkəmə qətaməsi ilə oğlundan aliment tutulması qət edilmişdir, bu da cavabdehin əlində vasitəyə çevrilmiş, bu bəhanə ilə tez-tez oğlunu şikayət edir, bütün bunlara baxmayaraq, o da, ailə üzvləri də cavabdehə hörmətsizlik etməmiş, daima ona hörmət çərçivəsində yaxınlaşmışdır, cavabdeh könüllü şəkildə anasının evinə getmişdir, göstərilənlərə əsasən münasibətləri soyumuşdur, düzdür onlar cavabdeh və onların qohum-tanışlarını toya qonaq qismində dəvət etsələr də, cavabdeh toy üçün çəkilmiş xərclər və ona vurulmuş mənəvi zərərə görə məsuliyyət daşıyır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili K.T.İsgəndərli iddia tələbini qəbul etməyərək və cavabdehin məhkəməyə təqdim etdiyi iddia tələbinə etiraza uyğun izahat verərək bildirdi ki, iddia tələbini əsassız hesab edirlər, iddia ərizəsinin birinci abzasında qeyd olunmuş həqiqəti özündə əks etdirməyən iddia tələbi ilə razı deyil, iddiaçı X3 iddiaçının keçmiş qaynanasıdır, Nigarın keçmiş həyat yoldaşı ilə rəsmi nikahları olmamışdır, nikahları faktiki xarakter daşımışdır, adət-ənənəyə uyğun olaraq toy etmişlər, həmin toy məclisinin təşkili zamanı ilk öncə ailələr arasında razılıq əldə olunmamış, daha dəqiq, Nigarın atası dünyasını dəyişdiyi vaxtdan onun qohumları ilə əlaqələri kəsilmiş, gediş-gəlişləri olmamışdır, bu səbəbdən toy məclisi zamanı onun dəvətliləri az olduğu üçün şadlıq sarayının böyük zalının tutulmasının tərəfdarı olmamışlar, cavabdehin dəvətlilərinin sayının 15-20 nəfər təşkil edəcəyini əvvəlcədən bildirmişlər, keçmiş həyat yoldaşının ailəsi 500 nəfərlik böyük zalı danışmış, cavabdehin qohumlarının olmamasını dəfələrlə bildirildiyi halda, guya onlara görə əlavə 200 nəfərlik stol açdırmışdılar, 15-20 nəfərdən ibarət qonaqlarının olduğundan qız toyunun cavabdeh tərəfindən edilməsi üçün kiçik banket zalının tutulması bildirildikdə isə iddiaçı tərəfin ailəsi buna etiraz etmişdir, onun iradəsindən asılı olmayan 500 nəfərlik toy zalı tutulmuşdur, iddiaçı iddia edir ki, guya Nigara alınmış qızıllar, hətta nişan üzüyü onlardan xəbərsiz satılmışdır, ayrıldıqdan sonra Xətai Rayon Məhkəmənin qətnaməsinə əsasən nikahdan olan övladının saxlanılması üçün alimentin keçmiş həyat yoldaşı tərəfindən ödənilməsi qət edilmişdir, keçmiş həyat yoldaşı tərəfindən övladının saxlanılması üçün onun xeyinə tutulmalı olan aliment məbləği ödənilmədiyindən, azyaşlı uşağının yemək və digər zəruri xərclərini qarşılamaq üçün nişan üzüyünü satmış, bununla da uşağının təlabatını ödəməyə çalışmışdır, toy zamanı ona alınmış qızıl dəst keçmiş həyat yoldaşı tərəfindən ondan alınmışdır, keçmiş həyat yoldaşı onun üzərinə yerimiş, qızıl zinət əşyalarını tələb etdiyindən çox qorxaraq qızıl zinət əşyalarını keçmiş həyat yoldaşına verməyə məcbur olmuşdur, hələ hamiləlik dövründə evi tərk etdiyi zaman tərəfindən izahatın yazıldığı məsələsinə toxunulmuş, ancaq bu izahatın məğzi barədə məlumat verilməmişdir, hamiləlik dövründə kəskin ağrıları olduğundan onunla məşğul olacaq, qulluğunda duracaq müvəqqəti bir nəfərə ehtiyacı var idi, ağrılarının kəskin artması, bu ağrıların dözülməzliyi səbəbindən anasına zəng edərək ona baxması üçün öz evinə aparmasını və qulluğunda durmasını xahiş etmişdir, bu zaman isə ailədə cavabdehin sağlamlığı ilə əlaqədar maraqlanacaq, narahat olacaq heç kim olmadığından məktub yazaraq artıq onun o evdə yaşaya bilməyəcəyini və ayrılmaq istədiyini qeyd etmişdir, onun kəskin ağrılarının olduğu dövr ərzində iddiaçı X3 cavabdehə bir stəkan su belə verməmiş, ona, dünyaya gələcək övladına qarşı laqeyd mövqedən çıxış etmişdir, o, dəfələrlə dünyaya gələcək övladının həkim müayinəsi zamanı iddiaçının da onunla birgə getməsini xahiş etsə də, keçmiş qaynanası ona qarşı laqeyidlik edərək bu məsələdən yayınırdı, onun guya daimi olaraq polis idarəsinə keçmiş həyat yoldaşı, iddiaçının oğlu Seymuru şikayət etmək üçün çalışması barədə dəlilləri isə təmamilə əsassızdır, cavabdeh yalnız övladının doğum günündə içkili vəziyyətdə evə gəlməsi zamanı, gapını açmayacağı təqdirdə özünü öldürəcəyini bildirdiyi zaman onun intihar etməsindən qorxaraq polisə müraciət etmiş, həmin zaman azyaşlı övladı səs-küydən olduqca təsirlənmişdir, məhz belə halların yaşanmaması, övladını psixoloji travmalardan qorumaq üçün iddiaçı X1 oğlu ilə yollarını ayırmağa qərara almışdır, bir sözlə, iddia tələbi təmamilə əsassızdır, iddia tələbinin əsasları olan hallar heç biri həqiqəti əks etdirmir, bundan əlavə, iddiaçı iddia tələbi və onun əsaslarını təşkil edən hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Sonda K.T.İsgəndərli iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddia tələbi vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədədir, İddiaçı oğlu S.Əliyevlə Cavabdeh faktiki nikah münasibətində olmuşlar. Bununla belə, cavabdehin hər hansı əməli nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, bu, sübutetmə ilə bağlıdır və iddiaçı iddia tələbini əsaslandırdığı hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında formalaşdırdığı presedentə görə, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı X1 "Cavabdeh ona maddi və mənəvi vurduğu ziyana görə 40000 manat məbləğində X1 xeyrinə pul ödənilməsi barədə" idda tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçınln özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24.11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: X1 "Cavabdeh ona maddi və mənəvi vurduğu ziyana görə 40000 manat məbləğində X1 xeyrinə pul ödənilməsi barədə" idda tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar