Məhkəmə qərarları › İş №2(012)-102/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-102/2023

14.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-102/2023 14.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Ələkbərova (Salahova) Şəfaqət Gülbala qızına qarşı real bölgünün aparılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh1 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, övladları arasında mülkün bölünməsində məhkəmə icraçılarının iştirakı ilə təcili təşkil olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı X4 xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, onun iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmadığını bildirərək onun İddiaçı ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı cavabdehlər Cavabdeh1 və Ələkbərova (Salahova) Şəfaqət Gülbala qızına qarşı paylı mülk üzərində real bölgünün aparılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Qobu qəsəbəsi M.Məmmədyarov küçəsi ünvanında yerləşən fərdi yaşayış evi üzərində paylara müvafiq real bölgünün aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bölgünün aparılmasını xahiş etdiyi ünvanın “ünvan 1ərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 5/7 hissədə İddiaçı, 1/7 hissədə qardaşı Cavabdeh1 və 1/7 hissədə isə bacısı X3 mülkiyyətindədir. Hal-hazırda, mülkün müxtəlif hissələrində iddiaçı, anası X4, qardaşı Cavabdeh1 həyat yoldaşı və uşaqları ilə və digər qardaşı X8 yaşayır. Cavabdeh İddiaçı birgə yaşayış qaydalarını və ümumi paylı mülkiyyətdə payına uyğun sahiblik və istifadə hüquqlarını pozmuşdur. O, mülkiyyət payı üzrə evin yaşayış sahəsinin xeyli hissəsini zəbt etməklə yaşayır və öz səlahiyyət həddini aşmaqla daim digərlərinin yaşayış və mülkdən istifadə hüquqlarını pozur, zorakılıqlara yol verir. Belə olan halda, iddiaçı məhkəməyə müraciət etməklə həyət evində mülkiyyət hüquqları üzrə paylara müvafiq olaraq real bölgü aparılmasını tələb etmək zərurətində qalır. Belə ki, cavabdeh ümumi birgə mülk üzərində cəmi 1/7 hissədə paya malik olduğu halda reallıqda mülkün əsas yaşayış otaqlarının 3-nü, dəhlizi və digər köməkçi sahələri zəbt etmiş və bu hissələrdən digər ailə üzvlərinin, anasının və iddiaçının sərbəst şəkildə istifadə etməsinə imkan vermir. Dəfələrlə danışıqlar aparıb ümumi-birgə mülkiyyətdə olan evdən qarşılıqlı razılıq əsasında və paylara müvafiq mümkün olan qaydada istifadəni razılaşdırmaq istəsələr də, heç cür razılıq əldə olunmamış və mülkün əsas hissələri üzərində və öz payına uyğun gəlməyən qaydada istifadə etməkdə davam edir. Cavabdeh kənddə başqa ərazidə torpaq sahəsinə malikdir və bu sahədə özünə ailəsini tam qane edən ev tikdirmişdir. Lakin nədənsə tikdirdiyi yeni evdə son tamamlama işlərini başa çatdırıb, oraya köçməkdən boyun qaçırır. Mübahisəli fərdi yaşayış evində hər birinin payı olsa da, naturada bölgüsünün aparılmasına kifayət qədər maddi vəsait sərf olunur və buna heç birinin imkanı yoxdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2495 saylı rəyi ilə razı deyildir. Hasar çəkilməklə problemin həlli üsulunu o, 15 il bundan əvvəl təklif etmişdir. Sadəcə olaraq, cavabdeh həyətin yarısını istəyir. Məsələ də budur ki, onlar evin bölgüsünün necə aparılmasını bilmirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək nümayəndəsi Nümayəndə izahatını təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2495 saylı rəyi ilə razı deyildir. Səbəb isə ekspert rəyinə əsasən, bir çıxışın mövcud olduğunun göstərilməsidir. Ekspert düzgün baxış keçirməmişdir. Tərəflər təsdiq edə bilər ki, evin ümumi yerləşməsi iki yolun ortasındadır. Cavabdeh1 ekspertin iştirakı ilə yerli baxışda iştirak etmiş və ekspertə göstərmişdir. Birmərtəbədən ibarət evin altında zirzəmi vardır. Zirzəmidə cavabdeh, iddiaçı isə birinci mərtəbədə yaşayır. Tərəflər də təsdiq edir ki, zirzəmidə yaşamasına cavabdehə münasibətdə etiraz yoxdur. Problem giriş-çıxış məsələsidir ki, həyətə yolun ortasında olduğundan bir tərəfdən giriş var, o biri tərəfdən isə girişin olmasını tərəflər problem etmir. O da öz növbəsində, vəkil olaraq tərəflərə barışıq təklif etmişdir. Halbuki, hasar çəkilməklə problem həll oluna bilər. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək nümayəndəsi-vəkili Vəkil izahatını təsdiq etmişdir. Cavabdeh Ələkbərova (Salahova) Şəfaqət Gülbala qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(012)-553/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh X1 adına verilmiş vərəsəlik şəhadətnaməsi və çıxarış etibarsız hesab edilmiş, cavabdehlər X6, Nümayəndə, İddiaçı, X2, X5, X3 hər birinin Abşeron rayonu, Qobu qəsəbəsi Məmmədyarov küçəsi ev 31-də yerləşən miras evə vərəsəlik hüququ tanınmaqla Cavabdeh1 və digər cavabdehlərin hər birinin Abşeron rayonu, Qobu qəsəbəsi Məmmədyarov küçəsi ev 31-də yerləşən miras evə 1/7 hissədə payı müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli **********21-10301 saylı texniki pasportun surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi Məmmədyarov küçəsi 31 saylı fərdi yaşayış evinin 1/7 hissəsi Cavabdeh1, 1/7 hissəsi X3 və 5/7 hissəsi isə İddiaçı mülkiyyətindədir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi Məmmədyarov küçəsi 31 saylı fərdi yaşayış evinin 1/7 hissəsi Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə, 1/7 hissəsi X3 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə, 5/7 hissəsi isə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində, **********21-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2495 saylı rəyindən görünür ki, Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, Cavabdeh1 1/7 hissədə, X3 1/7 hissədə, İddiaçı 5/7 hissədə paylarının müəyyən edildiyi **********21-10301 reyestr nömrəli ünvan 3 ünvanındakı 0.01655 ha torpaq sahəsi üzərində yerləşən 118.1 kv.m fərdi yaşayış evinin mülkiyyətçilərin payına uyğun fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələrinin (mətbəx, dəhliz və s.) yeganə olmasına, o cümlədən, cavabdehin yarımzirzəmi sahəsindən istifadə etməsini nəzərə alaraq, “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun bölünməsi texniki cəhətdən mümkün deyil. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı, Cavabdeh1 Abşeron rayonu Qobu qəsəbəsi M.Məmmədyarov küçəsi 31 saylı evdə, Cavabdeh2 isə Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 26 saylı evdə qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1. maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, paylı mülkiyyət hüququ əsasında mənsub olan və daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 1/7 hissədə Cavabdeh1, 1/7 hissədə X3, 5/7 hissəsi isə İddiaçı adına qeydə alınmışdır. Həmin yaşayış evindən istifadə ilə bağlı tərəflər arasında mübahisə olduğundan iddiaçı fərdi yaşayış evinin paylara uyğun naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2495 saylı rəyinə əsasən, Abşeron rayonu Qobu qəsəbəsi M.Məmmədyarov küçəsi 31 saylı fərdi yaşayış evinin tərəflərin hər birinin payına uyğun bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət verilərkən iddia ərizəsinin ona tələb hüququna malik olan subyekt tərəfindən verilibverilmədiyini, bu tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmaması araşdırılmalıdır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, iddia ərizəsi İddiaçı tərəfindən verilmiş və iddia ərizəsinə əlavə olunmuş 180945 saylı vəsiqənin surətindən İddiaçı ikinci qrup əlil olması öz təsdiqini tapmışdır. Başqa sözlə, iddiaçı iddia ərizəsində özünün ikinci qrup əlil olmaqla bacısı X2 onun qəyyumu olduğunu etiraf etmişdir. Göründüyü kimi, iddiaçı fəaliyyət qabiliyyətsiz olduğu halda, iddia ərizəsi ilə məhkəməyə onun qəyyumu deyil, özü müraciət etmişdir ki, bu da qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Halbuki, Mülki Prosessual Məcəllənin 49.1. maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...˝ Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, məhkəmə araşdırması zamanı tədqiq olunmuş ekspert rəyini, həmçinin, iddiaçının iddia irəli sürməyə subyektiv hüququnun olmamasını nəzərə alaraq hesab edir ki, Abşeron rayonu Qobu qəsəbəsi M.Məmmədyarov küçəsi 31 saylı fərdi yaşayış evinin tərəflərin payına uyğun naturada bölünməsi mümkün olmadığından iddia tələbi əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216- 236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə,

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Ələkbərova (Salahova) Şəfaqət Gülbala qızına qarşı real bölgünün aparılması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar