Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-104/2024 16.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın paylara uyğun naturada bölünməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0644 ha torpaq sahəsinin onunla Cavabdeh arasında paylara uyğun olaraq naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 0,0644 ha torpaq sahəsi 7/8 hissədə onun, 1/8 hissədə isə Cavabdeh paylı mülkiyyətindədir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********47 reyestr nömrəli çıxarış verilmişdir. Hazırda sözügedən paylı torpaq sahəsindən cavabdeh istifadə edir. Aralarında mübahisə olduğu üçün həmin paylı torpaq sahəsini öz razılıqları əsasında bölüşdürə bilməmişlər. Yuxarıda qeyd etdiklərinə əsasən onun payına düşən torpaq sahəsini başqa qaydada ala bilmədiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı və onun vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Onlar qeyd etdilər ki, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə qaldırılmış iddianın təmin edilməsi mümkündür. Məhkəmə iclasında cavabdeh və onun vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Nümayəndə bildirdi ki, torpaq sahəsinin daxilində yerləşən apteki cavabdeh öz vəsaiti ilə inşa etmişdir. Bu halı təsdiq edən şahidlər də var. Həmin aptekin ölçüsü 63,5 kv.metrdir. Amma ideal bölgü ilə cavabdehin əmlakdakı payı 80,5 kv.metrdir. Cavabdeh keçmiş zamanlarda apteki hamının razılığına əsasən sahənin cənub tərəfində inşa etmişdir və buna görə də hazırda bölgünün bu istiqamətdə aparılmasına etiraz etmirlər. Aptekin yerləşdiyi 63,5 kv.metr torpaq sahəsini cavabdehə verməklə naturada bölgü aparmaq mümkündür. Qalan hallarda iddianın təmin edilməsinə etiraz edir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** reyestr nömrəli çıxarışdan görünür ki, paylı mülkiyyət hüququ üzrə 7/8 hissə olmaqla İddiaçı və 1/8 hissə olmaqla Cavabdeh mülkiyyətində Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 0,0644 ha torpaq sahəsi vardır. Bu barədə İddiaçı adına AA 558104 saylı, xx.xx.2020-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli,10/3439 saylı rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin boş olmadığını, torpaq sahəsinin daxilində qeyri-yaşayış tikilisinin olduğunu, həmin tikili üzrə payların müəyyən olunmadığını nəzərə alaraq, Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 0,0644 ha torpaq sahəsinin 7/8 hissə olmaqla İddiaçı və 1/8 hissə olmaqla Cavabdeh payına uyğun naturada bölünməsinin mümkün olmaması müəyyən edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 0,0644 ha torpaq sahəsindəki 0,064405 kv.metrlik qeyri-yaşayış tikilisini “X3” MMC-yə xx.xx.2024-cü ilədək ayda 300 manat ödəmək şərtilə icarəyə vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8548 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0644 ha torpaq sahəsinin 1/8 və 7/8 paylarına uyğun naturada (real) bölgüsünün metodik vəsaitin tələblərinə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bölgünün hansı qaydada aparılması rəyə əlavə olunmuş, “AutoCad” programı vasitəsilə hazırlanmış sxemdə ətraflı göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə araşdırması zamanı və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi tərəflərin ümumi paylı mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** reyestr nömrəli çıxarışdan görünür ki, paylı mülkiyyət hüququ üzrə 7/8 hissə olmaqla İddiaçı və 1/8 hissə olmaqla Cavabdeh mülkiyyətində Abşeron rayonu, Məmmədli kəndində yerləşən, 0,0644 ha torpaq sahəsi vardır. Bu barədə İddiaçı adına AA 558104 saylı, xx.xx.2020-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Aparılmış ekspertiza tədqiqatları ilə müəyyən olunmuşdur ki, təqdim olunan torpaq sahəsi iki tərəfdən yol ilə, 2 tərəfdən isə qonşu sahələrlə əhatə olunur. Tədqiqat üzrə baxış zamanı əldə olunmuş məlumatlar, mülki iş materiallarında olan məlumatlar ilə müqayisəli tədqiq olunan zaman tərəflərin mülkiyyətinə verilmiş torpaq sahəsində 7,3 x 8,7 metr ölçüdə mişar daşından inşa olunmuş, faktiki aptek olaraq istifadə olunan qeyri-yaşayış tikilisinin inşa olunduğu müəyyən olunmuşdur. Mülki iş materiallarındakı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tədqiq olunan torpaq sahəsi üzrə 2/5 və 3/5 hissələrə uyğun düşən sahə aşağıdakı kimi müəyyən edilir: Ümumi sahə üzrə: 0.0644 ha (644 m2), 1/8 hissə üzrə: 80.5 m2 (644:8), 7/8 hissə üzrə: 563.5 m2 (644 : 8) x 7. Tədqiq olunan həyətyanı torpaq sahəsinin 2 tərəfdən qonşu sahələrlə, 2 tərəfdən yol ilə əhatə olunduğunu, torpaq sahəsinin konfiqurasiyasını, mülkiyyətçilərin paylarına uyğun sahənin mövcud olduğunu, torpaq sahəsində tikilinin yerləşmə vəziyyətini, aptek tikilisinin İddiaçı tərəfindən icarəyə verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və mübahisəli torpaq sahəsi tərəflərin paylarına uyğun rəydəki sxemə mütənasib olaraq naturada ayrılmalıdır. Məhkəmə hesab edir ki, məlum ekspert rəyi hazırki mübahisənin həll edilməsi üçün əsaslı sübutdur və əmlakın naturada ayrılması məhz həmin qaydada həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, ekspertiza tədqiqatlarının dəyəri isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tərəflərin paylı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0644 ha torpaq sahəsi İddiaçı 7/8 payına uyğun 563.5 kv.metrlik hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/8548 saylı rəyinə əlavə edilmiş “AutoCad” programı vasitəsilə hazırlanmış sxem nəzərə alınmaqla naturada ayrılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi cəmi 100 (50+50) manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-104/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-104/2024
16.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver