Məhkəmə qərarları › İş №2(012)-130/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-130/2024

15.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-130/2024 15.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əmlakına vurulmuş maddi ziyana görə 3190 manat pulun, avtomobilin cərimə meydançasından çıxarılması üçün ödənilmiş 68 manat pulun, avtomobilin daşınması üçün evakuatora ödənilmiş 30 manat pulun, İXMnin pozulmasına görə ödənilmiş 234 manat cərimə məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixində 255242 saylı etibarnaməyə əsasən, şəxsi mülkiyyətində olan ** EC *** qeydiyyat nişanlı, Opel Astra markalı minik avtomobilini cavabdehə ilkin ödəniş 1000 manat olmaqla, ayda 650 manat 36 aya ödəmək şərti ilə satmışdır. Sonuncu ödənişdən sonra isə bu avtomobili alqı-satqı yolu ilə cavabdehin adına sənədləşdirmək öhdəliyi götürülmüşdür. 2023-cü ilin yanvar ayına qədər cavabdeh bağlanmış şifahi müqaviləyə uyğun aylıq ödənişləri etmişdir. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Babək prospektində 2023-cü ilin fevral ayında ona məxsus ** EC *** qeydiyyat nişanlı, Opel Astra markalı avtomobillə qəza törədərək hadisə yerindən qaçmışdır. Cavabdeh qəza yerindən qaçdığı üçün yol polisləri haqlı olaraq avtomobili cərimə meydançasına aparmışlar. Bu hadisələrdən sonra, xəbərdar olan kimi avtomobilin cərimə meydançasından çıxarılması üçün 68 manat cərimə ödəyərək avtomobili oradan çıxarmışdır. Avtomobilin oradan aparılması üçün evakuatora isə 30 manat pul ödəmişdir. Sonra avtomobilə dəyən zərəri müəyyən etmək üçün “Auto Box” avtomobil servisinə müraciət etmişdir. 364 saylı, xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən ** EC *** qeydiyyat nişanlı, Opel Astra markalı avtomobilə 3190 manat maddi ziyan vurulmuşdur. Qəza törədildiyi vaxtdan o, cavabdehi axtarsa da, onu tapa bilməmişdir. Cavabdehlə bağlı sonuncu məlumatı polis şöbəsinin əməkdaşlarından almışdır ki, o, qəza törədib qaçdığı üçün axtarışdadır. Cavabdeh ona məxsus ** EC *** qeydiyyat nişanlı, Opel Astra markalı avtomobillə qəza törədəndən sonra nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini də özü ilə aparmışdır. O, cavabdehə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə İXM-yə əsasən tətbiq edilən cəmi 180 manat cəriməni də ödəmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək cavabdehdən avtomobilə dəymiş 3190 manat zərərin və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan yenə də MPM-nin 53-cü maddəsinə əsaslanaraq cavabdeh tərəfindən əmlakına vurulmuş maddi ziyana görə 3190 manat və cərimə kimi ödənilmiş 234 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan BB 254173 saylı, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** EC *** qeydiyyat nişanlı, Opel Astra markalı avtomobilin sahibi İddiaçıdur. İşdə olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsinə görə Mirzəyev X1 Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı ilə o, 100 manat məbləğində cərimə olunmuşdur. İşdə olan "xxxx" MMC-nin dəymiş ziyanın hesablanmasına dair 364 saylı, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, ** EC *** qeydiyyat nişanlı, Opel Astra markalı avtomobilin təmir-bərpa edilməsi üçün 3190 manat tələb olunur. İşdə olan 4 ədəd qəbzdən görünür ki, Cavabdeh İXP5274821 saylı, xx.xx.2023-cü il tarixli protokola görə 100 manat, İXP5268127 saylı, xx.xx.2023-cü il tarixli protokola görə 100 manat, EQ13144009 saylı, xx.xx.2023-cü il tarixli protokola görə 40 manat, EQ13156579 saylı, xx.xx.2023-cü il tarixli protokola görə 20 manat olmaqla, cəmi 260 manat (güzəştlə 234 manat) məbləğində cərimə olunmuşdur. Qəbzlərdə avtomobilin nömrəsi ** EC *** kimi qeyd edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 9/7309/2023 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Auto Box” servis tərəfindən tərtib edilmiş xx.xx.2023 tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-ci il buraxılışlı “Opel Astra” minik markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1790 manat müəyyən edilir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh etibarnaməyə əsasən idarə etdiyi iddiaçının mülkiyyətində olan ** EC *** qeydiyyat nişanlı, Opel Astra markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsinə görə Mirzəyev X1 Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobil əzilmiş, bir sıra detallar sıradan çıxmışdır. "xxxx" MMC tərəfindən dəymiş ziyan qiymətləndirilərək ümumilikdə 3190 manat müəyyən edilmişdir. Hazırda iddiaçı həmin məbləğdə pulu cavabdehdən tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən vurulmuş zərərin əvəzinin tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə vurulmuş zərərin ümumi məbləği 1790 manat təşkil edir. Məhkəmə bu nəticəyə gələrkən 364 saylı, xx.xx.2023-cü il tarixli aktı deyil, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/7309/2023 saylı rəyini daha mötəbər sübut növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, 1790 manat pul delikt törətmiş Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq 1790 manat pul vəsaitinin cavabdehdən tutulmasını ədalətli hesab edərək, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Dəymiş ziyanın məbləği ekspert rəyi ilə tamamilə təsdiq olunur. Bundan başqa, işdəki qəbzlərdən görünür ki, cavabdeh iddiaçıya məxsus avtomobillə müxtəlif vaxtlarda inzibati xətalar törətmiş və ümumilikdə 260 manat (güzəştlə 234 manat) məbləğində cərimə olunmuşdur. Güzəşt olunmuş cərimənin iddiaçı tərəfindən ödənilməsini məhkəmə ağlabatan hesab edir və bu məbləğin də cavabdehdən iddiaçının xeyrinə tutulması nəticəsinə gəlir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsait Cavabdeh dövlət nəfinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2024 manat və ödənilmiş dövlət rüsumuna görə 50 manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar