Məhkəmə qərarları › İş №2(012)-115/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-115/2023

21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-115/2023 21.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı,onun vəkili-nümayəndəsi Vəkil1 Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 Rüfət oğlunun Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunmaqla, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 maddi ziyana görə 82183 manat, mənəvi ziyana görə 17000 manat olmaqla, cəmi 99183 manat pulun onun xeyrinə tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, xx.xx.2010-cu il tarixdə kreditor-ipoteka saxlayan "xxxx" ASCdən 42000 manat məbləğində kredit götürmüş, İpoteka Fondu ilə müqavilə bağlayaraq Abşeron rayonu, Yoncalıq ərazisində yerləşən yeni yaşayış massivində Cavabdeh2 tikinti briqadası ilə birlikdə tikib öz adına rəsmiləşdirdiyi və satdığı evlərdən birini 70000 manata əldə etmişdir. Xidməti vəzifəsi ilə əlaqədar sözügedən fərdi yaşayış evini əldə etdikdən sonra həmin evdə yaşamamışdır. O,ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin Yaşma Hərbi şəhərciyində zabitlər üçün xidməti evdə yaşamışlar. 2014-cü ilin may ayında xidmət yeri dəyişildiyinə görə yaşamaq üçün ev əşyaları və ailə üzvləriylə birlikdə həmin evə qayıtdıqda evin yararsız vəziyyətə olduğunu aşkar etmişlər. Belə ki, fərdi yaşayış evinin bütün divarlarında ikitərəfli iri çatlar əmələ gəlmişdir. Evin qəzalı vəziyyətdə olduğunu gördükdə o, məcburiyyət qarşısında qalaraq cehiz əşyalarının əksəriyyətini həmin evə yerləşdirib ailə üzvləriylə birlikdə ayda 250 manat ödəməklə başqa evdə kirayədə yaşayırlar. Bundan başqa həmin qəzalı evə görə aylıq 146 manat "xxxx" ASC-yə kredit borcu ödəyir. Evin vəziyyəti ilə əlaqədar ilkin olaraq evi satan Cavabdeh2, Azərbaycan Respublikası İpoteka Fonduna, Azərbaycan Respublikası FHN-nə çoxsaylı müraciətlər etmişdir. Azərbaycan Respublikası FHN və Azərbaycan Respublikası İpoteka Fondunun əməkdaşları fərdi yaşayış evinə yerli baxış zamanı evin dörd tərəfini qazdırdıqları vaxt evin bünövrəsinin bəzi yerlərdə 7 sm, bəzi yerlərdə 14-17 sm çatın olduğunu və heç bir yerdə dəmir karkasın olmadığını aşkar etmişlər. Bu və digər keyfiyyətsiz materiallardan keyfiyyətsiz tikilən evin tikinti norma və qaydalarına uyğun tikilmədiyini, evin ağırlığa davam gətirməyərək bünövrədəki çatların divarlarda, arakəsmələrdə olan qüsurlar üzündən qəzalı vəziyyətə düşdüyünü bildirmişlər. Daha sonra, o, Cavabdeh1nə dəfələrlə bu barədə yazılı müraciətlər etsə də, heç bir cavab verilməmişdir. Bundan sonra Cavabdeh1nə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Qanunun 330 saylı xx.xx.2005-ci il və 375 saylı xx.xx.2006-cı il və 1046 saylı xx.xx.2007-ci il tarixli sərəncamlarla tərtib olunmuş və komissiya tərəfindən tərtib edilmiş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” akta əsasən, komissiya görülmüş işlərin tikinti norma və qaydalarına uyğun aparıldığı qənaətinə gələrək fərdi yaşayış evini yararlı kimi istismara qəbul etmişdir. Cavabdeh Abşeron RİH evi tikib ona satan bu işdə Cavabdeh2 İstismara qəbul edərək Dövlət Aktını verməmişdən öncə sözü gedən evə baxış keçirməli idi. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648-saylı fərmanının 4.11.14-cü bəndində açıq aydın qeyd olunur ki,hətta əsaslı tikinti olmayan parakəndə ticarət,mənzil və sair komplekslərin istismara qəbil edilməsi üzrə komisiyalar yaratmaq və həmin obyektlərin istifadəyə verilməsi haqqıda Aktlar qəbul etmək yerli İcra Hakimivvəti bascısının səlahiyyətinə aiddir. Bu barədə Sumqayıt İnzibati İqtisad,sonradan İnzibati Məhkəməsinin 01 mart 2021 -ci il tarixli, 2- 1(118)-3/2021 saylı qərarı ilə iddia tələblərinin təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2021ci il tarixli, 2-1(105)-385/2021 saylı qərardadına əsasən, Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-3/2021 saylı qərarının ləğv edilərək iddianın mümkün sayılmaması və ona aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (mülki məhkəmə icraatı qaydasında) müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Ona görə hazırda cavabdehlər Cavabdeh1nə və evi tikib ona satan Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsiylə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi tikinti norma,qaydalarına uyğun olmayan və keyfiyyətsiz materiallardan inşa edilmiş, o cümlədən ümumiyyətlə fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa-gücləndirmə işlərinin aparılmasının qeyri-mümkün olması, həmçinn fərdi yaşayış evi qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu üçün yalnız həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə Ekspertlərin rəyi əsasında 82183 manat məbləğində vəsait tələb olunur. Cavabdeh2 ilə fərdi yaşayış evinin alqı-satqısına dair müqaviləni həmin evə dair digər hüquqi sənədlərlə yanaşı, digər Cavabdeh1 tərəfindən 330 saylı xx.xx.2005-ci il, 375 saylı 06.10. 2006-cı il və 1046 saylı xx.xx.2007-ci il tarixli sərəncamlarla komissiya tərəfindən tərtib edilmiş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” akta əsasən bağlamışdır. Qeyd olunanlara əsasən iddia ərizəsinin tam təmin edilməsinə dair müvafiq qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək iddiaçı ilə eyni məzmunda izahat verdi və tələb olunan pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.Həmçinin əlavə olaraq bildirdi ki, Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini məqsədə müvafiq hesab etmir.Belə ki, Sumqayıt İnzibati və Sumqayıt Apellyasiya Məhkəmələrinin müvafiq qərarları olduğundan iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.Ona görə də iddia müddətinin tətbiqi barədə ərizənin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 Rüfət oğlu izahatında bildirdi ki,iddiaçı idia ərizəsində xx.xx.2010-cu il tarixdə kreditor-ipoteka saxlayan bankdan 42.000 manat məbləğində kredit götürərək ipoteka fondu ilə müqavilə bağlayaraq Abşeron rayonu Yoncalıq ərazisində yerləşn yeni yaşayış massivində tikinti briqadası ilə birlikdə ev tikib,öz adına rəsmiləşdirməsini, həmin evi 70.000 manata əldə etdiyini, xidməti vəzifəsi ilə əlaqədar sözügedən fərdi evdə yaşamadığını, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin zabitlər üçün ayrılmış xidməti evdə ailə üzvləriylə birlikdə yaşadığını, 2014-cü ilin may ayında xidmət yerini dəyişdirdiyinə görə ailə üzvləri ilə mübahisəli evə gəldikdə fərdi yaşayış evinin bütün divarlarında iki tərəfli iri çatların əmələ gəldiyini gördüyünü, evin qəzalı vəziyyətdə olduğunu gördükdə məcburiyyət qarşısında qalaraq cehiz əşyalarının əksəriyyətini həmin evə yerləşdirib ailə üzvləriylə birlikdə ayda 250 manat ödəməklə başqa evdə kirayədə yaşadığını, həmin qəzalı evə görə aylıq 146 manat "xxxx" ASC-yə kredit borcu ödədiyini, bu səbəbdən evin sökülüb yenidən tikilməsi üçün tələb olunan pul vəsaitini və mənəvi zərəri cavabdehdən tələb etdiyini göstərmişdir.İddiaçının tələbini aşağıdakı əsaslara görə əsassız hesab edir. Belə ki, cavabdeh özü etiraf edir ki, evlə bağlı Cavabdeh1 tərəfindən İstismar aktı verilmişdir.İddiaçı tərəfindən tikilmiş evin istismara qəbul vəziyyətinin müəyyən edilməsi üçün evin tikilməsindən sonra Cavabdeh1nə müraciət etmiş, İcra Hakimiyyəti komissiya təşkil etmiş və komissiya tərəfindən 330 saylı xx.xx.2005-ci il və 375 saylı xx.xx.2006-cı il və 1046 saylı xx.xx.2007-ci il tarixli sərəncamlarla tərtib olunmuş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” akta əsasən, komissiya görülmüş işlərin tikinti norma və qaydalarına uyğun aparıldığı qənaətinə gələrək fərdi yaşayış evini yararlı kimi istismara qəbul etmiş və verilən istismar aktı həmin yaşayış sahəsinin dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir.Həmin sənədlər əsasında Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrinə müraciət edərək evi dövlət reyestr qeydiyyatından keçirmiş və çıxarış alaraq iddiaçıya satmışdır.Cavabdeh tərəfindən tikdirilmiş ev Abşeron RİH tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən hər tərəfli müayinə olunaraq istifadəyə yararlığı müəyyən edilmiş və yaşayış üçün uyğun hesab edilmişdir.Evin tikilməsini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada aparmış,bu aidiyyəti dövlət orqanının yaratdığı komissiyanın apardığı tikinti araşdırması və tərtib etdiyi aktla tam təsdiq olunur.Mübahisə obyekti olan evin alqı-satqısı baş verdikdən 4 il sonra yəni 2014-cü ildə İddiaçı evdə konstruktiv dəyişiklik edərək evin eyvanının daşıyıcı divarı olan 1-ci mərtəbənin qapı kandarını bütovlüklə sökmüşdür. Nəticədə evin beton dayaq konstruksiyası ilə əlaqəli olan eyvan uçmuş və bu evin ümumi zədələnməsinin səbəblərindən biri olmuşdur.Həmçinin iddia ərizəsi və iş materiallarından görünür ki,mübahisəli fərdi ev 2010-cu ildə iddiaçı tərəfindən alınmış və evə 2014-cü ildə köçmək istəmiş.lakin köçməmişdir.Daha sonra isə müvafiq orqanlara müraciət etmiş onun 2016-cı ilədək evi aldığı vaxtdan 6 il keçməsinə dair məhkəməyə müraciət etməsinə dair sübut yoxdur.Daha sonra bildirdi ki,mübahisəli fərdi evin alqı-satqısı xx.xx.20210-cu il tarixdə olmuş,ancaq iddia tələbi xx.xx.2021-ci il tarixdə verilmişdir.Qeyd olunanları nəzərə almaqla iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı mübahisəli fərdi yaşayış evinin yarasız olmasını bildirsə də, Cavabdeh1 tərəfindən İstismar aktı verilmişdir.Komissiya tərəfindən 330 saylı xx.xx.2005-ci il və 375 saylı xx.xx.2006-cı il və 1046 saylı xx.xx.2007-ci il tarixli sərəncamlarla tərtib olunmuş “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” akta əsasən, komissiya görülmüş işlərin tikinti norma və qaydalarına uyğun aparıldığı qənaətinə gələrək fərdi yaşayış evini yararlı kimi istismara qəbul etmişdir. Həmin aktda fərdi yaşayış evinin yaşayışa uyğun olub-olmaması göstərilir. Verilən istismar aktı həmin yaşayış sahəsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Ona görə də,iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmiş,lakin məhkəməyə vəsatət göndərərək hazırki mübahisənin Maliyyə Nazirliyinə aidiyyəti olmadığı üçün Maliyyə Nazirliyinin iş üzrə icraatına xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2010-cü il tarixli İP-446/K saylı kredit müqavilədən görünür ki, kreditor "xxxx"ASC ilə borcalan İddiaçı arasında müqavilə imzalanmışdır.Həmin müqaviləyə əsasın kreditor borcalana Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kvm,o cümlədən yaşayış sahəsi 58,4 kvm olan fərdi yaşayış evi üçün 35.000 manat məbləğində krediti hər 324 manat odəmək şərtilə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2010-cü il tarixli İP-446 saylı alqı-satqı və ipoteka müqaviləsində görünür ki, satıcı Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.20210-cu il tarixli 1421 saylı arayışa əsasən 3 otaqlı ümumi sahəsi 165,8 kvm olan o cümlədən, yaşayış sahəsi 58,4 kvm olan Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli fərdi yaşayış evi ipoteka qoyanın mülkiyyətinə verir.Satılan fərdi yaşayış evi xx.xx.2010-cu il tarixli MA ******* saylı hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən satıcıya məxsusdur.Mənzilin satış qiyməti 42.000 manatdır,mənzilin dəyərinin 7.000 manatı alıcı ipoteka qoyanın özü tərəfindən, 35.000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2010-cü il tarixli İP-446/K saylı kredit müqaviləsinə əsasən alıcı ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA Seriyalı, ******* №-li çıxarışdan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kvm,o cümlədən yaşayış sahəsi 58,4 kvm olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(105)-385/2021 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh1nə qarşı “maddi və mənəvi ziyana görə kompensasiyanın tutulması” tələbinə dair apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)- 3/2021 saylı qərarı ləğv edilərək iddia mümkünsüz hesab edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Fövqalada Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət agentliyinə ünvanlanan mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi fərdi yaşayış evinin texniki vəziyyəti haqqında mütəxəssis rəyilə “yaşayış evi hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdədir,gələcəkdə normal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa gücləndirmə işlərinin aparılması vacib hesab olunur. Göstərilən fəsadlar təbii fəlakətlər nəticəsində əmələ gəlməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 1889 saylı rəyindən görünür ki, Fövqalada Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli mütəxəsis rəyinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdə olduğu,gələcəkdə normal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa gücləndirmə işlərinin aparılması vacib hesab olunduğu müəyyən edilmişdir.Daha sonra tədqiq olunan yaşayış evinin divarlarında çatların əmələ gəlməsi haqqında yekun rəy ərazidə mühəndis axtarış işləri aparıldıqdan və bünövrə altı qruntlar öyrənildikdən sonra vermək olar.Lakin bununla belə mütəxəssis rəyinə əsasən tətqiq olunan fərdi yaşayış evin tikinti norma və qaydalarına əməl olunmadan inşa edilməsi,həmçinin bina ətrafı su səkisi olmadığından atmosfer sularının mütamadi olaraq bünövrəyə axması eləcədə bünövrənin dərinliyinin və eninin mövcud qrunta uyğun seçilməməsi səbəbindən yaşayış evinin tikildiyi vaxtdan indiyə qədər keçən müddət ərzində bünövrə altı qrunt əsasında tədricən qeyri bərabər çökməsi baş verdiyi və nəticədə son vaxtlarda binanın ön,arxa və orta boyuna divarlarında iki tərəfli (keçici) çatlar əmələ gəldiyi müəyyən olunur. İş materiallarında olan Hüquq və Torpaq Məsələləri MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəsis rəyindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kvm,o cümlədən yaşayış sahəsi 58,4 kvm olan fərdi yaşayış evinin yükdaşıyan və arakəsmə divarlarında müxtəlif ölçülü üfüqi və şaquli istiqamətlərdə daxildən xaricə qədər çatların olduğu 2-ci mərtəbəsində dəmir beton sütunların olmadığı,bünövrəaltı dəmir beton konstruksiyanın müxtəlif ölçülü 15,0 və 7.0 sm olduğu.hamar olmadığı və 1-ci mərtəbənin tavanına qədər olan sütunları ovxalandığı üçün fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa gücləndirmə işlərinin aparılması mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/613 saylı rəyindən görünür ki, Hüquq və Torpaq Məsələləri MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 82 saylı mütəxəsis rəyinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivi ünvanında 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kvm,o cümlədən yaşayış sahəsi 58,4 kvm olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu və həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə çəkiləcək xərclərə təqribən 82,183.0 manat məbləğində vəsait lazımdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 18893 saylı rəyindən görünür ki, Hüquq və Torpaq Məsələləri MMC-nin xx.xx.2019-cu il tarixli mütəxəsis rəyinə əsasən , Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivində yerləşən X3 məxsus 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 165,8 kvm olan fərdi yaşayış evinin yükdaşıyan və arakəsmə divarlarında müxtəlif ölçülü üfüqi və şaquli istiqamətlərdə daxildən xaricə qədər çatların olduğu 2-ci mərtəbəsində dəmir beton sütunların olmadığı,bünövrəaltı dəmir beton konstruksiyanın müxtəlif ölçülü 15,0 və 7.0 sm olduğu.hamar olmadığı və 1-ci mərtəbənin tavanına qədər olan sütunları ovulması səbəbindən həmin fərdi yaşayış evinin normal istismarını təmin etmək üçün bərpa gücləndirmə işlərinin aparılması mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2836 saylı rəyindən görünür ki, Fövqalada Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli mütəxəsis rəyinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi hazırda istismar üçün (təhlükəli) yolverilməz vəziyyətdə olduğu,gələcəkdə normal istismarını təmin etmək üçün müvafiq layihə əsasında bərpa gücləndirmə işlərinin aparılması vacib hesab olunduğu müəyyən edilmişdir. Fərdi yaşayış evinin əsas yükdaşıyan divarların və arakəsmələrin üzərində çoxlu sayda üfüqi və şaquli istiqamətlər iki tərəfli çatlar əmələ gəlməsi,evin eyvanın daşıyıcı divarı olan 1-ci mərtəbənin qapı kənarının sökülməsi müəyyən olunmuşdur.eyni zamanda mütəxəssis rəyinə əsasən tədqiq olunan fərdi yaşayış evinin tikinti norma və qaydalarına əməl olunmadan inşa edilməsi,həmcinin bina ətrafı sel səkisi olmadığıdan atmosfer sularının mütamadi olaraq bünövrəyə axması,eləcə də bünövrənin dərinliyi və eninin mövcud qrunta uyğun secilməməsi səbəbindən tədricən qeyri bərabər çökmə baş verdiyi və nəticədə son vaxtlarda binanın ön,arxa və orta boyuna divarlarında ikitərəfli (keçici) catlar əmələ gəldiyi müəyyən olunur. Mütəxəsis rəyinə əsasən,Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivində yerləşən 5 otaqlı 165.8 kv.m olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu və həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə cəkiləcək xərclərə təqribən 82183.0 manat məbləğində vəsait tələb olunduğu müəyyən edilmişdir. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki,İddiaçı xx.xx.2010-cu il tarixdə kreditor-ipoteka saxlayan "xxxx" ASC-dən 42000 manat məbləğində kredit götürmüş, İpoteka Fondu ilə müqavilə bağlayaraq Abşeron rayonu, Yoncalıq ərazisində yerləşən yeni yaşayış massivində Cavabdeh2 tikinti briqadası ilə birlikdə tikib öz adına rəsmiləşdirdiyi və satdığı evlərdən birini 70000 manata əldə etmişdir.Həmçinin ekspert rəyi ilə müəyyən edilir ki, hal-hazırda mübahisə predmeri olan Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisi yeni yaşayış massivində yerləşən 5 otaqlı 165.8 kv.m olan fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğuna görə istismara tam yararsız olduğu, həmin evin tam sökülməsinə və indiki bazar qiyməti ilə yenidən tikintisinə cəkiləcək xərclərə təqribən 82183.0 manat məbləğində vəsait tələb olunduğu müəyyən edilmiş və iddiaçı həmin vəsaiti cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Məhkəmə iddia tələbinin Cavabdeh1nə qarşı hissəsi ilə bağlı qeyd edir ki, məhz mübahisə predmeti olan fərdi yaşayış evinin istismara qəbul edilmə aktının təstiq edilməsinə görə pulun Cavabdeh1ndən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab etmir.Belə ki,işin faktiki hallarından göründüyü kimi iddiaçı fərdi yaşayış evini digər cababdeh Cavabdeh2 alqı-satqı yolu ilə əldə etmiş, Cavabdeh1 ilə iddiaçı arasında qarşılıqlı mülki hüquq və vəzifələr yaranmamışdır. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 ilə bağlı qeyd edir ki, Cavabdeh2 aid hissədə isə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. İşin faktiki hallarından göründüyü kimi,iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evini 2010-cu ildə əldə etmiş və 2014-cü ildə artıq iddiaçıya fərdi yaşayış evinin qüsurları məlum olmuşdur.Belə ki,bu hal iddiaçının iddia ərizəsində 2014-cü ilin may ayında xidmət yeri dəyişildiyinə görə yaşamaq üçün ev əşyaları və ailə üzvləriylə birlikdə həmin evə qayıtdıqda evin yararsız vəziyyətə olduğunu aşkar etməsi barədə göstərdiyi izahatı ilə tam təstiq olunur.Belə olan təqdirdə məhkəmə hesab edi ki,Cavabdeh2 ilə bağlı iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələblərinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələblərinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, tərflər arasında bağlanmış müqavilələrdən 10 ildən çox bir müddət keçdikdən sonra İddiaçı cavabdehlərə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxmış və bu fakt da Azərbaycan Respublikası MM-in 375.2-ci maddəsinin tələbinə görə məhkəməyə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini inperativ norma kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Məhkəmə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi nəticəsinə gəldiyindən iddianın sübutlar nöqteyi-nəzərindən mahiyyəti üzrə qiymətləndirilməsinə zərurət hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 381 manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 18 avqust 2023-cü il tarixli, 10/2836 saylı məhkəmə tikinti-texniki ekspertizasına 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 18 avqust 2023-cü il tarixli, 10/2836 saylı məhkəmə tikinti-texniki ekspertizasına 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar