Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1347/2025 21.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı obyektdə normadan artıq və gecə çıxan musiqi səslərinin məhdudlaşdırılması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, "Nuxa" restoranı rəhbəri barəsində hüquqi qiymət verilərək barəsində qanuni tədbir görülməsini, restaran bağlanaraq onlara məxsus olan mənzildə rahat yaşayış hüquqlarının təmin edilməsini, həmçinin restoran öz fəaliyyətini başqa yöndə davam etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "Nuxa" restoranında normadan artıq çıxan musiqi səslərinin, o, cümlədən gecə saat 12:00-dan sonra gələn səslərin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, ərizəni, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə Abşeron rayon Məhkəməsinə düzgün verilmədiyindən, baxılması üçün ərazi aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 35.1 maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1 maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlakın olduğu yer üzrə verilən iddia tələbləri 1) mülkiyyət hüququnun tanınması, 2) qeyri-qanuni sahiblikdən götürülmə, 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulduğu hallarda mümkündür. Hazırki iddia tələblərindən isə müəyyən olunur ki, iddiaçı iddia ərizəsində onun yaşadığı mənzilin yaxınlığında yerləşən obyektdə normadan artıq və gecə çıxan musiqi səslərinin məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Bu tələb mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara aiddir ki, belə iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddiaçının daşınmaz əmlakı Bakı şəhəri, Yasamal rayon inzibati ərazi dairəsinə düşdüyü üçün məhkəmə hesab edir ki, hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı obyektdə normadan artıq və gecə çıxan musiqi səslərinin məhdudlaşdırılması tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1347/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1347/2025
21.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver