Məhkəmə qərarları › İş №2(012)-1345/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1345/2021

15.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1345/2021 15.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı oğlunun Cavabdeh Şöbəsinə qarşı icra sənədinin qismən ləğv olunması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı oğlu Cavabdeh Şöbəsinə qarşı icra sənədinin qismən ləğv olunması tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, aylıq məvacibindən 70 faiz tutulmasının ləğv olunaraq, Pandemiya dövründə yaranmış gecikmələrin tamamlanmasına qədər aylıq məvacibinin 33, tamamlanmadan sonra isə 25 faiz tutularaq X1 hesabına ödənilməsi barədə qərar qəbul edilməsi, 2013-cü il təvəllüdlü X3 3 yaşının hələ 2016-cı ildə tamamlanmadığını nəzərə alaraq ona baxılması üçün təyin olunmuş əlavə 80 AZN ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə materialları nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin baxılmasından imtina edilməlidir. Belə ki, iddia tələbindən göründüyü kimi tələb Cavabdeh Şöbəsinin Abşeron rayon Məhkəməsinin qəbul etdiyi icra sənədinin qismən ləğv olunmasıdır. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh Şöbəsi İddiaçı oğlunun işlədiyi “xxxx” QSC-nin rəhbərliyinə X2 ödənilməmiş 1000 manat aliment borcunun olması barədə məlumat verilmiş, onun aylıq əmək haqqından borc ödənilənədək hər ay 70% məbləğində, borc ödənilib qurtardıqdan sonra hər ay 108 manat sabit pul məbləğində aliment, eləcə də uşaq 3 yaşına çatanadək hər ay 80 manat pul tutularaq X1 hesabına köçürülməsi və həmin tutmalara barədə Cavabdeh Şöbəsinə rəsmi məlumat verilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İcra haqqında Azərbaycan Respublikası Qanununun; 8.1. maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. 8.4. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İcra haqqında Qanunun qeyd edilən maddəsindən göründüyü kimi tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Yəni qanunun normasına görə qərardan iddia qaydasında deyil şikayət qaydasında məhkəməyə müraciət edilə bilər. Ona görə də verilmiş iddia ərizəsindəki tələb iddia icraatı qaydasında məhkəmədə baxıla bilməz. Eyni zamanda Qanunda icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayət vermək hüququ nəzərdə tutulmuşdur. İcra haqqında Qanunun 87.1. maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Göründüyü kimi qanununun bu maddəsi də icra məmurunun hərəkət və hərəkətsizliyindən iddia ərizəsi qaydasında müraciət edilməsi qaydasını deyil şikayət vermək qaydasını nəzərdə tutmuşdur. İcra haqqında Qanunun hər iki halında icra məmurunun qərarından, hərəkət və hərəkətsizliyindən məhkəməyə yalnız şikayət qaydasında müraciət edilməsi nəzərdə tutulduğundan İddiaçı oğlunun iddia ərizəsinə iddia icraatı qaydasında məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1. maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim aşağıdakı iddia ərizəsini qəbul etməkdən imtina edir. Buna görə də hesab edirəm ki, İddiaçı oğlunun Cavabdeh Şöbəsinə qarşı icra sənədinin qismən ləğv olunmasına dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı oğlunun Cavabdeh Şöbəsinə qarşı icra sənədinin qismən ləğv olunmasına dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar