Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1032/2022 31.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 kаtibliyi ilə, İddiaçı, Cavabdeh Bakı Mühəndislik Universiteti X8 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Mühəndislik Universiteti X6rşı akademik borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Mühəndislik Universiteti X6rşı akademik borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının 4cü dərs ilində götürə bilmədiyi 5 fənnə və təcrübə işinə (praktikaya) görə hazırki dərs ilində hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür. Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində Dövlət və Bələdiyyə ixtisası üzrə təhsil alan 4-cü kurs passiv tələbədir. Azərbaycan Respublikası Prezidentinin 04.08.2003-cü il tarixli sərəncamına əsasən, dövlət ali ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Prezidentinin 14.09.2011-ci il tarixli sərəncamına uyğun olaraq, 2011/2012-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrinin bakalavr və magistratura təhsil səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu səbəbdən, o, dövlət sifarişi əsasında qəbul olunmuş, 4-cü dərs ilinin İ semestrində əvvəlcə məhz həmin semestrin 6 fənnini seçmək istəmiş, lakin rəhbərlik onun aşağı kurslardan qalma akademik borclarının çox olmasına görə ilk öncə akademik borcu olan dərsləri götürməli olduğunu bildirmişdir. Nəticədə, o, 4cü dərs ilinin İ semestri üçün nəzərdə tutulan 5 fənni və İİ semestr üçün nəzərdə tutulan praktikanı götürə bilməmişdir. Akademik borcu olan fənlər üzrə isə qaydalara uyğun olaraq pul ödənişlərini də etməli olmuşdur. Qısası, 4-cü dərs ilinin İ semestrinin qalan 5 fənnini və praktikanı götürmək şansını o, yalnız bu il əldə edə bilmişdir. Bu il isə ona əslində 4-cü dərs ilinin həmin qalan 5 fənninin və praktikanın ödənişlərini də etməli olduğu bildirilmişdir. Halbuki, həmin ödənişlər əvvəlcədən dövlət tərəfindən edilmişdir. Nəticə etibarı ilə, Bakı Mühəndislik Universiteti ona həmin fənləri tədris etmədiyi halda belə yenə həmin fənlərə və praktikaya dair dövlət tərəfindən edilən ödənişləri qəbul etmişdir. Üstəlik, növbəti dərs ilinin normativ dərs ili olmamağı əsas gətirilərək sözügedən ödənişlərdən istifadə etməyinə də icazə verilməmişdir. Lakin onun mövqeyi bundan ibarətdir ki, dövlət tərəfindən edilmiş həmin ödənişlər universitetə görə deyil də, məhz ona görə edilmiş ödənişlər olduğundan Bakı Mühəndislik Universitetinin həmin fənləri və praktikanı ona tədris etmədiyi halda belə yenə də onlara dair dövlət tərəfindən edilən ödənişləri qəbul etməsi və üstəlik növbəti dərs ilinin normativ dərs ili olmamağını əsas gətirərək sözügedən fənlər üzrə ödənişlərdən istifadə etməsinə də icazə verməməsi haqsızlıq, ədalətsizlik və dövlət tərəfindən edilmiş həmin ödənişlərin məqsəd və təyinatına tamamən ziddir. Bu problemə görə o, sentyabr ayında da Təhsil Nazirliyinə şikayət yazmış, bundan sonra prorektorluqdan çağırılmış və sonunda, borcları silinmişdir. Lakin üzərindən 5 gün keçdikdən sonra yenə prorektorluqdan o, çağırılmış və məsələnin Hesablama Palatasının nəzərinə çatdırıldığı və Hesablama Palatasının da öz növbəsində, bu borcların silinməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. İmtahanlar yaxınlaşdığından məsələ ilə bağlı universitet rəhbərliyinə bir daha ərizə ilə müraciət etmiş, lakin rəsmi surətdə yenə eyni cavabı almışdır. Bu səbəbdən də o, məhkəməyə müraciət edib öz hüquqlarını müdafiə etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı Mühəndislik Universiteti X8 nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı 2017/2018-ci tədris ilində Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasına qəbul olmuşdur. Qeyd olunan ixtisas üçün nəzərdə tutulan normativ təhsil müddəti 4 (dörd) ildir. Tələbənin normativ təhsil müddəti 2020/2021ci tədris ilində başa çatmışdır. Tələbə məcburi köçkün statusunda olan şəxs kimi 3 (üç) tədris ili təhsilini dövlət büdcəsindən ayrılan vəsait hesabına davam etdirmişdir. Öncəliklə, iddiaçının ərizəsində qeyd olunan məsələlər tamamilə ali təhsil müəssisələrində tədrisin təşkilini təmzimləyən qaydaların tələblərinə uyğun həyata keçirilmişdir. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, 4-cü kursda (normativ təhsil müddətinin sonuncu kursu) normal dərslərini almağa icazə verməmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları”nın 3.2.11 bəndinə əsasən, hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında fənlərin prerekvizitliyi gözlənilməklə tələbənin fərdi tədris planı hazırlanır. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Yəni iddia olunduğu kimi, tələbənin hansısa hüququ pozulmaqla ona yalnış fənn seçilməsi baş verməmişdir. İddiaçı tələbənin təqdim edilmiş akademik transkriptindən də (qiymət cədvəli) açıq-aydın görüldüyü kimi, tələbənin 1-ci kursun 1-ci semestrində 3 fəndən, 2-ci semestrində 2 fəndən, 2-ci kursun 1-ci semestrində 1 fəndən, 2-ci semestrində 2 fəndən, 3-cü kursun 1-ci semestrində 4 fəndən, 2-ci semestrində 2 fəndən olmaqla normativ təhsil müddətinin 4-cü kursuna qədər 14 fəndən akademik borcu qalmışdır. Belə bir vəziyyətdə 4-cü kursda təhsil prosesinin sonuncu kursunda verilməli olan təcrübə kreditinin və yekun attestasiya kreditinin tələbəyə verilməsi mümkünsüz olmuşdur. İddiaçı tələbə məcburi şəkildə əvvəlcə aşağı kurslardan qalan kəsr dərslərindən kreditləri toplamalı və daha sonra təcrübə və yekun attestasiya kreditlərini götürməlidir. İkincisi, yenə yuxarıda qeyd olunan Qaydaların 3.2.14 və 4.3-cü bəndlərinin tələblərinə əsasən akademik borc qalan dərslər üçün (kəsr dərsləri təkrar götürdükdə) tələbəyə kreditbaşına təhsil haqqı hesablanmış və tələbə tərəfindən ödənilmişdir. Bu da yenə Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, 3.2.14-cü bəndə görə, bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir. 4.3-cü bəndə görə isə tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir. Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Üçüncü məsələ isə, tələbənin 5-ci kursda (normativ təhsil müddəti başa çatdıqdan sonra) iddiaçı tələbə 4-cü kursun fənlərini ilk dəfə götürmüş olmasına baxmayaraq niyə dövlət vəsaiti hesabına təhsil ala bilməməsi məsələdir. Öncəliklə, yuxarıda qeyd olunan Qaydaların 4.3-cü bəndində qeyd olunmuşdur. İddiaçı da təhsil proqramı ilə müəyyən olunmuş müddətdə (4 il) tələb olunan kreditləri yığa bilməmişdir və bu halda o, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilərdi. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli, 120 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”nın 5.4 və 5.5 bəndlərinə əsasən dövlət sifarişi əsasında maliyyələşmə ayrı-ayrı ixtisaslar üzrə normativ təhsil müddətinə uyğun olaraq, müvafiq ixtisas üzrə bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura, rezidentura və doktorantura (dissertantlıq istisna olmaqla) səviyyələrindən məzun olmaq üçün nəzərdə tutulmuş müddəti əhatə edir. Dövlət sifarişi əsasında maliyyələşmə qeyd olunmuş müddətdən çox ola bilməz. İddiaçının qəbul olduğu ixtisasın da normativ təhsil müddəti 4 il olduğu üçün 5-ci ildə dövlət hesabına təhsil almasını təmin etmək mümkün olmamışdır. Həmçinin, şifahi qaydada Hesablama Palatasının da məsələyə münasibəti soruşulmuş, birmənalı şəkildə normativ təhsil müddəti bitən tələbənin dövlət vəsaiti hesabına təhsilini davam etdirə bilməyəcəyi bildirilmişdir. Bakı Mühəndislik Universiteti iddiaçı tələbəyə münasibətdə yalnız tədrisin təşkilini tənzimləyən və dövlət vəsaiti hesabına maliyyələşmə məsələləri ilə bağlı qaydaların tələblərini yerinə yetirmiş, heç bir şəkildə tələbəyə qarşı hər hansı bir hüquq pozuntusuna yol verməmişdir. Ona görə də İddiaçı Bakı Mühəndislik Universitetinə qarşı normativ hüquqi sənədlərin tələblərinə uyğun olaraq kreditbaşına hesablanaraq müəyyən edilmiş təhsil haqqı borcunun silinməsi barədə iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Mühəndislik Universiteti ilə İddiaçı arasında bağlanmış 24.08.2017-ci il tarixli ********* saylı Ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında Müqavilədən görünür ki, 1.1. bu Müqavilənin predmeti ödənişli təhsil xidmətidir. 1.1.1. Universitet, ali təhsilin müvafiq pilləsi üzrə təhsil proqramının maddi-texniki bazasına, məzmununa və kadr potensialına qoyulan normalara uyğun təhsil xidməti göstərir. 1.1.2. Tələbə Azərbaycan Respublikası Qanunlarına, universitetdaxili qanunvericilik normalarının tələblərinə və bu Müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq tədris proqramlarını yerinə yetirir, təhsil haqqını (ödənişli təhsil alan tələbələr üçün) vaxtında və tam şəkildə ödəyir. İllik təhsil haqqının (60 kredit üçün) miqdarı 2000 manat təşkil edir. Müqavilənin 4-cü bəndinə əsasən, 4.1.1. tələbənin təhsil haqqını müəyyən edimiş müddətə qədər ödəməməsi, 4.1.2. intizam qaydalarının pozulması müqaviləyə xitam verilməsi üçün əsasdır. Müqavilənin 5.1-ci bəndinə əsasən, normativ təhsil müddəti ingilis dili üzrə hazırlıq oxuyan tələbələr üçün 5 il, hazırlıq oxumayanlar üçün isə 4 ildir. -Bakı Mühəndislik Universitetinin 22.09.2017-ci il tarixli ********* saylı tələbə vəsiqəsindən görünür ki, İddiaçı həmin universitetin İqtisadiyyat və İdarəetmə fakültəsi üzrə Dövlət və Bələdiyyə idarəetməsi ixtisası üzrə qəbul olunmuş və bu barədə tələbəyə tələbə bileti verilmişdir. -Bakı Mühəndislik Universitetinin İddiaçı ünvanladığı 24.12.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Bakı Mühəndislik Universitetində məcburi köçkün statusunda dövlət hesabına təhsil almış və təhsil aldığı ixtisasın normativ təhsil müddəti 2020/2021-ci tədris ilində başa çatmışdır. Normativ təhsil müddətinin sonuncu ilində (2020/2021-ci tədris ili) kəsr dərslərinin kredit miqdarı çox olduğu üçün İddiaçı yalnız akademik borcu qalan dərslər üçün qeydiyyatdan keçmişdir. Müvafiq Qaydaların tələblərinə uyğun olaraq akademik borcu qalan tələbə həmin dərsləri təkrar götürdüyü üçün ona kredit başına təhsil haqqı borcu hesablanır. -Bakı Mühəndislik Universitetinin akademik transkriptindən görünür ki, İddiaçı 1-ci kursun 1-ci semestrində 3 fəndən, 2-ci semestrində 2 fəndən, 2-ci kursun 1-ci semestrində 1 fəndən, 2-ci semestrində 2 fəndən, 3-cü kursun 1-ci semestrində 4 fəndən, 2-ci semestrində 2 fəndən olmaqla normativ təhsil müddətinin 4-cü kursuna qədər 14 fəndən akademik borcu qalmışdır. -Bakı Mühəndislik Universitetinin təhsil haqqı borcu barədə 01.03.2022-ci il tarixli arayışından görünür ki, İqtisadiyyat və İdarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının ********* nömrəli tələbəsi İddiaçı 2017-2018 tədris ilində Bakı Mühəndislik Universitetinə daxil olmuş və normativ tədris müddətində məcburi köçkün statusu olduğu üçün dövlət hesabına təhsil almışdır. Cari tədris ilində tələbənin normativ tədris müddəti yekunlaşmış və akademik borcu olduğu üçün məzun olmamışdır. Tələbə ödənişli əsaslarla təhsilinə davam edir. Hazırda, tələbənin 2834 manat təhsil haqqı borcu var. Yaranmış bu borcu ümumilikdə 2021-2022 tədris ilinin hər iki semestri (2566.66 manat) və 2020-2021 tədris ili yaz semestrinin qalıq borcu (267.34 manat) təşkil edir. -Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 16.08.2017-ci il tarixli məcburi köçkün vəsiqəsindən görünür ki, 1999-cu il təvəllüdlü İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün kimi Mingəçevir şəhərində müvəqqəti məskunlaşmışdır. -Mingəçevir ŞPŞ tərəfindən verilmiş 03.04.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Kəlbəcər rayonu Zar kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Bakı Mühəndislik Universiteti ilə bağladığı 24.08.2017-ci il tarixli ********* saylı müqaviləyə əsasən, həmin universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin Dövlət və bələdiyyə ixtisası üzrə təhsil almış və bu barədə iddiaçıya 22.09.2017-ci il tarixdə ********* saylı tələbə bileti təqdim edilərək sözügedən universitetin tələbə statusu adını qazanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçının təhsil aldğı ixtisas üzrə illik təhsil haqqı ödənişli əsaslarla 2000 manat təşkil etdiyi halda, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkün kimi qanunvericiliklə məcburi köçkünlər üçün yaradılmış təhsil haqqından azad edilmə statusundan yararlanmaqla təhsil haqqının ödənilməsindən azad edilmiş, dövlət sifarişi əsasında təhsil almaq hüququ təmin edilmişdir. Həmçinin, müqavilədən də göründüyü kimi, normativ təhsil müddətinin 4 il təşkil etməsi nəzərdə tutulmuş, iddiaçının isə təhsil müddəti 2017/2018-2021/2022-ci illəri əhatə etmişdir. Normativ təhsil müddəti ərzində iddiaçının keçirilən semestrlər ərzində tədris edilən müəyyən fənlər üzrə akademik borcları yaranmış, akademik borcların yaranması səbəbindən iddiaçı növbəti tədris ilinin semestr fənlərindən və təcrübəsindən (praktika) yararlana bilməmişdir. İddiaçının başa çatmış normativ təhsil müddətindən sonra akademik borcları yarandığından və bu hal iddiaçının nəzərdə tutulmuş müddətdə həmin univesiteti bitirməsini təsdiq edən rəsmi sənədi-diplomunu ala bilməməsinə səbəb olduğundan İddiaçı həmin borcların silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Təhsil haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən: 14.1. maddəsinə əsasən təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. 14.2. maddəsinə əsasən Аzərbaycan Respublikasında mülkiyyət növünə görə 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl təhsil müəssisələri fəaliyyət göstərir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun: 4-cü bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində sosial müdafiə tədbiri kimi təhsil hüququ təmin edilir. 11-ci bəndinə əsasən, qeyri-dövlət ali və orta peşə-ixtisas təhsil müəssisələri məcburi köçkün tələbələrin normal təhsili üçün müəyyən güzəştlər edə bilərlər. “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 25 iyun 2010cu il tarixli 120 saylı Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının 2-ci bəndinə əsasən, dövlət sifarişi - ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla, müəyyən edilmiş ixtisaslar və doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində elm sahələri üzrə təhsil xərclərinin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan təhsilalanların sayıdır. Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli 1308 saylı Sərəncamına əsasən, məcburi köçkün ailələrinin sosial iqtisadi vəziyyətini nəzərə alaraq və onların uşaqlarının ali və orta ixtisas təhsil müəssisələrində təhsillərinin davam etdirilməsinə dövlət köməyi göstərmək məqsədi ilə qərara alınmışdır: Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilsinlər. Mülki iş materiallarına əlavə edilmiş Ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında 24.08.2017-ci il tarixli ********* saylı müqaviləyə əsasən, İddiaçı özəl təhsil müəssisəsi olan Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin Dövlət və Bələdiyyə idarəetməsi ixtisası üzrə yiyələnmiş və Kəlbəcər rayonundan məcburi köçkün olması nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq normativ tədris müddəti ərzində həmin ixtisas üzrə nəzərdə tutulmuş 2000 manat təhsil haqqının ödənilməsindən azad olunmuşdur. Lakin mülki iş materiallarına əlavə olunmuş tələbənin akademik transkriptindən və tələbənin təhsil borcu barədə 01.03.2022ci il tarixli arayışlardan görünür ki, İddiaçı 1-ci kursun 1-ci semestrində 3 fəndən, 2-ci semestrində 2 fəndən, 2-ci kursun 1-ci semestrində 1 fəndən, 2-ci semestrində 2 fəndən, 3-cü kursun 1-ci semestrində 4 fəndən, 2-ci semestrində 2 fəndən olmaqla normativ təhsil müddətinin 4-cü kursuna qədər 14 fəndən akademik borcu qalmış və həmin borclara görə 2566.66 manat təhsil haqqı borcu yaranmışdır. İddiaçı məcburi köçkün status daşıyan şəxs olaraq dövlət hesabına təhsil aldığı halda, akademik borclara görə də dövlət hesabına həmin borclardan azad olunmalı olduğunu iddia edir ki, məhkəmə iddiaçının iddia tələbinə münasibət bildirərək normativ hüquqi aktlara istinad edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın: 1.2. bəndinə əsasən, bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə və Azərbaycan Milli Elmlər Akademiyasına şamil edilir. Azərbaycan Respublikasında müvafiq qaydada dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş xarici ölkələrin ali təhsil müəssisələri və (və ya) filialları öz ölkələrində mövcud olan tədrisin təşkili qaydalarını həmin təhsil müəssisələrində tətbiq edə bilərlər. 3.2.1. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. 3.2.5. Tədrisə tam cəlb olunan (fulltime) tələbəyə əlavə fənn (fənlər) də seçməyə icazə verilir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir. Dövlət sifarişi ilə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən bu Qaydaların 3.2.11-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla, təhsil aldığı ixtisas üzrə əlavə fənn (fənlər) seçməyə icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. 3.2.7. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.3. təcrübələrdə iştirak etməsi; 3.2.7.6. imtahanlara hazırlığı və imtahanları verməsi. 3.2.11. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə onun özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, ali təhsil müəssisəsi və AMEA ona həm fənn, həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir. 3.2.14. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir. 3.4.1. Yay semestri 3.4.1.1. akademik borcların ləğv edilməsi məqsədilə təşkil olunur. 4.2. Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə, tədris olunan fənləri mənimsəməyə borcludur. 4.3. Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Qanunvericiliyin və qaydaların tələblərindən də göründüyü kimi, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış, qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə isə bu fəndən kreditləri qazanmayaraq həmin fənn üzrə akademik borcu yaranmış olur. Akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək və ya fənni yenidən dinləmək üçün şərait yaradılır, eyni zamanda, Qaydaların 3.4.1.1. bəndinə əsasən, akademik borcların ləğv edilməsi məqsədilə yay semestri təşkil olunur. Mülki işdən göründüyü kimi, payız və yaz semestri üzrə tədris edilən fənlərdən müvəffəq qiymət almış tələbələr növbəti tədris ilinə keçirilmiş, həmin fənlərdən akademik borcları qalmış tələbələr isə növbəti tədris ilinə keçirilən zaman həmin tələbələr barəsində tədris planı tərtib edilir ki, əvvəlki ildən yaranmış akademik borc da bu plana daxil edilir. Qaydaların tələblərindən göründüyü kimi, iddiaçı yaranmış akademik borcun yay smestri ərzində ləğv olunması mümkün olduğu halda onun üçün yaradılmış bu hüquqdan istifadə etməmişdir. Beləliklə də, iddiaçı – tələbə İddiaçı yaranmış akademik borcalara görə cəmi 2834 manat borcu yaranmışdır ki, bu da mülki iş materiallarına əlavə olunmuş 01.03.2022-ci il tarixli maliyyə arayışı ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də iddiaçının iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilə bilməz. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 25 iyun 2010-cu il tarixli 120 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının: 5.4. bəndinə əsasən dövlət sifarişi əsasında maliyyələşmə ayrı-ayrı ixtisaslar üzrə normativ təhsil müddətinə uyğun olaraq, müvafiq ixtisas üzrə bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura, rezidentura və doktorantura (dissertantlıq istisna olmaqla) səviyyələrindən məzun olmaq üçün nəzərdə tutulmuş müddəti əhatə edir. 5.5. bəndinə əsasən dövlət sifarişi əsasında maliyyələşmə qeyd olunmuş müddətdən çox ola bilməz. 5.7. bəndinə əsasən dövlət sifarişi əsasında maliyyələşmədən məhrum edilmə aşağıdakı hallarda baş verə bilər: dövlət sifarişi əsasında maliyyələşmə müddəti bitdikdə; Nazirlər Kabinetinin Qərarından göründüyü kimi, dövlət sifarişi əsasında maliyyələşmə yalnız məzun olmaq üçün nəzərdə tutulmuş müddəti əhatə edir və dövlət sifarişi əsasında maliyyələşmə müddəti bitdikdə isə tələbə həmin maliyyələşmədən məhrum edilir. Hazırki iş üzrə İddiaçı dövlət sifarişi əsasında maliyyə müddəti bitməmiş olsa da, başqa sözlə, Qərarın tələblərindən də göründüyü kimi, dövlət sifarişi əsasında maliyyələşmə yalnız məzun olunması üçün nəzərdə tutulmuş müddəti əhatə etmiş olsa da, məhkəmə, dövlət təhsil sisteminin keyfiyyətinin daha da artırılması, Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək naminə addımlar atılmasının təmin edilməsi nöqteyi-nəzərindən və ən nəhayətində, hazırki iş üzrə tələbənin akademik borclarının yaranması səbəbindən kredit borcunun silinməsi bu və ya digər tələbələrin də öz növbələrində, gələcəkdə təhsil hüququna daha səthi yanaşması ilə nəticələnməsini istisna etmədiyindən, göstərilən tələb üzrə məhkəmə presedentinin yaranması yolverilən hal kimi nəzərdən keçirilmir və keçirilməməlidir. Belə ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.3.maddəsinə əsasən, gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı, sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsini təmin etməkdir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini və məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh Bakı Mühəndislik Universiteti X6rşı akademik borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1032/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1032/2022
31.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver