Məhkəmə qərarları › İş №2(011)-989/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-989/2025

23.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-989/2025 23.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayının əvvəlində, cavabdeh onunla əlaqə saxlayaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ərazisində yerləşən ona məxsus mənzildə aparılan təmir işləri ilə əlaqədar alçipan işlərinin yerinə yetirilməsini iddiaçıdan xahiş etmişdir. O, alçipan ustasıdır, bütün növ dizayn, ölçü və konfiqurasiyada alçipan işlərini yerinə yetirir. 17 avqust tarixində cavabdehin xahişi ilə ona məxsus mənzildə, sadə dizayn üslubunda alçipandan ibarət işlərin yerinə yetirilməsi üçün mənzilin 1 paqon metr sahəsinə (yəni 1 metr uzunluğunda konfiqurasiyada) görə 6 manat məbləğində xidmət haqqının hesablanmaqla işlərin yerinə yetirilərək ona təhvil verilməsi barədə razılığa gələrək işə başlamışdır. İşin əvvəlində cavabdeh ona nağd şəkildə ümumilikdə 1000 manat avans ödəmişdir. Aralarında olan razılığa görə xidmət haqqının qalan hissəsini isə işi ona tam şəkildə təhvil verdikdən sonra ona ödəyəcəyini bildirmişdir. İşlərin görülməsi zamanı digər iki nəfər işçi də onunla bərabər sözügedən mənzildə alçipan işlərinin görülməsində ona köməklik göstərmişlər. Lakin iş prosesi zamanı cavabdeh yerinə yetirilən alçipan işlərinin dizayn üslubunda dəyişikliklər edərək, daha mürəkkəb konfiqurasiyada və dizayn üslubunda alçipan işlərinin yerinə yetirilməsini tələb etmişdir. Təbii ki, iddiaçı da cavabdehin bütün istək və tələblərini yerinə yetirərək alçipan işlərini tam və keyfiyyətli şəkildə ona təhvil vermişdir. Lakin işin sonunda cavabdeh görülən işlərlə bağlı ödəniləcək xidmət haqqının qalan hissəsi olaraq ona 500 manat təklif etmişdir. Halbuki, cavabdeh görülən işlərlə bağlı xidmət haqqı olaraq ona əlavə 1600 manat, ümumilikdə isə 2600 manat məbləğində pul ödəməli idi. Cavabdehin görülən işnən bağlı heç bir etirazı və narazıçılığı olmamışdır, əksinə görülən işlərin onun istək və tələblərinə uyğun olduğunu etiraf etmişdir. Lakin, buna baxmayaraq, cavabdeh aralarında olan razılaşmaya əsasən 1600 manat məbləğində pulu ona ödəməmişdir. Cavabdehdən borclu olan pulun ödənilməsini dəfələrlə xahiş etməyinə baxmayaraq, cavabdeh ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Ərizə ilə Nərimanov Rayon Polis İdarəsinə də müraciət etsə də, müraciətinin heç bir nəticəsi olmamışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 1600 manat məbləğində pulun və ödədiyi 36 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında çıxış edən iddiaçı X1 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 etiraf etmişdir ki, ola bilər ki əvvəlcədən yerinə yetirilməsi üçün 1 paqon metr sahəsinə görə 6 manat məbləğində xidmət haqqının olduğunu cavabdehə deməmişdir. Məhkəmənin baxış iclasında çıxış edən Cavabdeh iddia tələbini qismən qəbul etməklə yanaşı, bildirmişdir ki, işə başlayarkən iddiaçı ona işinə görə qiymətlərin fərqli olduğu barə məlumat verməmiş, iş bitəndən sonra alçipandan ibarət işlərin yerinə yetirilməsi üçün 1 paqon metr sahəsinə (yəni 1 metr uzunluğunda konfiqurasiyada) görə 6 manat məbləğində xidmət haqqının olduğu bildirmişdir. Cavabdeh aralarında belə razılaşmanın olmadığını bildirmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qismən qəbul etdiyini, iddiaçıya 1000 manat ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən etiraf edildiyi üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 21 iyul 2025-ci il tarixli ərizədən görünür ki, cavabdeh iddia tələbini qismən qəbul edir və 1000 manat ödəyə biləcəyini bildirir. Məhkəmə iclasında şahid qismində çıxıç edən X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun iş yoldaşıdır. Cavabdehi işlədiyi obyektdə 1-2 dəfə görmüşdür. Alçipan işi görürdülər, paqon yığmışlar. Kv.m 6 manatdan yığmışdır. Paqon metri 6 manatdan danışılmışdır. Cavabdeh ilə o, danışmamışdır. Sadəcə yanlarında olanda görmüşdür ki, necə iddiaçı ilə cavabdeh mübahisə etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 405-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Məhkəmə tərəflər arasında razılaşdırılmış şifahi müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsinin əlamətlərini ehtiva edən müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podratla bağlı normaları tətbiq edilməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3-cü maddəsinə əsasən əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. 442-ci maddəyə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448-ci maddəyə əsasən Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 52.2-ci maddəsi müəyyən edir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı alçipan ustasıdır və tərəflər arasında mənzildə aparılan təmir işləri ilə əlaqədar alçipan işlərinin yerinə yetirilməsinə görə şifahi razılaşma olmuşdur. İddiaçı cavabdehə məxsus mənzildə razılaşdırılmış işləri yerinə yetirmişdir. Hazırda iddiaçı gördüyü işlərin əvəzinin cavabdeh tərəfindən ödənilmədiyini bildirərək, Cavabdeh 1600 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında etiraf etmişdir ki, ola bilər ki əvvəlcədən yerinə yetirilməsi üçün 1 paqon metr sahəsinə (yəni 1 metr uzunluğunda konfiqurasiyada) görə 6 manat məbləğində xidmət haqqının olduğunu cavabdehə deməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ona ödənilməli olan pulun məbləğini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, cavabdeh iddia tələbini qismən, 1000 manat hissəsində qəbul etdiyindən, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumunun 62%, yəni 22 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 38%, yəni 14 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar