Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1108/2021 16.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurulan maddi ziyanın əvəzi kimi 250 manat, mənəvi ziyanın əvəzi kimi 250 manat, cəmi 500 manatın habelə tərəfindən dövlət rüsumu kimi ödənilmiş 20 manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, 27 iyun 2020-ci ildə yaşadığı evin qonşuluğunda yaşayan X6 zarafatlaşdığı X5 itələmiş, iddiaçı evinin önündə saxladığı ona məxsus Nissan Mikra markalı, ** SZ *** qeydiyyat nişanlı avtomaşının sol yan güzgüsünü sındırmışdır. Davudun anası, hazırkı ərizə üzrə Cavabdeh əvvəl dəymiş ziyanı ödəyəcəyinə söz versə də, sonradan bundan imtina etmişdir. O, məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Abşeron rayon Polis İdarəsinin təhqiqatçısı Zamiq Mustafayevin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 7 iyul 2020-ci il tarixli qərarı ilə də ziyanın cavabdehin oğlu tərəfindən vurulması öz əksini tapmışdır. Lakin, müstəntiq güzgünün qiyməti 180 manat olduğu üçün, əməldə cinayət tərkibi yaranmadığına istinad edib, cinayət işi başlamamışdır. Cavabdehlə sonuncu görüşü zamanı onu təhqir edərək, bu vəsaiti ödəməyəcəyini, polis orqanlarında qohumlarının işlədiyini və onu süründürəcəyini bildirmişdir. Cavabdehin bu hərəkəti ona mənəvi ziyan vurmuşdur. Ona vurulmuş maddi və mənəvi ziyan cavabdeh tərəfindən ödənilməlidir. Qeyd edilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmənin 18.02.2021-ci il tarixli iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Onun uşağının danışıq problemi vardır. Hadisə baş verən günü gecə saat bir radələrində xanım onun qapısına gəlmiş və bildirmişdir ki, onun uşağı maşının güzgüsünü sındırmışdır. O da xanıma sual vermişdir ki o, haradan bilir ki, güzgünü onun oğlu sındırıb. Bu səbəbdən də aralarında mübahisə olmuş, sonra iddiaçı onu polisə vermişdir. O, polisdə 100 manat pul verə biləcəyini bildirmişdir. Ancaq iddiaçı razı olmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 25.11.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Əliyeva X4 rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 8-ci küçə, ev 78 ünvanında yaşayır. -ASAN-Sumqayıt tərəfindən 30.09.2015-ci il tarixdə verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. -07.07.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, izahatı alınmış X6 anası Cavabdeh iştirakı ilə izahat verərək bildirmişdir ki, İddiaçı onun qonşusudur. İddiaçı 28.06.2020-ci il tarixdə onun barədə Abşeron rayon Polis İdarəsinə etdiyi şikayətlə tanış olmuşdur. O, həmyaşıdı Zahir adlı şəxslə 28.06.2020-ci il tarixdə saat 00:10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri. Nizami “küçəsində yaşadığı ünvanının qarşısında zarafatlaşan zaman o, Zahiri kənara itələmiş, Zahir qonşu İddiaçı Nissan Mikra markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sol yan güzgüsünə toxunmuş və güzgü yerindən çıxmışdır. Bu zaman onlar qonşu Samirəyə əvvəlcə güzgünü sındırdıqları üçün təmir edəcəklərini bildirmişdir. Bu zaman Samirə onun anası ilə sözlə mübahisə edib, anasına xoşagəlməz sözlər işlətmişdir. Həmin vaxt anası Nigar və onlar Samirəni təhqir etməmişlər. Sonra Samirə onlardan polisə şikayət edəcəyini bildirib, onlar da Samirəyə "get hara istəyirsən şikayət et” deyib, maddi ziyanı ödəyəcəklərini bildirmişlər. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 27.06.2020-ci il tarixdə özünə məxsus olan, idarə etdiyi Nissan Mikra markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını Abşeron rayonu, Xırdalan şəhəri. Nizami küçəsində yaşadığı ünvanının qarşısında saxlayıb yaşadığı evə getmiş, 28.06.2020-ci il tarixdə saat 00:10 radələrində qonşuluqda yaşayan X7 ilə X6 zarafatlaşan zaman sonuncu X8 Mürvətovanın avtomaşınına tərəf itələmiş bu zaman sonuncunun avtomaşının sol yan güzgüsü sınmışdır. -AC 077116 №-li Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Nissan Mikra markalı, ** SZ *** qeydiyyat nişanlı avtomobil 18.12.2013-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. -“Nurgün Motors” servisi tərəfindən 05.03.2021-ci il tarixdə tərtib olunmuş deffekt aktına əsasən Nissan Mikra markalı, ** SZ *** qeydiyyat nişanlı avtomobilə ümumilikdə 352 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, 27 iyun 2020-ci ildə iddiaçının yaşadığı evin qonşuluğunda yaşayan X6 zarafatlaşdığı X5 itələmiş, iddiaçı evinin önündə saxladığı ona məxsus Nissan Mikra markalı, ** SZ *** qeydiyyat nişanlı avtomaşının sol yan güzgüsünü sındırmışdır. X1 anası, hazırkı ərizə üzrə Cavabdeh əvvəl dəymiş ziyanı ödəyəcəyinə söz versə də, sonradan bundan imtina etmişdir. İddiaçı məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Abşeron rayon Polis İdarəsinin təhqiqatçısı Zamiq Mustafayevin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 07 iyul 2020-ci il tarixli qərarında ziyanın cavabdehin oğlu tərəfindən vurulması öz əksini tapmışdır. Avtomobilin güzgüsünün qyməti 180 manat qiymətləndirildiyi üçün, əməldə cinayət tərkibi yaranmadığına istinad edilib cinayət işi başlanmamışdır. Bundan sonra iddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurulan maddi ziyanın əvəzi kimi 250 manat, mənəvi ziyanın əvəzi kimi 250 manat, cəmi 500 manatın habelə tərəfindən dövlət rüsumu kimi ödənilmiş 20 manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh oğlu X6 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçıına maddi zərər dəymişdir. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından görünür ki, iddiaçıya zərər vurmuş şəxs cavabdehin yetkinlik yaşına çatmayan uşağı tərəfindən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.2. maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Göstərilən maddənin normasına əsasən iddiaçının tələbetmə hüququ cavabdeh kimi zərər vurmuş şəxsin valideyninə Cavabdeh yönəldilməsi əsaslıdır. İddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin uşağının iddiaçıya zərər vurulması tərəflərin izahatından, cinayət işinin başlanmasının rədd edilməsi barədə Polisin qərarından, dəymiş ziyanın qiymətləndirilməsi Aktından tam olaraq öz təsdiqini tapmışdır. Aktdan görünür ki, iddiaçının avtomobilinə ümumilikdə 352 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə Aktda göstərilmiş məbləği Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut növü kimi qəbul edərək qiymətləndirir. Eyni zamanda iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən maddi ziyanın əvəzi kimi 250 manat tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırda isə iddia tələbindən kənara çıxılması üçün istisna hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə iddia ərizəsində göstərilmiş 250 manat maddi ziyan tələbini iddia tələbi həcmində qəbul edərək hesab edir ki, həmin məbləğdə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[14] 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin iddia tələbindən görünür ki, cavabdehdən 250 manat məbləğində mənəvi ziyanın ödənilməsi tələb olunur. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, İddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumundan ibarətdir. Qanunun qeyd edilən tələbinə əsasən iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğdə dövlət rüsumu iddia qismən təmin edildiyindən cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi zərərə görə 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti və iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq 20 (iyirmi) manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan İddiaçı xeyrinə vurulmuş maddi zərərə görə 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1108/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1108/2021
16.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver