Məhkəmə qərarları › İş №2(012)-123/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-123/2021

08.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-123/2021 08.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətində olan payların naturada bölünməsi» tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsinin paylara uyğun naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövləti Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin çıxarışına əsasən ünvan 1ində yerləşən 0,12 ha Cavabdeh məxsusdur. Cavabdeh onun yoldaşıdır və onlar 2017-ci il tarixindən ayrılmışlar və birgə təsərrüfat aparmırlar. O, dəfələrlə cavabdehə paylı mülkiyyətdə olan torpaq sahəsinə dair payların naturada ayrılması barədə müraciət etsə də, o, bu istiqamətdə heç bir tədbir görməmişdir. Bunlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən sahəsi 0.12 ha olan torpaq sahəsi hüquq sahibləri olan Cavabdeh adına ********** qeydiyyat nömrəsi, xx.xx.2016 qeydiyyat tarixi ilə, İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2019 qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır və hüquq sahiblərinin hər birinin həmin əmlaka payları 1/2 hissədə müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/33756 №-li arayışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən torpaq sahəsi 0.12 ha torpaq sahəsinin xx xxxx 2019-cu il tarixinə bazar dəyəri 42000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1673 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1i ərazisində yerləşən Cavabdeh və İddiaçı məxsus torpaq sahəsinin tərəflər arasında paylara uyğun bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün həmin torpaq sahəsinin orta hissəsində sərhəd hasarı tikilməli və bölünmüş hissələrə giriş-çıxış qapıları qoyulmalıdır. Bölgü zamanı mübahisəli torpaq sahəsinin tərəflərin dəqiq paylarına uyğun aparılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisələri tərəfindən GPS sistemli ölçmə aparatı vasitəsilə həmin torpaq sahəsi üzrə yerində ölçmə işləri aparılaraq döngə nöqtələri arasındakı məsafələr, eləcə də torpaq sahəsinin dəqiq ölçüsü və sahəsi müəyyən edilib, tərəflərin hər birinin payına uyğun torpaq sahəsinin sərhədləri yerində göstərilərək nişanlana bilər. Məhkəmə iddiaçını dinləyib, ekspert rəyini, işin digər materiallarını araşdırıb və bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, ünvan 1i ünvanında yerləşən sahəsi 0.12 ha olan torpaq sahəsinə dair iddiaçı ilə cavabdehin hər birinin həmin əmlaka payları bərabər olmaqla 1/2 hissədə rəsmi qaydada müəyyən edilmiş və sözügedən torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq naturda bölünməsi mümkündür. Belə ki, sözügedən torpaq sahəsinin tərəflərin paylarına uyğun olaraq naturda bölünməsinin müəyyən edilməsi üçün ekspert rəyinə ehtiyac olduğundan, bununa bağlı məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1673 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə ünvan 1i ərazisində yerləşən Cavabdeh və İddiaçı məxsus torpaq sahəsinin tərəflər arasında paylara uyğun bölünməsi, yəni həmin torpaq sahəsinin orta hissəsində sərhəd hasarı tikilməklə və bölünmüş hissələrə girişçıxış qapıları qoyulmaqla texniki cəhətdən mümkün olduğu göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0,12 ha torpaq sahəsi tərəflərin paylarına uyğun naturada bölünsün. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 (yüz) manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- Dövlət Xəzinədarlığı Agentliyi, kod-210005; VÖEN**********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar