Məhkəmə qərarları › İş №2(012)-1182/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1182/2023

14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1182/2023 14.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 20000 manat məbləğində maddi ziyanın və 100000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “ASR” firması ilə bağladığı icarə müqaviləsinə əsasən fiziki şəxs kimi vergi qeydiyyatinda olmaqla (VÖEN **********) Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasının icarədarı olub, Qızıl Qaya ünvanında yerləşən qeyri-yaşayış sahəsində “Güzdək” əhəngdaşı yatağında mişar daşı istehsalına rəhbərlik edilməsi, həmin işin icrası zamanı sahədə sanitar-gigiyenik, yanğından mühafizə və təhlükəsizlik texnikası qaydalarına, sahəni lazımi vəziyyətdə saxlamaq, onun əsaslı və cari təmir işlərini öz hesabına aparmada cavabdeh şəxs olmasına baxmayaraq, həmçinin daş karxanasında daş hasilatı işlərinin aparılması üçün istifadə edildiyi maşın və mexanizmlərin (həmçinin hadisə baş verdiyi daş kəsən maşının) texniki saz və təhlükəsizlik vəziyyətdə saxlanılması üçün müvafiq təşkili (maşınların müvafiq icra orqanlarda - qeydiyyata alınması, onların saz və təhlükəsiz istismar olunmasına cavabdeh şəxsin təyin edilməsi) və texniki (texniki xidmət və baxışların keçirilməsi, hərəkətdə olan hissələrin üzərində qoruyucu örtüklərin qoyulması) tədbirlərinin görülməsini, daş kəsən maşınlarda (kombaynda) müvafiq təlim və təlimatlandırmalar keçmiş şəxslərin işləməsini, işçilərin (konkret olaraq zərərçəkmişin) xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsini maşınlarda (kombaynda) hərəkətdə olan hissələrin üzərində qoruyucu örtüklərin qoyulmasına rəhbərlik edən şəxs olmasına baxmayaraq, daş karxanasından istifadə qaydasını pozmaqla, hər hansı bir əmək müqaviləsi bağlamadan İddiaçı fəhlə qismində işə cəlb edərək, ona əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə heç bir təlimatlandırmalar keçmədən sərbəst işə buraxmış, onun tərəfindən mədən işlərinin aparılmasına dair təhlükəsizlik işlərinin aparılmasının kobud pozulması ehtiyatsızlıqdan fəhlə İddiaçı xx.xx.2022-ci il tarixdə saat 16:00-da işdə olan zaman sağ qolu daş kəsən kombaynın sep və işlək hissələri arasında qalaraq sıxılması nəticəsində qoltuqaltı arteriya venasının və sinir kələfinin travmatik qopması, sağ bazu sümüyünün yuxarı 1/3-nin açıq çox qəlpli sınığı böyük ölçüdə yumşaq toxumaların defekti, sağ yuxarı ətrafın bazunun yuxarı 1/3-i səviyyəsində suptotal (tam) qopması, sağ yuxarı ətrafın bazunun yuxarı 1/3-i səviyyəsində amputasiyası bərk küt əşyaların təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa səbəb olmuşdur. Məhkəmədə Cavabdeh həmin əməli göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Cavabdehin təqsiri məhkəmə qaydasında müəyyən olunduğundan ona vurulmuş maddi və mənəvi zərərin əvəzini ödəməlidir. Qolu amputasiya olunandan bu günə kimi 20000 manat vəsait xərcləmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, hadisə baş verəndən sonra ümumilikdə Tahirin müalicəsinə 10000 manat vəsait xərcləyib. Lakin hazırda onun maddi vəziyyəti olduqca pisdir. Özü də İ qrup əlildir və heç bir yerdə işləmir. Məhz bu səbəblərdən o, hazırda iddiaçıya heç bir maddi köməklik göstərə bilməz. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-515/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CMnin 222.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, cinayət işi üzrə mülki iddia tələbinin baxılmamış saxlanılması, zərərçəkmiş şəxs İddiaçı cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqlarının izah edilməsi qərara alınmışdır. İşdə olan MEDCOM MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, bebionik əl protezinin ƏDV daxil qiyməti cəmi 63661 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı sağ qolu amputasiya olunmuş, bununla bağlı ona maddi ziyan dəymişdir. Belə ki, işdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-515/2022 saylı hökmündən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində İddiaçı qoltuqaltı arteriya venasının və sinir kələfinin travmatik qopması, sağ bazu sümüyünün yuxarı 1/3-nin açıq çox qəlpli sınığı böyük ölçüdə yumşaq toxumaların defekti, sağ yuxarı ətrafın bazunun yuxarı 1/3-i səviyyəsində suptotal (tam) qopması, sağ yuxarı ətrafın bazunun yuxarı 1/3-i səviyyəsində amputasiyası bərk küt əşyaların təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya səbəb olmuşdur. Göründüyü kimi, cavabdehin təqsirli hərəkəti nəticəsində İddiaçı maddi ziyan dəymişdir. İddiaçı bu zərərin miqdarının 20000 manat təşkil etdiyini göstərmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, işdə bu barədə mötəbər sübut olmasa da, məlum hadisə nəticəsində iddiaçının peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar ağır xəsarət alması ilə ona bu məbləğdə maddi ziyan dəyməsi ağlabatan olduğundan məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir. Bundan başqa, işdən görünür ki, İddiaçı ona vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 100000 manat pul tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı ilə məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Qərarın 10-cu bəndində plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Baş vermiş hadisə nəticəsində iddiaçının səhhətinə bərpa olunmayan zərər dəymiş, bunun nəticəsində isə iddiaçı müəyyən mənəvi iztirab keçirmişdir. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarlarına görə mənəvi zərər müəyyən edilərkən hər bir işin konkret halı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Bu baxımdan, məhkəmə iddiaçıya münasibətdə işin hallarını, o cümlədən cavabdehin hazırki hərəkətsizliyini, bunun nəticəsində iddiaçının mənəvi iztirab keçirməsini nəzərə alaraq ağlabatan və ədalətli zərərin məbləğini 5000 manat müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş maddi zərərin əvəzi kimi 20000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat olmaqla, cəmi 25000 manat pul cavabdehdən İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 20000 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat olmaqla, cəmi 25000 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar